Azərbaycan Texniki Universitetində tələbələrin elmi-texniki konfransı işə başlamışdır

 

Mayın 2-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin 56-cı elmi-texniki konfransı işə başlamışdır. AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin məqsədi müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələri müasir elmi yeniliklərlə, ulu öndərin təhsil və elm sahəsində xidmətləri ilə tanış etməkdir.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov  Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən rektor ümummilli lider Heydər Əliyevin  Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğısını xüsusi vurğulamış, ulu öndərin "Dövlət gənclər siyasəti haqqında" 1999-cu il 29 iyul tarixli fərmanının əhəmiyyətindən söz açmışdır.

H.Məmmədov vurğulamışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti  hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aydındır ki,  dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayı ildən-ilə artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. 

Bildirilmişdir ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində  fəallığı ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, biznes strukturlarında və digər sahələrdə layiqincə təmsil olunur, cəmiyyətin inkişafına  töhfələrini verirlər. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılmışdır.

Rektor bildirmişdir ki, müstəqilliyimizin əbədi olması, torpaqlarımızın azad edilməsi  sahəsində gənclərimizin üzərinə böyük vəzifələr düşür.  Gənclərimiz təhsildə müvəffəqiyyət  qazanmaqla yanaşı, vətənin layiqli övladları kimi yetişməlidirlər. Çünki Azərbaycanın uğurlu gələcəyi  bugünün  tələbə gənclərindən asılıdır. Xaricdə təhsil almaq üçün yaxşı biliklə yanaşı, dil öyrənməyin vacibliyi də vurğulanmışdır.

Plenar iclasda tələbələr ulu öndərə həsr olunmuş məruzələrlə çıxış etmiş, ədəbi-bədii kompozisiya göstərmiş, dünyanın tanınmış siyasi liderlərinin, din xadimlərinin ümummilli lider Heydər Əliyev haqqında fikirlərini ingilis dilində səsləndirmişlər.

Sonra konfrans işini 11 bölmədə - "Avtomatika və kompyuter texnikası", "Nəqliyyat", "Elektrotexnika və energetika", "Metallurgiya", "Maşınqayırma", "Radiotexnika və rabitə", "Texnoloji maşınlar", "Mühəndis biznesi və menecment", "Təbiət və fundamental elmlər", "Humanitar elmlər", "Dillər" bölmələrində davam etdirmişdir.

Bölmə iclaslarında "Heydər Əliyev və azərbaycançılıq ideologiyası", "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur", "Heydər Əliyev və Azərbaycan təhsili", "Heydər Əliyev və gənclərin vətənpərvərlik tərbiyəsi", "Heydər Əliyev və müasir  Azərbaycan elmi" və digər mövzularda məruzələr dinlənilərək müzakirə olunmuşdur.

Elmi-texniki konfrans mayın 4-dək davam edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.7.