Heydər Əliyevin Azərbaycanın
müstəqilliyi və milli dövlətçiliyi uğrunda
mübarizəsi
Azərbaycanın
dövlət müstəqilliyinin əldə olunması,
qorunub saxlanılması və milli dövlət quruculuğu
proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz
xidmətləri olmuşdur. Görkəmli siyasətçi,
ictimai-siyasi xadim və unikal şəxsiyyət kimi onun istər
sovet, istərsə də müstəqillik dövründəki
xidmətləri, Azərbaycana rəhbərliyi illərində
respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində
atdığı addımlar, xalqımızın milli-mənəvi
dəyərlərinin qorunması və inkişafı sahəsində
gördüyü işlər haqqında indiyə qədər
çoxsaylı elmi-siyasi araşdırmalar
aparılmış və kitablar yazılmışdır.
Heydər
Əliyevin müstəqil və demokratik Azərbaycan
uğrunda apardığı mübarizə ağır faciələrdən,
siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan və
müxtəlif mərhələlərdən
keçmişdir. 1980-ci ilin sonlarında SSRİ-də,
keçmiş sosializm sistemində və dünyada yaşanan
proseslər bir çox digər xalqlar kimi, Azərbaycan
xalqının da çoxəsrlik müstəqil dövlətçilik
ideyalarının reallığa çevrilməsi
üçün tarixi şans yaratdı. Lakin belə əlverişli
tarixi şəraitdə Azərbaycan bir çox obyektiv və
subyektiv çətinliklərlə üzləşdi, həm
daxili, həm də xarici aləmdən qaynaqlanan problemlər
yaşadı, xalqın müstəqillik əzmi və iradəsi
ciddi sınağa çəkildi. Həmin dövrdə bir
yandan ermənilərin Dağlıq Qarabağa ərazi
iddiaları ilə çıxış etməsi və
işğalçı rejimin SSRİ rəhbərliyi tərəfindən
dəstəklənməsi, digər tərəfdən
respublika rəhbərliyinin səriştəsiz və məsuliyyətsiz
siyasəti, milli maraqlara zidd mövqeyi, vətəndaş
birliyi və effektli dövlət idarəçiliyi yarada bilməməsi
ölkəni ciddi daxili böhrana düçar etmişdi.
Xüsusən 1988-1993-cü illərdə getdikcə dərinləşməkdə
olan ictimai-siyasi və iqtisadi böhran, vətəndaş
qarşıdurması, hakimiyyət uğrunda silahlı
mübarizənin qızışması, Dağlıq
Qarabağ münaqişəsinin həllində rəhbərliyin
cəsarətsiz mövqeyi və s. həm Azərbaycan
torpaqlarının işğalına şərait yaratdı,
həm də respublikada daxili siyasi böhranı dərinləşdirdi.
Bundan başqa, SSRİ rəhbərliyinin 1988-ci ilin martında
Dağlıq Qarabağın "sosial-iqtisadi
inkişafı", 1989-cu ilin yanvar ayında isə "Muxtar
vilayətdə xüsusi idarəçilik formasının tətbiqi
haqqında" verdiyi qərarlar DQMV-nin faktiki olaraq Azərbaycanın
tərkibindən çıxarılmasına şərait yaratdı.
Respublikanın dövlət suverenliyinin və ərazi
bütövlüyünün kobud şəkildə
pozulmasına təminat yaradan bu qərarlar Azərbaycan KP
MK-nın və Ali Sovetin Rəyasət Heyəti rəhbərliyinin
razılığı ilə qəbul olunsa da, respublika əhalisinin
kütləvi narazılığına səbəb oldu. Təəssüf
ki, Azərbaycan hakimiyyəti xalqın tələblərini
eşitmək, respublikanın ərazi
bütövlüyünü qorumaq, mərkəzdən
qızışdırılan təhlükəli
separatçı meyillərin aradan qaldırılması
istiqamətində tədbirlər görmək əvəzinə
ermənilərin Dağlıq Qarabağla bağlı
iddialarına etiraz edərək mübarizəyə qalxan xalqa
təzyiq göstərmək yolunu tutdu. Əsas tələbi vətəndaşların
təhlükəsizliyinin təmin olunması, Azərbaycan
Respublikasının konstitusiya haqlarının qorunması və
ərazi bütövlüyünün təmin edilməsi olan
ümumxalq hərəkatına qarşı SSRİ və
respublika rəhbərliyinin eyni mövqedən
çıxış etməsi həmin dövrdə Bakıda
və respublikanın digər ərazilərində qanlı
faciələrə gətirib çıxardı. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə SSRİ
Silahlı Qüvvələrinin hərbi kontingenti müxtəlif
bəhanələrlə Bakı şəhərinə
yeridildi, ermənilərin Azərbaycan xalqına, onun
konstitusiya hüquqlarına, ərazi bütövlüyünə
qarşı həyata keçirdikləri məqsədyönlü
fəaliyyətə və SSRİ rəhbərliyi tərəfindən
dəstəklənməsinə etiraz edən milyonlarla dinc
insanın üzərinə ağır hərbi texnika yeritdi,
yüzlərlə əliyalın vətəndaşın
qanını tökdü və Bakı sakinlərini hərbi
təcavüzə məruz qoydu.
