Tarixi idrak yalnız elmi yanaşma və obyektiv
mülahizələr əsasında formalaşmalıdır
Bilik iqtisadiyyatına keçid, sosial kapital və informasiya cəmiyyəti ilə bağlı proseslərin inkişafı ictimai elmlərə olan ehtiyacı daha da gücləndirib. İctimai elmlərə tələbat o deməkdir ki, ölkə alimləri, ilk növbədə, tarixçi, filosof, sosioloq, iqtisadçı və hüquqşünaslar müasir dünyanın problemlərinin dərindən dərk edilməsinə hazır olmalıdırlar. Bunun üçün isə müəyyən islahatların aparılması, ilk növbədə, alimlərin öz işlərinə münasibətlərini dəyişdirməsi - elmi diskussiyaların keçirilməsi, elmi işlərə keyfiyyətli rəylərin yazılması, müxtəlif beynəlxalq tədbirlərdə çıxışlar edərək dünyanın elmi həyatında fəal iştirak etməsi, yüksək elmi reytinqi olan elmi nəşrlərdə yazılar dərc etdirməsi - bu qəbildən olan işlərdir.
Son illərdə Azərbaycanda elmi-fəlsəfi, ictimai düşüncənin düzgün formalaşmasına və inkişafına, eləcə də yeni dövrün tələbi kimi cəmiyyətdə həllini gözləyən bir sıra aktual nəzəri məsələlərin həllinə böyuk töhfələr vermiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsi, bu mənada, yüksək elmi siqləti, aktuallığı, obyektiv tənqidi ruhu ilə nəinki elmi-mədəni mühitdə, ümumən cəmiyyətdə böyük maraqla qarşılanmışdır. İctimai və humanitar elmlərin mövcud problemlərinin, bu sahələrdə elmi tədqiqatların üstün və qüsurlu cəhətlərini açıb göstərən əsər ilk növbədə analitik təhlili ilə diqqəti çəkmişdir.
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi bir daha göstərdi ki, humanitar və ictimai elm sahələrinin köməyi ilə milli ideologiyamız olan azərbaycançılığın mahiyyətinin gənc nəslə dolğun və hərtərəfli şəkildə çatdırılması, onlarda milli-mənəvi dəyərlərin, adət-ənənələrin, vətənpərvərlik, dövlətçilik ruhunun qorunub saxlanılması, habelə düşüncədə milliliklə müasirliyin ən pozitiv çalarlarının yer alması yeni dövrün, zamanın tələbidir.
Zaman-zaman Azərbaycan və onun tarixi haqqında yanlış, elmi əsası olmayan təsəvvürlər yaratmağa uğursuz cəhdlər olub. Bədxah qonşumuz olan ermənilər bu sırada ön cərgədə yer alsalar da, bəzi yerli "tədqiqatçı"ların da ara-sıra erməni dəyirmanına su tökən məqalələrinə rast gəlmişik. Həmin cızmaqaraçıların məqalələrində tariximizlə bağlı, xüsusən də, Azərbaycan Səfəvilər dövlətinin yaranması və inkişafı tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşımışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı geniş məqaləsi bu məsələdə yanlış mövqe tutan "tarix"çilərə və "yazar"lara tutarlı cavab oldu.
Akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsi həm də Azərbaycan tarixinə qara ləkə yaxmaq istəyən, onu təhrif etməyə çalışan bədxahlarımıza da ən layiqli cavab kimi dəyərləndirilə bilər. Akademik həmin məqalədə Azərbaycan tarixinə ekskursiya etmiş, bu coğrafi arealda tarixən türk etnoslarının üstünlük təşkil etdiyini tarixi faktlarla göstərmiş, eyni zamanda, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə dərin iz qoyan parlaq şəxsiyyətlər barədə geniş məlumat vermişdir.
Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqaləsi milli tariximizlə maraqlanan insanların diqqətini cəlb etmiş, cəmiyyətdə geniş diskussiyalara səbəb olmuşdur. Məqalə ilə bağlı rəylərdə müsbət məqamlarla yanaşı, qeyri-peşəkar, diletant yanaşmalara da rast gəlindi. Emosiyaların təsiri altında olan bəzi yazarların tənqidi fikirləri məhz bu məsələyə bir daha baxılmasını vacib etdi.
