Heydər Əliyev irsinin tədqiqinə dəyərli töhfə

 

Sosial siyasət tarixi prizmadan

 

 Müdriklərimiz çox dəqiq demişlər: "Tarix şəxsiyyətləri, şəxsiyyətlər isə tarixi yaradır". XX əsr özünün siyasi kataklizmləri, tarixi eniş-yoxuşu, rəngarənglikləri ilə salnamələrə düşəcək bir çox prizmadan müzakirə mövzusuna çevriləcəkdir. Ən müasir tariximiz zamanın yaratdığı bir sıra dahi şəxsiyyətlərlə də yadda qalacaq, illərlə öyrəniləcək, təhlil ediləcəkdir. Ümummilli lider Heydər Əliyevi XX əsrin ictimai-siyasi fenomeni kimi artıq bütün dünya qəbul edir. Birmənalı demək olar ki, zəmanəmizin ən böyük azərbaycanlısı olan Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir.

Müasir Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi Heydər Əliyev dühası, dövlət quruculuq salnaməmizin şanlı səhifələrini yaradıb və müasir tariximizin bütöv bir epoxası bu müdrik insanın adı və fəaliyyəti ilə bağlıdır.

Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi, çoxşaxəli fəaliyyətinin başlıca məqsədi qarşıya əsas vəzifə kimi qoyulub. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etmişdir. Bu üslub bazar iqtisadiyyatının, geosiyasi maraqların, qlobal güclərin diktəsi kimi sərt tələblərin əsasında formalaşmış müasir dünya müstəvisində də ümummilli liderin əsas prinsipi olmuşdur.

Bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada Heydər Əliyev zəkasından irəli gələn müvəffəqiyyətlər hiss olunmasın. Bu böyük şəxsiyyət həm də ayrıca bir məktəb idi ki, bu məktəbin yetirmələrinin böyük bir hissəsi bu gün də iqtisadiyyatın daha da inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi naminə öz bilik və bacarıqlarını əsirgəmədən inamla çalışırlar. Heydər Əliyev məktəbinin bu meyarlara cavab verə bilən layiqli yetirmələrindən biri də, ulu öndər haqqında xatirələrini bölüşməyə və söz deməyə mənəvi haqqı olan Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblidir.

Bu baxımdan, onun oxunaqlı və səlis dildə qələmə aldığı, dövrün 45 ilə yaxın tarixini sosial siyasət prizmasından təhlil edən "Sabitlikdən sosial rifaha" adlı yenicə çapdan çıxmış kitabı xüsusi əhəmiyyətə malikdir. Müəllif öz əsərində kommunist dönəmindən başlayaraq, müstəqilliyin ilk illərində Azərbaycanda qeyri-müəyyən imtiyazlardan imtina edərək populist sosial müdafiə elementlərindən dəqiq sosial ünvanlılığa keçilməsində, ailə, qadın və uşaq problemlərinin həllində, sosial təminatın hüquqi bazasının yaradılmasında Heydər Əliyevin xidmətlərini qeyd edir, məhz onun sayəsində sosial müdafiədə dönüş mərhələsinin yarandığını bildirir. H.Rəcəbli vurğulayır ki, müstəqilliyin ilk illərində tənəzzülə səbəb olan ağrılı keçid mərhələsi də bu böyük şəxsiyyətin xarizması hesabına həyata keçirdiyi torpaq islahatı, hər bölgəyə, hər kəndə göstərdiyi rəhbər qayğısı sayəsində başa çatdı, regionlar sosial inkişafın yeni tarixi mərhələsinə qədəm qoydu.

Müəllif "Heydər Əliyev stereotipləri sındıran liderdir" fikrini əsaslandırmaq məqsədilə tarixi əhəmiyyət kəsb edən bəzi mühüm faktları sadalamaqla yanaşı, ulu öndərin hələ 1970-1980-ci illərdə korrupsiyaya qarşı amansız mübarizə aparmasının, habelə təhsilə və gənclərə, ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi rəhbər qayğısının faktoloji materiallar əsasında geniş təhlilini verir.

