Naxçıvanda «Heydər Əliyev və Azərbaycan» mövzusunda elmi konfrans keçirilib

 

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən elm və təhsil müəssisələrin kollektivlərinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən "Heydər Əliyev və Azərbaycan" mövzusunda elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universiteti ilə birgə keçirdiyi konfransın iştirakçıları əvvəlcə ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri qoymuşlar.

Daha sonra konfrans AMEA Naxçıvan Bölməsinin geniş zalında öz işinə başlamışdır. Günün birinci yarısında keçirilmiş plenar iclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyev açaraq dahi siyasətçinin həyatı və siyasi fəaliyyətindən bəhs etmişdir. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev hələ SSRİ dövründən Azərbaycanın inkişafı, müstəqilliyi üçün çalışmış, ikinci dəfə ölkə rəhbəri seçildikdən sonra isə respublikanın bütün sahələrində sürətli yüksəlişə nail olmuşdur. İstər siyasi-iqtisadi, istər sosial-mədəni, istərsə də infrastruktur baxımından ölkəmizin sürətli inkişafı, dünya dövlətləri sırasında söz sahibi olması birbaşa Heydər Əliyevin uzagörən siyasətinin və bu gün həmin kursun uğurla davam etdirilməsi nəticəsində əldə edilmişdir.

Plenar iclasda ilk olaraq AMEA-nın vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli "Heydər Əliyevin dövlətçilik təlimində azərbaycançılıq siyasəti: ədəbi düşüncədən dövlət ideologiyası səviyyəsinə" mövzusunda məruzə etmişdir. Məruzədə Heydər Əliyevin dövlətçilik təlimində azərbaycançılığın əsas yer tutduğunu bildirən natiq bu təlimin əsasını təşkil edən ideologiyanın formalaşmasının XIX əsrin sonlarında başlanmasına baxmayaraq, inkişafının və ideologiyadan reallığa çevrilməsinin əsasında Heydər Əliyev amilinin dayandığını xüsusi vurğulamışdır.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli "Heydər Əliyev: müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu", Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev "Heydər Əliyevin dövlətçilik təlimində təhsil siyasəti və Naxçıvan", AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Heydər Əliyev - dünya şöhrətli siyasətçi", Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Məmməd Rzayev "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi" mövzularında məruzə etmişlər.

Konfrans günün ikinci yarısında bölmə iclaslarında öz işini davam etdirmişdir. "Heydər Əliyev və Azərbaycanın inkişafı", "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü", "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" başlıqlı bölmələrdə ümumilikdə 47 məruzə dinlənilmişdir.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 2 may.- S.8.