Tarix sübut edir ki, hər hansı xalqın təşəkkül tapması və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Milli dövlətə sahib olmaq, eyni zamanda, hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir.
Orta əsrlər tariximizə və xüsusilə də, Azərbaycan dövlətçiliyinin qurulmasında böyük xildmətləri olmuş tarixi şəxsiyyət Şah İsmayıl barədə məsələyə yanaşmada qətiyyən yanlışlıqlara yol vermək olmaz. Onsuz da Azərbaycan tarixini saxtalaşdırmaq istəyində olan kifayət qədər düşmənlərimiz var. Bu sıraya sapı özümüzdən olan baltaların da qoşulması yalnız ikrah hissi doğurur. Milli dövlətçilik tariximizdə şərəf duyduğumuz, öyündüyümüz və qürurla dünya dövlətlərinin diqqətinə çatdırdığımız dahi şəxsiyyətlər barədə heç bir tarixi mənbəyə söykənmədən əsassız fikirlər söyləmək və cəmiyyəti çaşdırmağa yönələn spekulyativ hərəkətlər sadəcə nankorluq kimi dəyərləndirilə bilər. Bunu Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri olmuş şəxsiyyətlərimizin ruhu da bağışlamaz.
Azərbaycan Respublikası Prezidenti Administarsiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin bu günlərdə dərc edilən "Tarixi idrakın elmliyi problemlərinə dair" adlı geniş məqaləsi də milli tariximizə düşmən kəsilən, dövlətçilik mövqeyində düşünmək qabiliyyəti olmayan insanlara elmi əsaslarla verilən növbəti tutarlı cavab oldu.
Məqalədə
akademik göstərir: "Bəziləri heç bir ciddi dəlilə
malik olmadıqları halda iddia edirlər ki, 14 yaşlı gənc
İsmayıl Səfəvilər imperiyası kimi qüdrətli
dövləti heç cür yarada və idarə edə bilməzdi.
Onun əvəzinə bu məsələni ətrafındakılar
həll etmiş, o isə yalnız görüntü
olmuşdur. Bəli, İsmayılın Səfəvilər
imperiyasını təkbaşına yaratmasını və
bütün hərbi uğurların yalnız onun igidliyi sayəsində
qazanılmasını iddia etmək məntiqsiz olardı. Bu,
real deyildir. O da həqiqətdir ki, İsmayılın
çox möhkəm və mütəşəkkil ətrafı
vardı, buradakı insanlar da mərkəzləşdirilmiş
Azərbaycan dövlətinin yaradılması uğrunda
mübarizə aparır, ona məsləhətlər verir, onu
istiqamətləndirirdilər. Hadisələrin sonrakı
gedişi də göstərdi ki, bu insanların niyyəti
İsmayılı nominal siyasi fiqura çevirmək və
hakimiyyət sükanını öz əllərinə almaq
deyildi. Onun məsləkdaşları hərb işində
peşəkarlar, Azərbaycan torpaqlarının birləşdirilməsi
uğrunda mübarizə yoluna qədəm qoymuş vətənpərvərlər
idi. Vahid Azərbaycan dövlətinin yaradılması
uğrunda İsmayılın əcdadları tərəfindən
başlanmış siyasi mübarizənin
davamçıları və tərəfdarları olan bu
adamlar Şah İsmayılın dövründə öz
rollarını son ana qədər ləyaqətlə yerinə
yetirmiş və öz ideallarına sadiq qalmışlar".
Həqiqətən
də, tarixə ekskursiya etdikdə Azərbaycan Səfəvilər
dövlətinin (qüdrətli bir imperiya - E.H.) təsadüfdən
deyil, zərurətdən yarandığının şahidi
olmaq mümkündür. Böyük dövlət xadimi Uzun Həsənin
hakimiyyəti illərində (1468-1478) Ağqoyunlu imperiyası
bütün Yaxın və Orta Şərqdə qüdrətli
hərbi-siyasi amilə çevrilmiş, bu dövlətin
mövcudluğu ilə Azərbaycanın dövlətçilik
mədəniyyəti inkişaf etmişdi.
