Səslər dünyası

 

Respublika Milli Arxiv İdarəsinin tərkibində 6 dövlət arxivi fəaliyyət göstərir. Bu il yaranmasının 45 ili tamam olan Dövlət Səs Yazıları Arxivi bu qurumun ən gənc üzvüdür. İlk dəfə belə bir arxiv 1967-ci ildə Rusiyada təşkil edilib. Bu arxivin özünəməxsusluğunu şərtləndirən əsas cəhət onun eksponatlarının qeyri-ənənəviliyi və tariximizi şifahi şəkildə qorumasıdır. Əslində, bütün arxivlər həmişə eyni məqsədə xidmət edib. Tarixi sənədlərin, stenoqramların, daş kitabələrin, qayaüstü təsvirlərin, əlyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların, kolleksiyaları... mühafizə etməklə gələcək nəslə çatdırmaq. Səs Yazıları Arxivinin qarşısında duran əsas məqsəd isə Vətənimizin ictimai-siyasi həyatını, tarixini, elm və mədəniyyətini özündə əks etdirən bədii və sənədli audio-videosənədləri, habelə dövlət siyasiictimai xadimlərinin çıxışlarının müxtəlif səs videodaşıyıcalırndan olan yazıları, müharibə və əmək veteranlarının, elm, incəsənət xadimlərinin, ölkəmizə gələn xarici qonaqların səs yazılarını toplayıb onların mühafizəsini təmin etməkdir.

Həqiqətən də bura səslər dünyasından ibarətdir. Mühafizəxanalara, otaqlarına nəzər yetirdikcə qədim qrammofon vallarının, karton qutularda səliqə ilə saxlanan fonosənədlərin, videoyazıların, qədim musiqi qutusu, patefon, qrammafon, əsrimizin son nailiyyətləri olan audio və videocihazların, bir sözlə, dünənlə bu günü qovuşduran bu ecazkar səs xəzinəsinin sehrinə düşürsən. Burada neçə-neçə görkəmli şəxsin səsi, nəfəsi yaşayır. İllərin uzaqlığını, sahiblərinin həyatda yoxluğunu unutduran bu səslər qarışıq dövrümüzün, dövlət çəkişmələrinin, maddi çətinliklərin vurduğu ağır zərbələrdən qorunub. Elm, incəsənət, siyasət, bir sözlə, nadir şəxsiyyətlər və tarixi hadisələr haqqında ən dolğun kitablardan, söylənilən ən gözəl xatirələrdən, hətta yaxşı qorunub saxlanılan fotoşəkillərdən daha təsirli, daha qiymətlidir bu fono və videosənədlər. Çünki bu səslərdə həmin insanlar, həmin tarixi anlar canlıdır.

Arxivin direktoru əməkdar mədəniyyət işçisi Həsənxan Mədətov bildirir ki, burada ən qədim sənət XIX əsrin ikinci yarısına aiddir. Bərk sıxılmış deşikli kartonda olan bu val "Herafon" adlı cihazda səsləndirilir. Valın kənarında rus dilində mürəkkəb Ştrausun "Qaraçı Baroni" və "Mazurka-polka" sözləri qeyd edilib. Bu sənətin qiyməti təkcə onun yaşında deyil, həmin yazı dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin dəst-xəttidir. Bu, böyük ədibin dünya mədəniyyəti ilə yaxından maraqlanmasına canlı sübutdur.

Arxiv əməkdaşlarının fədakarlığı sayəsində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammofon valları əldə edilib. Onlar ötən əsrin əvvəllərində dünyanın müxtəlif səsyazma şirkətləri tərəfindən istehsal edilib. Bu qrammofon vallarında Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Ələsgər Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Musa Şuşinski, Mirzə Güllər xanım və digər məşhur xanəndələrin, eləcə də Mirzə Fərəc, Qurban Pirimov, Mənsur Mənsurov, Cəmil Əmirov kimi tarzənlərin ifasında muğam, mahnı və el havaları əbədiləşib. Artıq sayı 1500-i keçmiş bu sənət inciləri arxivin "Qızıl Fondu"nun əsasını təşkil edir. Bu valların əksəriyyəti ötən əsrin əvvəllərində yazılıb.

