Qədim Abşeronun adını daşıyan rayon 50 illik yubileyini təntənə ilə qeyd etdi

 

Xırdalan şəhərində böyük bayram əhval-ruhiyyəsi var idi. Bu da səbəbsiz deyildi. Abşeron inzibati rayon kimi yaranmasının 50 illik tarixini qeyd edirdi. Öncə təntənəli mərasimə çıxan rayonun bədii özfəaliyyət kollektivləri, məktəb şagirdləri Abşeronun tarixinə aid müxtəlif kompozisiyalar nümayiş etdirdilər. Rayon idmançıları da həmin mərasimə əliboş gəlməmişdilər. Onlar müxtəlif idman növləri üzrə öz məharətlərini göstərdilər.

Abşeron tarixən Şərqlə Qərbin ticarət yolunun üstündə yerləşib. Bu, eyni zamanda, ticarət yoludur. Ticarətin isə o vaxtlar ən sərfəli "nəqliyyat" vasitəsi dəvə olub. Mərasim iştirakçıları qarşısından keçən dəvə karvanı bu tarixi bir daha xatırlatdı. Bakının bolşevik-erməni işğalından türk qoşunları tərəfindən azad olunması səhnəsi də böyük maraqla qarşılandı. Bu kompozisiyanın canlandırılması son dərəcə inandırıcı və təsirli idi. Abşeronlular bir daha qanlı və şərəfli tariximizi andılar.

Təntənəli mərasimi izləmək üçün dəvət edilən rayonun müharibə və əmək veteranlarının sevinci daha böyük idi. Çünki Abşeron inzibati rayon kimi onların gözü qarşısında və onların iştirakı, zəhməti ilə bu ərsəyə yetişmişdi. Bu səbəbdən mərasimdə iştirak edən ağsaqqal və ağbirçəklər həmin dövrün xatirələrini yaşayırdılar.

Nümayiş iştirakçıları rayonda dislokasiya olunan Sərhəd Qoşunları əsgərlərinin əzəmətli addımlarından qürur duydular. Onların bu addımları Ali Baş Komandanın hər əmrinə müntəzir olmalarından xəbər verirdi. Bu möhtəşəmliyi görəndən sonra Qarabağın işğaldan tezliklə azad edilməsinə əminlik bir daha artırdı.

Təntənəli keçidin növbəti iştirakçıları isə rayonda fəaliyyət göstərən müəssisələr oldu. Abşeron rayonu yaranışından aqrar rayon statusunu daşısa da, bu gün o, həm də sənaye rayonudur. İndi burada bir çox sənaye müəssisələri fəaliyyət göstərir və onlar rəqabətədavamlı məhsullar istehsal edir. Təsadüfi deyil ki, bu gün rayon üzrə əsas kapitala yönəldilən investisiyaların orta illik məbləği 11 dəfə çoxalaraq 182 milyon manat olmuşdur. ÜDM istehsalı 2005-ci illə müqayisədə 6,7, sənaye məhsulu istehsalı 13 dəfə artmışdır. Bu da öz növbəsində rayon büdcəsinin daxili gəlirlər hesabına formalaşmasına imkan vermişdir. Bu fikrin davamı olaraq bildirək ki, yerli vergi ödəmələrinin məbləği 2003-cü ildəki 1,4 milyon manatdan 2011-ci ildə 24 milyon 27 min manata çatmışdır. Artıq iki ildir ki, Abşeron rayonu mərkəzi büdcədən dotasiya almır. İnkişafın sürəti göstərir ki, bu il də rayonun mərkəzi büdcənin dotasiyasına ehtiyacı olmayacaq.

Bu göstəricilərin əldə edilməsində əvəzsiz əməkləri olan rayon sakinləri təntənəli tədbiri iftixarla seyr etməkdə haqlı idilər. Çünki bu gün onlar həm də son dərəcə abad, geniş parkları, küçələri olan şəhər, qəsəbə və kəndlərin sakinləridir. Rayon mərkəzi olan Xırdalan şəhəri simasını büsbütün dəyişib. O, daha 10 il əvvəlki pərakəndə qəsəbə deyil. Bugünkü Xırdalan yüksəkmərtəbəli təzə yaşayış binalarından, geniş, abad küçələrdən və istirahət üçün hər cür şəraiti olan parklardan ibarət müasir şəhərdir. Burada salınan və istirahət üçün hər cür şəraitə malik Heydər parkı xırdalanlıların ən sevimli yeridir. Rayon sakinləri parkda həm istirahət edir, həm əylənir, həm də buradakı Heydər Əliyev Muzeyində ulu öndərin keçdiyi şərəfli həyat yolu ilə yaxından tanış olurlar.

