Azərbaycanda mətbuata daim diqqət və qayğı göstərilir

 

Müdriklərimizdən qalan yadigar fikirlərdə göstərilir ki, sözün  dəyəri onun hikmətindədir. Söz yalnız firkin ifadəsi deyil, həm də, obrazlı şəkildə desək, duyğuların cilası, harmoniyasıdır. Söz səslərin incitək düzülüşü, "qatarıdır". Söz silahdır - kəsəri ilə. Söz həm də məlhəmdir. Kamil düşüncədən qaynaqlanan müdrik kəlamlar bəşəriyyəti fəlakətlərdən xilas etdiyi kimi, bəzən onu "zəhərlə sulanmış xəncər"ə də bənzədiblər. Ümumiyyətlə, azad söz ruhun ifadəsi, mətbuat isə dövrün aynası hesab edilirE

Mətbuatın keşməkeşli tarixində dövrlərin ictimai-siyasi, iqtisadi, həmçinin mədəni həyatı öz əksini tapır, bu baxımdan onun diqqət və qayğıya daim ehtiyacı olub. Əlbəttə, mətbuatın zaman-zaman üzləşdiyi çətinliklər, qarşılaşdığı problemlər   az olmayıb. Təbii ki, hər bir xalq öz milli-mənəvi dəyərlərinə sahiblik dərəcəsi ilə azaddır.  Sözün və mətbuatın azadlığını da şərtləndirən amillərdən ən vacibi siyasi müstəqillikdir.

Azərbaycan  milli mətbuatı da yarandığı vaxtdan dünyada gedən  ictimai-siyasi prosesləri izləməklə onlardan istifadə edərək xalqın taleyinə biganə qalmamış, azad  sözə və fikrə söykənərək, cəhaləti, xurafatı kəskin tənqid atəşinə tutaraq elmin nailiyyətlərinin təbliğini önə çəkməyi məqsəd və məramına çevirmişdir.  Ona görə də kütləvi informasiya vasitələri hər bir ölkədə ictimai fikri formalaşdıran institut hesab olunur.  KİV-lərin açıq, demokratik cəmiyyətdə böyük təsir gücünə malik olması danılmazdır.

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının məhdudlaşdırıldığı, hətta mətbuatın senzuraya məruz qaldığı  70 illik sovetlər dövründə  insan hüquqlarının daha tez-tez pozulması barədə məlumatlar kifayət qədərdir. Azad və açıq cəmiyyətdə isə tamamilə bunun əksinədir. Ona görə də son illər bir çox beynəlxalq təşkilatlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və onun demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul etdilər. Bununla əlaqədar BMT Baş Məclisi  3 may 1993-cü il tarixdə qərar qəbul etdi. Həmin qərara əsasən,  3 may  Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd edilir. Məhz həmin tarixdən azad, müstəqil milli mətbuatın yaranması və formalaşması üçün əhəmiyyət kəsb edən müəyyən proqram və layihələr həyata keçirilir.

Azərbaycanda milli mətbuatın yaranması 22 iyul 1875-ci il tarixdə "Əkinçi"nin   ilk sayının çapdan buraxılması ilə əlamətdardır. 138 ilə yaxın bir zaman məsafəsi keçərək formalaşan milli mətbuatımızın  tarixində daha bir əlamətdar  hadisə isə senzuranın buxovlarından azad edildiyi gündür. Ümummilli lider Heydər Əliyevin qətiyyəti  sayəsində 6 avqust 1998-ci il Azərbaycan mətbuatının tarixinə senzura nəzarətindən xilas olması, müstəqil, azad fəaliyyətə başlaması günü kimi yazıldı.

Demokratiyanın vacib amillərindən hesab edilən söz və mətbuat azadlığının inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin atdığı addımlar  bu gün də dövlət siyasətinin prioritetlərindən biri kimi diqqət mərkəzində saxlanır.  Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmaqda və  məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan milli mətbuatının formalaşmasının və beynəlxalq aləmə inteqrasiyasının vacibliyini xüsusi qeyd edərək ulu öndər Heydər Əliyev deyirdi: "Bunu dəfələrlə demişəm. Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın".

Ölkədə 4500-dən artıq müstəqil qəzet və jurnalın, informasiya agentliyinin, elektron KİV-in, jurnalist qurumlarının, eləcə də bu sahədə qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi demokratik mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Məhz bu baxımdan ümummilli lider Heydər Əliyevin milli mətbuatımız qarşısındakı xidmətləri ictimai-siyasi miqyasına, tarixi əhəmiyyətinə və mahiyyətinə görə olduqca böyükdür. Ölkədə azad və müstəqil mətbuatın inkişafı, jurnalistlərin hüquqlarının qorunması üçün köklü istlahatlar aparılıb, qanunlar qəbul edilib: "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir".

"Kütləvi informasiya vasitələri haqqında" qanunun qəbul olunması, Azərbaycan Mətbuat Şurasının yaradılması da adıçəkilən sahənin inkişafı üçün atılan mühüm addımlardan hesab olunur. KİV-lərin fəaliyyətində zərərli tendensiyaların qarşısının alınması üçün ictimai qınaq mexanizminin formalaşması isə, təbii ki, "reket", şantajçı jurnalistikanı tədricən məhdudlaşdırmağa başladı. İctimai rəyə təsir edən, ciddi, peşəkar jurnalistika ilə məşğul olan mətbuat orqanlarının sayı  kifayət qədər olmasa da, onların Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilməsi də mətbuatın inkişafına xidmət etdi.

Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə BMT-nin Baş katibi Pan Gi MunUNESCO-nun baş direktoru İrina Bokova ilə birgə müraciətində deyilir ki, ifadə azadlığı ən dəyərli insan hüquqlarından biridir. Bu hüquq bütün digər azadlıqların əsası olub, insan ləyaqətinin təməlini təşkil edir. Onun mövcudluğu üçün ən vacib amil azad, plüralist və müstəqil mediadır.

BMT və UNESCO bildirir ki, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya, ideyaları qəbul etmək və yaymağa icazə verir. Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 3 may.- S.10.