Avropalı deputatların Dağlıq Qarabağa qeyri-qanuni səfərləri beynəlxalq hüquq prinsiplərinin kobud surətdə pozulmasıdır

 

Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın hərbi təcavüzü ilə üzləşib.  Torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdunda məcburi köçkünə çevrilib. Dünyada qəbul olunmuş konvensiyalar, ölkəmizin BMT səviyyəsində tanınmış ərazi bütövlüyü məsələsi, həmçinin işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq qərar və qətnamələrin olmasına baxmayaraq, Ermənistan bunların heç birinə məhəl qoymur.

Aparılan sülh danışıqları ilk vaxtdan regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. Lakin ATƏT-in Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları hələ də nəticəsizdir. 1994-cü ildən başlayaraq problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilib. Amma bütün həll variantları məhz Ermənistanın qeyri-konstruktivliyi ucbatından alınmayıb. Azərbaycan problemin həllinə dair vasitəçilərin təqdim etdiyi hər bir variantı dəstəkləsə də, Ermənistan bunu etməyib və həm birbaşa, həm də dolayısı yolla regiondakı status-kvonun dəyişməz qalmasına çalışıb.

Məsələnin təəssüf doğuran tərəfi isə bütün bu proseslərin, xüsusən, Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da, gözümüzün önündə baş verən reallıqdır. Prosesə real təsir imkanlarına malik qüvvələr - həm nüfuzlu beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər.

Bu, Azərbaycana qarşı münasibətdə illərdir davam edən ikili standartların nəticəsidir. İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan toplularına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək, əlbəttə ki, ədalətsizlikdir. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaqdır. Necə ki, Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı bunu hər addımda hiss edir.

İşğal olunmuş torpaqlar BMT səviyyəsində Azərbaycanın ərazisi kimi tanınır. Burada yaradılan qondarma və separatçı rejim dünyanın heç bir dövləti tərəfindən tanınmır və tanınmayacaq. Bunu ermənilər özləri də çox gözəl anlayırlar. İndiyədək məhz Azərbaycan tərəfinin həyata keçirdiyi fəaliyyətin nəticəsidir ki, işğal olunmuş ərazilərə səfər etmək istəyən insanlar, iş qurmağa çalışan istəyən şirkətlər sonradan bu niyyətdən vaz keçiblər. Dağlıq Qarabağa icazəsiz gedənin isə Azərbaycan dövlətinə səfəri mümkün deyil. Bu gün dünyada çoxları Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin gərəksiz bir şey olduğunu bilir və Azərbaycan tərəfinin sanksiyalarına məruz qalmamağı üstün tutur.

Azərbaycanın ərazi bütövlüyünün pozulduğu vaxtdan bəri artıq neçənci dəfə müşahidə etdiyimiz və özündə erməni sevgisini hiss etdirən növbəti hadisə bu günlərdə bir daha baş verdi. Söhbət dünyaya "demokratiya dərsi keçən" Avropa Parlamentinin (AP) bir qrup deputatının işğal olunmuş Azərbaycan ərazilərinə icazəsiz səfərindən, separatçı rejimin rəhbərliyi ilə görüşlərindən və səsləndirdikləri fikirlərdən gedir.

İşğalçı dövlətin mediasında bu səfər gen-bol işıqlandırılır. Qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin perspektivlərinin müzakirə edildiyi, Aİ ilə münasibətlərin inkişafının, Avropanın müxtəlif qurumları ilə, o cümlədən AP ilə əlaqələrin dərinləşdirilməsinin qondarma qurumun "xarici siyasəti"ndə əhəmiyyətli istiqamətlərdən biri olduğu və s. bildirilir.

