Sumqayıtda «Gilan» Tekstil Parkı açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyevin
Sumqayıt şəhərinə səfəri
Mayın
3-də Sumqayıtda "Gilan" Tekstil Parkının
açılışı olmuşdur.
Azərbaycan
Prezidenti İlham Əliyev açılışda iştirak
etmişdir.
Müəssisə
ilə tanışlıq zamanı dövlət
başçısına məlumat verildi ki, 20 hektar ərazidə
tikilən "Gilan" Tekstil Parka parça toxuma, boyama və
tikiş fabriklərindən ibarət yüngül sənaye
müəssisələri daxildir. Ümumi dəyəri 46
milyon manat olan Gilan Tekstil Parkının ərazisində
üç fabrikin tikintisinə İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
ümumilikdə 15 milyon manat güzəştli kredit vəsaiti
ayrılmışdır. Parkın tikintisinə 2011-ci ildə
başlanılmışdır.
Qeyd
edildi ki, ümumi sahəsi 7 min kvadratmetr olan parça toxuma
fabriki üç əsas istehsal və köməkçi sexlərdən
ibarətdir.
Prezident
İlham Əliyev fabriki işə saldı və istehsal
prosesi ilə tanış oldu.
Bildirildi ki, fabrik pambığı xammaldan hazır məhsula çevirmək üçün müasir tələblərə tam cavab verir. Avropa istehsalı olan dəzgahlarla təchiz olunan fabrik geniş çeşiddə və yüksək keyfiyyətli parça istehsalına imkan verəcəkdir. Fabrikdə 100 faiz pambıqdan və həmçinin pambıq - polyester qarışığından ibarət məhsullar istehsal edilir. Müəssisədə nəmliyin qorunub saxlanması xüsusi havalandırma sistemi ilə həyata keçirilir.
Vurğulandı ki, toxuma prosesində ipliyin möhkəmliyini artırmaq üçün ona nişasta vurulur. İstehsal olunan parçaların tələbata və təyinatına uyğun olaraq boyanması məqsədi ilə kompleksin tərkibində ayrıca fabrik inşa edilmişdir.
Azərbaycan Prezidenti boyama fabriki ilə tanış oldu.
Dövlət başçısına texnoloji proses barədə məlumat verildi. Qeyd edildi ki, boyama prosesində Almaniyadan idxal olunan boyalardan istifadə edilir. Bu boyalar insan
orqanizmi üçün
zərərsizdir. Burada həmçinin
parçaların yuyulması,
ağardılması və
qurudulması da həyata keçirilir.
Bir sözlə, fabrikdə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli
parça istehsalına
imkan verir. Hazır məhsulların daxili tələbatı ödəməklə
yanaşı, xarici ölkələrə ixracı
da nəzərdə tutulmuşdur. Artıq İtaliya,
Rusiya və Ukrayna ilə ilkin razılaşmalar əldə olunmuşdur.
İstehsal olunan parçaların
bir hissəsi parkın tərkibində inşa edilmiş modern tikiş fabrikində istehsala yönəldilmişdir.
Dövlət başçısı laboratoriya ilə də tanış
oldu.
Diqqətə çatdırıldı ki,
laboratoriyada həm yerli, həm də xaricdən alınan parçaların
keyfiyyətinə nəzarət
olunur.
Fabrikdə yorğan istehsalı üçün ayrıca
xətt yaradılmışdır. Bu xətt ayda 18 min yorğan istehsal etmək gücünə malikdir. Yüksək səviyyəli texnoloji
avadanlıqlarla hazırlanan
məhsulların keyfiyyətinə
zəmanət verilir.
Yataq dəsti istehsal xətti də tam avtomatlaşdırılmışdır.
Prezident İlham Əliyev tikiş fabrikinə gəldi.
Məlumat verildi ki, ümumi
sahəsi 6 min kvadratmetr
olan tikiş fabriki ən son texnoloji avadanlıqla təchiz edilmişdir. Fabrikdə
ayda şərti olaraq 50 min kişi,
qadın və uşaq üst geyimləri, NATO standartlarına
uyğun hərbi və xüsusi geyimlər istehsal olunur.
Prezident İlham Əliyev müəssisənin işçiləri
ilə görüşdü.
Prezident
İlham ƏLİYEV fabrikin
kollektivini salamlayaraq dedi:
- Görürəm ki, müəssisədə iş
şəraiti yaxşıdır.
Müasir fabriklərdir. Burada da iş
yerləri yaradılıbdır.
Burada min
nəfər işləyir.
Çox
gözəl işdir.
Böyük investisiyalar qoyulubdur.
