Ümummilli liderin arzu və istəkləri reallığa çevrilir

 

Ümummilli lider, müstəqil Azərbaycanın banisi, dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin 90 illiyində onun barəsində fikir söyləmək çətin olduğu qədər də, məsuliyyətli, həm də şərəflidir.

Dövləti qurub-yaradan, məhv olmaq təhlükəsindən xilas edən, mənalı ömrünü xalqına sədaqətlə xidmətə həsr edən, həyatda məqsədi qurub-yaratmaq olan insanlar dahi şəxsiyyətlərdir. Tarix isə belə şəxsiyyətləri çox nadir hallarda yetişdirir və həm də bu xoşbəxtlik tək-tək xalqa nəsib olur.

Xalqımız xoşbəxtdir ki, XX əsr Azərbaycana, xalqımıza 2 böyük və əvəzolunmaz nemət bəxş etmişdir: dövlət müstəqilliyi və əbədi LİDER.

 

Həqiqətdir ki, dövlət müstəqilliyi hər bir xalqın həyatında ən dəyərli nemətdir. Bu dəyərli neməti əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir. Bu mühüm tarixi vəzifənin öhdəsindən isə yalnız sözün əsl mənasında, həqiqi LİDER gələ bilir.

Bəli, XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, xalqımızın əbədi lideri, dünənin, bu günün və sabahın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevdir.

90 illik bir zaman axarını vərəqlədikcə açıq-aydın görürük ki:

- Heydər Əliyev böyük siyasət qalasının ən uca zirvəsini fədakarlıqla fəth edə bilmişdir.

- Ulu öndər kiçik bir məmləkətin adını bütün dünyaya tanıtmağa nail olmuşdur.

- O, qəlbi daim bəşəri duyğularla döyünən ümumbəşər övladı, ən böyük azərbaycanlı idi.

- Heydər Əliyevin adı həmişə dünyanın tanınan, sayılıb-seçilən, hörmət bəslənilən siyasi liderləri, ən müdrik rəhbərləri sırasında çəkilir.

- Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından dahi siyasətçi həmişə öz sözü, öz çəkisi, öz dəst-xətti ilə seçilmişdir.

- Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir.

Bəli, XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması, strateji müttəfiqlərin qazanılması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu.

Azərbaycanın ən yeni tarixində müstəqil dövlət ideyası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadiyyatın əhəmiyyətini hər zaman yüksək qiymətləndirirdi. Ulu öndər güclü dövləti müstəqilliyin əsası hesab edirdi. Buna görə də o, "Azərbaycanın dövlət müstəqilliyi yolunda fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır" - deyirdi və buna qətiyyətlə əməl edirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə - tarixin ən çətin mərhələsində xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində xalqımız o ağır, təlatümlü günlərdən, dövlətimiz isə məhv olmaq təhlükəsindən xilas oldu.

Böyük xilaskar 1993-2003-cü illərdə ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində müstəqilliyimizin əbədi olmasını təmin etdi.

Tarixə qısa nəzər salsaq, görərik ki, son 200 ildə ermənilər Azərbaycan torpaqlarının ələ keçirilməsi planını öz havadarlarının - erməni lobbisinin köməyi ilə mərhələ-mərhələ həyata keçirmişlər. Bu məkrli siyasət nəticəsində XX əsrdə xalqımızın başına müsibətlər, dəhşətli faciələr gətirilib. 1905-ci, 1918-1920-ci, 1948-1950-ci və 1988-ci illərdə azərbaycanlıların öz ata-baba yurdlarından zorla köçürülməsi, deportasiya, etnik təmizləmə və soyqırımılara məruz qalması məhz bu yüzillikdə törədilmiş müsibətlərdir.

Danılmaz faktdır ki, hələ 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Moskvada və xaricdəki erməni lobbisinin Dağlıq Qarabağa olan iddialarının qarşısını almağa müvəffəq olmuşdu. Ermənilər çox cidd-cəhd etsələr də, öz çirkin istəklərinə nail ola bilmirdilər.

