Azərbaycanın dünya miqyasında
neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi
ulu öndər Heydər Əliyevin müdrik siyasəti,
dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində
mümkün olmuşdur
Mayın 2-də Sənaye və Energetika Nazirliyində ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafı" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, nazirliyin əməkdaşları tədbirdən əvvəl Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə çiçək dəstələri düzülmüşdür.
Nazir Natiq Əliyev konfransda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli Sərəncamı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunduğunu bildirmişdir.
Nazir qeyd etmişdir ki, Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə əməkdaşlığı, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun yaranması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə bildirmişdir ki, müstəqilliyimizin ilk illərində, ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyət sabitləşdirilmiş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artmışdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin qayıdışından sonra ölkəmizin davamlı iqtisadi inkişafı təmin edilmiş, bütün sahələrdə müsbət dəyişikliklər baş vermiş, iqtisadi inkişafın Azərbaycan modeli yaradılmışdır.
Vurğulanmışdır ki, dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadi strategiyanın töhfələridir.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçmişdir. Ölkəmiz dinamik iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyir.
Milli
Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Parlament Məclisində Azərbaycan
nümayəndə heyətinin rəhbəri Asəf
Hacıyev xalqımızın dünyaya bəxş etdiyi
böyük vətəndaş, müdrik siyasi xadim Heydər Əliyevin
milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində
və inkişafındakı misilsiz rolunu qeyd etmişdir. Bildirilmişdir
ki, müasir tariximizin ən çətin mərhələsində
xalqın çağırışı ilə ikinci dəfə
hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev
dünyanın aparıcı dövlətləri, nüfuzlu
beynəlxalq təşkilatları ilə əlaqələrimizi
Azərbaycan xalqının milli mənafelərinin təmin
olunması prinsipləri üzərində qurmuş, ölkəmizin
xarici siyasətini bu istiqamətdə uğurla inkişaf
etdirmişdir. Bir sıra əhəmiyyətli layihələrin
reallaşdırılmasında mühüm rol oynayan ölkəmiz
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli, dövlətimizin ərazi
bütövlüyünün bərpası, strateji müttəfiqlərin
qazanılması, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
diplomatik səylərini gücləndirmişdir.
Azərbaycan.-2013.- 3 may.- S.7.