Həmin
dövrdə Moskvada SSRİ rəhbərliyinin təqib və
təzyiqləri altında yaşamasına baxmayaraq,
xalqımızın görkəmli oğlu Heydər Əliyev
heç nədən qorxmadan və çəkinmədən
SSRİ və respublika rəhbərliyinin antimilli qərarına
özünün kəskin etirazını bildirdi. 1990-cı il
yanvarın 21-də Moskvadan Azərbaycan rəhbərliyinə
və xalqa göndərdiyi teleqramda 20 Yanvar hadisəsini
"SSRİ rəhbərliyinin Azərbaycan xalqına
qarşı antidemokratik, qanunazidd və
düşünülmüş aksiyası" kimi qiymətləndirdi.
O zamankı SSRİ rəhbəri Mixail Qorbaçovun və
onun əlaltılarının istənilən an ona
qarşı təxribat törədə biləcəyinə
baxmayaraq, Heydər Əliyev öz həyatını təhlükə
altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və
orada Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı
törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat
konfransı keçirmişdir. O, mətbuat konfransında
SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyini bu
faciənin əsas təqsirkarları kimi ittiham etmiş, Azərbaycanın
mövcud ictimai-siyasi vəziyyətinin və siyasi idarəçiliyinin
antidemokratik, hüquqi dövlət prinsiplərinə zidd
olduğunu vurğulamışdır. SSRİ səviyyəsində
Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar faciəsinə
siyasi qiymət verdi, faciədə əli olanların, əsas
günahkarların adını çəkdi, Azərbaycana
qarşı aparılan xəyanətkar siyasətin mahiyyətini
açıqladı və təqsirkarların Azərbaycan
xalqı qarşısında məsuliyyət
daşıyacağını bəyan etdi. Heydər Əliyevin
bu bəyanatı faktiki olaraq o vaxta qədər Azərbaycanda
SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində
nümayiş etdirdiyi siyasətə etiraz edən və mərkəzdən
"ədalətli qərar" tələb edən kortəbii
xalq hərəkatının mütəşəkkilləşərək
müstəqillik uğrunda milli azadlıq hərəkatına
keçidi üçün əsas oldu və respublikada ciddi
ümummilli mübarizə ovqatı yaratdı. Həmin
dövrdə SSRİ və respublika rəhbərliyi Heydər Əliyevin
dünya ictimaiyyətinə və Azərbaycan xalqına
ünvanlanmış müraciətindən və səsləndirdiyi
fikirlərdən o dərəcədə təşvişə
düşdü ki, dərhal ona qarşı mərkəzi və
yerli mətbuatda qərəzli kampaniya başladı, əleyhinə
sifarişli yazılar, məqalələr dərc etdirdi.
Heydər
Əliyev Moskvada M.Qorbaçovun, onun ermənipərəst ətrafının
təqib və təzyiqləri altında, böyük çətinliklə
1990-cı il iyulun 20-də Bakıya yola düşdü. Azərbaycan
hakimiyyəti onun respublikaya dönüşündən ciddi təşvişə
düşdü və ona qarşı müxtəlif təxribatçı
hərəkətlərə rəvac verdi. Siyasi hakimiyyətin
təzyiq və təxribatları altında, iki gün sonra o,
anadan olduğu Naxçıvana yollandı. 1990-cı ildən
onun Naxçıvanda yaşaması, əhali ilə fəal təmasları,
parlament seçkilərinə qatılması və qalib gəlməsi,
respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin
Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa
can atması, insanlarla günü-gündən genişlənən
çoxsaylı və kütləvi görüşlər Azərbaycanda
milli azadlıq hərəkatının vüsət
almasına və getdikcə daha mütəşəkkilləşməsinə
müsbət təsir göstərməyə başladı.
Həmyerliləri
ilk gündən görkəmli dövlət xadiminin
Naxçıvana gəlişini böyük sevinc hissi ilə
qarşıladılar. Azərbaycanın üzləşdiyi
siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan
xalqı yalnız onun xilas edə biləcəyini nəzərə
alaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan
MSSR xalq deputatlığına namizədliyini irəli
sürdülər. Heydər Əliyev 340 nömrəli Nehrəm
seçki dairəsindən Azərbaycan SSR, 2 nömrəli
Naxçıvan seçki dairəsindən isə muxtar
respublika Ali Sovetinə xalq deputatlığına namizəd
göstərildi. 1990-cı ildə Nehrəm kənd
seçiciləri ilə görüşündə Heydər Əliyev
özünün seçki platforması ilə
çıxış edərək ilk dəfə rəsmi
formada Azərbaycanın gələcək inkişafı ilə
bağlı siyasi fikirlərini açıq formada bəyan
etdi. O, Azərbaycanı tam müstəqil, azad, demokratik
respublika kimi görmək istədiyini xüsusi vurğulayaraq,
bu məqsədə gedən yolun xalqın milli iradəsindən,
həmrəyliyi və vətəndaş birliyindən
keçdiyini bəyan etdi.
Azərbaycanın
milli müstəqilliyi və demokratik dövlət
quruculuğu hərəkatı uğrunda mübarizə
platforması ilə seçkilərə qatılan Heydər Əliyev
hər iki dairədə xalqın yekdil dəstəyi ilə
qalib gəldi.