Buna görə də onlar birinci növbədə Heydər Əliyevin keçmiş Sovetlər İttifaqının rəhbərliyindən, Siyasi Bürodan uzaqlaşdırılmasını qarşılarına məqsəd qoymuşdular. Təəssüflər olsun ki, Heydər Əliyev böyük siyasətdən Mixail Qorbaçovun əli ilə uzaqlaşdırıldıqdan 25 gün sonra Dağlıq Qarabağ böhranı yenidən qızışdırıldı və ermənilər havadarlarının köməyi ilə öz çirkin planlarını həyata keçirə bildilər.

Heydər Əliyevin böyük siyasətdən getməsi, Azərbaycanda olmaması xalqımıza çox baha başa gəldi. Həmin dövrdə nələrin baş verdiyinə nəzər salaq: 1988-ci il Sumqayıt hadisələri, 20 Yanvar, əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsi, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlının öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağın və ona bitişik olan 7 rayonun işğal olunması, 700 min nəfərədək azərbaycanlının öz doğma yurdunda məcburi köçkünə çevrilməsi, Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması və s.

Əgər Heydər Əliyev xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəlməsəydi, onda xalqımız daha böyük fəlakətlərlə, müsibətlərlə üzləşə bilərdi. Yalnız taleyinə xilaskarlıq missiyası yazılan Heydər Əliyev bütün məhrumiyyətlərə sinə gərərək dövləti qurdu, onu zamanın ağır və sərt sınaqlarından mərdliklə çıxardı, məhv olmaq təhlükəsindən xilas etdi, vətəndaş müharibəsinə son qoydu, ölkənin siyasi inkişafı və iqtisadi yüksəlişi üçün etibarlı baza yaratdı.

Bütün mənalı həyatını Azərbaycanın tərəqqisinə, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına həsr edən ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, bir milyondan artıq soydaşımızın doğma yurdlarına ləyaqətlə qaytarılması idi. O, bunun üçün daim var qüvvəsi ilə çalışırdı.

Xalqımızın unudulmaz lideri Heydər Əliyevin rəhbərliyi ilə bu problemin həm siyasi yolla həlli, həm də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı genişmiqyaslı işlərdən bəzilərini sadalamaq istərdim:

- məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edilərək gələcək qələbəmizin siyasi, diplomatik və informativ zəmini formalaşdırıldı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnaməsi qəbul edildi;

- 1994-cü ildə atəşkəs əldə olundu;

- ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişin icrası dayandırıldı.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq ATƏT rəhbərliyi Minsk qrupunun təmsilçiləri ilə 200-dən artıq, 80 ölkənin dövlət başcıları ilə 500-dən çox görüş keçirmişdi;

- bu problemi ölkədə bir nömrəli problem adlandırmışdı;

- qaçqın və məcburi köçkünlərlə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı, ölkə Prezidenti tərəfindən onların sosial müdafiəsi ilə bağlı 43 fərman və sərəncam imzalandı, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etdi;

- 1998-ci il iyun ayının 27-də Heydər Əliyevin sədrliyi ilə problemlə bağlı ümumrespublika müşavirəsi keçirildi;

- Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" uzunmüddətli dövlət proqramı təsdiq edildi;

- ölkəmizdə olan qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin operativ həlli və vahid mərkəzdən idarə olunması məqsədilə 1998-ci ilin noyabrında Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini - Dövlətaçqınkomun sədri vəzifəsi təsis olundu, Nazirlər Kabineti aparatının strukturunda bu sahə ilə bağlı şöbə yaradıldı;

- 1999-cu ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi, Dünya Bankı tərəfindən ölkəmizə ayrılmış 10 mln ABŞ dolları həcmində kredit hesabına qaçqınların və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması məqsədilə müxtəlif layihələr həyata keçirildi;

- 18 may 2000-ci ildə Heydər Əliyevin bilavasitə iştirakı ilə "İnkişaf Problemləri və Strateji İstiqamətlər" mövzusunda beynəlxalq konfrans keçirildi;

- 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi;

- əsası Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı;

- BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən ölkəmizdə 140 min nəfər məcburi köçkünə aylıq ərzaq proqramının müddəti Heydər Əliyevin təşkilatın baş qərargahına müraciəti nəticəsində 2005-ci ilin sonunadək uzadıldı;

- əvvəllər beynəlxalq təşkilatlar tərəfindən məcburi köçkünlərə göstərilən ərzaq yardımı proqramı 2001-ci ildə dayandırıldığı üçün bu boşluq ölkə rəhbərinin müvafiq sərəncamları ilə aradan qaldırıldı, Dövlət Neft Şirkətinin və büdcə vəsaitinin hesabına onlar aylıq ərzaqla təmin edildilər;

- məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin həcmi 50 dəfə artırıldı;

- məcburi köçkünlərə kommunal və digər xidmətlərdən pulsuz istifadə imtiyazı verildi;

- qazla təmin olunmayan kənd rayonlarında müvəqqəti məskunlaşmış 90 min məcburi köçkün ailəsi qış aylarında ağ neftlə təmin olundular;

- dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edildilər.

