Xalqa layiqli xidmət nümunəsi

 

Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan xalqının mənəvi birliyi və bütövlüyündə aparıcı amilə çevrilmişdir

 

 Tarix sübut edir ki, zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi bacaran, siyasi potensialını düzgün dəyərləndirə bilən liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın ən sərt fırtınalarından, sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müdrik və təcrübəli dövlət xadimləri ən ekstremal vəziyyətlərdə belə optimal qərarlar qəbul etmək bacarıqları ilə seçilirlər. Bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır.

Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində ulu öndər, harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən mayalanmışdır.

Antik yunan filosofu Demokrit zamanında yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Şəxsiyyətcə bütöv, milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir imkanlarından danışmaq isə mümkün deyildir. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə inamı bir o qədər güclü olar. Bəşər tarixinə öz möhürünü vurmuş fenomenal liderlər, ilk növbədə, toplum üçün cəlbedici və real görünən mütərəqqi ideyalarla cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail ola bilmişlər. Bu mənada, ulu öndər Heydər Əliyevin hələ 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji dəyərlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin məntiqi nəticəsi sayılmalıdır. Dövlətçiliyin taleyi baxımından ən ağrılı və çətin günlərdə xalqımız öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə güvəndiyi liderə - Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətlərdən xilas olacağına böyük ümid bəsləmişdir. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsl liderlərə xas şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.

Möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 2013-cü il yanvarın 21-də imzaladığı sərəncamda deyilir: "Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir".

Ulu öndər Heydər Əliyevin bu mərhələdən qısa müddətdə vətəndaş sülhü və həmrəyliyinə, milli barışa nail olması, paralel olaraq respublikada tənəzzül prosesini dayandıraraq iqtisadi dirçəliş yönümündə praktik addımlar atması məhz xalqın öz rəhbərinə olan dəstəyindən irəli gəlmişdir. Heydər Əliyev hakimiyyətinə - iqtidarda olan Yeni Azərbaycan Partiyasına sonsuz ictimai inam və etimad qarşılığında dövlətçiliyə diş qıcamış bir çox daxili və xarici qüvvələr məkrli niyyətlərindən əl çəkməyə məcbur olmuşlar.  Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək onu dövlət başçısı seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə başlamışdır.

Xalqına, dövlətinə güvənən Heydər Əliyev dühası 1994-1995-ci illərdə bəzi daxili qüvvələrin dövlət çevrilişi, qarşısını qətiyyətlə almış, beləliklə, Azərbaycanda silahlı yolla hakimiyyəti ələ keçirmək "ənənəsinə" son qoymuşdur. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı ümummilli liderin bir çağırışı ilə milyonlarla həmvətənlimizin Prezident Aparatının qarşısına toplaşması, ona dəstək verməsi çağdaş tariximizə milli birlik və həmrəyliyimizin ən ali təcəssümü kimi iz salmışdır.

Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir.

Ulu öndər müdrik siyasi addımları ilə sübuta yetirmişdir ki, demokratiya əsla hərc-mərclik olmayıb qanunların aliliyinə, qarşılıqlı məsuliyyət hissinə əsaslanan idarəetmə forması və böyük siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini də xüsusi diqqətə çəkmişdir.

Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rişələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" düsturundan çıxış etmiş, hakimiyyətin daim hər bir fərdin maraq və mənafeyini uca tutmasına çalışmışdır.

Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Məhz bu mərhələdən hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudsman) yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda, Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və başqa təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə təhsilin milli əsaslar üzərində dünya təhsil sisteminə inteqrasiyanı da başlıca vəzifə kimi aktuallaşdırmış, elm-təhsil sahəsində islahatları uğurla həyata keçirmişdir. Ölkənin sosial-iqtisadi inkişafı, demokratik tərəqqisi, vətəndaş cəmiyyəti quruculuğu prosesində təhsilin aparıcı amil kimi önə çıxarılması, vətəndaşların təhsil hüququnun reallaşmasına verilən böyük əhəmiyyət yeni iqtisadi münasibətlər sistemində insanlarımızı narahat edən ən böyük problemlərdən birini həll etmişdir: bazar iqtisadiyyatı yolunu seçmiş bir sıra ölkələrdə vətəndaşların pulsuz təhsil almaq hüququna qarşı yönələn təhdidlər bu iqtisadi münasibətlər sisteminin Azərbaycan modelində tam aradan qaldırılmışdır. Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir vətəndaşın pulsuz icbari ümumi orta təhsil almaq hüququ təmin edilmişdir. Eyni zamanda, milli təhsilin alternativ əsaslar üzrə yüksəlişini təmin etmək, daha səviyyəli təhsil uğrunda rəqabətə nail olmaq məqsədilə bu sahədə özəl sektorun inkişafına da şərait yaradılmışdır.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 1998-ci il 30 martda imzaladığı sərəncam, həmçinin 1999-cu il 15 iyun tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" təhsil sahəsində islahatların uğurla həyata keçirilməsi, Azərbaycanda təhsil standartlarının yeni dövrün şərtlərinə uyğunlaşdırılması prosesinə böyük təkan vermişdir. Bu sənədlərdə irəli sürülən vəzifələrə uyğun olaraq milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir.

