«Heydər Əliyev strategiyasının təntənəsi: firavan gələcəyə doğru» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Mayın 2-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)  ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev strategiyasının təntənəsi: firavan gələcəyə doğru" mövzusunda elmi-praktik konfrans  keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı önünə güllər düzülmüşdür.

Konfransda ADİU-nun rektoru, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev dünya şöhrətli siyasətçi, görkəmli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ulu öndər ötən əsrin 70-80-ci illərində və müstəqillik dövründə Azərbaycan  dövlətçiliyinin formalaşmasında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, iqtisadi inkişafında əvəzolunmaz xidmətlər göstərmişdir.

Rektor diqqətə çatdırmışdır ki, keçmiş SSRİ-də müxtəlif vəzifələrdə çalışdığı zaman dahi şəxsiyyətin Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü işlər əvəzsizdir və xalqımız bunu heç zaman unutmayacaqdır.

Milli Məclisin deputatları Hadi Rəcəbli, Fəzail İbrahimli, Elton Məmmədov və Zahid Oruc Azərbaycan dövlətinin banisi, görkəmli siyasi xadim Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sahələrdə mühüm islahatların həyata keçirilməsi, iqtisadiyyatın, regionların və sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətlərini xüsusi qeyd etmişlər.

Konfransda universitet müəllimlərinin "Heydər Əliyevin sülh strategiyası", "Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi", "Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasları", "Heydər Əliyevin neft strategiyası: sosial-iqtisadi nəticələr" və "Azərbaycanda ali təhsilin idarə edilməsi: müasir vəziyyət və perspektivlər" mövzusunda məruzələri dinlənilmişdir.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.7.