1990-cı
il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci
sessiyasında deputatlar iclasın aparılmasını
yekdilliklə görkəmli dövlət xadimi, 2 nömrəli
seçki dairəsindən deputat seçilmiş Heydər Əliyevə
tapşırdılar. Sessiyada Azərbaycanda gedən
ictimai-siyasi proseslər, milli dövlət quruculuğu və
suverenlik məsələləri geniş müzakirə olundu,
tarixi əhəmiyyət kəsb edən bir sıra qərarlar
verildi. Bu qərarların sırasında Naxçıvan
Muxtar Respublikasının və Ali Sovetinin adından "Sovet
Sosialist" sözlərinin çıxarılması, Azərbaycan
Demokratik Respublikasının rəmzi olan üçrəngli
bayrağın rəsmi şəkildə dövlət
bayrağı kimi qəbul olunması və s. var idi. Bundan
başqa, Heydər Əliyevin təkifi ilə Naxçıvan
MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında
üçrəngli bayrağın Azərbaycanın rəsmi
dövlət rəmzi kimi tanınması məsələsini
qaldırdı. Ali Məclisin qəbul etdiyi bu rəsmi qərarlar
Azərbaycanda milli-azadlıq hərəkatının vüsət
alması və müstəqil dövlətçiliyin
yaranması yönündə atılan mühüm tarixi
addım oldu. Ali Məclis bu qərarlarla bağlı
1990-cı il noyabrın 19-da Azərbaycanın siyasi rəhbərliyinə
və rəsmi KİV-lərə müraciət etdi. Lakin bu
müraciətlər haqda rəsmi mətbuatda ictimaiyyətə
hər hansı bir informasiya verilmədi.
Heydər
Əliyevin Naxçıvan MR Ali Məclisinin ilk
sessiyalarında irəli sürdüyü təkliflərdən
biri 1990-cı ilin 20 Yanvar hadisələrinə siyasi qiymət
verilməsi ilə bağlı oldu. O, Ali Məclisin 1990-cı
il noyabrın 20-də keçirilən sessiyasında
çıxış edərək 20 Yanvar faciəsinə siyasi-hüquqi
qiymət vermədiyinə görə Azərbaycan rəhbərliyini
günahlandırdı, onu faciənin səbəblərinin
üstünü ört-basdır etməkdə və təqsirkarları
hələ də müəyyənləşdirməməkdə
ittiham etdi. Həmin dövrdə ölkə ictimaiyyətinin
ciddi tələblərinə baxmayaraq, respublika rəhbərliyi
bu yöndə hansısa prinsipial tədbirlər görmək
istəmirdi. Odur ki, Heydər Əliyev bu məsələnin
ciddiliyini və prinsipiallığını nəzərə
alıb "1990-cı ilin yanvar ayında törədilmiş
Bakı hadisələrinə siyasi qiymət verilməsi
haqqında" qərar layihəsi hazırlayaraq
Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim
etdi. Ali Məclis bu sənədi qəbul edərək
1990-cı il 21 noyabr tarixli qərarı ilə 20 Yanvar faciəsinə
siyasi qiymət verdi. Qərarda SSRİ-nin və Azərbaycanın
siyasi rəhbərliyinin 20 Yanvar faciəsinə görə
birbaşa məsuliyyət daşıdıqları göstərildi.
Sənəddə, həmçinin bundan sonra 20 Yanvar
gününün hər il Naxçıvan Muxtar
Respublikasında milli matəm günü kimi qeyd edilməsi qərara
alınaraq, Azərbaycan SSR Ali Sovetindən xahiş edilirdi ki,
yanvarın 20-si hər il Azərbaycanda milli matəm
günü kimi qeyd olunsun.
Naxçıvan
MR Ali Məclisinin 1990-cı il noyabrın 21-də keçirilən
sessiyasında isə Heydər Əliyevin təklifi ilə Azərbaycanın
ən ağrılı problemi hesab olunan Dağlıq
Qarabağ münaqişəsi müzakirə olundu. Ali Məclis
1990-cı il dekabrın 14-də onun tərəfindən
hazırlanmış "Azərbaycan SSR-in Dağlıq
Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonunda və
Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə
münasibət haqqında" qərar qəbul etdi. Qərarda
Azərbaycanın partiya və dövlət rəhbərliyinin
DQMV-də yaranan vəziyyətin qiymətləndirilməsi və
normallaşdırılması məsələsində kobud səhvlərə,
yanlışlıqlara yol verdiyi, qətiyyətsizlik göstərərək
respublikanın dövlət suverenliyini və ərazi
bütövlüyünü, Azərbaycan xalqının şərəf
və ləyaqətini müdafiə etmədiyi bildirildi.
1991-1992-ci
illərdə A.Mütəllibov hakimiyyətinin dünyada gedən
prosesləri, o cümlədən respublikadakı ictimai-siyasi
mühiti, əhalinin müstəqillik iradəsini və s.
düzgün qiymətləndirə bilməməsi
M.Qorbaçov tərəfindən SSRİ-nin qorunub
saxlanması ilə bağlı "yeni ittifaq müqaviləsi"
layihəsinin ortaya çıxarılmasına münasibətdə
də özünü göstərirdi. İmperiya
iddialarından əl çəkə bilməyən SSRİ rəhbərliyinin
hazırladığı bu layihə Azərbaycan
xalqının milli müstəqillik və dövlətçilik
ideyalarına daban-dabana zidd idi. Ən təəssüf
doğuran hal isə ondan ibarət idi ki, layihə SSRİ Ali
Sovetinin sessiyasında müzakirə olunarkən Azərbaycan
SSR Ali Sovetinin sədri orada çıxış edərək
sənədi müdafiə etmişdi.
