Heydər Əliyev xalqımızın
yaddaşına əbədi
həkk olunmuş dahi şəxsiyyətdir
Dünən Beynəlxalq Muğam Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Səbail rayonu rəhbərlərinin, idarə, təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis deputatlarının, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ulu öndərin əziz xatirəsi yad edildi.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. XX əsr bəşəriyyətə çox görkəmli elm adamları, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, bacarıqlı dövlət xadimləri bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır.
A.Əsgərov bildirdi ki, Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınmış və sağlığında tarixə düşmüş böyük şəxsiyyətdir. Azərbaycanın tarixi inkişafının son illərində yaşadığı hadisələr, qarşılaşdığı olaylar Heydər Əliyev fenomeninin, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli və vacib olduğunu əyani şəkildə göstərmişdir. Taleyin hökmü ilə iki dəfə hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevə məxsusdur" deyən A.Əsgərov əlavə etdi ki, Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, ulu öndərin qətiyyəti sayəsində müstəqilliyi möhkəmlənən dövlətimiz uğurla inkişaf edir və qüdrətli dövlətə çevrilir.
Dahi rəhbər vaxtilə demişdi: "Nə qədər ki Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda əbədi olacağam". O, doğrudan da həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər guşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir.
Tədbirin bədii hissəsində xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova muğam dəstlərini, gənc və istedadlı müğənni Ramin Qasımov, əməkdar artist Fərid Əliyev, V.Mustafazadə adına "Sevil" ansamblı, C.Cahangirov adına xorun üzvləri ulu öndərin ən çox sevdiyi mahnıları oxudular. Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova "Leyli və Məcnun" operasından parçanı, xalq artisti Brilliant Dadaşova ulu öndərə həsr olunmuş mahnıları ifa etdilər.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 3 may.- S.7.