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün də möhkəm ideoloji zəmin yaratmışdır. Böyük strateq müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşamağa məcbur olmuş soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Ermənistanın getdikcə genişlənən işğalçılıq siyasəti, erməni lobbisinin beynəlxalq ictimaiyyəti riyakarlıqla çaşdırmaq cəhdləri Azərbaycanın bu sahədə ciddi addımlar atmasını zəruri edirdi. Bu səbəbdən də milli diasporun formalaşdırılması istiqamətində aparılan genişmiqyaslı iş Azərbaycanın xarici siyasət doktrinasının mühüm qoluna çevrilmişdi. Milli birliyin və həmrəyliyin qorunub-saxlanılması daim Heydər Əliyev siyasətinin də əsas qayəsini təşkil edirdi. 2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi olmuşdur.

Diaspor və lobbi quruculuğuna göstərilən xüsusi diqqət Heydər Əliyevin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Bu gün ulu öndəri haqlı olaraq Azərbaycan hüdudlarına sığmayan və daha geniş çoğrafi məkana rəhbərlik etməyə qadir olan siyasətçi də adlandırırlar. Bu, həqiqətən belə idi - Heydər Əliyev öz siyasətçi qüdrəti, xarizmatik liderlik keyfiyyətləri, yüksək idarəçilik qabiliyyəti, diplomatik məharəti ilə çoxdan Azərbaycan hüdudlarını adlamış, böyük siyasətə gəldiyi gündən dünya miqyasını əhatə etmişdi. Ümummilli liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi.

Dövlət başçısının "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında ulu öndərin milli diaspor quruculuğu sahəsindəki tarixi xidmətlərinə də diqqət yetirilir: "Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir".

Bütün bunların fonunda aydın görünən həqiqətlərdən biri də budur ki, Heydər Əliyev dühası dünya azərbaycanlılarının milli birliyinin yaranmasında da fövqəladə rol oynamışdır. Ümummilli liderin dövlətçilik konsepsiyasının strateji xəttini də məhz azərbaycançılıq ideyası təşkil edirdi. O, bütün dövrlərdə milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək və fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışır, xalqımızı da bu yöndə səfərbər edirdi. Heydər Əliyev idarəçilik fəlsəfəsinə görə, Azərbaycançılıq və ziyalılıq məhz bu istinad nöqtəsindən başlayır. Çünki milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması milli dövlətçilikdir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir.

Ümummilli lider xalqına rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçilik ənənələrinin bərpa edilməsində və milli ruhun yaşadılmasında bir ziyalı kimi hər bir alimdən, şairdən, elm xadimindən, yazıçıdan daha çox mübarizə aparmış, daha çox iş görmüşdür. Heydər Əliyev ana dilimizi xalqın ən böyük milli sərvəti hesab edirdi. Çıxışlarında daim vurğulayırdı ki, milli dövlət quruculuğunun çox mühüm şərtlərindən biri milli-ədəbi dilin zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur. 12 il əvvəl imzalanmış həmin fərmana əsasən, avqust ayının 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi geniş qeyd olunur. Məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçmişdir. Bu istiqamətdə atılmış vacib addımlardan biri də 2001-ci il 18 iyunda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir.

Anadan olmasının 90-cı ildönümünü böyük ehtiramla qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Hazırda yalnız onunla təsəlli tapırıq ki, bu uğur magistralında bizə ulu öndərin layiqli siyasi davamçısı - Prezident İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. 2003-cü ilin 31 oktyabrında "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı İlham Əliyev son 10 ildə Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirmişdir. Dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir. Milli maraqları və milli-mənəvi dəyərləri ümumbəşəri sərvətlərlə ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, siyasi proseslərə təmkinli münasibət, demokratiya prinsipləri, xüsusilə də insan hüquqlarına hədsiz diqqət, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar İlham Əliyevi xarakterizə edən yüksək keyfiyyətlərdir.

Azərbaycan Prezidentinin ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük entuiziazmla həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər. Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çətinlik və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq müəyyənləşdirməyə müvəffəq olmuşdur. Ölkə başçısının 2003-cü ilin 31 oktyabrında keçirilən andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" deməsi onun ulu öndər Heydər Əliyevin dövlətçilik irsinə necə sadiq olduğunu bir daha nümayiş etdirmişdir.

