Sosial müdafiə və sosial təminatın gücləndirilməsi ulu öndər
Heydər Əliyev ideyalarının gerçəkliyidir
Dahi
şəxsiyyət, təkrarolunmaz idarəçiliyi ilə
seçilən müasir Azərbaycanın qurucusu ümummilli
lider Heydər Əliyev xalqımızın sosial müdafiəsi
və sosial təminatının təməlini XX əsrin
90-cı illərinin əvvəlindən başlayaraq qoyubdur.
Ölkəmizdə düzgün qurulan, möhkəm təmələ
əsaslanan daxili və xarici siyasətin nəticəsidir ki,
Azərbaycan qısa zaman kəsiyində sabitlik diyarı,
sosial-iqtisadi cəhətdən dinamik inkişaf edən, beynəlxalq
münasibətlərdə fəal iştirak edən ölkə
kimi tanındı və nüfuz sahibi oldu. 1994-cü il
sentyabrın 20-də "Əsrin kontraktı"nın
imzalanması bir daha Azərbaycanın nüfuzunun beynəlxalq
aləmdə yeri və rolunun yüksəkliyini təsdiqlədi.
Müasir
Azərbaycan dövlətinin memarı və qurucusu,
xalqının və dövlətinin müstəqilliyi,
inkişafı naminə böyük və əvəzedilməz
işlər görmüş, bununla da tarixi proseslərə təsir
göstərmiş, hər zaman qürur hissi ilə
xatırlayacağımız dahi şəxsiyyət Heydər Əliyev
xalqının və dövlətinin milli mənafeyini hər
şeydən uca tutan bir rəhbər idi. Bu gün ulu öndərin
ideyalarını uğurla həyata keçirən Azərbaycan
Prezidenti İlham Əliyev xalqımızı inamla gələcəyə
doğru aparır.
Hər
bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini
ifadə edən, real təminatlara söykənən iqtisadi
siyasətin həyata keçirilməsi davamlı tərəqqinin
vacib şərtlərindən biridir. İqtisadi inkişaf
prioritetlərinin düzgün müəyyənləşdirilməsi
ümumi məqsəd və strategiyanın
reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin
vacib amilinə çevrilir. Bu baxımdan, əminliklə qeyd
etmək olar ki, müstəqil Azərbaycanın son illərdə
əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə,
sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən
uğurlu islahatların nəticəsidir.
Bazar
münasibətlərinə söykənən liberal iqtisadi
sistemin qurulmasına, vətəndaşların iqtisadi
azadlığına, təşəbbüskarlığına
geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii
sərvətlərindən səmərəli istifadə edilməsinin,
respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin
və digər konseptual əhəmiyyətli tədbirlərin
nəticəsi olaraq son on ildə Azərbaycan iqtisadiyyatı
yeni keyfiyyət parametrləri ilə
sürətlə inkişaf edir.
Belə ki, son illər qəbul olunmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları (2004-2008-ci və 2009-2013-cü illər) ölkəmizin uğurlu inkişafı üçün vacib sənədlərə çevrilib. Prezident İlham Əliyev vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilib. Bu baxımdan qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın sıçrayışla tərəqqisini təmin etməklə yanaşı, insanların sosial həyatının daha da yaxşılaşdırılmasında, regionlarda quruculuq işlərinin sürətləndirilməsində, infrastrukturun müasirləşdirilməsində çox mühüm rol oynayıb.
Yoxsulluğun azaldılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində son illərdə aparılan mühüm tədbirlərin nəticəsi olaraq ölkədə yoxsulluq dərəcəsi 10 faizə enmiş, özəl sektorun xüsusi çəkisi artmışdır ki, bu da əhalinin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin təzahürü kimi qiymətləndirilir.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin siyasi arenadakı nüfuzu daha sürətlə artır. Dünyanın elə bir mötəbər tribunası yoxdur ki, oradan rəsmi Bakının bəyanatları səslənməsin. Dünyanın aparıcı beynəlxalq təşkilatları və tanınmış siyasətçilər Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər. Azərbaycanda həyata keçirilən düşünülmüş çevik makroiqtisadi siyasət nəticəsində son illərdə qiymətlərin sabitliyi qorunmuş, inflyasiya bir rəqəmli səviyyədə olmuş, bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin edilmişdir. Qeyri-neft sektorunun iqtisadi artımının, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyinə çevrilməsi iqtisadi strategiyanın başlıca prioriteti hesab edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son onillikdə əldə olunmuş nailiyyətlər təsdiq edir ki, ölkəmiz yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. "Elm və texnologiyalar əsri" adlandırılan XXI əsrdə hər bir dövlət yüksək texnologiyaların qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini də çox gözəl anlayır.
Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkənin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Heç də təsadüfi deyil ki, dünya dövlətlərinin iqtisadi üstünlüyü məhz texnologiyalara yiyələnməyə, onların mənimsəmə gücünə əsaslanır. Bu baxımdan, makro və mikroiqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya texnologiyalarının tutduğu yer və onun inkişafı durur. Bu reallıqları əsas tutaraq Prezident İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında "İnformasiya-Kommunikasiya Texnologiyaları İli" elan edib.
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafını təzahür
edən makroiqtisadi göstəricilər hər il artımla
müşahidə olunur. Belə ki, ölkənin
inkişafını xarakterizə edən əsas makroiqtisadi
göstərici - ümumi daxili məhsul istehsalı (ÜDM) -
2010-cu ildə 52,9 milyard, 2011-ci ildə 64,8 milyard və 2012-ci
ildə 69,0 milyard ABŞ dollarına çatmışdır.
Ümumi daxili məhsulun 50 faizdən artıq sənaye sahələrində,
5,2 faizi kənd təsərrüfatı, 9,2 faizi tikinti
kompleksində, 8,4 faizi ticarət və pullu xidmət sahələrində,
5,5 faizi nəqliyyatda, 1,7 faizi rabitədə, 13,8 faizi digər
xidmətlər və sosial sahələrdə
yaradılmışdır. 2010-cu ildə əhalinin sayına
görə hər nəfərə 5900 ABŞ dolları,
2011-ci ildə 7112,2 ABŞ dolları, 2012-ci ildə 7490,5
ABŞ dolları məbləğində ÜDM istehsal
olunmuşdur. Son 3 ildə əhalinin orta aylıq əməkhaqqı
artaraq 2010-cu ildə 422 ABŞ dolları, 2011-ci ildə 465
ABŞ dolları olmaqla 2012-ci ildə iqtisadiyyatın
ayrı-ayrı sahələrində işləyənlərin
orta aylıq əməkhaqqı daha yüksək olmuş və
sənayedə 760 ABŞ dolları, informasiya və rabitə
sahəsində 790 ABŞ dolları təşkil etmişdir.
Statistik
göstəricilərə diqqət yetirməklə belə
bir qənaətə gəlmək olar ki, əhalinin sosial
müdafiəsi və sosial təminatı istiqamətində
aparılan məqsədyönlü tədbirlərin nəticəsi
olaraq milli iqtisadiyyatın müxtəlif sferalarında
çalışan işçilərin orta aylıq əməkhaqqı
ilbəil artımla müşahidə olunur. 2000-ci illə
müqayisə etsək görərik ki, bu dövrdə orta
aylıq nominal əməkhaqqı 49,5 ABŞ dolları məbləğində
olmuşdur. Əhalinin gəlirləri 2011-ci illə müqayisədə
2012-ci ildə 13,8 faiz artaraq 44,2 milyard dollara, adambaşına
düşən məbləği isə 12,2 faiz artaraq 4820,8
ABŞ dollarına çatmışdır. Ümumi daxili məhsulun
istehsalında özəl sektorun payı 85 faizi
ötmüşdür. Bununla yanaşı, ümumi daxili məhsulun
tərkibində büdcədaxilolmaları və xərcləri
beynəlxalq normaya uyğunlaşaraq 30 faizi ötüb
keçmişdir.
Belə ki, əgər 2010-cu ildə dövlətin büdcə gəlirləri 11,4 milyard manat təşkil edirdisə, bu göstərici 2011-ci ildə 15,7 milyard manat, 2012-ci ildə 17,2 milyard manat məbləğində faktiki icra olunmuşdur. 2013-cü il üçün "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 19,16 milyard manat məbləğində büdcədaxilolmaları proqnozlaşdırılmışdır. Büdcə xərclərinin 50 faizə yaxını milli iqtisadiyyatın inkişafına, 1,1 faizi təhsilə, 11,5 faizi isə əhalinin sosial müdafiəsi və sosial təminatına yönəlmişdir.
Azərbaycanın
bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə
deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə
bütün sahələrdə dünyanın qabaqcıl
ölkələrindən birinə çevriləcəkdir. Son
10 ilin uğurlu, dinamik inkişaf göstəriciləri cəmiyyətdə
qəti olaraq belə bir rəy
formalaşdırmışdır ki, ulu öndər Heydər Əliyevin
ideyalarını müvəffəqiyyətlə həyata
keçirən Prezident İlham Əliyev alternativsiz liderdir.
Arzu İSGƏNDƏROV,
Milli Məclisin Sosial
siyasət
komitəsinin eksperti
Azərbaycan.-2013.- 3 may.- S.6.