Azərbaycan gəncliyi Heydər Əliyev məfkurəsinə sadiqdir

 

Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektualkreativ qüvvəyə, sosiumun aparıcı üzvlərinə çevrilməsindən asılıdır.

Çünki gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Bu mənada,  müasir Azərbaycan dövlətinin gələcəyi işıqlıdır və zəmanətlidir. Ona görə ki, bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edirbu sahədə praqmatik siyasət yürüdülür.

Təəssüf hissi ilə demək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, reketçiliklə məşğul olan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri hərbi-siyasi oyunların alətinə çevirirdi. Gənclər təhsildən, elmdən kənarlaşdırılırdı, submədəniyyətlərin daşıyıcısına yönəldilir və cəmiyyət üçün yararlı deyil, əksinə, təhlükəli qüvvəyə çevrilirdi. Bu gün gəncləri radikallığa və özbaşınalığa səsləyən dağıdıcı müxalifət nümayəndələri 1992-ci ildə hakimiyyətdə olduqları vaxtda onlara olan münasibətlərini yenidən təkrarlayırlar. Məhz AXC-Müsavat dövlətçiliyin qorunması və torpaqlarımızın Ermənistan işğalından azad edilməsi istiqamətində döyüşlərə atılan gəncləri siyasi oyunların alətinə çevirməklə Bakıda qardaş qanı tökməyə yönləndirirdi. Bu isə Azərbaycanın perspektivini sual altına alırdı və dövlətçiliyi məhvə doğru aparırdı.

Azərbaycan xalqı böyük təhlükələri vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də xilas etdi. Dahi rəhbər gənclərin enerjisini, həvəsini və gücünü görərək onları Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsi yönünə istiqamətləndirdi.

Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən gənclərlə işə böyük diqqət ayırmışdı. Yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərmişdi. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayırlar.

Elə ikinci dəfə hakimiyyətə gələndən sonra da dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan dərhal sonra gənclərin sosimun inkişafında rolunu artırmaq, paytaxtregionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional islahatlara start verdi. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" deyən ümummilli lider 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.

Gənclərə etibar edən ulu öndər onlarla mütəmadi görüşlər keçirir, düşüncələrini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Gənclərlə ünsiyyətin qurulması üçün ilk dəfə umummilli lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və 1996-cı ildən başlayaraq bu forumlar keçirildi.

I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı artdı. 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi. İki il sonra isə keçirilmiş gənclərin II forumu, həmçinin imzalanmış "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadis. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu", "Gənclər siyasəti haqqında" proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi. Verilmiş qərarlar isə gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaratdı.

Görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşdılar. Sözügedən proses çərçivəsində müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlayan gənclərin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - deyən Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. "Neft gəlirlərini insan kapitalına" çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. 2007-ci il ölkədə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.

Azərbaycanın birinci xanımı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın da gənclərə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz birinci xanımın sədrliyi ilə Bakıda "Gənclərin məşğulluq sammiti"nin keçirilməsi həmin diqqətin əyani təsdiqidir.

Təkzibolunmaz faktdır ki, gənclərimizin həm Azərbaycanda, həm də xaricdə dəstəklənməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xüsusi rolu var. Elə "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı" çoxşaxəli fəaliyyəti ilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri fəal sosial təbəqə kimi demokratikləşmə prosesində yaxından iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesinə layiqli töhfə verirlər.

Eyni fikirləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclərinə də aid etmək olar. YAP-ın sıralarında yer alan bütün gənclər əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, antiazərbaycançı şəbəkələrin dəstəyi ilə ölkədə sabitliyi pozmağa cəhd göstərən ifrat radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.

 

 

Ramil VƏLİBƏYOV,

YAP Nizami rayon təşkilatı

aparatının rəhbəri

 

Azərbaycan.-2013.- 3 may.- S.6.