Həm özəl sektor öz vəsaitini qoyub, həm dövlət kömək göstərib. Azərbaycanda belə gözəl müəssisələr yaradılır
ki, vətəndaşlarımız
işlə təmin olunsunlar. Əgər belə getsə,
Sumqayıtda yaxın zamanlarda ümumiyyətlə,
işsizlik olmayacaqdır.
Fabrikin işçisi: Cənab Prezident, xoş gəlmisiniz! Sizi fabrikimizdə görmək
bizim üçün
böyük xoşbəxtlikdir.
Bu gün ölkəmizin
hər yerində yeni müəssisələr
açılır. Eləcə də
Sumqayıtda açılan
bu müasir fabrik bizi çox
sevindirdi. Bu şəraitə,
göstərdiyiniz diqqət
və qayğıya görə çox sağ olun.
Müəssisənin digər işçisi: Cənab Prezident, biz Sizinlə fəxr edirik, qürur duyuruq. Siz xalqımız, dövlətimiz
üçün çox
böyük işlər
görürsünüz. Ölkəmizdə gördüyünüz bütün işlərə,
Sumqayıtın gözəlləşdirilməsinə
görə Sizə minnətdarıq.
Fabrikin daha bir işçisi:
Cənab Prezident! Siz yorulmadan ölkəmiz üçün çox işlər görürsünüz,
çox çalışırsınız.
Biz Sizin səfərlərinizə,
çıxışlarınıza baxarkən çox sevinirik. Çox fəxr edirik
ki, bizim belə rəhbərimiz vardır. Sizə, ailənizə möhkəm
cansağlığı, uzun
ömür arzulayırıq.
Biz Mehriban xanımı
da çox sevirik, cənab Prezident! Bütün qadın kollektivimiz
adından ona salamlarımızı çatdırırıq.
Prezident
İlham ƏLİYEV: Sağ
olun. Sumqayıt, doğrudan da,
gözəlləşir, müasirləşir.
Gözəl parklar salınır,
binalar təmir olunur. İstirahət yerləri, bulvar
salınır. Yəni, doğrudan
da, müasir şəhərə çevrilir.
Sumqayıt bir böyük
sənaye mərkəzi
kimi artıq inkişaf yolundadır.
Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi
olaraq inkişaf edir. Belə gözəl müəssisələrin
yaradılması ölkəmizin
gücünü göstərir.
Mən çox şadam ki, burada gözəl
iş şəraiti vardır, maaş
da yüksəkdir. Yəni, işləmək üçün
bütün şərait
vardır. Sizə yeni
uğurlar arzulayıram.
* * *
Sonra xatirə
şəkli çəkdirildi.
Daha sonra müəssisə ilə tanışlığı
davam etdirən dövlət başçısına
məlumat verildi ki, parça toxuma, boyama və tikiş fabriklərinin kompleks formada yaradılması və ən müasir texnologiyaların
tətbiq edilməsi yüksək keyfiyyətli
trikotaj məhsullarının
istehsalına, eyni zamanda, parça və trikotaj məhsullarının maya
dəyərinin aşağı
salınmasına şərait
yaradır. Belə müasir kompleksin
Qafqazda ilk dəfə
Azərbaycanda inşa
olunması respublikamızda
gedən uğurlu sənayeləşmə siyasətinin
göstəricisidir. Sənaye parkında
işçilərin rahat
çalışmaları üçün
hər bir şərait mövcuddur.
Prezident
İlham Əliyev müəssisənin yeməkxanası
ilə də tanış oldu.
Vurğulandı ki, məhsul istehsalının həcminin
və çeşidinin
artırılması məqsədilə
tekstil parkında iplik, toxuma və
hörmə fabriklərinin
tikintisinə başlanılmışdır. Bu müəssisələr
işə düşdükdən
sonra əlavə 2 min
yeni iş yeri açılacaqdır.
Ümumilikdə "Gilan" Tekstil
Parkında 4 min nəfərin
işlə təmin olunması nəzərdə
tutulmuşdur.
Sumqayıt şəhərinin sənaye
potensialının inkişafına
83 milyon manat dövlət güzəştli
kreditlərinin verildiyi
dövlət başçısının
diqqətinə çatdırıldı.
Prezident İlham Əliyev Sumqayıtla yanaşı Mingəçevir şəhərinin
də sənaye potensialının gücləndirilməsinin
vacibliyindən danışdı. Qeyd olundu ki, artıq
Mingəçevirdə də
sənaye parkının
yaradılması istiqamətində
tədbirlərə başlanılmış
və bununla əlaqədar müvafiq layihələr üzərində
iş aparılır.
Dövlət başçısı "Gilan"
Tekstil Parkının sərgi zalında müəssisədə istehsal
olunan məhsulların
nümunələrinə baxdı.
AzərTAc
Azərbaycan.-2013.- 4 may.- S.3.