Heydər
Əliyev Naxçıvan MR Ali Məclisinin 1991-ci il
yanvarın 14-də keçirilən sessiyasında bu məsələ
ilə bağlı çıxış edərək yeni
ittifaq layihəsinin milli maraqlara zidd olduğunu əsaslandırdı.
O bildirdi ki, Naxçıvan MR Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsi olduğu
üçün Ali Məclis bu barədə çox təfsilatlı,
mükəmməl qərar qəbul etməli, onu təxirə
salmadan Azərbaycanın və SSRİ-nin ali sovetlərinə
göndərməlidir. Əsaslandırılmalıdır ki,
hansı səbəblərə görə bu layihəni qəbul
etmirik və yeni ittifaq müqaviləsinə
qoşulmağın əleyhinəyik. Bu məsələ ilə
bağlı Heydər Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan
Ali Sovetinin birinci sessiyasında da təkidlə söz alaraq
tarixi bir çıxış etdi. O öz
çıxışında xüsusi uzaqgörənliklə
"Kommunist Partiyası hakimiyyətinin sonunun
çatdığını, SSRİ-nin tezliklə
dağılacağını və respublikalarda başlanan
müstəqillik müarizələrinin qalib gələcəyinin
dönməz bir proses olduğunu" xüsusi vurğuladı
və öz mövqeyini tutarlı faktlarla əsaslandırdı.
Ali
Sovetin 1991-ci il martın 7-də keçirilən
sessiyasında Heydər Əliyev növbəti dəfə Azərbaycanın
milli müstəqillik və suverenliyi məsələsinə
qayıtdı, müstəqilliyin tarixi şans olduğunu və
vacibliyini, ona çatmağın yollarını, əsas vasitələrini,
demokratik dövlət quruculuğunun prinsiplərini göstərən
tarixi çıxış etdi. O öz
çıxışında onu da vurğuladı ki,
"respublika rəhbərliyinin imzalamağa
hazırlaşdığı "yeni ittifaq müqaviləsi"
Azərbaycan üçün tam yararsızdır... Mən
yeni ittifaqa daxil olmağın və bunun üçün hər
hansı referendum keçirməyin əleyhinəyəm. Bu,
bütün seçicilərimin, deputatı olduğum
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
deputatlarının yekdil fikridir. Azərbaycanın tam
istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik
yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan
xalqı artıq bu yola çıxmışdır".
Dövlət
müstəqilliyinin təmin olunması ilə bağlı
Heydər Əliyevin bu çıxışı və
sonrakı fəaliyyəti, uzaqgörən
çağırışları həmişə olduğu
kimi, yenə də Azərbaycan xalqı tərəfindən
xüsusi rəğbətlə, SSRİ və respublika rəhbərliyi
tərəfindən isə ciddi hiddətlə
qarşılandı. Rəsmi KİV-lərdə Azərbaycanın
müstəqil dövlətçiliyinə tərəfdar
çıxanlara qarşı kampaniya başladılar,
onları tənqid edir, yeni ittifaq müqaviləsinin guya
çox əhəmiyyətli olması haqqında birtərəfli
təbliğat aparırdılar. Siyasi hakimiyyət milli mənafelərin
və xalqın etirazlarının əksinə olaraq, 1991-ci il
martın 17-də "SSRİ-nin qorunub saxlanması ilə
bağlı" Azərbaycanda saxta bir referendum da keçirdi
və guya əhalinin 98 faizinin ittifaqın saxlanılmasına
tərəfdar çıxması haqda mərkəzə
yalançı məlumat verdi. Amma sonrakı hadisələr
göstərdi ki, 1990-cı ildən başlayaraq SSRİ-nin və
kommunist idarəçiliyinin perspektivsizliyi, Azərbaycanın
müstəqil, demoktatik dövlət qurmasının
mümkünlüyü və mütləqliyi haqqında Heydər
Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran
siyasi baxışları öz işini görmüş, gələcək
proseslərin gedişinə həlledici təsir göstərmişdir.
1990-cı
illərinin əvvəllərində Azərbaycanın
kommunist rəhbərliyinin müstəqillik və milli
dirçəliş ideyalarına zidd mövqe tutmaqda davam etməsi,
ölkənin hələ də Kommunist Partiyası tərəfindən
idarə edilməsi daxili ictimai-siyasi gərginliyi getdikcə
artırırdı. Xüsusən 20 Yanvar hadisəsindən
sonra respublikanın kommunist rəhbərliyinə və
bütövlükdə Kommunist Partiyasına ölkə əhalisinin
münasibəti həddən artıq mənfi idi. Lakin
mövcud hakimiyyət nə əhalinin münasibətini, nə
də bütövlükdə sovet məkanında gedən
proseslərin axarını nəzərə almaq istəmir və
respublikada kommunist rejimini təkidlə sürdürməyə
çalışırdı. 1991-ci il avqustun 19-da Moskvada
baş verən "Avqust qiyamı"ından sonra
M.Qorbaçov öz fərmanı ilə SSRİ Kommunist
Partiyasının fəaliyyətini dayandırsa da, Kommunist
Partiyasının tərkib hissəsi olan Azərbaycan Kommunist
Partiyası öz fəaliyyətini dayandırmaq istəmirdi.
