Tərcümeyi-halı tarixə çevrilən ən böyük azərbaycanlı

 

Azərbaycan xalqı, bütövlükdə türk dünyası dünyanın ən böyük azərbaycanlısının 90 illik  yubileyinə hazırlaşır. Bu münasibətlə dövlət  başçısı cənab İlham Əliyev "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam da imzalayıb.

 

Sərəncamda deyilir: "Dahi Heydər Əliyev səxsiyyətinin Azərbaycan  dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

 

İndiyədək ulu öndər Heydər Əliyev haqqında yüzlərlə kitab, minlərlə məqalə yazılıb. Amma bu kitablar və məqalələr Heydər Əliyev dühasının nəhəngliyini, onun Azərbaycan naminə gördüyü işlərin miqyas və əzəmətini  dolğunluğu ilə açıb göstərə bilməyib! Çünki bu dahi insanın tam dərkinin zamana böyük ehtiyacı var! Biz illər keçdikcə, dünyada və Azərbaycanda yeni-yeni proseslər baş verdikcə ulu öndərin bəsirət və uzaqgörənliyinə yenidən  heyran qalır, onunvaxtsa atdığı xırda addımların belə mənasını sanki yenidən dərk edirik!

 

Heydər Əliyev zərrədə ümmanı, ümmandakı zərrələri hamıdan qabaqdolğunluğu ilə görməyi bacarırdı!

 

Heydər Əliyev hadisələrin başlanğıcında onun axarını, haçan və nə ilə nəticələnəcəyini dəqiq təyin edirdi!

 

Heydər Əliyev siyasət şahmatında ilk gedişi edən zaman partiyanın neçənci gedişdə və hansı fiqurla yekunlaşacağını irəlicədən bilirdi!

 

Heydər Əliyev Azərbaycan adlı nəhəng gəmini fırtınalı, sualtı qayalıqlarla dolu dənizdən məharətlə keçirərək mənzil başına sağ-salamat çatdıran etibarlı "kapitan" idi.

 

Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın son dövr tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir! Əslində, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq.

 

Burada bir tale bənzərliyi də var: Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi baş verib, xalq günlərə çıxıb!

 

Elə ki onlar müvəqqəti də olsa ayrılıblar, xalqın müsibətli və fəlakətli günləri başlayıb, təhdid və təhlükələr qapımızın ağzından əskik olmayıb!

 

Heydər Əliyev bütün varlığı ilə Vətəninə, torpağına, xalqına bağlı insan, əsl dövlətçi idi. Ömrü boyu çalışdığı bütün sahələrdə və vəzifələrdə Vətəninin bu günü, gələcəyi barədə düşünmüş, konkret, əməli işlər görmüşdür.

 

Sovet hakimiyyəti illərində bütün proseslər mərkəzin əli və razılığı ilə həyata keçirilirdi. Ulu öndər Heydər Əliyev şəxsi nüfuzundan və inandırma qabiliyyətindən istifadə edərək respublika üçün faydalı layihələrin Moskvadan gətirilərək gerçəkləşdirilməsinə nail olurdu!

 

1969-CU İLDƏ HEYDƏR ƏLİYEV AZƏRBAYCANA RƏHBƏR SEÇİLƏNDƏ ölkə geridə qalmış, tanınmamış aqrar respublika idi. Kənd təsərrüfatında məhsuldarlıq olduqca aşağı düşmüş, neft sənayesi tənəzzülə uğramışdı. Xalqın yaşayış səviyyəsi isə heç də ürəkaçan deyildi.

 

Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü:

 

* İlkin olaraq Azərbaycan xalqını səfərbərliyə almağı, insanlarda ruh yüksəkliyi və gələcəyə inam yaratmağı bacardı;

 

* Neft sənayesinin böhrandan çıxarılmasına və bu sahəyə əsaslı dövlət vəsaiti qoyulmasına, neft-kimya və neft-maşınqayırma sahələrinin inkişafına nail oldu;

 

* Kənd təsərrüfatında dönüş və dirçəliş yaratdı, məhsuldarlığın və məhsul istehsalının sürətli inkişafını təmin etdi;

 

* Azərbaycan kəndinin simasını büstbütün dəyişdi, palçıq komaların yerini ikimərtəbəli daş evlər tutdu, kəndlinin  məişətinə şəhər yenilikləri daxil oldu;

 

* Ölkədə elmin və təhsilin yüksəlməsinə böyük diqqət yetirildi, yeni ali məktəblər açıldı;

 

* Hər il yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin bütün şəhərlərindəki ali məktəblərdə dövlət hesabına ən perspektivli ixtisaslar üzrə təhsil almasına, yeni kadr potensialının yaradılmasına nail olundu;

 

* Naxçıvanski adına hərbi təmayüllü məktəb təşkil edildi, gənclərin hərbi sənətə yiyələnmələrinə hər cür şərait yaradıldı;

 

* Azərbaycan musiqisinin, təsviri sənətinin, mədəniyyət və incəsənətinin inkişafı üçün ardıcıl işlər görüldü, sənət adamları dövlət mükafatlarına, fəxri titullara, Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü;

 

* Bütövlükdə Azərbaycan keçmiş ittifaqın ən tanınmış və inkişaf etmiş  respublikalarından birinə çevrildi.