Həqiqətən həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. 1970-1985-ci illərdə Azərbaycanda yaradılan maddi-texniki bazanı, möhkəm iqtisadiyyatı müstəqil Azərbaycan Respublikasının gələcək quruculuq işləri üçün möhkəm zəmin hesab edən Heydər Əliyev özü o illərdə görülən işləri belə qiymətləndirirdi: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha da dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır".

Ən böyük azərbaycanlı: 1982-1987-ci illərdə dünyanın fövqəldövləti sayılan Sovetlər Birliyində ən ali hakimiyyət iyerarxiyasında təmsil olunan Heydər Əliyev İttifaq miqyasında çox həcmli və gərgin fəaliyyətinə rəğmən, 5 il ərzində Azərbaycanda gedən bütün ictimai-siyasi və mədəni prosesləri də diqqət mərkəzində saxladı, nəzarət etdi, azərbaycanlıların daha yüksək ixtisaslara yiyələnməsinə, yeni elm və tədris müəssisələrinin açılmasına nail oldu. Qısa müddətdə çox böyük nüfuz və şöhrət qazanan Heydər Əliyevin siyasi lider kimi təkcə sovetlər məkanında deyil, dünyada tanınması bu böyük insandan bütün cəhət və xüsusiyyətlərinə görə geri qalan, ən əsası isə ondan şəxsiyyətcə cılız olan Kreml yetkililərinin həsəd və qibtəsinə səbəb oldu.

Məkrli plan əsasında ən böyük azərbaycanlının vəzifəsindən uzaqlaşdırılması və bundan dərhal sonra ölkəmizə sonsuz məhrumiyyətlər gətirən Qarabağ probleminin ortaya atılması ilə Azərbaycanın 6 illik tənəzzül dövrü bir daha sübut etdi ki, Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək, onun ümumbəşəri ideyalarından bəhrələnmədən tərəqqiyə nail olmaq qeyri-mümkündür.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərlə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.

Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma Vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış Heydər Əliyev daim böyük qürur hissi ilə deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Professor Hadi Rəcəbli bu həssas məqamları kitabında özünəməxsus və oxunaqlı şəkildə qələmə almış, canlı xatirələrini olduğu kimi oxucunun diqqətinə çatdırmağa müvəffəq olmuşdur.

Azərbaycanda sabitlik dövrü (1993-2003-cü illər): Bu dövrün ilkin mərhələsini əhatə edən 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. Ölkədə ictimai-siyasi sabitliyinqanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olduümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Bu baxımdan, müəllif kitabında haqlı olaraq vurğulayır ki, yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, iqtisadiyyatda, o cümlədən sosial sferada da əsaslı dəyişikliklərin təməli qoyuldu. 90-cı illərin sonlarından başlayaraq sosial siyasət sahəsində həyata keçirilən islahatlar bir-birini əvəz etməyə başladı, dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artırılmağa başladı. 1996-cı ildən davam edən dayanıqlı iqtisadi inkişaf və maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmaqla dövlətin sosialyönümlü siyasət aparmaq imkanlarını da genişləndirdi.

Bununla yanaşı, müəllif məqalələrində ölkədə xarici qüvvələr tərəfindən süni surətdə yaradılmış çox ciddinarahat problemin, qaçqın-köçkün bəlasının həllini, kataklizmlərin aradan qaldırılması ilə bağlı dövlətin atdığı humanist addımları tarixi dinamika baxımından xüsusi səriştə ilə açıqlamışdır.

Hadi Rəcəbli daha sonra qeyd edir ki, ardıcıl həyata keçirilən islahatlar iqtisadi artımla yanaşı, əhalinin gəlirlərinin artmasına da kömək etdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş sosial siyasətdə əhalinin bütün təbəqələrinin ehtiyac və tələbatı nəzərə alındı və aztəminatlı ailələrin, uşaqların, ahılların sosial müdafiə məsələlərinə ümdə əhəmiyyət verildi. Əhalinin layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədilə ölkədə genişmiqyaslı pensiya islahatları həyata keçirildi. Müharibə əlillərinin, şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik avtomobilləri ilə təmin edildi.