Lakin Naxçıvan MR Ali Məclisinin hələ 1991-ci il avqustun
26-da keçirilən sessiyasında Naxçıvan Vilayət
Partiya Komitəsi və onun bütün strukturları ləğv
olunmuşdu. Ali Məclis Heydər Əliyevin təşəbbüsü
ilə 1991-ci il sentyabrın 4-də növbəti qətiyyətli
addım ataraq "Azərbaycan Kommunist Partiyasının və
onun strukturlarının fəaliyyətinə münasibət
haqqında" qərar qəbul etdi.
Heydər
Əliyevin istəyi o idi ki, ermənilərin xalqımıza
qarşı ərazi iddiaları irəli sürdükləri
və bu məqsədlə hərbi təcavüzə əl
atdıqları bir vaxtda Azərbaycanda daxili
qarşıdurmanın aradan qaldırılması, vahid ideya əsasında
milli birlik və həmrəyliyin yaradılması,
bütün əhalinin vahid məqsəd - müstəqil
dövlətçilik və demokratik idarəçilik ətrafında
birləşdirilməsi vəzifəsi öz həllini
tapmalıdır. Bunun üçün ilk növbədə
keçən illərdə xalqın gözündə
özünü ifşa etmiş Azərbaycan Kommunist
Partiyası buraxılmalı və onun yerində milli etimad
hökuməti yaradılmalıdır. Bu məqsədlə
Heydər Əliyev Ali Sovetin 1991-ci il avqustun 29-da keçirilən
sessiyasında yenidən söz alaraq çıxış
etdi. O bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal
hakimiyyətdən getməlidir.
Təbii
ki, Heydər Əliyevin belə qətiyyətli fikirlər irəli
sürməsi bütün xalqın istəyinə tam cavab versə
də, o zamankı siyasi hakimiyyətin maraqlarına qətiyyən
uyğun deyildi. Həmin dövrdə öz seçicilərinin
iradəsinin əleyhinə gedərək mövcud iqtidara
yarınan bəzi deputatlar Ali Sovetin sessiyalarında Heydər Əliyevin
çıxış etməsinə imkan verməməyə
çalışırdılar. Amma sonrakı hadisələr
göstərdi ki, respublika rəhbərliyi bu müdrik siyasətçinin
getdikcə liderə çevrildiyi Azərbaycan xalqının
milli azadlıq mübarizəsinin, müstəqil və
demokratik dövlətçilik hərəkatının
qarşısında tab gətirmək iqtidarında deyil.
Respublika Ali Sovetinin 1991-ci il avqustun 30-da "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" bəyannamə qəbul etmək məcburiyyətində
qalması faktı bu həqiqəti bir daha sübut etdi.
Müstəqilliklə
bağlı bəyannamə qəbul etməkdən uzağa
getmək istəməyən o zamankı Azərbaycanın
kommunist rəhbərliyi Heydər Əliyevin siyasi qətiyyəti
və günü-gündən xalq arasında, milli-azadlıq
hərəkatında artan nüfuzundan ciddi təşviş
keçirir, görkəmli şəxsiyyəti ləkələmək
üçün müxtəlif təxribatlara əl
atırdı. Lakin bütün bu cəhdlər əbəs idi
və respublika rəhbərliyi öz qərəzli niyyətinə
nail ola bilmədil, əksinə, Heydər Əliyev 1991-ci il
sentyabrın 3-də muxtar respublika deputatlarının yekdil qərarı
ilə Naxçıvan MR Ali Məclisinin sədri seçildi.
Bu hadisə bir tərəfdən Azərbaycan xalqında
böyük sevinc hissi yaradaraq, onları Heydər Əliyevin
apardığı müstəqil və demokratik dövlətçilik
mübarizəsinə, ümummilli maraqların təmin
olunması yolunda həyata keçirdiyi respublika səviyyəli
tədbirlərə qoşulmağa ruhlandırdı, digər
tərəfdən respublika rəhbərliyini Heydər Əliyevə
qarşı daha kəskin addımlar atmağa,
Naxçıvan MR Ali Məclisinin normal fəaliyyət
göstərməsinə bütün vasitələrlə
maneçilik törətməyə sövq etdi. Siyasi hakimiyyət
tərəfindən idarə olunan bir çox qüvvələr
ictimai rəydə belə bir fikir formalaşdırmağa
çalışırdılar ki, guya Ali Məclis
Naxçıvan Muxtar Respublikasını Azərbaycandan təcrid
edir, respublikanın tərkibindən çıxmaq haqqında
qərar qəbul etməyə hazırlaşır və s.
Amma
çox keçmədi ki, pespublikanın siyasi hakimiyyəti
Heydər Əliyevin və Azərbaycan xalqının müstəqil
və demokratik dövlətçilik uğrunda apardıqları
mübarizənin qarşısında tab gətirə bilməyərək,1991-ci
il oktyabrın 18-də, nəhayət ki, "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı"nın qəbul edilməsinə
razılıq verdi.
Bunun
ardınca, 1991-ci il dekabrın 5-də Naxçıvan MR Ali Məclisi
qərar verərək həmin il martın 17-də SSRİ-nin
qorunub saxlanması ilə əlaqədar Azərbaycanda
keçirilən referendumun nəticələrini saxta elan etdi.