XV əsrin
sonu, XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi
özünün tarixi təkamülündə yeni mərhələyə
qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli
dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524)
babasının başladığı işi başa
çatdırdı, şimallı-cənublu bütün Azərbaycan
torpaqlarını öz hakimiyyəti altında birləşdirə
bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş
Azərbaycan - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin
hakimiyyəti dövründə Azərbaycanın dövlət
idarəçiliyi, mədəniyyəti daha da yüksəldi.
Azərbaycan dili dövlət dili elan edildi. Şah
İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi
hökmdarlarının həyata keçirdikləri uğurlu
islahatlar, yürüdülən ağıllı daxili və
xarici siyasət nəticəsində Səfəvi dövləti
Yaxın və Orta Şərqin ən qüdrətli
imperiyalarından birinə çevrildi.
Geniş
ərazili Səfəvi imperiyasını idarə etmək
üçün mükəmməl dövlət idarəçiliyi
mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi
hakimiyyətlə yanaşı, dini hakimiyyətə rəhbərlik
missiyasını da öz üzərlərinə
götürdülər. Bununla, mərkəzi hakimiyyət daha
da qüvvətləndirildi. Şah sarayında Ali Məşvərət
Məclisi və ya Ali Səltənət Şurası ("Məclisi-əla")
fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarəetmə
orqanlarının işini tənzimləyən mükəmməl
bir sistem yaradılmışdı. Ölkə ərazisindəki
bütün məhkəmə işlərinə Ali Divan nəzarət
edirdi. Səfəvi hakimiyyətinin ordusu dünyanın ən
qüdrətli ordularından biri kimi tanınırdı.
Şah İsmayılın hakimiyyəti dövründə
bütün Yaxın və Orta Şərqdə Azərbaycan
dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş
xarici ölkə elçiləri ilə diplomatik
danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində
aparılırdı. Səfəvilərin hakimiyyəti
dövründə Azərbaycan Qara dəniz və Aralıq dənizi
hövzəsi ölkələrindən başlamış uzaq
İngiltərə və Skandinaviyaya qədər bir çox
Avropa dövlətləri ilə diplomatik əlaqələr
saxlayırdı. Səfəvilərin hakimiyyəti
zamanında Azərbaycan Şərqlə Qərb arasında
qarşılıqlı əlaqələrin təmin edilməsində
mühüm rol oynayırdı.
Akademik
Ramiz Mehdiyev "Tarixi idrakın elmliyi problemlərinə
dair" məqaləsində Azərbaycan türklərinin
siyasi elitanın əsasını təşkil etdiyini bir daha
təsdiqləyir: "Azərbaycan türkləri dövlətin
əsas dayağı statusunu saxlamaqla hərbi və siyasi
elitanı təşkil edirdilər. Lakin məhz Şah
İsmayıl Xətainin Azərbaycan dilində qanunverici fəaliyyətini
aktiv tətbiq etməsi faktı orta əsrlərdə Azərbaycan
türklərinin siyasi elitasının və savadlı təbəqəsinin
formalaşmasına kömək etmişdir. Həmin dövrdə
məhz vahid dövlət dili etnik şüurun təşəkkülünün
əsası olmuşdur, əks halda, nə sıx birləşmiş
xalq ola bilər, nə də onun tarixi. Buna görə də
bütün dövrlərdə assimilyasiya siyasətini yeridənlər
ilk növbədə, xalqı öz ana dilindən məhrum
etməyə çalışırdılar".
Məlumat
üçün bildirək ki, türk tayfalarını
başqa xalqlar və etnik qruplardan fərqləndirən əsas
cəhət onların Azərbaycanın bütün ərazisinə
yayılması və bu ərazidə güclü rola malik
olmasından ibarət idi. Bu üstünlük eramızın
ilk yüzilliklərindən başlayaraq türk dilini təbii
şəkildə Azərbaycan ərazisində yaşayan sayca
az etnik qrupların arasında başlıca ünsiyyət
vasitəsinə çevirmişdi. Bu xüsusiyyətinə
görə türk dili şimalla cənub arasında birləşdirici
ünsiyyət funksiyasını öz üzərinə
götürmüşdü. Türk dilinin belə bir
inkişaf səviyyəsinə çatması o dövrdə
vahid xalqın təşəkkülü prosesində çox
mühüm rol oynadı.
