Qobustan İdman Kompleksi istifadəyə
verilmişdir
Prezident
İlham Əliyevin Abşeron və Qobustan rayonlarına səfəri
Mayın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Qobustan İdman Kompleksinin açılışında
iştirak etmişdir.
Dövlət
başçısı kompleksin rəmzi
açılışını bildirən qırmızı
lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir. Bütün bunlar isə ilk növbədə, dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan nəhəng idman hərəkatının yaşandığı məkana çevrilmişdir. Çoxlu sayda olimpiya-idman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin istifadəyə verilməsi bu prosesin dinamikasını göstərən əsas amillərdir. Dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün hər yerdə idman, sağlamlıq komplekslərinin yaradılmasıdır. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bölgələrdə bir-birinin ardınca istifadəyə verilən nəhəng idman qurğularının açılışında iştirakı bu sahəyə verilən əhəmiyyətin əyani təsdiqidir.
Qeyd olundu ki, kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
Bildirildi ki, kompleksin ərazisi 2,67 hektar, binanın ümumi sahəsi isə 3,5 min kvadratmetrdir. Ümumi smeta dəyəri beş milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq istəyən gənclərin məşqləri və yarışların keçirilməsi üçün hər cür şərait vardır. Kompleksdə, həmçinin 900 nəfərlik zal, müxtəlif iş və yardımçı otaqlar mövcuddur.
Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxdı.
Qeyd edildi ki, burada yaradılan şərait müxtəlif yerli və beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir. Kompleksin ərazisi başdan-başa yaşıllaşdırılmış, burada minə yaxın müxtəlif növ ağac əkilmişdir.
Dövlət başçısına Lənkəran və Tərtər olimpiya-idman komplekslərinin eskiz layihələri təqdim olundu.
Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini və idmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Çox şadam ki, rayonda işlər yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır, rayonun siması dəyişilir və Qobustan rayonunda gözəl obyektlər istifadəyə verilir. Bu gün biz həm Gənclər Mərkəzinin, həm də idman kompleksinin açılışını qeyd edirik. Çox gözəl, əlamətdar hadisədir. İdman kompleksinin açılışı, ümumiyyətlə çox gözəl hadisədir. Çünki idmanla məşğul olmaq üçün burada bütün imkanlar olacaqdır. Xüsusilə uşaqlar, yeniyetmələr, gənc idmançılar burada məşğul olacaqlar, öz sağlamlığını qoruyacaqlar. Eyni zamanda ümid edirəm ki, bu mərkəzdə məşğul olacaq uşaqlar gələcəkdə peşəkar idmançılar kimi böyüyəcəklər. Çünki bu gün Azərbaycan idman dövlətidir. İdmanın bütün növləri inkişaf edir, çox gözəl nəticələrimiz vardır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, ən böyük idman yarışı olan Olimpiya Oyunlarında da Azərbaycan yüksək yerlərdədir. Keçən il keçirilmiş Olimpiadada idmançılarımız 10 medal qazanmışlar, - bu, tarixi bir nailiyyət idi, - və dünya miqyasında 30-cu yerə layiq görülmüşlər. Avropada isə 15-ci yeri tutmuşuq.
Bəlkə də buna görə və əlbəttə, başqa amillər burada öz rolunu oynamışdır ki, birinci oyunlar - Avropa Oyunları, 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bax bu günlərdə Avropa Olimpiya Komitəsinin bütün rəhbərliyi Bakıdadır, görüşlər, təqdimatlar keçirilir. Artıq Avropa Olimpiya Komitəsi Koordinasiya Komitəsi yaratmışdır ki, Azərbaycanla bərabər Avropa Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə görsün. Yəni biz idman ölkəsiyik və əlbəttə bütün bölgələrdə, bütün şəhərlərdə idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmalıdır.
Biz
2000-ci ildən bu proqramı başlamışıq və o
vaxtdan bu günə qədər 35 idman mərkəzi, Olimpiya
mərkəzi tikilmişdir, bu mərkəz 36-cıdır. Qobustanın
inkişafı üçün bu mərkəzin ümumiyyətlə
böyük əhəmiyyəti vardır. Yaxınlıqda Gənclər
Mərkəzi yerləşir. Bu da son illər ərzində
bütün ölkəmizdə geniş vüsət
almış bir təşəbbüsdür. Hər şəhərdə
Gənclər mərkəzləri yaradılır. Onların
çox gözəl imkanları vardır, funksional cəhətdən
də çox əhəmiyyətlidir ki, gənclər burada
öz asudə vaxtlarını mənalı şəkildə
keçirsinlər. Beləliklə, həm idman, həm gənclər
siyasəti Azərbaycanda çox uğurla inkişaf edir.