Ali Məclisin atdığı mühüm addımlardan biri də
dünya azərbaycanlılarının həmrəylik
günü ilə bağlı idi. Belə ki, Ali Məclisin
1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik və Milli Birlik Günü elan olundu, həmin
günün hər il bayram edilməsi nəzərdə
tutuldu.
Həmin
dövrdə müxtəlif ictimai-siyasi qüvvələrin
hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi
aparması və öz məqsədlərinə çatmaq
üçün silahlı qarşıdurmalar, vətəndaş
müharibəsi törətməsi Azərbaycanı ciddi təhlükə
ilə üz-üzə qoymuşdu. Ölkə əhalisi
yaranmış ağır və mürəkkəb vəziyyətdən
çıxış yolunu yalnız müdrik dövlət
xadimi Heydər Əliyevi ali hakimiyyətə dəvət etməkdə
görürdü və bu istiqamətdə müxtəlif təşəbbüslərlə
çıxış edirdi. Lakin respublika rəhbərliyi bu
müdrik liderin hakimiyyətə gedən yolunu bağlamaq
üçün əvvəlcədən
düşünülmüş bir çox tədbirlər
görmüşdü. Belə ki, "Azərbaycan
Respublikasının prezident seçkiləri haqqında"
qanuna son beş il ərzində respublikada yaşamayan və
yaşı 65-dən yuxarı olan şəxslərin namizəd
verilməsini qadağan edən maddə əlavə
etmişdi. Əslində bu qanun yalnız Heydər Əliyevin
respublika rəhbərliyinə gəlməsinin
qarşısını almaq üçün məqsədli
şəkildə atılan addım idi. Buna etiraz əlaməti
olaraq 1992-ci il aprelin 25-30-da Bakıda Ali Sovetin binası
qarşısında keçirilən kütləvi xalq mitinqlərində
çıxış edənlər Heydər Əliyevin
respublika prezidentliyinə namizədliyinin irəli sürülməsini
məhdudlaşdıran maddənin qanundan
çıxarılmasını, Milli Liderə qarşı təzyiq
və təqiblərin dayandırılmasını, Ali Sovetin
sessiyasının çağırılmasını və təcili
tədbirlər görülməsini tələb edirdilər.
Analoji mitinq 1992-ci il mayın 5-də Naxçıvan MR-də,
sonrakı aylarda Azərbaycanın digər bölgələrində
də keçirildi. 1992-ci il mayın 18-də Ali Sovetin
növbədənkənar sessiyasında parlamentin yeni sədrini
seçmək məsələsinin müzakirəsi zamanı
bir qrup deputat tərəfindən Heydər Əliyevin namizədliyi
irəli sürüldü. Lakin AXC-Müsavat qüvvələrini
və keçmiş kommunist nomenklaturasını təmsil edən
bir qrup şəxs bu təkliflərin həyata keçirilməsinə
cidd-cəhdlə mane oldu. Çünki onlar Heydər Əliyevin
xalq arasındakı yüksək nüfuzunu, zəngin idarəçilik
təcrübəsini qısqanclıqla qarşılayır və
hesab edirdilər ki, onun Azərbaycanın rəhbərliyinə
gəlişi onların hakimiyyətə yolunu bağlayacaq. Təəssüf
ki, həmin dövrdə bu birliyin antiəliyev və antixalq
mövqeyi parlamentdə üstünlük təşkil etdi.
1992-ci
ilin mayında Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik
baş verdi və AXC-Müsavat qüvvələri kommunist
hakimiyyətini əvəz etdi. Bu dövrdə ermənilər
Dağlıq Qarabağ və Azərbaycanın digər
bölgələrində işğalçılıq siyasətini
günü-gündən genişləndirirdilər.
Naxçıvanın Ermənistanla sərhəd kəndlərində
vəziyyət xüsusilə ağır idi. Ermənilərin
kəndlərə hücumları intensivləşir, doğma
torpaqları uğrunda mübarizə aparan yerli insanlar şəhid
olurdu. Azərbaycanın yeni hakimiyyəti
Naxçıvanın müdafiəsinə kömək etmək
əvəzinə yerli rəhbərliyə qarşı siyasi təzyiqləri
artırır, ictimai-siyasi prosesləri nəzarətdən
çıxarmağa cəhd edirdi. Mərkəzi hakimiyyətin
yarıtmaz siyasəti və idarəçiliyi fonunda xalq
arasında Heydər Əliyevə günü-gündən
Milli Lider və XİLASKAR kimi baxırdılar. Xüsusən
tanınmış ziyalılar A.Mütəllibov dövründə
olduğu kimi, yeni iqtidarın da antixalq və antidövlət
siyasətinə, Naxçıvan MR rəhbərliyinin qərarlarına
sayğısız yanaşmasına, blokadada olan
Naxçıvana təzyiq göstərməsinə etiraz edir,
Heydər Əliyevlə həmrəy olduqlarını bildirir,
Azərbaycanın müstəqilliyi və suverenliyi naminə
Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi tarixi qərarları
yüksək qiymətləndirir, muxtar respublikada gedən
demokratik proseslərə böyük dəyər verirdilər.