 

Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri kimi Moskvaya işləməyə getdikdən sonra şöhrəti daha da artdı. İqtisadiyyatın ən çətin sahələrinə rəhbərliyi dövründə daim yüksəlişə və inkişafa nail oldu. Kremldəki türk oğlunun bu şöhrət və hörməti, bacarıq və qabliyyəti çoxlarında paxıllıq və qısqanclıq hissləri yaradırdı. Hakimiyyət dəyişiklikləri nəticəsində mənfur Qorbaçovun SSRİ rəhbərliyinə yol tapması qırmızı imperiyanın süqutunu sürətləndirdi. Buna qədər Qorbaçov xəyanətkar üsullarla Heydər Əliyevin böyük siyasətdən müvəqqəti uzaqlaşmasına nail oldu. Həmin dövr həm də SSRİ kimi superdövlətin parçalanması və iflası kimi xarakterizə olunur.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycandan kənar düşməsi respublika üçün də ağır fəsadlar törətdi:

 

* 20 Yanvar faciəsi baş verdi;

 

* İmperiyasevər qüvvələr Azərbaycanın itaət boyunduruğunda saxlanılmasından ötrü "Qarabağ problemi" adlı məkrli planın həyata keçirilməsinə başladılar;

 

* Qarabağ torpaqları kəndbəkənd, şəhərbəşəhər işğala məruz qaldı, Xocalı, Qaradağlı, Bağanis-Ayrım və digər soyqırımıları törədildi;

 

* Maymaq, qətiyyətsiz, səriştəsiz və təcrübəsiz insanların respublika rəhbərliyinə gəlməsi nəticəsində ölkə xaosqanunsuzluq burulğanına, dərin ümummilli siyasi böhrana düşdü.

 

Azərbaycanın artıq bir dövlət kimi mövcudluğu sual altında idi, o, keçmişdəki kimi xırda xanlıqlara parçalanma, dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qalmışdı!

 

Bu məqamda Azərbaycan xalqı öz müdrik qərarını bildirdi, sadiq və sınanmış oğlunu yenidən ölkə rəhbərliyinə dəvət etdi.

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 1993-CÜ İL İYUNUN 9-DA XALQIN ÇAĞIRIŞI İLƏ yenidən ölkə rəhbərliyinə qayıdışı qurtuluş missiyasının  başlanması, Azərbaycanın müstəqilliyinin dönməzliyə və əbədiliyə çevrilməsi, dünya birliyinin bərabərhüquqlu üzvləri sırasına inteqrasiyasının startına çevrildi.

 

Heydər Əliyev eyni vaxtda bir neçə problemlə məşğul olaraq onların uğurlu həllini təmin edə bilirdi!

 

Heydər Əliyev əliyalın silahlı dəstələr üzərinə gedərək onları zəkasının gücü ilə zərərsizləşdirməyi bacarırdı!

 

Heydər Əliyev riskə getməyi, hadisələri qabaqlamağı, çıxış yolu görünməyən məsələlərdə qeyri-standart üsullarla qalib gəlməyi sevirdi!

 

Heydər Əliyev sutkanın on səkkiz saatını fasiləsiz işləyən dahilərdən sayılırdı!

 

Xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra qısa zaman kəsiyində bütün bu deyilənləri həyata keçirdi:

 

* Ən əvvəl müharibə bölgəsində atəşkəsə nail oldu, bununla da Azərbaycanın yeni ərazilərinin işğalının qarçısını aldı;

 

* Ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi;

 

* 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlərin qarşısını böyük qətiyyətlə aldı və beləliklə, Azərbaycanda  zorakılıqla hakimiyyətə gəlmək kimi yaramaz ənənəyə son qoydu;

 

* Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edilməsinə, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazasının yaranmasına nail oldu;

 

* Onun rəhbərliyi ilə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı, Azərbaycan Avropa  Şurasına üzv seçildi;

 

* Çətin və ağır keçən neft danışıqları uğurla yekunlaşdı, əvvəlki  iqtidarların heç birinin bacarmadığı məsələ həllini taparaq "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Bununla da neft sənayesi iqtisadiyyatın digər sahələrinin böhrandan çıxarılması və inkişafı üçün lokomotiv rolunu oynamağa başladı;

 

* Özəlləşdirmə proqramları həyata keçirilərək dövlət əmlakı dövlətsizləşdirildi, bazar  iqtisadiyyatı münasibətləri bərqərar olundu;

 

* Aqrar islahatlar aparılaraq torpaq pulsuz olaraq əsl sahibinə, kəndlilərə qaytarıldı, bununla da ən çətin proseslərdən biri müvəffəqiyyətlə başa çatdırıldı;

 

* Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi;

 

* Azərbaycan informasiya blokadasından çıxarıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli  fəaliyyətin təməli qoyuldu;

 

* Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü;

 

* Regionların sürətli inkişafı, qeyri-neft sektorunun və sahibkarlığın yüksəlişi sahəsində dönüş yaradıldı;

 

* Qaçqın və məcburi köçkünlərə daim dövlət qayğısı göstərilməsi, yeni qəsəbələr salınaraq onların yaşayış şəraitinin durmadan yaxşılaşdırılması nizama salındı;

 

* Demokratik proseslərin dərinləşməsi, mətbuat və söz azadlığı, çoxpartiyalı sistem, fikir plüralizmi təmin edildi, Azərbaycan demokratik cəmiyyət quruculuğunda bir sıra uğurlar qazandı;

 

* Azərbaycançılıq ideoloğiyaya, ölkədə yaşayan bütün millətləri, xalqları və etnik qrupları dövləti maraqlar ətrafında birləşdirən qüvvəyə çevrildi;

 

* Dünya azərbaycanlıları ilə əlaqələr möhkəmləndirildi, diaspor quruculuğuna diqqət və dövlət dəstəyi gücləndirildi;

 

* Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrildi.

Bütün bunları ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün etdi!

Bütün bunlar ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən doğan tərcümeyi-halıdır!

Bütün bunlar həm də müstəqil və müasir Azərbaycanın yeni  tarixidir!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.-2013.- 2 may.- S.5.