Abşeron rayonunun yaranma tarixi zərurətdən meydana gəlmişdir. Bunu rayonun keçdiyi yola nəzər saldıqda aydın görmək olar. 50 illik tarixində Abşeron rayonu Azərbaycanın siyasi xəritəsində inzibati ərazi vahidi kimi bir neçə islahatlardan keçmişdir. Rayon 1963-cü ilin yanvarında Bakı şəhərinin Qaradağ, indiki Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonları ərazisindəki kolxoz və sovxozların, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid 4 elmi-tədqiqat institutunun, texniki təchizat bazalarının, Sumqayıt şəhərinin Saray, Ceyranbatan, Aşağı Güzdək, Sitalçay, Şuraabad, Giləzi, Xızı, Tıxlı, Xələnc, Fındığan, Baxışlı, Altıağac yaşayış məntəqələri və həmin ərazidəki sovxozların, Dəvəçi (indiki Şabran) və Siyəzən şəhərləri istisna olmaqla, həmin rayonların bütün yaşayış məntəqələri, təsərrüfat, idarə, müəssisə və təşkilatlarının bazasında yaradılmışdı. Abşeronun inzibati ərazisinə Bakı şəhərinin Binəqədi, Sabunçu və Qaradağ rayonlarının Xırdalan, Hökməli, Masazır, Novxanı, Digah, Məmmədli, Fatmayı, Görədil, Qobu, Güzdək yaşayış məntəqələri daxil edilməklə, Xırdalan qəsəbəsinə rayon mərkəzi statusu verilmişdir.

Rayonun yaradılmasında əsas məqsəd gündən-günə əhalisi artan Bakı və Sumqayıt şəhərlərini təzə və keyfiyyətli ərzaqla daha etibarlı təmin etmək idi. Həqiqət naminə demək lazımdır ki, rayonda ötən dövr ərzində bu missiyanı uğurla yerinə yetirmək üçün çox iş görülmüşdür. O illər paytaxt sakinləri Abşeron bağlarında yetişən meyvə və tərəvəzdən gen-bol istifadə edirdi. Hamı bilirdi ki, bu nemətlərin onların süfrəsinə gəlməsində Abşeron rayon əhalisinin böyük xidməti var.

İndi də rayonda iri fermer təsərrüfatları fəaliyyət göstərir, bu gün də Bakı və Sumqayıt sakinlərinin ərzaqla təminatında Abşeron öz missiyasını davam etdirir. Hazırda rayonda meyvə və tərəvəzi müasir texnologiyalar əsasında yüksək səviyyədə emal edən müəssisələr, özəl quşçuluq və maldarlıq təsərrüfatları, istixanalar fəaliyyət göstərir. Həmin təsərrüfat və emal müəssisələrinin məhsulları yerli tələbatı ödəməklə ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Ölkənin hər regionunda olduğu kimi, Abşeronda da sahibkarlığın inkişafına ciddi qayğı göstərilir və dəstək verilir. Təkcə son 5 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə abşeronlu iş adamları 61,8 milyon manat güzəştli kredit almışlar. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarına 400 min manat məbləğində subsidiya ödənilmişdir. Sözsüz ki, bütün bunlar rayonda  məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. 2004-2012-ci illərdə həm bu, həm də mövcud müəssisələrin genişləndirilməsi və yenilərinin istifadəyə verilməsi hesabına rayonda 15 mindən artıq yeni iş yeri açılmışdır ki, onların da əksəriyyəti daimidir. Bir faktı da qeyd edək ki, paytaxta ən yaxın olan bu rayonda orta aylıq əməkhaqqı yüksəkdir. Təkcə onu demək kifayətdir ki, son 8 ildə rayon üzrə orta aylıq əməkhaqqı 3,9 dəfə artmışdır.

Sözsüz ki, bu artım, ilk növbədə, rayon ərazisində fəaliyyət göstərən müasir sənaye müəssisələri hesabına əldə olunmuşdur. Həmin müəssisələrdə dünya standartlarına cavab verən keyfiyyətli məhsullar istehsal edilir və bu məhsullar daxili tələbatı ödəməklə bərabər, xarici ölkələrə də satılır. Təxminən 2005-2012-ci illərdə istifadəyə verilən belə müəssisələrdə (Aşağı Güzdək, Qobu və Məmmədlidəki nəhəng kərpic zavodları, Xırdalanda şüşə qablar istehsal edən, "Palitra", "AZ MDF", "N-Line" mebel, "Piramida" və "Avropa qapıları" müəssisələri və s.) istehsal edilən məhsulların sorağı Azərbaycanın sərhədlərini çoxdan aşmışdır.

