Azərbaycanın uğurlu gələcəyi Heydər Əliyev siyasi kursu ilə bağlıdır

 

Müstəqil Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Son illər həyata keçirilən gənclər siyasəti, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün yaradılan sosial-iqtisadi, təşkilati-hüquqi şərait onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb və bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradacaqdır.

Bu gün Azərbaycana ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev həm də dünya azərbaycanlılarının lideridir. O, dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan cənab İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Dövlət başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda milli maraqları dönmədən uğurla müdafiə edir. Cənab  İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu getdikcə artır.

Azərbaycan öz əlverişli coğrafi mövqeyinə görə bütün sahələrdə inkişaf etmək və qlobal informasiya sistemi yaradılması istiqamətində irəliləyişi təmin etmək üçün böyük imkanlara malikdir. Azərbaycan həm də daha yüksək tərəqqi baxımından böyük potensialını üzə çıxarmaq üçün güclü investisiyalar tələb edən, təbii sərvətlərlə zəngin məkan kimi maraq doğuran və regionda xüsusi əhəmiyyət kəsb edən bir ölkədir. Onun müasir dövrdəki bu durumu Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Azərbaycanın BMT-nin Təhlükəsizlik  Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, beynəlxalq əhəmiyyətli qərarlara imza atması, dünyada aparıcı dövlətlərlə yanaşı, söz sahibinə çevrilməsi Prezident İlham Əliyev siyasətinin təntənəsidir. Bütün bunlar Prezident İlham Əliyevin timsalında inanılmış, sınaqlardan çıxmış siyasi kursun ardıcıllıqla və qətiyyətlə davam etdirilməsinin nələrə qadir olduğunun, ölkəmizi hansı səviyyəyə gətirib çatdıra biləcəyinin gerçək təzahürləridir. Bu gün paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan bölgələrinin də böyük sürətlə və hərtərəfli inkişaf etdirilməsi hərəkatının başında Prezident İlham Əliyev dayanır. Bu mənada, o, yeni Azərbaycan adlı möhtəşəm əsərin yaradıcısıdır. Bunu tək biz yox, dünya deyir. Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalının Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan etməsi də fikrimizi  təsdiq edir.

Prezident İlham Əliyev "İlin adamı" mükafatına Azərbaycanın son beş ildə dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.

Hər dövrün öz tələbi var. Günbəgün müasirləşən dünyada zamanın nəbzini tutmaq dövlət rəhbərləri üçün ən vacib şərtlərdən hesab olunur. Bu bacarığına görə də cənab İlham Əliyev dünya siyasətçiləri arasında fərqlənir. Onun rəhbərliyi ilə son illər beynəlxalq əhəmiyyətli nəhəng iqtisadi layihələr həyata keçirilib. Bu layihələr Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmış, dünyada söz sahibinə çevirmiş, etibarlı tərəfdaş, təhlükəsiz ölkə kimi tanıtmışdır. Azərbaycan dünyada müstəqil siyasət yeritməklə öz mövqeyini daha da möhkəmləndirmişdir.

Bütün bunlar Prezident İlham Əliyevin böyük siyasətçi olduğunun, xalqa, dövlətə sədaqətlə xidmət etdiyinin bariz nümunəsidir.

Prezident İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Cənab İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. "Gələcəyə Baxış" İctimai Birliyi olaraq biz buna əminik. Bilirik ki, Azərbaycanın uğurlu gələcəyi məhz İlham Əliyevin adı ilə bağlıdır. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan siyasi mühitində ölkə başçısına alternativ ola biləcək ikinci bir güclü siyasətçi, siyasi lider, rəqib namizəd yoxdur. Biz "Gələcəyə Baxış" İctimai Birliyi adından bütün azərbaycanlılara müraciət edərək deyirik: "Cənab İlham Əliyev Azərbaycan Respublikasının gələcəyidir, gəlin onun ətrafında sıx birləşək!"

 

 

Aqil ACALOV,

"Gələcəyə Baxış" İctimai

Birliyinin həmsədri

 

Azərbaycan.-2013.- 3 may.- S.6.