Arxivin direktoru fondlarda saxlanılan maraqlı bir val haqqında danışır. Bəlli olur ki, həmin vala "Vağzalı" və "Mirzeyi" rəqs havaları yazılıb. 1910-cu ildə Varşavanın "Sport-rekord" səsyazma şirkətinin buraxdığı bu val bir daha sübut edir ki, hələ ötən əsrin əvvəllərində Avropa Azərbaycan musiqisinə böyük maraq göstərirmiş.

Bu qəribə məkanda saxlanılan qiymətli sənədlər arasında ümummilli lider Heydər Əliyevin həyatını, fəaliyyətini əks etdirən fono-videosənədlər tam toplanılaraq arxivin ən qiymətli fondunda mühafizə edilir. Bu incilərin səslənmə müddəti 700 saatdan artıqdır.

Bu il Milli Peşəkar Teatrın yaradılmasının 140 ili tamam olur. Elə sənətkarlarımız, teatr xadimlərimiz olub ki, onların fəaliyyətini əks etdirən lent yazısı əlimizdə yoxdur. Bir məsələyə sevinirik ki, məhz burada unudulmaz səhnə fədailərindən əksəriyyətinin səs videoyazılarını əks etdirən qiymətli incilərə rast gəlinir. Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Şövkət Məmmədova, Sidqi Ruhulla, Fatma Qədiri, Ülvi Rəcəb, Kazım Ziya daha neçə-neçə ölməz sənətkarlarımızın səs yadigarları var.

Mühafizə edilən səs və videoyazıları arasında Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Ağabacı Rzayevanın, Əfrasiyab Bədəlbəylinin... ifaçılardan Bülbülün, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Yavər Kələntərlinin, Fatma Mehrəliyevanın, Rübabə Muradovanınonlarla başqalarının canlı səslərini dinləyə bilərsən. Böyük sənətkarların həyat və yaradıcılıqlarından ibarət fono və videoyazıları isə xüsusi dəyərə malikdir.

Arxivin fondlarında mühafizə edilən "Ədəbiyyat" bölməsi daha zəngindir. Burada Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Mehdi Hüseyn, Əliağa Vahid, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Rəsul Rza, Nigar Rəfibəyli, Şəhriyar və başqalarının canlı səsi mühafizə edilir.

Arxivin rəhbəri bildirir ki, böyük türk şairi Nazim Hikmət 1960-cı ildə Cəfər Cabbarlının evində təşkil edilmiş xatirə gecəsində böyük nitq söyləyib. Onunla bərabər dövrün tanınmış ədəbiyyat və poeziya xadimləri də gecədə iştirak ediblər. O xatirə gecəsinin sonunda Naziim Hikmət "Ceviz ağacı", "Kərəm kimi" şeirlərini söyləyib. Bu lent yazısı da o böyük şəxsiyyətdən qalan qiymətli yadigardır. Vaxtilə bu görüşü unudulmaz yazıçımız Seyfəddin Dağlı lentə alaraq arxivə bağışlayıb.

Xalq musiqimizin ən yaxşı ifaçıları sayılan aşıq yaradıcılığına da arxivin fondlarında saxlanılan fonosənədlərdə rast gəlinir. İki mindən artıq eksponat fondun toxunulmaz əmlakına çevrilib. Ötən əsrin 30-cu illərində yaşamış el sənətkarlarının ifa etdikləri aşıq mahnıları, saz havalarının lent yazıları, qrammofon valları və videoyazılar qiymətli sənət inciləri sayılır. Bu möhtəşəm xəzinədə xalqımızın qəhrəmanlıq salnaməsi olan "Koroğlu" dastanının bütün qolları aşıqlarımızın ifasında bir neçə qrammofon vallarında əbədiləşib.

