AzərTAc Azərbaycan həqiqətlərini
dünyaya tanıdır
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ölkəmizin xaricdə daha geniş şəkildə tanıdılması üçün daha bir layihəni reallaşdırdı. Bu dəfə agentlik Finlandiya-Azərbaycan Assosiasiyası ilə birgə Helsinkidə geniş tədbirlər həyata keçirdi.
Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin dekabrında AzərTAc Azərbaycan-İsveç Federasiyası ilə birgə Stokholmda respublikamızın mədəniyyəti, tarixi, incəsənəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitabların sərgisini təşkil etmişdi. Bu kitablar Stokholm Mərkəzi Kitabxanasına təqdim edilmişdi. O zaman həyata keçirilən tədbirlər, görüşlər həm Azərbaycan, həm də İsveç mətbuatında geniş işıqlandırılmışdı.
Bu dəfə isə Finlandiyada keçirilmiş tədbirlər öz əhəmiyyəti və miqyası ilə yadda qaldı. AzərTAc və Finlandiya-Azərbaycan Assosiasiyası Helsinkidə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil etdilər. Tədbirə Finlandiyada yaşayan azərbaycanlılar, türklər, həmçinin finlər qatılmışdılar. Çıxış edənlər Zərifə xanım Əliyevanın həyatından, onun alim kimi fəaliyyətindən danışdılar. AzərTAc-ın onun haqqında hazırladığı videoçarx isə bu insanın həyatına marağı daha da artırdı. Tədbirdən sonra finlərin Zərifə xanım haqqında çoxlu suallar verməsi də bunu sübut edirdi. Bu həm də finlərin Azərbaycana, ölkəmizin tanınmış şəxsiyyətlərinə olan marağından qaynaqlanırdı.
Tədbirdən sonra iştirakçılar AzərTAc-ın fotolarından ibarət sərgi və Bakıdan gətirilmiş kitablarla tanış oldular. Fotolarda və kitablarda müasir Bakı, İçərişəhər, regionlarımızın təbiət mənzərələri, tarixi abidələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında məlumatlar əks olunmuşdu.
Bir çox digər Avropa ölkələri ilə müqayisədə Finlandiyada azərbaycanlıların sayı elə də çox deyil. Buna baxmayaraq, soydaşlarımız vətənləri ilə bağlı bütün əlamətdar hadisələri qeyd edir, finləri ölkəmizin reallıqları haqqında məlumatlandırırlar. Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlının sözlərinə görə, təşkilat Azərbaycanın Finlandiyada tanıdılması üçün indiyədək bir çox tədbirlər həyata keçirmişdir: "Assosiasiya mütəmadi olaraq Azərbaycanın milli bayramları ilə bağlı tədbirlər təşkil edir, Xocalı soyqırımı, Qarabağ həqiqətləri haqqında məlumatlar yayır. Finlandiya qanunları milli azlıqlara öz mədəniyyətlərini yaymağa, tədbirlər keçirməyə şərait yaradır. Biz də ölkəmizlə bağlı həm burada yaşayan azərbaycanlıların, həm də finlərin iştirakı ilə müntəzəm tədbirlər keçiririk".
Vasif Muradlı qeyd etdi ki, indiki dövrlə müqayisədə əvvəllər Finlandiya cəmiyyətində Azərbaycan haqqında bir o qədər geniş təsəvvür yox idi: "İlk dəfə biz Bakı haqqında şəkillər təqdim edəndə finlər deyirdilər ki, biz elə bilirdik ki, Azərbaycan geridə qalmış müsəlman ölkəsidir. Amma indi görürük ki, sizin ölkə zəngin mədəniyyəti, tarixi, təbiəti olan diyardır".
Helsinkidə olduğumuz müddətdə Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eeri Lehti ilə də görüşdük. Deputatla görüşümüz elə parlamentin binasında baş tutdu. Azərbaycanla yaxından tanış olan bir fin kimi E.Lehti ölkəmizin getdikcə gücləndiyini və düzgün istiqamətdə inkişaf etdiyini dedi. Bizimlə söhbətində o, Azərbaycan həqiqətləri ilə bağlı Finlandiyada iş aparmağın vacibliyini də vurğuladı: "Finlandiya cəmiyyətini Azərbaycan haqqında məlumatlandırmaq lazımdır. Bunu media, parlament vasitəsilə etmək mümkündür".
Söhbət zamanı ötən ilin noyabrında Helsinki parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dinləmələrdən də danışdıq. E.Lehtinin sözlərinə görə, məhz bu cür müzakirələr Azərbaycan reallıqlarının Finlandiya cəmiyyətinə çatdırılmasında böyük rol oynayır.