O ki qaldı rayon qarşısında duran digər vəzifələrə, bu vəzifələr də icra edilir. Rayonda qazlaşdırma proqramı aparılır və artıq 70 faiz qazlaşdırma təmin edilmişdir, 100 faiz olmalıdır. Dağ kəndlərinə də qaz xətləri çəkilməlidir. Su layihələri icra edilir. Bu yaxınlarda kanalizasiya layihəsinin icrasına başlanacaqdır. İnfrastruktur layihələrinin icrası prioritetdir. Kənd yolları təmir edilir. Vaxtilə rayon sakinləri müraciət etmişdilər. Vəsait ayrıldı, indi bir neçə kəndi birləşdirən yol istifadəyə verilmişdir. O kəndlərdə 13 minə qədər əhali yaşayır. Digər kəndlərə də yollar çəkiləcəkdir. Bütün bu məsələlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulur. Bu da çox vacib məsələdir. İndi hər bir yerdə kənd yollarına böyük vəsait ayrılır ki, biz bu məsələni də həll edək. Ümid edirəm ki, yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yolları yüksək keyfiyyətlə yenidən qurulub istifadəyə veriləcəkdir. Bu yollar əlbəttə ki, ölkəmizin ümumi inkişafına təkan verəcəkdir.
Əlbəttə, kənd yollarının
tikintisi mühüm sosial məna daşıyır.
Çünki vətəndaşlar normal şəraitdə
yaşamalıdırlar. Yəni Qobustanda demək olar ki,
bütün infrastruktur layihələri icra edilir.
Keçən dəfə burada olarkən biz elektrik
stansiyasının açılışını qeyd
etmişdik.
Bu stansiya nəinki Azərbaycanda, bütün bölgədə bərpa olunan enerji istehsal edən
birinci hibrid stansiyadır. Orada həm külək,
həm günəş qurğuları ilə elektrik enerjisi
istehsal olunur. Ümid edirəm ki, gələcəkdə
Qobustan rayonunun enerjiyə olan bütün tələbatını bərpa
olunan enerji növləri təmin edəcəkdir. Bu, bir pilot layihədir. Əminəm
ki, bu layihə uğurlu olacaq və gələcəkdə biz
bu təcrübəni başqa rayonlarda da tətbiq edəcəyik.
Bilirəm ki, problemlər də vardır. O problemlər tədricən
öz həllini tapır. Məktəblər
tikilir, ancaq hələ də qəzalı vəziyyətdə
olan məktəblər vardır və onlar da təmir
olunmalıdır. Biz rayon mərkəzi xəstəxanasının
layihəsinə gərək yenidən baxaq. Çünki vaxtilə qəsəbə xəstəxanası
kimi tikilmişdir. Bu məsələyə
də baxılacaqdır. Digər kəndlərə
gedən yolların tikintisi üçün əlavə vəsait
ayrılacaqdır. Yəni bütün bu
işlər nəzərdə tutulur. Nəzərdə
tutulmayan işləri biz dövlət proqramına əlavə
edəcəyik ki, Qobustanın bütün infrastruktur və
sosial məsələləri öz həllini tapsın. İşin gedişatı onu göstərir ki, biz
buna nail olacağıq. Çünki
ölkə üzrə hər bir yerdə, hər bir şəhərdə
quruculuq-abadlıq işləri, böyük layihələr
icra olunur.
Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan
inkişaf templəri dünya miqyasında ən yüksəkdir.
Son 10 ilin tarixi bunu göstərir və biz bundan
sonra da yüksək templərlə inkişaf edəcəyik.
Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir,
insanlar öz işlərini itirirlər, iş yerləri
ixtisar olunur, maaşlar kəsilir və görürük ki,
bu, nə qədər böyük problemlərə gətirib
çıxarır. Ancaq Azərbaycanda biz bunun
tam əksini görürük. Böhran
bizə heç bir təsir etməmişdir. Çünki bizim çox
düşünülmüş siyasətimiz vardır. Həm iqtisadi sahədə, həm sosial məsələlərin
həllində müstəqil siyasətimiz vardır. Bax, bu müstəqil siyasətimiz bizi həmin
problemlərdən qorudu.
Biz əlbəttə ki, dünya iqtisadiyyatına
inteqrasiya edirik və etmişik. Bazar
iqtisadiyyatını tam şəkildə tətbiq etmişik.
İqtisadi sahədə bizim tam müstəqil
siyasətimiz vardır. Bu siyasət
özünü həm iqtisadi islahatlarda göstərir, eyni
zamanda maliyyə-kredit siyasətimiz də tam müstəqildir,
milli valyutanın məzənnəsi sabitdir. Bir-iki il bundan əvvəl bölgənin bir çox
ölkələrində milli valyuta devalvasiyaya
uğramışdır, yəni qiymətdən
düşmüşdür və insanlar bundan böyük əziyyət
çəkmişlər. Ancaq Azərbaycanda
manatın məzənnəsi gündən-günə güclənir
və indi 1 manat 1 avroya bərabərdir. Yəni bu nailiyyətlərə
çatmaq üçün əlbəttə ki,
düşünülmüş siyasət və müstəqil
xətt olmalıdır. Bax, bunlar Azərbaycanda
vardır. Ölkəmizin bundan sonra da
uğurlu inkişafı üçün bütün proqramlar
vardır və qəbul edilmişdir. Bu
ilin sonunda regionların inkişafına dair ikinci Dövlət
Proqramı başa çatır. İndi
hökumət üçüncü proqram üzərində
işləyir. Üçüncü
beşillik proqram bütün rayonlarda görüləcək
işləri əhatə edəcək və 2018-ci ilə qədər
bir dənə də olsun nə iqtisadi, nə sosial, nə
infrastruktur problemi qalmayacaqdır.
