Sumqayıtdakı Cümə məscidində
əsaslı təmirdən sonra
yaradılan şəraitlə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyevin
Sumqayıt şəhərinə səfəri
Mayın
3-də Azərbaycan Prezidenti İlham Əliyev
Sumqayıtdakı Cümə məscidində əsaslı təmirdən
sonra yaradılan şəraitlə tanış olmuşdur.
Dövlət
başçısı Cümə məscidinin yenidənqurmadan
əvvəlki vəziyyətini əks etdirən fotolara
baxdı.
Prezident
İlham Əliyevə məlumat verildi ki, ibadətgahın təməli
1989-cu ildə qoyulmuşdur. 2003-cü ildə istifadəyə
verilən məscidin ərazisi 4,5 hektardır. Burada, eyni
zamanda, 500 nəfər ibadət edə bilər. Məscid
2011-ci ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev burada
olarkən verdiyi tapşırığa müvafiq olaraq əsaslı
təmir edilmişdir. Burada 34 metr hündürlüyündə
minarə ucaldılmışdır. Mehrab yenidən
qurulmuş, günbəzin daxilinə "Qurani-Kərim"dən
ayələr həkk olunmuş, döşəmə əsaslı
təmir edilmişdir. Məscidin istilik və elektrik sistemləri
də tamamilə yenilənmiş, divarları üzlük
daşlarla üzlənmiş, hasarı yenidən
qurulmuşdur.
Azərbaycan Prezidenti məscidin axundu ilə söhbət etdi.
Axund Rauf SƏRDAROV dövlət
başçısını salamlayaraq dedi:
- Cənab Prezident, şəhərimizə xoş
gəlmisiniz! Sizi ikinci
dəfə şəhərimizin
Cümə məscidində
görməyimiz bizi çox sevindirir, xoşhal edir. Siz iki il bundan əvvəl bu məscidə baxmışdınız.
Layihə hazırlanması, bərpa işləri görülməsi üçün
tapşırıq vermişdiniz.
Allaha şükürlər
olsun ki, əsaslı surətdə
bərpa olunan, yeni minarəsi tikilən məscidimiz bu gün möminlərin
ixtiyarına verilir. Bu, bizi çox sevindirir. Bu, Sizin dinimizə olan məhəbbətiniz və sayğınızdır.
Sizə minnətdarıq.
Cənab
Prezident! Sizin bu gün buraya gəlişiniz bir neçə cəhətdən bizim üçün bayramdır.
Əvvəla, ölkənin rəhbəri
şəhərimizə, məscidimizə
gəlib. Bu, bizim üçün bayramdır. Bu gün həm də məscidimizin açılışı olacaqdır.
Bu, ikinci bayramdır.
Üçüncü bayram isə məscidimizin adı ilə bağlıdır. Bu, "Cümə" məscidi
adlanır. Siz də
çox gözəl gündə, cümə günündə buraya gəlmisiniz. Cümə günündə
də yüz minlərlə insan bir araya yığışıb
ibadət, dua edirlər. Cümə Allahın rəhminin
yerdə nazil olan günüdür.
Bundan əlavə, cənab Prezident, sonuncu peyğəmbərimiz, islam dininin banisi həzrəti Rəsulullahın qızı
Fatimeyi-Zəhranın doğum
günüdür. Bu da bir gözəl
gündür.
Axund Rauf Sərdarov Sumqayıtdan olan zəvvarların Həcc ziyarətinin təşkilinə görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildirdi. Eyni zamanda, Azərbaycanda dini-mənəvi dəyərlərin
qorunması, məscidlərin,
ziyarətgahların inşası
və bərpası istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi böyük işlərin davam etdirilməsinə görə
Prezident İlham Əliyevə təşəkkürünü
bildirərək dedi:
- Bütün bunlar üçün biz Sizə
təşəkkür edir,
ulu öndərə rəhmət diləyirik. Allah Sizi qorusun.
Allah Sizə, ailənizə
xoşbəxtlik, səadət
nəsib etsin. Qoy bu əmin-amanlıq, abadlıq ölkəmizdən
heç vaxt əskik olmasın. Cənab Prezident, Allah Sizi hifz etsin.
Dövlət başçısına "Qurani-Kərim"
hədiyyə olundu.
Prezident
İlham ƏLİYEV:
- Çox sağ
olun. Doğrudan da, əlamətdar
bir gündür.
Mən iki il bundan
əvvəl gəlmişdim.
Tikinti işlərinə bərabər
baxırdıq. İndi ən
yüksək səviyyədə
tikilibdir. Həm xarici
görünüşü, həm daxili tərtibatı gözəldir.
Faktiki olaraq, yenidən tikilibdir. Minarəsi tikilibdir. Bütün lazımi
şərait vardır.
İstilik, kondisioner, böyük
həyət vardır.
Yəni,
burada ibadət üçün bütün
imkanlar vardır.
Bu məscid bir
sənət, memarlıq
əsəridir. Elə də
olmalıdır. İki minə
yaxın məscid vardır. Onların böyük əksəriyyəti
müstəqillik dövründə
tikilibdir. İndi qədim
vaxtlardan bizə miras qalan məscidlərin
bərpası ilə də məşğuluq.
Bu yaxınlarda Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə məscidinin də açılışını
edəcəyik. Bu məscid 743-cü ildə
tikilibdir. İndi onun
yenidən tikilməsi
başa çatır.
Orada köçürülmələr də var idi,
yollar genişləndirildi.
Bakıda dini, tarixi abidələrimizin
bərpasından da dəfələrlə söhbət
aparmışıq. Təzəpir məscidi, Bibiheybət məscidi, Əjdərbəy
məscidi.
Binəqədidə ölkəmizin ən böyük məscidi tikilib. Bu, həm bizim müqəddəs dinimizə
olan münasibətimizdir,
eyni zamanda, islam aləmində
Azərbaycan indi çox görkəmli yer tutur. İslam Əməkdaşlıq
Təşkilatının xətti
ilə mötəbər
tədbirlər keçirilir.
Müsəlman aləmində Azərbaycan
çox böyük hörmətə malik olan bir ölkədir.
Nəinki Azərbaycanda,
müsəlman aləmində
islam həmrəyliyinin
gücləndirilməsi üçün
biz əlimizdən gələni
əsirgəmirik. Belə gözəl,
dini, tarixi abidələrin tikintisi, bərpası bundan sonra da davam
etdiriləcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 4 may.- S.1-2.