Qarşılaşdığımız maraqlı məqamlardan biri də Finlandiya məktəblərində Azərbaycan dilinin tədris proqramlarına salınması oldu. Müqayisə üçün demək olar ki, İsveçdə Azərbaycan dili yalnız əsas dərslərdən kənar tədris oluna bilər. Milli azlıqların dili tədris proqramına daxil edilmir. Finlandiyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay artıq bir neçə ildir ki, Helsinki məktəblərində azərbaycanlı uşaqlara ana dili dərsi keçir. Onun sözlərinə görə, Azərbaycan dili elə uşaqların təhsil aldığı məktəblərdə tədris olunur: "Uşaqlar digər fənlərdən olduğu kimi Azərbaycan dilindən də imtahan olunurlar və onların qiymətləri ilin nəticələrində nəzərə alınır. Finlandiya qanunlarına görə, əgər məktəblərdə milli azlıqlar öz ana dillərini öyrənmək istəyirlərsə, məktəb rəhbərliyi buna mütləq şərait yaradır. Düzdür, qruplarda azərbaycanlı uşaqlar azdır və bu, ümumən Finlandiyada azərbaycanlıların az olması ilə bağlıdır, amma artıq ana dilimiz Helsinkinin bir neçə məktəbinin proqramına daxil edilib".
Arzu Oqtay Finlandiyada diplomların tanınması üzrə prosedurların da mürəkkəb olduğunu dedi. Onun sözlərinə görə, bu səbəbdən bir sıra ali təhsilli azərbaycanlı müəllimlər məktəblərdə işə düzəlməkdə çətinliklərlə üzləşirlər. "Diplomun tanınması prosesi bəzən bir ilə qədər vaxt aparır. Burada diplom tanınmadıqda məcburən yenidən ya kollec, ya da universitet təhsili almaq lazım gəlir. Bu isə yenidən bir neçə il vaxt aparır", - deyə o bildirdi.
Hər hansı ölkə haqqında məlumatların yayılmasında kitablar, disklər, məlumat-sorğu nəşrlərinin yayılması vacib amillərdən biridir. Belə vasitələr aktual və etibarlı mənbə kimi qəbul olunur. AzərTAc-ın reallaşdırdığı bu layihələrinin məqsədi də məhz belə kitablar, müxtəlif çap məhsulları vasitəsilə xarici ölkələrdə Azərbaycan haqqında məlumat bazası yaratmaqdır. Helsinkiyə apardığımız bu vasitələr həm Heydər Əliyev Fondunun, həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də AzərTAc-ın özünün çap etdirdiyi kitablar və disklərdən ibarət idi.
Finlandiyada həyata keçirilən tədbirlər çərçivəsində FAA ilə birlikdə Helsinki Mərkəzi Kitabxanasına Azərbaycanın mədəniyyəti, tarixi, musiqisi haqqında kitablar, albomlar təqdim etdik. Kitabxananın xarici dillərdə ədəbiyyat bölməsinin əməkdaşı Antti Makinen bu kitabların tezliklə fonda daxil ediləcəyini və kitab rəflərinə çıxarılacağını bildirdi. Fondda artıq Azərbaycan haqqında bir çox kitablar toplanıb. Bura ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan nağılları, Çingiz Abdullayevin və digər yazıçılarımızın müxtəlif dillərdə nəşr olunmuş əsərləri daxildir. Qeyd edək ki, Azərbaycan haqqında kitablara maraq az deyildir. Belə ki, biz kitabxanada olduğumuz zaman kataloqda adları olan bir sıra kitabları rəflərdə görmədik. Səbəbini soruşduqda isə bu kitabların oxucular tərəfindən götürüldüyü bildirildi. Əlbəttə, bu sahədə iş davam etdirilməlidir. Çünki Helsinki kitabxanasının qaydalarına görə, nəşrlər daim fondda qalmır, tələbat azaldıqca, onlar fonddan çıxarılır. Buna görə də belə kitabların daim rəflərdə olması üçün kitabxanaya yeni kitablar təqdim edilməlidir.
Əlbəttə, bu işdə qarşıya problemlər də çıxır. Məsələn, kitabxana əməkdaşı münaqişələr haqqında kitabların qəbul edilmədiyini bildirirdi. Lakin elektron kataloqda bir erməni müəllifin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşrinə rast gəldik. Səbəbini xəbər aldıqda isə suallarımıza dolğun cavab tapa bilmədik.
Hamıya məlumdur ki, işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi, erməni yalanlarının ifşası, Azərbaycan reallıqlarının dünyada təbliği istiqamətində son illər mühüm addımlar atılıb. Dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların adət-ənənələrimizin yaşadılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Qarabağ həqiqətlərinin, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər göstərir ki, qısa müddətdə bu sahədə uzun bir yol qət edilib. Bu sahədə əldə edilən uğurlar isə təbii ki, Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi sayəsində mümkün olub. Bizim üçün xoşdur ki, bu istiqamətdə görülən işlərdə agentliyimizin də xidmətləri kifayət qədərdir.
AzərTAc
bu layihələri həyata keçirməklə həm
ölkəmizin xaricdə tanıdılması işinə
töhfə verir, həm də öz resursları ilə bu
haqda informasiya yayımını təmin edir. Dövlət
siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanın
dünya ictimaiyyətinə daha yaxından
tanıdılmasıdır ki, agentlik bu işdə fəal
çalışır və bundan sonra da belə layihələrini
davam etdirəcəkdir.
Aygün HƏSƏNOVA,
Elşən
ŞAHBALAYEV
AzərTAc
Azərbaycan.-2013.- 3 may.- S.9.