Azərbaycan
cəmiyyətində geniş diskussiyaya səbəb olmuş
"Şah İsmayıl Səfəvi ali məramlı tarixi
şəxsiyyət kimi" adlı məqalədə Şah
İsmayıl və Heydər Əliyev arasında tarixi
oxşarlığın aparılması da bəzi müəlliflərdə
qısqanclıq yaradıb. Bununla bağlı söylənilən
fikirlər öz məhdudluğu ilə fərqlənir və
heç bir elmi tənqidə davam gətirmir, əsassız
subyektivlik nəzərə çarpır.
Akademik
Ramiz Mehdiyev əsərində qeyd edir: "Həm Şah
İsmayılın, həm də Heydər Əliyevin siyasi xəttinin
ən əsas vəzifəsi güclü və müstəqil
Azərbaycan yaratmaq idi. Ona görə də bu böyük
şəxsiyyətlərin Vətən qarşısında
xidmətlərini qiymətləndirərkən əsas meyar
onların öz qarşısına qoyduğu məqsəd və
vəzifələr və həmin məqsəd və vəziflərə
nail olmağa yönəlmiş fəaliyyətləri
olmalıdır. Mən Şah İsmayılın və Heydər
Əliyevin xidmətlərini vurğulayarkən Azərbaycanın
bu böyük oğullarına lazımi qiymət vermək istəyindən
çıxış etmişəm. Xalqımız yeni
dünya nizamının formalaşdığı şəraitdə
özünün dünya tarix səhnəsində qalmasına
görə onlara borcludur. Məhz bu səbəbdən
xalqımızın tarixində bu qeyri-adi şəxsiyyətlərin
böyük roluna qara yaxmaq cəhdləri cəfəngiyat və
ifrat dərəcədə qərəzli cəhdlər kimi
görünür. Bəzi müəlliflərin Azərbaycan
dövlətçiliyinin yaradılmasında həm Şah
İsmayıl Xətainin, həm də Heydər Əliyevin
rolunu kiçiltmək cəhdləri ya həmin müəlliflərdə
dövlətçilik təfəkkürünün
olmamasına dəlalət edir, ya da Azərbaycan tarixinin dərin
reallıqlarını, onun qədim və zəngin mədəniyyətinin
dəyərini anlamayanların, azərbaycanlıları öz
nadir etnik tarixi olmayan insanlar kimi təqdim etməyə
çalışanların həmin müəlliflərə təsirinin
nəticəsidir".
Əsl
liderlik, şübhəsiz, kütlələri öz ətrafında
birləşdirmək bacarığında ifadə olunur. Bu
missiya cəmiyyətin bütövlüyünün və
sabitliyinin qorunmasına, vətəndaş sülhü və
həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir.
Şah İsmayıl Xətai zamanın tələbinə
uyğun olaraq bu missiyanı layiqincə yerinə yetirdi və
qüdrətli bir dövlət yaratmağa nail oldu. Heydər Əliyevin
1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı
dövr də əslində, respublikamızı müstəqil
dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin
böyük əməyinin nəticəsində həyata
keçirilən dəyişikliklərin həcminə,
ictimai-iqtisadi islahatların səciyyəsinə görə
70-80-ci illər Azərbaycanın tarixində ən parlaq səhifələr
təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi
inkişaf, milli-mədəni dirçəliş, milli
özünüdərk duyğularının, milli ruhun
yüksəlişi xalqımızın illərdən bəri
qəlbində yaşatdığı milli dövlətçilik
ideyasının milli-azadlıq mübarizəsində əsas
hərəkətverici qüvvəyə çevrilməsində
mühüm zəmin oldu. 80-ci illərin sonu, 90-cı illərin
əvvəllərində müstəqillik uğrunda
mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin
birinci mərhələsində əldə edilmiş iqtisadi
canlanma və milli mübarizlik ruhunun təşəkkülü
nəticəsində mümkün oldu.