Təsadüfi deyildir ki, məhz Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanan ilk vəsait onun müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilmişdir.

Belə ki, həmin fərmanlarla 2001-2002-ci illərdə ilk dəfə Dövlət Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına çox qısa bir müddətdə 400 min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 16 tibb məntəqəsi tikilmiş, 195 km uzunluğunda asfalt yol, 188 km su xətti, 350 km elektrikötürmə xətti, 133 km irriqasiya su kəməri və digər sosial obyektlər istifadəyə verildi.

Nəticədə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edildi, 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin 32 min nəfərinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

35 min nəfərdən çox qaçqın, məcburi köçkün və yerli əhali həmin qəsəbələrin tikintisində işlə təmin olundu.

Qəsəbələrə köçürülmüş hər bir ailəyə həyətyanı və əkin sahələri ayrıldı, onlara kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün əvəzsiz maliyyə yardımı verildi.

Yeni salınmış qəsəbələrdə 6000-dən çox iş yerləri yaradıldı.

Bütün bunlar bir daha əyani şəkildə sübut edir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində əziyyət çəkən bir milyona yaxın qaçqın və məcburi köçkünün problemlərinə daim diqqət və qayğı ilə yanaşar, bu problemi gündəlik nəzarətində saxlayırdı.

Əhalinin ən həssas qrupu olan qaçqın və məcburi köçkünlər daha ağır şəraitdə yaşamalarına baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin bu diqqət və qayğısına cavab olaraq daim dövlətə sadiq olduqlarını nümayiş etdirirərək bütün ictimai-siyasi proseslərdə dövlətçiliyi müdafiə ediblər və bu gün də etməkdədirlər.

Məhz buna görə də 2003-cü ildə keçirilən prezident seçkilərində, ölkənin bütün əhalisi kimi, qaçqınlar və məcburi köçkünlər də yüksək fəallıqla Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə dövlətimizə sadiq olduqlarını, aparılan siyasəti dəstəklədiklərini bir daha nümayiş etdirdilər.   Cənab İlham Əliyevin seçkilərdə öz rəqibləri üzərində parlaq qələbəsi isə Azərbaycan tarixində yeni dövrün əsasını qoydu.

2003-cü ildə "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - deyən Prezident İlham Əliyev davamlı sabitlik, iqtisadi inkişaf, tərəqqi və milli dövlətçilik ənənələrinin bərqərar olması yoluna sadiq qaldı.

Ötən 10 ildə dövlət öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır.

Balanslı və uğurlu xarici siyasətin aparılması nəticəsində xeyli dünyəvi uğurlarımız olmuşdur. Azərbaycan bu gün yüksək insan inkişafına malik olan ölkələr sırasına daxil olmaqla regionun lider dövlətidir, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir.

Əlbəttə ki, bütün bu uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məharətlə, çevik və qətiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Cənab İlham Əliyev 2003-2012-ci illərdə xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 350-dən çox qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 27 dəfə, o cümlədən yeni salınmış qəsəbələrdə 23 dəfə görüşlərdə, həmçinin yeni yaşayış qəsəbələri və məhəllələrinin açılışında şəxsən iştirak etmişdir.

2011-ci il dekabrın 24-də Prezident İlham Əliyevin və Mehriban xanım Əliyeva ilə birgə Qarabağ bölgəsinə - Ağcabədi rayonuna səfər edərək Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında iştirakını xüsusi qeyd etmək istərdim. Bütün məcburi köçkünlər üçün tarixi gün hesab edilən həmin görüşdə cənab Prezidentin dediyi "Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz" ifadəsi nəinki məcburi köçkünlər, həm də bütün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.