Qobustan rayonunun timsalında, eyni zamanda, biz bir məsələni
də qeyd edirik ki, böyüklüyündən,
kiçikliyindən asılı olmayaraq hər bir rayonun
inkişafı bizim üçün prioritetdir. Qobustan əhali baxımından o qədər
də böyük rayon deyildir. Ancaq burada
yaşamaq, işləmək üçün bütün
şərait yaradılır və bundan sonra da
yaradılacaqdır. Belə gözəl
idman və gənclər mərkəzləri bunun bariz
nümunəsidir. Bu gözəl hadisə
və əldə edilmiş uğurlar münasibətilə
sizi təbrik edirəm, sizə cansağlığı, yeni
uğurlar arzulayıram.
* * *
Prezident
İlham Əliyevə qobustanlıların ən xoş
arzularını çatdıran rayon sakini Babək ALIBABAYEV
dedi:
- Möhtərəm
cənab Prezident, rayonumuza xoş gəlmisiniz!
İcazə verin, Qobustan ictimaiyyəti və
idmançıları adından Sizi salamlayım.
Bu gün istifadəyə verilən bu möhtəşəm
idman kompleksi bizə çox böyük bir hədiyyədir. Səkkiz-on il
bundan qabaq bütün Azərbaycan gəncləri kimi, belə
bir kompleksin olmasını yalnız arzu edə bilərdik. İndi isə belə mərkəzlər
respublikamızın hər yerində tikilir. Bu möhtəşəm kompleksə görə gənclərimizin,
idmançılarımızın dərin minnətdarlığını
Sizə çatdırıram. Sizin rəhbərliyinizlə
ölkəmizdə idman gündən-günə inkişaf
edir. İdmanın maddi-texniki bazası
güclənir, uğurlarımız artır. Məhz bunun nəticəsində elə bir mötəbər
idman tədbiri yoxdur ki, orada Azərbaycanın himni səslənməsin,
bayrağımız yüksəlməsin.
Azərbaycan həm də dünyada mötəbər tədbirlərin
keçirildiyi bir mərkəzə çevrilmişdir. Avropa
Oyunlarının 2015-ci ildə tarixdə ilk dəfə
ölkəmizdə keçiriləcəyi bizə qürur
verir. Bu, Sizin misilsiz əməyinizin nəticəsidir, cənab
Prezident!
Qobustan idmançıları respublika
yarışlarında uğurla çıxış etmişlər. Düzdür,
rayonumuzda Olimpiya, Avropa, dünya çempionları yoxdur.
Lakin Sizin bu gün bizə bəxş etdiyiniz bu
möhtəşəm kompleks Qobustan idmanında bir məşəl
olacaqdır. Bu məşəli bizə Siz
verdiniz, cənab Prezident. Sizi əmin edirik
ki, bu kompleksdə yeni Olimpiya, dünya çempionları
yetişəcəkdir.
Bu gün Gənclər Mərkəzi də istifadəyə
verilir.
Möhtərəm
cənab Prezident!
Siz
ulu öndər Heydər Əliyevin siyasətini bütün
sahələrdə uğurla davam etdirirsiniz. İnsanlarımızın
yaxşı yaşaması, işləməsi, onların rahat
istirahəti üçün hər cür şərait
yaradılır. Qobustan da bu inkişafdan kənarda
qalmamışdır. 2007-ci ildə Sizin Qobustana ilk gəlişiniz
rayonumuzda yeni bir inkişaf mərhələsi oldu. Susuz səhranı xatırladan bu yerlərdə indi
Qobustan şəhəri saldınız. Şəhərimiz
gündən-günə abadlaşır, gözəlləşir.
Bu, təkcə şəhərlərimizlə əhatə
olunmur. Ən ucqar kəndlərimizdə belə bu gün
asfalt işləri görülür, qaz, su çəkilir.
Ümumiyyətlə, insanları narahat edən bütün
problemlər öz həllini tapır. Qobustanlılar bunu
görür və yüksək qiymətləndirirlər.
Bütün
bunlara görə Sizə və Mehriban xanıma rayonumuzun
ictimaiyyəti adından dərin təşəkkür və
minnətdarlığımızı bildiririk.
Bu
gün Azərbaycan Respublikasında gənclərimiz
üçün hər bir şərait
yaradılmışdır. Onlar diqqət və qayğı ilə
əhatə olunmuşdur. Məhz bunun nəticəsidir ki,
ölkəsini, dövlətini sevən, onunla fəxr edən
gənc bir nəsil yetişir. Bu gənc nəsil bu
gününü, sabahını, gələcəyini
yalnız və yalnız Sizinlə görür. Sizə
möhkəm cansağlığı, uzun ömür diləyir
və bildiririk ki, Azərbaycan gəncliyi, Azərbaycan
idmançıları daim Sizinlədir.
* * *
Sonda
xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 2 may.- S.2.