Totalitar
sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara
qarşı ağır təzyiqləri, təqib və təhdidləri
Sovetlər İttifaqının bir çox başqa
respublikalarında
özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur,
möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev
Azərbaycanda yaradıcı insanlar üçün sərbəst
düşünmək və düşündüyünü
tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi
ideala, Azərbaycanın dövlətçilik tarixində
suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə
aparan yolları tapmaq imkanı verən bir şərait
yaratmışdı. Heydər Əliyev Azərbaycan
xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti
tarixində iz qoymuş böyük şəxsiyyətlərin
abidəyə çevrilməsinin xalqın milli
varlığına, milli duyğularının güclənməsinə
son dərəcə müsbət təsir edəcəyini
çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə,
tariximizə dərin ehtiram nümayiş etdirərək
göstərdiyi qayğı sayəsində Bakının ən
görkəmli yerlərində xalqımızın milli
varlığının daşıyıcısı olan
böyük insanların əzəmətli heykəlləri
ucaldılmış, böyük tarixi şəxsiyyətlərin
hər biri üçün bir mədəniyyət mərkəzinə
çevrilən ev-muzeyləri yaradılmışdır.
Heydər
Əliyevin başçılığı ilə 1969-1982-ci
illərdə Azərbaycanda həyata keçirilən
intibah prosesini şərtləndirən
amillərdən biri respublikada təhsilin inkişafına
xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə
üstünlük verilməsi olmuşdur. Heydər Əliyevin
respublika rəhbərliyinə gəlməsindən sonrakı
dövr milli özünüdərkin, milli özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir. Bu dövrdən
etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi istiqamətini də məhz xalqın
milli özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi
və milli şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil edir. Ulu öndərin respublikaya rəhbərlik
etməyə başladığı ilk günlərdən Azərbaycanın
görkəmli şəxsiyyətlərinin yubileylərinin
müntəzəm surətdə
qeyd olunması bir ənənə halını
almış, bu isə Azərbaycan xalqının ümummilli
problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin
yüksəlişi, xalqın tarixi yaddaşının
özünə qaytarılması, müstəqil dövlətçilik
ideyalarının gerçəkləşməsi
üçün zəmin yaratmışdı.
İndiki
dövrdə Azərbaycanın dövlət suverenliyi və
iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin
sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına
daha dərin şəkildə inteqrasiya prosesi hələ
1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev "Şah İsmayıl Səfəvi ali məramlı
tarixi şəxsiyyət kimi" adlı geniş məqaləsində haqlı olaraq
göstərmişdi: "Dünya tarixinin təcrübəsi
göstərir ki, dövlət quruluşunun istənilən
formasında əgər dövlət başçısı
postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə,
bir qayda olaraq o, xalqının həyatı və
inkişafında aparıcı rol oynayır. Siyasi xaos və
birliyin olmadığı vaxtda dövlət sükanı
arxasına keçən Şah İsmayılın şəxsiyyəti
və əməlləri, dünya nizamının
dağıldığı dövrdə xalq tərəfindən
dövlət başçısı postuna
çağırılmış Heydər Əliyevin şəxsiyyəti
ilə çox baxımdan oxşardır. Məhz belə
dövlət xadimlərinin zəkası və istedadı sayəsində
millət öz müstəqilliyinə və suveren
dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin
təzahürü və əsl vətənpərvərlərin
qələbəsi bu deyilmi?"