Naxçıvanın blokadaya salınmasına baxmayaraq və
siyasi hakimiyyətin qərəzli münasibətinə fikir
vermədən Heydər Əliyev muxtar respublikanın
sosial-iqtisadi böhran vəziyyətindən
çıxarılması üçün mühüm
addımlar atırdı. Onun həyata keçirdiyi məqsədyönlü
siyasət nəticəsində Naxçıvanın ermənilər
tərəfindən işğalının qarşısı
alındı, əhali aclıqdan və qışın
soyuğunda donmaqdan xilas edildi, MR-in sosial-iqtisadi həyatı
öz ahəngi ilə idarə olundu. Türkiyə
Cümhuriyyəti tərəfindən Azərbaycanla Türkiyə
arasında sərhəd keçidi yaratmaq məqsədilə
Araz çayı üzərində körpü tikildi və
1992-ci il mayın 28-də onun rəsmi
açılışı oldu.
Heydər
Əliyev İran İslam Respublikası ilə də müxtəlif
sahələri əhatə edən əməkdaşlıq
münasibətləri yaratdı və blokadada olan muxtar
respublikanın təhlükəsizliyinin təmin olunması, əhalinin
rifahının yaxşılaşdırılması istiqamətində
onun imkanlarından istifadə etdi. Heydər Əliyevin əldə
etdiyi bütün bu uğurlar onun xalq arasındakı
nüfuzunu daha da artırır, respublika vətəndaşları
bu müdrik dövlət xadiminin Azərbaycan rəhbərliyinə
gəlməsinin zəruri olması ilə bağlı
çoxsaylı müraciətlər edir və
ayrı-ayrı təşkilati tədbirlər həyata
keçirirdi. AXC-Müsavat hakimiyyəti isə ona
qarşı qərəzli mövqeyini daha da sərtləşdirirdi.
Onların Naxçıvandakı tərəfdarları Ali Məclisin
işini pozmağa cəhd göstərir, öz çıxışlarında
muxtar respublikanın ali hakimiyyət orqanının qanuni
seçilmiş sədrini antikonstitusion, zorakı yollarla vəzifəsindən
kənarlaşdırmağa çalışır, ona
qarşı müxtəlif qanunsuz aksiyalar həyata
keçirirdilər. AXC-Müsavat hakimiyyəti 1992-ci il oktyabrın
24-də zorakı vasitələrlə Naxçıvan MR-də
dövlət çevrilişinə cəhd göstərdi.
AXC-yə məxsus yerli silahlı dəstələr mərkəzi
hakimiyyətin dəstəyi ilə Naxçıvan MR Daxili
İşlər Nazirliyinin, Dövlət Televiziya və Radio
Verilişləri Komitəsinin binalarını zəbt edib,
xidməti vəzifə başında olan insanları fiziki və
mənəvi təzyiqlərə məruz qoydular.
Sözsüz ki, mərkəzi hakimiyyətin belə qanunazidd əməllərə
əl atması Heydər Əlyevi milli maraqlara söykənən
prinsipial və qətiyyətli mövqeyindən çəkindirə
bilməzdi. Naxçıvanda dövlət çevrilişi cəhdi
1992-ci il oktyabrın 25-də Ali Məclisin fövqəladə
sessiyasında müzakirə edildi və dövlət
çevrilişinə cəhd kimi qiymətləndirildi.
Təbii
ki, AXC-Müsavat hakimiyyətinin respublikanı gündən-günə
uçuruma yuvarlayan yarıtmaz siyasət aparmaqda davam etməsinə
Azərbaycan vətəndaşları biganə qala bilməzdi.
Bu məqsədlə 1992-ci il oktyabrın 16-da 91 nəfər
ziyalı "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə
müraciət etdi. Müraciətdə Azərbaycan hakimiyyətinin
səriştəsizliyi ucbatından respublikada siyasi hərc-mərcliyin
getdikcə dərinləşməsi və ictimai-siyasi proseslərin
nəzarətdən çıxması, cəmiyyətdə
cinayətkarlığın artması, vətəndaş
qarşıdurmasının vüsət alması,
ictimai-siyasi, mənəvi, iqtisadi böhranın gündən-günə
dərinləşməsi faktı qeyd olunur, dövlət idarəçiliyində
və iqtisadi sistemdə, hüquqi dövlət quruculuğunda
real addımların atılmadığı, hakimiyyətin fərsiz
kadr siyasətinin cəmiyyətin durumunu daha da çətinləşdirdiyi
və s. bildirilirdi. Müraciətdə Azərbaycanı
üzləşdiyi ağır vəziyyətdən yalnız
müdrik siyasətçi və dövlət xadimi kimi Heydər
Əliyevin xilas edə biləcəyi vurğulanır, onun rəhbərliyi
ilə Azərbaycan xalqını öz ətrafında səfərbər
edərək, ölkəni ağır durumdan
çıxarmağa qadir olan yeni bir güclü siyasi təşkilatın
yaranmasına ehtiyac olduğu qeyd edilirdi.
