«Əbədiyaşarlıq fəlsəfəsi» kitabının təqdimatı keçirilmişdir

 

Mayın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli Nurlana Əliyevanın "Əbədiyaşarlıq fəlsəfəsi" kitabının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, kitabda ulu öndər Heydər Əliyevin siyasi irsindən, fikir və əqidə dünyasından, ümummilli liderin müasir dövlətçilik prinsiplərinin təsdiqi və müstəqilliyin möhkəmləndirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən bəhs olunur.

Təqdimat mərasimində YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, parlamentin İnsan hüquqları və Sosial siyasət komitələrinin sədrləri Rəbiyyət Aslanova və Hadi Rəcəbli çıxış etmişlər.

Bildirilmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi ümummilli lider Heydər Əliyevin ən böyük tarixi xidmətlərindəndir. Bu isə öz növbəsində ulu öndərin nəinki Azərbaycan tarixində, həm də böyük türk dünyasında əbədiyaşarlığını şərtləndirən başlıca amildir.

"Ölkəni xilas edən böyük qayıdış", "İnama söykənən siyasət" və s. bölmələrdən ibarət kitab ulu öndərin siyasi titanik fəaliyyəti, eyni zamanda, bu gün Vətənə, xalqa ləyaqətlə xidmət edən  insanların əməlləri haqqında illər boyu qələmə alınmış məqalələrin toplusudur.

Qeyd edilmişdir ki, bu kitab ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində hər bir Azərbaycan vətəndaşının bəhrələnəcəyi dəyərli bir mənbədir.

Ön sözün müəllifi Milli Məclis Sədrinin müavini Bahar Muradova  bildirmişdir ki, publisistik fikirlərini obrazlı və poetik ifadələrlə bədii şəkildə daha da zənginləşdirən N.Əliyevanın bu kitabı mühüm bir mənbədir. Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş bu toplu Heydər Əliyev irsi ilə maraqlanan, ondan öyrənmək istəyən hər kəs üçün maraqlı və faydalı bir töhfə olacaqdır.

Mərasimdə iştirak edən siyasi xadimlər, ictimaiyyətin nümayəndələri müəllifi təbrik etmiş, yeni yaradıcılıq uğurları arzulamışlar.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.2.