Bu, həm də bütün dünyaya ciddi bir mesaj idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi olaraq ölkədə olan bir milyonadək qaçqın və məcburi köçkün problemi ölkənin bir nömrəli prioritet problemidir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı", 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilmişdir.

Ötən illərdə həyata keçirilən tədbirlər sayəsində həmin dövlət proqramı, ona əlavələr və digər normativ aktlar uğurla icra edilmiş və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun, çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi.

2006-cı ildə Bərdə (3 çadır düşərgəsi) və Ağcabədi (1 çadır düşərgəsi) rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirilmişdir.

2012-ci ildə məcburi köçkün ailələrinin Ağcabədi şəhərində 560 ailəlik beşmərtəbəli 10 yaşayış binasından ibarət məhəlləyə, Bərdə rayonunda 195 ailəlik, İmişli rayonunda isə 325 ailəlik yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilmişdir. Həmçinin Mingəçevir şəhəri ərazisində 502 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi salınmış, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi isə başa çatmaq üzrədir.

Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülmüş, 3300 şagird yerlik 6 məktəb inşa edilmişdir.

Gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası 280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu yarımstansiya 5 rayonun - Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını stabilləşdirmişdir.

Qeyd etmək lazımdır ki, bütün rayonlarda qaçqın və məcburi köçkünlər üçün tikilən qəsəbələrdən və onun infrastrukturundan yerli əhali də bəhrələnmişdir.

2004-2012-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 19 min ailə - 94 min nəfərdən çox məcburi köçkün üçün 1 milyon 72 min kvadrat- metr sahəsi olan 51 qəsəbə və fərdi evlər inşa edilmiş, 115 məktəb, 5 musiqi məktəbi, 30 uşaq bağçası, 33 tibb müəssisəsi, 32 klub icma mərkəzi, 26 rabitə evi tikilmiş, 470,6 kilometr yol, 610,0 kilometr su, 980,0 kilometr hava elektrik, 264,0 kilometr qaz, 61,5 kilometr kanalizasiya, 13 kilometr istilik xətləri çəkilmiş, 537 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılmışdır.

Ümumiyyətlə, 2001-2012-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2 milyon kvadratmetr sahəsi olan, 31 min mənzildən ibarət bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailə  -140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildə də bu məqsədlə 588 milyon manat vəsaitin ayrılacağı nəzərdə tutulmuşdur.

Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 4 min ailə - 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaqdır.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Bakı şəhərindəki yataqxanalardan 90 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 500 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda Qobu məcburi köçkün yaşayış massivinin layihələndirilməsi və onun idarəetmə strukturunun yaradılması üzrə müvafiq işlər görülür.

Dövlət proqramının və ona əlavələrin icrasına uyğun olaraq, məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə də müvafiq tədbirlər aşağıdakı ardıcıllıqla həyata keçirilir:

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 2004-2012-ci illər ərzində 85,5 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilmiş, 3770 nəfərə işsiz statusu verilmiş, 2331 nəfər peşə hazırlığı kurslarına, 1716 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 16 min ailəyə ünvanlı sosial yardım verilmişdir.

-2001-ci ildən etibarən Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılmış kredit sazişinə əsasən, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasına, işğal olunmuş ərazilərin bərpasına yönəldilən layihələr də həyata keçirilir.

Həmin saziş üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 310 min nəfərin (bunun da 83%-i məcburi köçkündür) faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilmişdir.

Bu yaxınlarda Dünya Bankının Vaşinqton şəhərində yerləşən baş qərargahında keçirilmiş yüksək səviyyəli tədbirdə Azərbaycanda məcburi köçkünlərlə bağlı layihə hazırlanma keyfiyyətinə, şəffaflığına və digər meyarlara görə ötən maliyyə ilinin üç ən təqdirəlayiq layihəsindən biri seçilmişdir.

- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2012-ci illərdə 1534 məcburi köçkünə sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 32,2 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

Ümimiyyətlə, 2012-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1040 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü illə müqayisədə 8,6 dəfə çoxdur.

Ötən 10 ildə qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həlli məqsədi ilə 3,3 milyard manat həcmində vəsait, o cümlədən 1,6 milyard manat dövlət büdcəsindən, 1,4 milyard manat Dövlət Neft Fondundan, 307 milyon manat isə beynəlxalq təşkilatlar tərəfindən istifadə edilmişdir.

