Azərbaycan-Polşa əlaqələri
genişlənir
Köhnə
dostluğun yeni üfüqləri
Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrin qurulması, möhkəmləndirilməsi üçün maraqlı layihələrin reallaşdırılmasına, ünsiyyətin yeni formalarının tapılmasına və xalqlar arasında səmimi münasibətlərə söykənən görüşlərin təşkilinə rəvac verib. Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyi münasibətilə bu ölkənin vaxtilə paytaxtı olmuş qədim Qniezno şəhərində Azərbaycan-Polşa dostluğunu əks etdirən tədbir keçirildi.
Aprelin son günlərində gerçəkləşən bu mərasim həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmişdi. Mərasimdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyətimiz iştirak edib. Bu görüş əslində iki ölkənin tarixi əlaqələrinin keçmişinə, bugününə və gələcəyinə olan ehtiram və inamın göstəricisi kimi diqqət çəkir. İki ölkə arasında əlaqələrin qurulmasının və bərpasının şərəfinə ucaldılan "Dostluq abidəsi" palıd yarpağı formasında hazırlanıb. Üz-üzə dayanan palıd yarpağı formalı bu abidə iki ölkə münasibətlərinin qarşılıqlı olduğunu, palıd kimi uzunömürlüyün, qədim tarix üzərində təşəkkül tapdığının rəmzidir. Abidə üzərində hər iki ölkə xəritəsinin həkk edilməsi suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı hörmətə olan münasibətin ifadəsidir.
Qniezno Polşanın ən çox turist gəldiyi
ünvanlardan biridir. Belə bir qədim şəhərdə
Azərbaycanla bağlı tarixi bir yerin müəyyənləşməsi
Azərbaycan-Polşa münasibətlərinin möhkəm,
qırılmaz olduğundan xəbər verir. "Dostluq abidəsi" ölkələrimiz
arasındakı münasibətlərin yüksək səviyyədə
olmasını müəyyənləşdirməklə bərabər,
həm də bir mədəniyyət hadisəsinin
reallaşdırılmasına şahidlik etdi.
Bu şəhərdə ölkəmizlə bağlı
daha bir tədbir - sərgi və "Azərbaycan"
adlandırılan zanbaq gülünün təqdimatı da
xalqlar arasında dostluğa, xoş niyyətə söykənən
münasibəti əks etdirdi. Polşada 35 ildir zanbaq
güllərini yetişdirən hollandiyalı Jan Liqthart
"Azərbaycan" adını verdiyi xüsusi
zanbağı təqdim edərək bildirdi ki, bu gülün
vətəni əslində sizin bölgədir. "Mən də yeni yetişdirdiyim zanbaq
gülünü Azərbaycana həsr etdim. Bu addımımla istəyirəm ki, bir vaxtlar sizin
bölgədən bura gətirilən zanbaqlar yeni bir növlə,
yeni adla öz vətəninə qayıtsın". Bu sözlər tədbir iştirakçıları
arasında xoş təəssürat yaradı. Sübut etdi ki, təkcə insanlar deyil, təbiət
arasında da bağlar mövcuddur. Azərbaycan
incəsənət ustalarının iştirakı ilə
keçirilən konsert də həm yerli
tamaşaçılar, həm də əcnəbi qonaqlar tərəfindən
maraqlı qarşılandı. O gün qədim Qnieznoda
bir Azərbaycan ab-havası yaranmışdı.
Tarixin yaddaşı
Bu ölkələrin əlaqələrinə aid arxiv sənədlərindən
bəllidir ki, 1472-ci ildə Azərbaycanın Ağqoyunlu və
Polşanın Reç Rospolita dövlətləri arasında
diplomatik əlaqələr yaradılıb. İndi bu əlaqələrin
qurulmasının 540 illiyi də məhz həmin tarixə
istinadən hesablanır. XIX əsrdə
Polşada ölkəmiz haqqında kitab nəşr edilib.
Bu çap məhsulunu hazırlayan da vaxtilə
Azərbaycana səfər etmiş polyak alimi B.Andjeykoviç
olub. Polşalı səyyahlar Qafqaza tez-tez
səyahət edərmişlər. Onlar
öz qeydlərində ən çox Azərbaycanla
bağlı maraqlı fikirlər qələmə alıblar.
Tarixdən bu da bəllidir ki, XIX əsrin əvvəllərində
Polşa çar Rusiyasının tərkibinə daxil edildikdən
sonra bu işğalla barışmayan, üsyan edən polyaklar
zaman-zaman rus imperiyası tərəfindən müxtəlif əyalətlərə,
o cümlədən Azərbaycana sürgün ediliblər.
