Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin Avropa Mühafizəkarlar
və İslahatçılar Siyasi Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallananın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev özünün Brüsselə və Avropa İttifaqının prezidenti Herman Van Rompuyun və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun, Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana uğurlu səfərlərini məmnunluqla xatırladı. Əməkdaşlığımızın yüksək səviyyədə olduğunu deyən dövlət başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğuladı.
Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallanan öz növbəsində Avropa İttifaqının əlverişli strateji mövqedə yerləşən Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərindən, regional əlaqələrdən və digər məsələlərdən danışıldı.
Söhbət
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə
bağlı danışıqların hazırkı vəziyyəti
və perspektivləri ilə bağlı məsələlər
ətrafında geniş fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 2 may.- S.4.