Əslində, AP-nin Fransadan və Cənubi Kiprdən olan bir qrup deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ölkəmizə qarşı ikili standartların göstəricisi olmaqla yanaşı, onların Avropa dəyərlərinə, beynəlxalq hüququn normalarına qarşı hörmətsizliklərini ortaya qoydu. Çünki nə beynəlxaq hüquq, nə də siyasi münasibət və etika çərçivələrinə sığan bu səfərin sağlam məntiqlə izahı mümkün deyil. Bu səfər həm də antiazərbaycançı şəbəkənin hansı mərkəzlərlə sıx təmaslarda olduğunu nümayiş etdirdi.

Bu məsələ Azərbaycan Milli Məclisinin aprelin 30-da keçirilən iclasında da geniş müzakirə mövzusu oldu. AP deputatlarının Dağlıq Qaradağa səfərinə ciddi etirazlarını bildirən parlament rəhbərliyi və deputatlar bu hadisəni beynəlxalq hüquq prinsiplərinin kobud surətdə pozulması kimi dəyərləndiriblər. "Hətta Cənubi Kiprin Avropa Parlamentindəki deputatı qondarma separatçı rejimin qarşısında deyib ki, sizin xidmətçilərinizik. Bu şəxs dövlətin ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyin etmə hüququnu hər bir şeydən üstün sayır. Fransız deputatı Valeri Buaye dostluq qrupu yaradıb və Dağlıq Qarabağa səfər edib. O bildirib ki, məqsədləri Dağlıq Qarabağda yaşayan xalqın müstəqilliyini təmin etməkdir. Bu, beynəlxalq hüquq prinsiplərinin kobud surətdə pozulmasıdır. Eyni zamanda, ikili standartların, Avropada islamofobiyanın göstəricisidir" - deyə Milli Məclisin Sədri Oqtay Əsədov bildirib.

Azərbaycan və Avropa İttifaqı arasında strateji əməkdaşlığın mövcud olmasına baxmayaraq, bu qurumun rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmir. Bunu deputatlar işğal olunmuş ərazilərə qeyri-qanuni səfərləri və AP-nin rəhbərliyinin bu hadisələrə reaksiya verməməsi də göstərir. Deputatların Dağlıq Qarabağa qeyri-qanuni səfərinin onların şəxsi təşəbbüsü kimi dəyərləndirən AP dərk etməlidir ki, hər bir təşkilatın üzvü həmin təşkilatın mövqeyindən çıxış etməlidir. İşğal olunmuş Azərbaycan ərazilərinə səfər etmək, separatçı rejimlə "dostluq qrupları" yaratmaq birmənalı və avtomatik olaraq bu cür davranış beynəlxalq hüquqa və torpaqları işğal edilmiş ölkələrə düşmənçilik mövqeyi tutmaq deməkdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova: "Bunun başqa izahı yoxdur! Hələ biz demirik ki, separatçı rejimin dostları kimi səfər edənlərin sırasında keçən il Fransa senatına təqdim edilən "qondarma soyqırımı inkar qanununun müəllifi olan" məlum isimlər də var. Bu səfərlərin həqiqi mahiyyəti üzdə görünənlərdən daha dərindir. Bu nəyi göstərir? Bu onu göstərir ki, "ikili standartlar" Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük maneə olaraq qalır".

Özlərini beynəlxalq hüququn "tərəfdarı" kimi təqdim edən avropalılar, ümumilikdə Qərb yaxşı başa düşür ki, separatçılarla istənilən görüş beynəlxalq hüququn pozulması, onların dolayısı ilə dəstəklənməsi deməkdir. Həm bu, həm də AP rəhbərliyinin deputatların Dağlıq Qarabağa qeyri-qanuni səfərlərinə dolayısı ilə haqq qazandırması bu təşkilatın bitərəfliyini və sağlam prinsiplər üzrə fəaliyyət göstərdiyini növbəti dəfə sual altında qoydu. Bütövlükdə bu hadisə Azərbaycan üçün qəbuledilməz olduğu qədər AP-nin öz prinsiplərinə və beynəlxalq hüquqa hörmətsiz yanaşmasını növbəti dəfə nümayiş etdirdi.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 2 may.- S.11.