Azərbaycan Tibb Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

 

Mayın 2-də Azərbaycan Tibb Universitetində (ATU) xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.

Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırlatmışdır.

Rektor bildirmişdir ki, adı tarixdə əbədiləşən dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonra iki dəfə ATU-da olması, müəllim və tələbələr qarşısında proqram xarakterli çıxışı və gələcək həkimlərə dəyərli məsləhətlər verməsi universitetin tarixində silinməz izlər qoymuşdur.

Ə.Əmiraslanov diqqətə çatdırmışdır ki, ulu öndərin səyi nəticəsində 1998-ci ildə ATU-nun 11 mərtəbəli yeni tədris binası tikilib istifadəyə verilmişdir. Azərbaycanda səhiyyənin inkişafı, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və ölkəmizdə tibb kadrlarının hazırlanması məhz ulu öndərin adı ilə bağlıdır.

ATU-nun stomatolojionkoloji klinikalarının ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran rektor vurğulamışdır ki, onun layiqli davamçısı Prezident İlham Əliyevin dəstəyi ilə inşa olunmuş universitetin çoxprofilli terapevtik klinikası ən müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.

Ulu öndərin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Ə.Əmiraslanov bildirmişdir ki, artıq universitetin cərrahiyyə klinikasının tikintisi başa çatmaq üzrədir.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Azərbaycanın hər guşəsində, bütün idarə və müəssisələrdə, eləcə də azərbaycanlıların yaşadıqları xarici ölkələrdə böyük təntənə ilə qeyd olunmaqdadır. Bu tədbirlər tarixi şəxsiyyət olan Heydər Əliyevin misilsiz xidmətlərinə qədirbilən xalqımız tərəfindən verilən qiymətin, sonsuz ehtiramsevginin, inamın  təzahürüdür.

Ə.Əhmədov ümummilli lider Heydər Əliyevin respublikamıza  rəhbərlik etdiyi ilk dövrdə (1969-1983-cü illər) Azərbaycanın sürətli inkişaf və tərəqqi mərhələsi yaşadığını demişdir. Qeyd etmişdir ki, məhz o illərdə xalqımızın milli ruhu formalaşmış, özünü ifadə etmək qüdrəti yüksəlmişdir.

YAP sədrinin müavini vurğulamışdır ki, ulu öndər Heydər Əliyev özünün ardıcıl və məqsədyönlü dövlətçilik və siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətində silinməz izlər qoymuş tarixi şəxsiyyətdir.

Ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında müstəsna xidmətlərindən danışan Ə.Əhmədov demişdir ki, ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması, Azərbaycanın dinamik və sürətli iqtisadi inkişafını təmin edən neft strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olmuşdur. Azərbaycan bu gün onun qurduğu fundament üzərində sürətlə inkişaf edir. Bu günulu öndərin müəyyənləşdirdiyi siyasətə xalqın böyük etimadı vardır. Çünki bu siyasət vətənə və xalqa xidmət edir.

Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, elmə və təhsilə, xüsusilə səhiyyə sahəsinə göstərdiyi qayğıdan danışmışlar.

Çıxış edənlər ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və qədirbilən xalqımızın yaddaşında əbədi yaşadacaqdır.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.7.