Vergilər Nazirliyinin Elektron İmza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatı olmuşdur

 

"JW Marriott Absheron Baku" mehmanxanasında Vergilər Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birgə təşkil etdiyi "ASAN imza-mobil hökumətin açarıdır" mövzusunda konfrans keçirilmişdir.

Konfrans Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı"na uyğun olaraq nazirlik tərəfindən həyata keçirilən yeni layihənin -Vergilər Nazirliyinin Elektron İmza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr edilmişdir. Konfransın əsas məqsədi vergi sistemində ASAN imzaya sahib olmağın prosedur qaydaları, onun üstünlükləri və gələcəkdə vətəndaşların elektron hökumətin xidmətlərindən istifadəsini müzakirə etmək və ictimaiyyətin diqqətinə çatdırmaq olmuşdur.    

Konfransı giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov son illər əldə edilən yüksək sosial-iqtisadi nəticələrə idarəetmə və xidmət sektorlarında mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunduğunu bildirmişdir. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunduğunu qeyd edən nazir, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı"na uyğun olaraq dövlət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır. F.Məmmədov qeyd etmişdir ki, Vergilər Nazirliyində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), "Elektron bəyannamə", "İnternet Vergi İdarəsi", e-Dövlət portalı, "Bir pəncərə", "ƏDV depozit hesabı", "Elektron vergi hesab fakturası", "Dövlət qurumları və banklarla inteqrasiya məlumat mübadiləsi sistemi" kimi iri dövlət layihələri tətbiq olunur: "Son illər elektron hökumətin qurulması istiqamətində görülən işlər çərçivəsində Vergilər Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin geniş tətbiqinə başlanmış, elektron məlumat bazaları yaradılmışdır. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin daim genişləndirilməsi,  vergi ödəyiciləri ilə canlı əlaqə formalarının məhdudlaşdırılması vergi orqanları ilə ödəyicilər arasında münasibətlərin daha da sadələşdirilməsi digər dövlət qurumları ilə inteqrasiya və bu yolla şəffaflığın artırılmasına nail olunması Vergilər Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir və bu sahədə daim yeni layihələr həyata keçirilir".

Nazir həmçinin vurğulamışdır ki, ölkəmizdə informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişafı əhalinin elektron xidmətlərə tələbatını artırır və elektron imzaya ehtiyacı ön plana çəkir: "Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin elektron audentifikasiya və elektron imzadan istifadə etməklə həyata keçirilməsi, habelə mobil qurğular vasitəsilə təqdim olunması  nəzərdə tutulur. Bəzi xidmətlərdən istifadə isə yalnız elektron formada mümkündür və onların icra prosesində göndərilən və qəbul olunan sənədlərin onlayn rejimində məhdud zaman ərzində elektron imzalanması tələb olunur. Bu sahədə mövcud və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron İmza Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaq ki, bu da Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzəridən imzalanmasına şərait yaradacaq. Sistem Mobil İmza Mərkəzi ilə inteqrasiya olunduğundan  bütün növ qurğularda audentifikasiya imkanı verəcək. Bu isə ölkəmizdə İnternet/mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaq".

Çıxışının sonunda  F.Məmmədov bildirmişdir ki, bu mərkəzin istismara verilməsi və həmin mərkəzin Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi beynəlxalq konsorsium tərəfindən yaradılan Mobil İmza (Asan imza) Mərkəzi ilə inteqrasiya layihəsini elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi qiymətləndirmək olar.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Estoniyanın Azərbaycandakı səfiri Miko Halyas çıxış edərək yeni layihənin fəaliyyətə başlaması münasibətilə öz təbriklərini konfrans iştirakçılarına çatdırmışlar.

"Azərbaycanın Elektron Avropaya inteqrasiya olunması" mövzusunda təqdimatla çıxış edən Avropa Şurası Parlamentinin üzvü Kristina Oyuland isə layihənin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, belə uğurlu addımlar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Elektron xidmətlərin inkişafında Asan İmzanın rolu", Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev " Asan imza Azərbaycan sahibkarlarına nə vəd edir", Vergilər Nazirliyi Hüquq İdarəsinin rəisi Samirə Musayeva "Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi - yeni mobil xidmət imkanları" mövzusunda təqdimatlarla çıxış etmişlər.

Tədbirdə Milli Məclisin Sədrinin müavini Bahar Muradova, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, eləcə də yerli və xarici sahibkarlar, beynəlxalq təşkilatların, dövlət və qeyri-hökumət qurumlarının, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.2.