Heydər
Əliyev 1992-ci il oktyabrın 24-də ziyalıların
müraciətinə cavab verdi. Cavab məktubunda "Azərbaycanın
dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsini,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunu, ölkə vətəndaşlarının
dövlətçilik ətrafında birləşdirilməsini,
bütün imkanları səfərbər edərək hərtərəfli,
genişplanlı iş aparılmasını mövcud
dövrün ən mühüm vəzifələri kimi qiymətləndirən
Heydər Əliyev bu istiqamətdə respublikanın
ictimai-siyasi, sosial-iqtisadi və milli-mənəvi potensialından
maksimum istifadə etməklə qarşıda dayanan əsas
problemləri həll etməyin mümkün yolları
haqqında öz fikirlərini söylədi. O, qarşıda
duran taleyüklü milli vəzifələrin həyata
keçirilməsində yaxından iştirak etmək məqsədilə
müstəqil Azərbaycan dövlətinin gələcək
həyatının və fəaliyyətinin əsasını
təşkil edən demokratiya, siyasi plüralizm şəraitində
yeni bir partiyanın yaradılmasının obyektiv zərurətdən
doğduğunu vurğulayaraq, bu istiqamətdəki fəaliyyətlərinə
görə ölkə ziyalılarına öz təşəkkürünü
bildirdi. Müraciətdə Heydər Əliyev qeyd etmişdir
ki, belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında
fəal iştirak edərək yeni, müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsində və
inkişafında tarixi rol oynaya bilər. Əgər belə
partiya yaradılarsa, onun fəaliyyətində fəal
iştirak etməyə hazırdır.
Beləliklə,
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev
onun sədri seçildi. Həmin gün YAP-ın qəbul
etdiyi bəyanatda partiyanın başlıca proqram məqsədinin
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
ərazi bütövlüyünün təmin olunması,
demokratik hüquqi dövlətin yaradılması, sosial istiqamətli
iqtisadiyyatın bərqərar edilməsi və s. ibarət
olduğu göstərilmişdir. YAP təsis olunduqdan sonra
tezliklə respublikanın bütün bölgələrində
partiyanın təşkilatlanması prosesi başladı. Azərbaycan
xalqının Heydər Əliyevin şəxsiyyətinə,
dərin və uzaqgörən siyasətinə bəslədiyi
sevgi və inamının nəticəsi idi ki, partiyanın
sıraları sürətlə genişləndi. Lakin YAP-a
respublika vətəndaşlarının kütləvi
axını AXC-Müsavat iqtidarını narahat etməyə
başladı. Onlar bütün vasitələrlə
partiyanın təşkilatlanması prosesinə maneçilik
törədir, partiyanın yaranmasında iştirak edən
insanları təqib edir və başqa təzyiqlərə əl
atırdılar. Sonrakı müddətdə iqtidarın bu
yanlış siyasəti son nəticədə Azərbaycanı
vətəndaş müharibəsi və dövlət müstəqilliyinin
itirilməsi təhlükəsi ilə üz-üzə qoydu.
1993-cü il iyunun 4-də Gəncə şəhərində
hökumət qüvvələri ilə Surət Hüseynovun
silahlı dəstələri arasında hərbi toqquşma
baş verdi. Naxçıvan MR Ali Məclisinin və Nazirlər
Kabinetinin Rəyasət Heyəti Gəncə şəhərində
baş verən hadisələrlə bağlı 1993-cü il
iyunun 7-də bəyanat verdi. Sənəddə Azərbaycanda
faktiki olaraq vətəndaş müharibəsinin
başlandığı bildirildi və bu, Azərbaycanın
ağır və tarixən məsuliyyətli bir
dövründə baş verən dəhşətli hadisə
kimi qiymətləndirildi.
Respublikadakı
ictimai-siyasi vəziyyətə nəzarəti tamamilə
itirdiyini görən və hadisələrin sonrakı
gedişindən ciddi təşviş keçirən
AXC-Müsavat hakimiyyəti çıxış yolunu Heydər
Əliyevi Bakıya dəvət etməkdə gördü. Parlamentin
1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi. Parlamentdəki ilk çıxışında
Heydər Əliyev Ali Sovetin Sədri kimi qarşıda duran bir
çox vəzifələr haqqında danışdı.
Onların sırasında dövlət müstəqilliyinin
qorunması və möhkəmləndirilməsi; Ermənistan
tərəfindən işğal olunmuş torpaqların azad
edilməsi; ölkədə demokratik inkişaf və siyasi
plüralizmə nail olunması; dövlət quruculuğu
prosesində demokratik prinsiplərin və qanunculuğun təmin
edilməsi; bazar iqtisadiyyatı sisteminin
formalaşdırılması və inkişafı məsələsini
xüsusi qeyd etmək lazımdır. Tarixi proseslərin
sonrakı gedişi göstərdi ki, Heydər Əliyev həm
Ali Sovetin Sədri, həm də sonrakı illərdə Azərbaycan
Respublikasının Prezidenti kimi daim xalqa arxalanaraq və zəngin
dövlətçilik təcrübəsinə, uzaqgörən
siyasətinə söykənərək çox qətiyyətli,
müdrik və effektli idarəçilik həyata keçirdi,
Azərbaycanın dövlət müstəqilliyini və milli
inkişafını təmin etdi, respublikada demokratik dövlət
quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti
və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi,
ölkəni dinamik inkişaf yoluna çıxardı və
öz adını xalqımızın dövlətçilik
tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin
BANİSİ və LİDERİ kimi həkk etdi.
Əli HƏSƏNOV,
Prezident Administrasiyasının
şöbə müdiri,
YAP
İdarə Heyətinin üzvü
Azərbaycan.-2013.- 3 may.- S.3.