Rayon mərkəzi olan Xırdalan özünün yeni inkişaf dövrünə Prezident İlham Əliyevin sərəncamı ilə şəhər statusu alandan sonra qədəm qoymuşdur. Ötən dövr şəhərdə çoxsaylı sosial-iqtisadi obyektlər istifadəyə verilmişdir. O cümlədən şəhərin mərkəzində 9,5 hektarlıq Eldar şamlığında ulu öndər Heydər Əliyevin abidə kompleksi ucaldılmış, burada Heydər Əliyev Muzeyi inşa olunmuş, çiçəklər və bəzək kolları ilə əhatə edilən gəzinti yolları, musiqili fəvvarələr, böyük və kiçiklərin istirahəti üçün müxtəlif növ əyləncə vasitələri, istirahətə gələnlərə nümunəvi xidmət göstərən iaşə obyektləri, bir sözlə, girişindən başlamış qurtaracağınadək diqqəti cəlb edən Heydər parkı salınmışdır. Həmçinin şəhərdəki "Əsgər anası" abidə kompleksi yenidən qurulmuş, Misir-Azərbaycan dostluğu parkı salınmış, bir çox idarə və təşkilatlar üçün müasir inzibati binalar tikilmişdir. Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin, genişprofilli rayon mərkəzi xəstəxanasının, hər biri beş yaşayış massivini birləşdirən Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil və Hökməli-Qobu-Lökbatan, Güzdək-Puta avtomobil yollarının inşası da dövlətin abşeronlulara göstərdiyi qayğının nəticəsidir.

Abşeronluların əməyi rayonun 50 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Rayonun sosial-iqtisadi inkişafında mühüm xidmətləri olan 33 nəfər orden, medal və fəxri adlarla təltif edilmişdir.

Xırdalan şəhərində keçirilən təntənəli nümayişdən sonra Mədəniyyət evində həmin dövlət təltiflərinin təqdimetmə mərasimi keçirildi. Əməyi qiymətləndirilənlər dövlət başçısına göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirdilər. Mükafatlar təqdim olunduqdan sonra rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov dedi: "Ulu öndərin müdrik rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da sürətli irəliləyiş başlamışdır. Abşeronun iqtisadi yüksəlişinə böyük qayğı göstərmiş ümummilli lider Heydər Əliyev 1981-ci il aprel ayında rayona növbəti  səfəri zamanı demişdir: "Abşeronlular öz əməkləri ilə, əzmkarlıqları ilə sübut etmişlər ki, əlahiddə ərazidə yerləşən bu rayon müstəqil yaşamağa qadirdir". Ulu öndərin bu sözləri rayonun bugünkü inkişafının təməli oldu. Biz abşeronlular doğma rayonumuzun bu gününə görə ümummilli lider Heydər Əliyevə minnətdarıq".

Zakir Fərəcov onu da qeyd etdi ki, bu gün rayonda 34 tam orta məktəb,1 universitet, 1 orta ixtisas məktəbi, 2 peşə liseyi, 23 uşaq bağçası-körpələr evi, 3 stasionar-müalicə müəssisəsi, 2 poliklinika, 16 həkim məntəqəsi, 19 mədəniyyət ocağı, 2 uşaq musiqi və 3 uşaq incəsənət məktəbi, uşaq-gənclər idman məktəbi, yaşılörtüklü 2 futbol meydançası, ağır atletika idman bazası fəaliyyət göstərir. 2006-2007-ci illərdə 10 müasir məktəb kompleksi və bir neçə əlavə tədris korpusu tikilərək istifadəyə verilmişdir.

 

***

 

Tədbirə toplaşanlar səbirsizliklə Günəşin batmasını gözləyirdilər. Çünki bugünkü Xırdalan şəhəri Günəş batandan sonra daha füsunkar olur. Şəhərin küçə və parklarında quraşdırılan növbənöv rəngli işıqlar Xırdalana ayrı yaraşıq verir. Heydər parkında toplaşanlar rayonun 50 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramının və atəşfəşanlığın da şahidi oldular. Bir sözlə, həmin gün özgə bir büsat idi və bu bayram abşeronluların yaddaşından uzun müddət silinməyəcək. Qarşıda isə abşeronluları yeni uğurlar və daha xoş günlər gözləyir.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.-2013.- 2 may.- S.9.