Xüsusilə qeyd etmək istərdim ki, 20 ilə yaxın bir müddətdə sosial siyasət sahəsinin qanun yaradıcılığı prosesinə bilavasitə rəhbərlik edən və bu sahənin fundamental-nəzəri problemlərini elmi cəhətdən tədqiq edən Hadi Rəcəbli kitabda ulu öndərin Azərbaycanı sosial dövlət zirvəsinə çatdırmaq yolunda yorulmaz fəaliyyətini tarixi xronoloji ardıcıllığa riayət etməklə və yüksək siyasi peşəkarlıqla ifadə etməyə nail olmuşdur.

Müəllifin müşahidələri və elmi təhlilləri bir daha onu göstərir ki, ümummilli lider Heydər Əliyevin ölkə daxilində sosial müdafiənin və sosial təhlükəsizliyin təmin olunması strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən varislik və davamlılıq prinsipləri müstəvisində, prezidentlik fəaliyyətinin baş xətti kimi ardıcıl olaraq daha da təkmilləşdirilir, qələbələrlə zəngin və diqqətəlayiq bəhrələrini verir.

Məqalələr toplumunda milli-mənəvi dəyərlərimizə hörmət, bu sahədə aparılan ardıcıl siyasət özünün komparativ təhlilini faktoloji materiallarla tapır.

Müəllif vurğulayır ki, dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətlə din arasında əlaqələr, münasibətlər möhkəm və sağlam təməllər üzərində qurulub. Mənəvi-dini dəyərlərin qorunmasında və inkişaf etdirilməsində, dövlət-din münasibətlərində Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Demokratik prinsiplərin və vicdan azadlığının bərqərar olunduğu Azərbaycanda bütün dini ocaqlarda yüksək səviyyədə təmir və yenidənqurma işlərinin aparılması ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Beləliklə, tariximiz qorunur, itib batmır, yeniləşir və dünyaya öz sözünü deyir.

Bütün bunların nəticəsidir ki, xalqımız cənab İlham Əliyevə etimad göstərir. Bu etimad həm də zamanın sınaqlarından uğurla çıxan xalq-prezident münasibətlərindən irəli gələn böyük etibardır.

Beləliklə, kitabın son fəslində ulu öndər Heydər Əliyevin gərgin səyləri və şəxsi nüfuzu sayəsində böyük nailiyyətlərin əldə edildiyi müstəqil respublikamızda düzgün daxilixarici siyasət kursunun müsbət nəticələri qeyd olunub. Böyük siyasi-intellektual potensiala malik olan cənab İlham Əliyevin prezidentliyi dövrünün 10 ili ərzində ölkədə bu siyasətin necə müvəffəqiyyətlə həyata keçirilməsi, onun dövlətimiz qarşısında duran taleyüklü məsələləri xalqımızın dəstəyi ilə necə ləyaqətlə həyata keçirdiyi vurğulanıb.

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Eyni zamanda, bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahimüdrik şəxsiyyətləri sırasında layiqli yer tutan böyük öndər Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və müqəddəs borcudur.

Bu baxımdan, professor Hadi Rəcəblinin haqqında söz açdığım elmi-publisistik kitabı çoxminli oxucu auditoriyası, habelə Heydər Əliyev irsinin tədqiqatçıları və ən müasir tariximizin siyasət prizmasından öyrənilməsi üçün lazımlı bir dəyərli əsərdir.

 

 

Yaqub MAHMUDOV,

tarix elmləri doktoru, professor,

AMEA-nın müxbir üzvü, AMEA

A.Bakıxanov adına Tarix İnstitutunun

direktoru, Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 2 may.- S.7.