Ölkəmizə gəlmiş bu binəsiblər
arasında, təbii ki, müxtəlif sənət sahibləri,
ziyalılar, müəllimlər olub. Təbiət
etibarilə yaratmaq, qurmaq, nəcib hisslərlə yaşayan
polyaklar məskunlaşdıqları ərazilərdə yerli əhaliylə
qaynayıb-qarışaraq onlarla birlikdə
çalışıblar. Bakıya gəlmiş
polyaklar məktəblərdə dərs demiş, hətta bir
sıra kadrların yetişməsində mütəxəssis
kimi öz əməklərini əsirgəməmişlər.
XIX əsrin sonlarından başlayaraq polyak
memarları Bakıda, Gəncədə, Şəkidə,
Şuşada, Şamaxıda gözəl malikanələr,
yaraşıqlı binalar inşa ediblər. Məsələn,
Elmlər Akademiyası Rəyasət Heyətinin, Bakı Şəhər
İcra Hakimiyyətinin, Milli Azərbaycan Tarixi Muzeyinin,
Dövlət Kukla Teatrının binalarını, Murtuza
Muxtarovun sarayını, Musa Nağıyevin mülkünü
və başqalarını misal göstərmək olar. Doğrudur, bu binalar Bakı kapitalistlərinin maliyyəsi
hesabına inşa edilib. Amma onların bu dərəcədə
yaraşıqlı, gözəl, qeyri-adi memarlıq
üslubunda tikilməsi, əsrlərin dizini yerə vuraraq bu
gün də paytaxtımıza xüsusi füsunkarlıq gətirməsi
ustadlarının, memarlarının istedad və
zövqünün bəhrəsidir. Azərbaycanda
neft sənayesinin inkişafında da polyak neftçilərinin
mühüm xidmətləri var. V.Zqientski Xəzər dənizinin
şelfində dünyada ilk dəfə
neftçıxarmanın layihəsini vermiş, başqa bir
polşalı neftçi P.Politski isə layihənin həyata
keçirilməsində iştirak etmişdir.
Polşa şərqşünasları təkcə
yaşadıqları vətəndə deyil,
çalışdıqları ayrı-ayrı ölkələrdə
də Azərbaycan ədəbiyyatına xüsusi maraq göstərərək
ədiblərimizin əsərlərini həm öz, həm də
başqa dillərə tərcümə etmişlər. İki ölkə
arasında əlaqələrin genişlənməsində
özünəməxsus xidməti olmuş Əlimərdan bəy
Topçubaşovun dostluq etdiyi polyak Aleksandar Çodzko hətta
rəfiqinin şərəfinə Azərbaycan dilini öyrənərək
ölkəmizə bəslədiyi məhəbbəti öz tərcümələrində
bildirib. O, 1889-cu ildə Nəsiminin şeirlərini,
"Koroğlu" dastanının bir hissəsini polyak dilinə
tərcümə edib. Bu faktı da bildirək
ki, "Koroğlu" Qərbi Avropaya təqdim edilən ilk Azərbaycan
folklor nümunəsi olub. Sonralar digər
polyak tərcüməçilər Məhəmməd
Füzulinin əsərlərini öz dillərinə tərcümə
edərək Qərbi Avropaya yayıblar.
XIX əsrin sonlarında Azərbaycan yazıçı və
mütəfəkkirləri Abbasqulu Ağa Bakıxanov,
İsmayıl bəy Qutqaşınlı bir müddət
Polşada yaşayıb-yaradıblar. Onların
polşalı həmkarları ilə yaxın əməkdaşlığı
sayəsində hər iki ədəbiyyatın nümayəndələri
bir-birini yaxşı tanıyıblar. Maraqlıdır
ki, İsmayıl bəy Qutqaşınlının Azərbaycan
ədəbiyyatının ilk nəsr nümunəsi sayılan
"Rəşid bəy və Səadət xanım"
povesti də birinci dəfə Varşavada (1835) işıq
üzü görüb. Azərbaycan
dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə də
uzun illər Polşa ədib və musiqiçiləri ilə əməkdaşlıq
edib. Hətta polşalı musiqiçilər
haqqında şeir də yazıb. Bu fakt da
çox mətləbdən xəbər verir ki, XIX əsrin
sonu, XX əsrin əvvəllərində Azərbaycan muğam
ustadlarının səsləri ilk dəfə məhz
Varşavada qrammofon vallarına yazılıb. Bunlar sadəcə alış-veriş əlaqəsi
yox, mədəni mühitin bağlılığından,
Polşanın Azərbaycana olan marağından, ölkələr
arasındakı mədəni və diplomatik əlaqələrin
mövcudluğundan xəbər verir. Ötən əsrin
ortalarında dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin "Arşın mal alan"
operettası Polşanın müxtəlif şəhərlərinin
teatrlarında səhnələşdirilmişdi. Bu musiqili komediya Varşava, Qniezno, Opole, Lodz və
başqa şəhərlərində dəfələrlə
tamaşaya qoyulub.