Səfəvilər
dövləti Azərbaycan ərazisində
yaradılmışdı, onun mərkəzi Azərbaycan şəhərləri
Ərdəbil və Təbriz idi. Orduda və sarayda Azərbaycan
dili əsrlər boyu hakim mövqe tutmuşdu. Şah
İsmayıl öz ədəbi əsərlərini məhz
Azərbaycan dilində yazır, dövlət fərmanlarını
bu dildə verirdi. Bəzi cızmaqaraçılar Səfəvilər
dövlətini idarə edən şəxslərin etnik mənşəyi
barədə yanlış fikirlər bildirir və bu sülalənin
qeyri-türklər tərəfindən yönləndirildiyi
kimi elmi əsası olmayan mülahizələr irəli
sürürlər. Həmin "yazar"ların bəzi
İran müəlliflərinin və antiazərbaycan
mövqeyində olan insanların təsiri altında olduqları aydın
görünür. Bu cızmaqaraçılar unudurlar ki, Azərbaycan
Səfəvilər dövləti ilə bağlı
sanballı elmi-tədqiqat işləri hələ sovet
dövründə aparılmış və alimlər birmənalı
olaraq məsələdə yekdil mövqe ortaya qoymuşlar ki,
bu dövləti sırf türk mənşəli sülalə
idarə etmişdir. İ.P.Petruşevski, O.F.Akimuşkin,
V.V.Bartold, A.Y.Krımski, V.F.Minorski, O.Əfəndiyev, S.Məmmədov
və başqalarının elmi əsərlərində Səfəvilərin
Azərbaycan dövləti olması tam sübuta
yetirilmişdir.
Dövlətin
qurucusu Şah İsmayıl Xətainin irsinin öyrənilməsi
və tanıdılması baxımından adı çəkilən alimlərin
əsərlərinin elmi fakt olması bu məsələdə nala-mıxa vuran "tədqiqatçı"ların
mülahizələrini alt-üst edir. Uzun müddət bəzi
İran tarixçiləri də Səfəvilərin türk
mənşəli sülalə tərəfindən idarə
olunması məsələsində fərqli mövqe sərgiləyərək
yanlış mülahizələr irəli sürmüşlər.
Ancaq tarixi məxəzlər və danılmaz faktoloji
materiallar onların da subyektiv mövqedən
çıxış etdiklərini göstərdi. Həmin
"alimlər"in belə qərəzli mövqedən
çıxış etmələri Şah İsmayıl Xətai
şəxsiyyətini hələ də düzgün dərk
etməmələrindən irəli gəlir.
Akademik
Ramiz Mehdiyev "Tarixi idrakın elmliyi problemlərinə
dair" məqaləsində haqlı olaraq bu məsələdə
hələ də yanlış yolda olanlara konkret mövqe bildirir: "Şah
İsmayıl haqqında məqaləmə şərhləri
və rəyləri ümumiləşdirmək istərdim ki,
biz milli tarixə baxışımızı və münasibətimizi
dəyişək, şəxsiyyətlər haqqında
mühakimə yürüdərkən öz subyektiv
baxışlarımızdan və ya ideoloji mülahizələrdən
çıxış etməyək. Bu şəxsiyyətlərin
böyük məqsədə nail olmaq yolunda az əhəmiyyətli
faktlara gəldikldə isə, bunu onların təqsiri hesab etmək
olmaz. Şah İsmayıl və Heydər Əliyev kimi tarixi
şəxsiyyyətlər öz zəkaları ilə həm
bugünümüzu görmək, həm də gələcəyə
nüfuz etmək qabiliyyətinə malik idilər. Məhz
strateji uzaqgörənlik keyfiyyətləri onların siyasi qərarlarının
dinamikasını təmin edirdi".
Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
dövlətçilik konsepsiyasını uğurla davam etdirən
Prezident İlham Əliyevin də şəxsiyyət və
lider kimi böyüklüyü onun ideyalarının birləşdirici
mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın
maraqlarına hesablanmasından irəli gəlir. Dövlət
başçısının milli birlik və həmrəylik
konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin
mənəvi bütövlüyündə və monolitliyində
aparıcı amilə çevrilməkdən savayı, həm
də ona xalqı öz ətrafında birləşdirmək,
milli ideallar ətrafında səfərbər etmək
imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin
icrasına başladığı ilk gündən cəmiyyətin
bütün siyasi qüvvələrinin birliyini təmin etmək
istiqamətində ardıcıl siyasət
yürütmüşdür. Azərbaycan cəmiyyətində
qəti olaraq belə rəy formalaşmışdır ki,
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi prioritetlərin varisliyini
uğurla təmin etmiş alternativsiz liderdir.
Elnur HACALIYEV,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2013.- 2 may.- S.10.