Prezident Kitabxanasında «Heydər Əliyev.
Elektron sənədlər toplusu» elektron resursu açılmışdır
Bu
günlərdə Azərbaycan Respublikası mühüm bir
tarixi hadisəni - Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik
yubileyini qeyd etməyə hazırlaşır.
Bu əlamətdar
tarix münasibətilə ölkədə və
hüdudlarından kənarda müxtəlif təntənəli
tədbirlər keçirilir: böyük dövlət xadimi,
Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat
və fəaliyyətinə həsr olunmuş nəzəri-praktik
konfranslar, "dəyirmi masa"lar, kitab təqdimatları təşkil
edilir, monoqrafiyalar, fotosərgilər və məruzələr hazırlanır.
Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsinin
Prezident Kitabxanasının kollektivi də Azərbaycanın
ümummilli liderinin irsinin öyrənilməsi və təbliği
işinə öz töhfəsini vermişdir.
Kitabxananın
kollektivi milyonlarla istifadəçi auditoriyası
üçün "Heydər Əliyev. Elektron sənədlər
toplusu" adlı nadir resurs hazırlamışdır. Bu
resursda tarixi hadisələr və faktlarla bağlı olan çoxsaylı sənədlər
yer almış, bu böyük insanın parlaq, çoxşaxəli
həyat yolunu əks etdirən xronoloji məlumatlar və fotosənədlər
əksini tapmışdır.
Qeyd
edək ki, elektron resurs geniş istifadəçi çevrəsi
üçün nəzərdə tutulmuşdur. Resurs həm
məktəblilər və tələbələr, həm də
dövlət müəssisələrinin işçiləri və mövzu
ilə maraqlanan başqa istifadəçilər
üçün faydalı olacaqdır. Resurs Prezident
Kitabxanasının saytında yerləşdirilmişdir.
Toplu
doqquz bölmədən ibarətdir: "Ümummilli
lider"; "Xronologiya". (1923-2003-cü illər)";
"Nitqlər, çıxışlar, məruzələr,
müsahibələr, bəyanatlar"; "Xarici-siyasi fəaliyyət
xronologiyası (1993-2003-cü illər)"; "Müstəqilliyimiz
əbədidir"; "Əsərlər
külliyyatının elektron versiyası"; "Heydər Əliyev
haqqında kitablar və məqalələr"; "Məşhur
şəxsiyyətlər Heydər Əliyev haqqında";
"Biblioqrafiya"; "Fotoqalereya".
Əlavə
edək ki, toplunun doqquz bölməsinin hər biri yarımbölmələrə
ayrılmışdır. Məsələn, "Ümummilli
lider" adlı bölməyə beş yarımbölmə
daxildir: "Bioqrafiya", "Hakimiyyət illəri", "Mükafatlar",
"Seçilmiş fikirlər" və "Xatirəsinin əbədiləşdirilməsi".
"Müstəqilliyimiz əbədidir" bölməsinə gəldikdə isə demək lazımdır ki, istifadəçi hər biri təxminən 500 səhifədən ibarət olan 42 kitabın elektron versiyasının hazırlanmasına sərf edilmiş böyük zəhmət barədə tam təsəvvürə malik olacaqdır. Materialların zənginliyi ilə seçilən başqa bölmələr barədə də eyni sözləri demək olar.
Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdən sonra Azərbaycan KP MK-nın avqust plenumundakı məruzəsi ilə başlanan "Nitqlər, çıxışlar, məruzələr, müsahibələr, bəyanatlar" adlı bölmə böyük maraq doğurur. Həmin çıxışda respublikanın sosial-iqtisadi vəziyyətinə prinsipial qiymət verilmiş, ciddi qüsurlar aşkar edilmiş və qarşıya onların aradan qaldırılması üzrə konkret vəzifələr qoyulmuşdur.
Bölmədə "Milli Məclisin 1993-cü il 15 iyun tarixli iclasında nitq", "1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması zamanı çıxış" kimi mühüm sənədlər yer almışdır. Həmin sənədlər proqram xarakterlidir və dərindən öyrənilməsini tələb edir. Bu sənədlər müstəqil Azərbaycan dövlətinin, onun siyasətinin və iqtisadiyyatının təşəkkülündə və inkişafında Heydər Əliyevin müstəsna rolundan söz açır.
"Məşhur adamlar Heydər Əliyev haqqında" bölməsində Heydər Əliyevi "Siyasət nəhəngi" adlandırmış Rusiya Prezidenti Vladimir Putinin, "Mən dünya şöhrətli, görkəmli dövlət xadimi Heydər Əliyevin qeyd-şərtsiz liderliyinə, cəsarətinə, geniş dünyagörüşünə və nadir natiqlik istedadına heyranam" deyən ABŞ-ın keçmiş Prezidenti Corc Buşun fikirləri yer almışdır. Fransanın sabiq Prezidenti Jak Şirak demişdir: "Azərbaycanın xoşbəxtliyi ondadır ki, bu ölkəyə böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi Heydər Əliyev başçılıq edir".
Fransalı sovetoloq Jak Düke Heydər Əliyevi "canlı əfsanə" adlandırmışdır. UNESCO-nun sabiq direktoru Frederik Mayr Heydər Əliyevə necə ehtiramla yanaşıldığından danışaraq demişdir: "Siz bütün dünyada hamı tərəfindən qəbul edilmiş görkəmli lidersiniz".
Bütün bu sözlər ümummilli liderin irsinin Azərbaycan xalqı üçün dəyərini və böyük əhəmiyyətini bir daha təsdiq edir.
Əminlik
hissi ilə demək olar ki, Prezident Kitabxanasının
hazırladığı "Heydər Əliyev. Elektron sənədlər
toplusu" resursu ulu öndərin 90 illiyinin hazırlanmasına
layiqli töhfə olacaq və milyonlarla istifadəçi tərəfindən
minnətdarlıq hissi ilə qarşılanacaqdır.
Kəmalə SARICALİNSKAYA,
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin
Prezident Kitabxanasının elmi katibi
Azərbaycan.-2013.- 2 may.- S.8.