Mühafizə edilən eksponatların hər birinin özünəməxsus maraqlı cəhəti var. belə diqqətçəkən vallardan biri də 13 yaşlı aşıq Kazım Abdullayev  11 baharlı Allahverdi Əliyevin ifasında lentə alınmış mahnılardır. Uzun araşdırmadan sonra müəyyən edilib ki, onlar 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşo vaxt səsləri yazılmışdır. Həmin mədəniyyət hadisəsinin iştirakçısı olan digər nümayəndələrin də lent yazısı qorunur.

Fondlarda mühafizə edilən fonosənədlər arasında İkinci Dünya müharibəsi dövründə qələbəyə həsr olunmuş müxtəlif tədbirlərin audio və videoyazıları cəmlənib. Müharibədən sonrakı illərdə də bərpa işlərini, xalq təsərrüfatını, elmin, mədəniyyətin inkişafını əks etdirən videoyazılar da diqqət çəkir.

Səslər dünyasının könüloxşayan, qəlbsevindirən sədalarından biritürk dünyasının böyük oğlu Atatürklə əlaqədardır. Bu, "Atatürkün sevdiyi şərqilər" adlı səsli albomdur. Burada böyük qurucunun sevdiyi mahnılar yazılıb, albomun üzərində isə bu dahi sərkərdənin şəxsi qılıncı və onun üzərində göyərçin həkk olunub. Qəhrəmanlıq və sülh rəmzi daşıyan bu tərtibat fonoalboma xüsusi gözəllik verironu daha da əzəmətli edir. Arxivə qəbul edilən sənədlər arasında müxtəlif sənətkarların fonotekası da var.

Həsənxan Mədətov qürur və minnətdarlıqla söyləyir ki, Milli Arxiv İdarəsi tərəfindən bizə həmişə diqqət göstərilib. Məqsəd bu olub ki, mühafizə edilən sənədlər tamamilə rəqəmsal sistemə keçirilsin. 2008-ci ildə dövlət qayğısı və diqqətinin parlaq təcəssümünü əks etdirən bir hadisə bizi daha da çox sevindirdi. Ölkə Prezidenti İlham Əliyev arxiv işçilərinin daha səmərəli və məhsuldar çalışmaları üçün bu mötəbər səslər dünyası üçün çoxmərtəbəli və möhtəşəm bir binanın açılışını etdi. Artıq beş ildir ki, istər sənədlərin mühafizəsi, istərsə də əməkdaşların səmərəli fəaliyyəti üçün gözəl şərait yaradılıb. Əlbəttə, arxiv fondlarını yeni sənədlərlə zənginləşdirmək işin bir tərəfidir. Əsas və vacib məsələ onların mühafizəsini təmin etməkdir. Direktorun söylədiyinə görə, respublika arxiv sistemində ilk olaraq sənədlərin mühafizəsi yönündə bir sıra təxirəsalınmaz tədbirlər məhz burada başlanmışdı. 50 minə qədər fonosənədin və 20 mindən artıq videosüjetin xeyli hissəsi rəqəmsal formada CD və DVD disklərinə köçürülübbu müntəzəm olaraq davam etdirilir. Məqsəd yaxın bir neçə il ərzində tam elektron arxivin formalaşmasına nail olmaqdır.

Milli sərvətimizin  qorunması və mühafizəsi məqsədilə yaradılan Dövlət Səs Yazıları Arxivi, doğrudan da, bir səslər dünyasıdır. "Gedən nəfəs, qalan səsdir" deyimi burada daha çox yada düşür və bu səslərin ahəngi bizi əsrin o tayına aparır. İstər-istəməz milli musiqimizə, muğamımıza, aşıq sənətimizə, bütün dövrlərdə avropalıların necə maraq göstərdiyinin şahidi oluruq. Elə böyük sənətkarlarımız da var ki, onların tarixdə yalnız adarı qalıb və bəzilərinin də məhz bu ünvanda səsləri yaşayır! Səsin ölümsüzlüyü sahiblərini də  unutdurmur!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 3 may.- S.11.