Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

 

Mayın 3-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki büstünün önünə əklil və gül dəstələri qoymuşlar.

AzərTAc xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dahi rəhbər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışan rektor ulu öndərin parlaq ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.

Akademik A.Məhərrəmov dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olduğunu böyük qürur hissi ilə xatırlatmışdır. Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var! Azərbaycan xalqı daha xoşbəxtdir ki, onun ümummilli lideri var və ümummilli liderin siyasəti uğurla davam etdirilir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyevin  müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanıdılmasında əvəzsiz xidmətlərindən danışmışdır.

Ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətindən bəhs edən Ə.Əhmədov dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Vurğulanmışdır ki, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının əsaslarını müəyyənləşdirmişdir.  Dahi rəhbər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını qoymuşdur. Ulu öndər Heydər Əliyev milli ruhu, milli duyğunu yüksəltmiş, milli mənəvi dəyərlərin qorunmasına və inkişafına xüsusi önəm vermişdir.

Azərbaycanın çox sürətlə inkişaf etdiyini xatırladan Ə.Əhmədov respublikamızda qazanılan bütün nailiyyətlərin ümummilli lider Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu söyləmişdir.

Akademik Vasim Məmmədəliyev müdrik şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışmış, ulu öndərin ideyalarının əbədi yaşayacağını vurğulamışdır.

Tədbirdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş "Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu Heydər Əliyev" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar.

Tələbələr ulu öndər Heydər Əliyev və Vətən haqqında şeirlər söyləmiş, mahnılar ifa etmişlər.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.3.