Müasir dünyada iqtisadi inkişaf potensialı hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış edir. Bu reallıqdan çıxış edən cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkənin və xalqın bütün problemlərinin, - sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək, - hər bir maneənin dəf edilməsinin ən optimal yolu məhz iqtisadi tərəqqidən keçir. Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Cənab İlham Əliyev ötən 10 ildə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.

Dövlət başçısı seçki ərəfəsində və ondan sonra verdiyi hər vədə sadiqlik nümayiş etdirərək ictimai həyatın müxtəlif sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılmasını - qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, iqtisadiyyatın tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atmışdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda böyük nüfuz sahibinə, lokomotiv dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyev respublikamızda qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. Beynəlxalq təcrübədən çıxış edən cənab İlham Əliyev məhkəmələrin, ümumilikdə, hüquq-mühafizə orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu dövlət təsisatlarına çevrilməsinə,  cəmiyyətdə yüksək etimad qazanmasına çalışır.

Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardır. Ötən 10 il müddətində cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini uğurla davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə zənginləşdirmişdir. İnsan hüquqlarının maksimal müdafiəsini nəzərdə tutan bu addımlar özündə həm də humanist dəyərləri, mütərəqqi prinsipləri ehtiva edir. Buna əyani misal kimi, cənab İlham Əliyevin ötən müddətdə 22 əfv fərmanı imzalamasını, 1400-dək məhkumu  əfv etməsini xüsusi xatırlatmaq lazımdır. Bu fərmanların hətta ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra məhkumlara də şamil olunması Azərbaycanda kifayət qədər oturuşmuş və demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir.

Dövlət başçısının ötən 10 illik fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir.

Ümumilikdə, Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olduğunu sübuta yetirməklə yanaşı, böyük strateqin həyata keçməyən arzularını uğurla gerçəkləşdirir. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması sahəsində həyata keçirilən tədbirlər də xüsusi aktuallıq kəsb edir. Möhtərəm Prezident hələ 2004-cü il 10 mart tarixdə imzaladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi tədbirləri haqqında" fərmanla ulu öndərin adının əbədiləşdirilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, hələ 70-80-ci illərdə tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm tikililərə onun adı verilmişdir.

Həmin fərmanla yaradılması dəstəklənən Heydər Əliyev Fondu 2004-cü ildən millət və dövlət naminə həyata keçirdiyi analoqu olmayan çoxşaxəli fəaliyyəti ilə xalqımıza xas yüksək milli-mənəvi dəyərlərin, xeyirxahlıq ənənələrinin daşıyıcısına, milyonlarla insanın güvənc yerinə çevrilmişdir. Fond dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, fəaliyyəti sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Ən ümumi şəkildə demək olar ki, fond qısamüddətli fəaliyyəti dövründə ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı dərinləşdirməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nəcibliyə, insanpərvərliyə, humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti ictimai həyatın bütün sahələrində milli-mənəvi və intellektual tərəqqini təmin etməyə yönəlmişdir. Fondun uğurlarını təmin edən başlıca amillərdən biri də ictimai dəstəyə ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək dövlət səviyyəsində gerçəkləşdirilən layihələrə əlavə təkan verməsidir. Başqa sözlə, fondun mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdəki əzmkar fəaliyyəti həm də dövlətin bu sahələrin inkişafı naminə həyata keçirdiyi uğurlu layihələrə ictimai birliklərin, qeyri-dövlət təsisatlarının, biznes strukturlarının, ayrılıqda hər bir fərdin əməli dəstəyini təmin etmkədir. Fond bu mənada, həm də cəmiyyətin ən müxtəlif təbəqələrini milli məqsəd və ideallar uğrunda səfərbər edən, ümumi səyləri bir nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzdir.

Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. 2009-cu il 5 may tarixli sərəncamı ilə fondun prezidenti Mehriban Əliyevanı "Heydər Əliyev mükafatı"na layiq görən dövlət başçısı İlham Əliyev qurumun cəmiyyət və xalq naminə xidmətlərini yüksək dəyərləndirmişdir: "Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaqdır".

Əsası ulu öndər Heydər Əliyev tərəfindən  qoyulan, son 10 ildə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən humanizm siyasətinə Heydər Əliyev Fondu da layiqli töhfəsini verir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşən 2007-ci və 2009-cu illərdə gerçəkləşmiş amnistiya aktları cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur. Bu günlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın  Milli Məclis qarşısında üçüncü dəfə belə nəcib təşəbbüslə çıxış etməsi onun insan taleyinə necə böyük həssaslıqla yanaşmasının, mərhəmət və humanizminin təzahürüdür. İnsan amilinin yüksəlişinə xidmət edən bu və digər addımlar, Heydər Əliyev ideyalarına sədaqətin, habelə Prezident İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.

 

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin

Əmək və ekologiya

 hüququ kafedrasının müdiri,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 3 may.- S.5.