Həm ədəbi, həm də siyasi əlaqələr
getdikcə inkişaf edirdi. 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti Polşada səfirlik təsis edib, eləcə
də bu ölkənin Bakıda konsulluğu
açılıb. Təəssüf ki, XI
ordu Azərbaycanı işğal etdikdə təkcə bizim
millətin nümayəndələrini deyil, sədaqət
göstərərək süqutun son dəqiqəsinədək
Azərbaycanda qalan polşalı hərbçiləri, siyasətçiləri
həbs edərək Bayıl həbsxanasında güllələyiblər.
Cümhuriyyətin süqutundan sonra bir çox
azərbaycanlı siyasətçilər və dövlət
xadimləri Polşaya mühacirət ediblər. Görkəmli Azərbaycan hərbçisi Vəli bəy
Yadigar uzun müddət Polşada yaşayaraq polkovnik rütbəsinədək
yüksəlmişdi. Faşist
Almaniyası Polşanı zəbt edərkən o bu qəsbkarlara
qarşı qəhrəmancasına vuruşub. 1944-cü ildə Azərbaycan oğlunun daxil
olduğu polkun hərbi bayrağının mühafizəsi məhz
ona həvalə edilib. Cənubi Amerikada dəfn
olunmasına baxmayaraq, Polşa hökuməti onun cənazəsini
ölkəyə gətirərək Varşavada dəfn
etdirib.
Sovet dönəmində bütün əlaqələr və
gediş-gəlişlər ancaq Moskvanın adı ilə
bağlı idi. Hər iki ölkə vətəndaşları
bir-birlərinə ancaq turist kimi gəlib-gedirdilər. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra köhnə dostluğun yeni üfüqləri
göründü. Milli müstəqilliyimizi
tanıyan ilk ölkələr sırasında Polşanın
da adı var. 1992-ci ilin fevralında iki ölkə arasında
diplomatik əlaqələr qurulub. 1998-ci
ildə Polşanın Bakıda, 2004-cü ildə isə Azərbaycanın
Polşada səfirliyi təsis edilib. Azərbaycan-Polşa
əlaqələri inkişaf edərək hər iki xalqın
tarixinə yeni, möhtəşəm səhifələr
yazmaqdadır.
"Şəhər
günü"nün rəngləri
Qnieznoda hər
il Müqəddəs Voyçexin şərəfinə
"Şəhər günü" adlı bayram tədbirləri
keçirilir. Bu bahar bayramın rəngləri
daha da al-əlvan oldu. Azərbaycan nümayəndə
heyətinin qatıldığı mərasim, demək olar ki,
Polşanın aparıcı telekanalları tərəfindən
nümayiş etdirildi. Ölkəmiz
haqqında tamaşaçılara ətraflı məlumatlar
verildi, o cümlədən polşalı memarların ölkəmizdə
inşa etdiyi binalardan danışıldı. Azərbaycanla Polşa arasında müxtəlif sahələr
üzrə əməkdaşlıq uğurla davam edir.
"Şəhər günü" çərçivəsində
Müqəddəs Voyçexin abidəsi önündə
düzənlənən bayram tədbirinə Azərbaycandan
qonaqların qatılması yüksək qiymətləndirildi. Şəhərin
meri Yasek Kovalski və digərləri çıxış edərək
Azərbaycandan bu bayrama gələn qonaqların gəlişini
yüksək qiymətləndirdi və bunu tarixi hadisə
adlandırdılar. Bir fakt da
vurğulandı ki, Roma papası II İohann Pavel müsəlman
ölkəsinin lideri Heydər Əliyevin dəvəti ilə
Cənubi Qafqaz respublikaları arasında yalnız Azərbaycana
səfər edib. Bu tədbirdə Azərbaycan
haqqında geniş məruzə də təqdim olundu. Həqiqətən də iki ölkə arasında
dostluq münasibətlərinin 540 illik tarixinin olması
köhnə dostluğun üfüqlərinə yeni töhfələr
bəxş etdi. Sovet hökuməti nə
qədər basqı və təzyiq göstərsə də,
hər iki ölkə uzun müddət bu rejimin
ağrı-acısı ilə üzləşsə də, həqiqət
unudulmadı, tarixi əlaqələr haqqındakı sənədlər
arxivlərdə qiymətli məxəz kimi qorunub saxlandı.
Dövlət müstəqilliyimizin bərpasından sonra yeni əlaqələrimizin
bu 20 ili ərzində biz təzədən
bir sıra faktların və tarixi həqiqətlərin üzə
çıxmasına nail olduq. Azərbaycan-Polşa
əlaqələri hər iki ölkənin dövlət
başçıları, siyasətçiləri, ədəbi
ictimaiyyəti, mədəniyyət xadimləri tərəfindən
uğurla davam etdirilir.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 1 may.- S.11.