General Uilyam Freyzer: Mən Azərbaycanda aviasiyanın
inkişafının şahidi oldum
Azərbaycanda
səfərdə olan Amerika Birləşmiş Ştatları
(ABŞ) Nəqliyyat Komandanlığının komandanı,
general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə
heyəti mayın 2-də Milli Aviasiya Akademiyasında
olmuşdur.
AzərTAc
xəbər verir ki, ABŞ Nəqliyyat
Komandanlığının komandanı Uilyam Freyzerin
başçılıq etdiyi nümayəndə heyəti,
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev,
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov
və Birləşmiş Ştatların ölkəmizdəki
səfiri Riçard Morninqstar ulu öndər Heydər Əliyevin
akademiyadakı büstü önünə gül dəstələri
qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Qonaqların
Milli Aviasiya Akademiyası ilə tanışlığı
Hesablama Mərkəzindən başlamışdır.
Bildirilmişdir ki, tələbələrin imtahanı mərkəzləşdirilmiş
şəkildə test üsulu ilə aparılır. Bununla da
obyektiv qiymətləndirilmə təmin edilir.
Nümayəndə
heyəti akademiyanın nəzdində fəaliyyət göstərən
Azərbaycan Mülki Aviasiya Muzeyində də olmuşlar. Diqqətə
çatdırılmışdır ki, bu muzeyin
yaradılmasını ulu öndər Heydər Əliyev
tövsiyə etmişdir.
General
Uilyam Freyzer muzeyin xatirə kitabına ürək sözlərini
yazmışdır.
Məlumat
verilmişdir ki, akademiyada 60 minə yaxın ədəbiyyatın
olduğu kitabxana da tələbə və müəllimlərin
ixtiyarındadır.
Amerikalı
qonaqlar trenajor mərkəzi ilə də tanış
olmuşlar. Həm yerli, həm də xarici uçuş heyətlərinin
hazırlanmasının həyata keçirildiyi bu mərkəzdə
"Aerobus-320", "Boeing-757" və "Boeing-767",
"ATR-72" və "Mi-171" helikopteri olan
trenajorları yerləşdirilmişdir. Gün ərzində
hər bir trenajorda 5 heyətin hazırlanması
mümkündür.
Akademiyadakı
di-brifinq otağı ilə də maraqlanan qonaqlara
uçuşun parametrlərinə nəzarət edən sistem
haqqında, eləcə də burada tədris prosesi barədə
məlumat verilmişdir.
Sonra
tələbələrlə görüş
keçirilmişdir.
Rektor,
akademik Arif Paşayev bildirmişdir ki, qonaqlar akademiya ilə
tanışlıqdan aldığı təəssüratlarını
gənclərlə bölüşmək arzusundadırlar.
General
Uilyam Freyzer Azərbaycanda aviasiyanın inkişafının
şahidi olduğunu söylədi. O, Azərbaycanın
ABŞ-a və beynəlxalq ictimaiyyətə, xüsusən
Birləşmiş Ştatların Nəqliyyat
Komandanlığına verdiyi dəstəyə görə təşəkkürünü
bildirdi. "Siz əsl dostsunuz və biz
gördüyünüz işləri yüksək qiymətləndiririk",
- deyən qonaq Azərbaycanı Birləşmiş
Ştatların güclü və dəyərli tərəfdaşı
adlandırdı.
Əlaqələrin demokratik inkişafa dəstək, təhlükəsizlik, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq üzərində qurulduğunu deyən general, aviasiya sənayesində təhlükəsizliyi təmin etmək üçün ünsiyyət, rabitə qapılarının açıq saxlanılmasının vacibliyini diqqətə çatdırdı.
"1938-ci
il iyunun 2-də yaradılan Azərbaycanın ilk aviasiya qrupunun
75-ci ildönümünü birgə qeyd etməkdən şərəf
və iftixar duyuram", - deyən Uilyam Freyzer bu gün
mülki aviasiyanın Azərbaycanda inkişaf edən sahə
olduğunu, son illərdə ölkəmizdə yeni beynəlxalq
hava limanlarının tikildiyini, yeni təyyarələrin
alındığını vurğuladı. Qonaq qeyd etdi ki,
Bakıya gələndə Heydər Əliyev Beynəlxalq
Aeroportunda yeni terminalın tikilməsinin şahidi olmuşdur və
buradakı inkişaf onu valeh etmişdir. O əminliklə
söyləmişdir ki, bugünkü tələbələr
Azərbaycanın yeni tarixinə şərəfli səhifələr
yazacaqlar.
Azərbaycan.-2013.- 3 may.- S.8.