Ümumilikdə 1993-2012-ci illərdə bu məqsədlə 4,3 milyard manat həcmində vəsait sərf olunmuşdur.

Bu vəsaitin 77 faizi son 10 ildə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə istifadə olunmuşdur.

Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır.

Şübhəsiz ki, bütün bu irimiqyaslı layihələr əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyasının konkret bəhrəsi, nəticəsidir.

Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.

Fondun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" internet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın hərbi təcavüzünün nəticələri barədə də geniş məlumat toplanmışdır. Bununla bərabər, fondun xətti ilə hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirilir, hər il keçirilən Yeni il şənliklərinə qaçqın və məcburi köçkün uşaqları da dəvət edilir.

Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 80-dən artıq ölkədə "Xocalıya ədalət" beynəlxalq məlumat-təşviqat kampaniyası ilə bağlı silsilə tədbirlər təşkil olunur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan kitablar, qısametrajlı filmlər səfirliklər vasitəsilə dünya ölkələrində nümayiş etdirilir və bu yolla dünya ictimaiyyəti məlumatlandırılır.

Təkcə 2012-ci ildə cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən nümayəndə heyətimiz Meksikada səfərdə olmuş və Mexiko şəhərinin mərkəzində Dostluq Parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimlərində iştirak etmişdir. Eyni zamanda, 4 ölkənin - Belçika, Finlandiya, İspaniya və Andorra parlamentlərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrinə dair keçirilmiş dinləmələrdə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin fevral ayında keçirilmiş, beynəlxalq humanitar təşkilatların fəaliyyətinin 10 illiyinə həsr edilmiş beynəlxalq konfransda qeyd etdiyi kimi, imkanların məhdud olduğu dövrdə, xüsusən, müstəqilliyin bərpasının ilk illərində göstərilən fövqəladə humanitar yardımın çox böyük əhəmiyyəti olmuş, yaranmış humanitar fəlakətdən çıxmaqda respublikada fəaliyyət gəstərən beynəlxalq, yerli humanitar və inkişaf təşkilatları əvəzsiz rol oynamışlar.

Onların fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir. Hazırda respublikamızda 49 beynəlxalq, 43 yerli humanitar təşkilat fəaliyyət göstərir və bilavasitə bu təşkilatların xətti ilə ötən 20 il ərzində qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 930 mln ABŞ dollarından çox həcmdə yardım göstərilmişdir.

Bu təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün ölkədə nümunəvi şərait yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq əraizələrdə həyat tamamilə yenidən qurulacaq. Qaçqınlar və məcburi köçkünlər öz ata-baba yurdlarına ləyaqətlə qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar.

Bütün xalqımız kimi, məcburi köçkünlər də rəhbər, lider kimi cənab İlham Əliyevə inanır, ona etibar edirlər. Çünki Azərbaycana belə bir layiqli siyasi davamçını ulu öndər Heydər Əliyev bəxş etmişdir.

Şübhə yoxdur ki, 2003, 2008-ci illərdə olduğu kimi, bu il də Azərbaycanın uğurlarını gözü götürməyən xarici və daxili qüvvələrin cidd-cəhdləri boşa çıxacaq və müdrik xalqımız, o cümlədən qaçqın və məcburi köçkünlər də ulu öndər Heydər Əliyevin siyasətinə və cənab İlham Əliyevə sədaqətli olduqlarını bir daha nümayiş etdirəcəklər.

Böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir.

Heydər Əliyevin böyük qürur hissi ilə dediyi "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri onun bu torpağa, bu Vətənə, xalqımıza nə qədər bağlı, sədaqətli olduğunu göstərir.

2003-cü il oktyabrın 1-də dünyanın ən böyük azərbaycanlısı Azərbaycan xalqına müraciətində qazandığı uğurların, zəfərlərin formulunu belə açıqlamışdı: "Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Bax budur əsl Xalq - Rəhbər vəhdəti!

Heydər Əliyev öz əməlləri ilə, xalq qarşısında əvəzsiz xidmətləri ilə əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. Ölkəmizin bu günkü sabit və dayanıqlı inkişafının təməlində məhz ulu öndərin ideyaları durur.

Əminliklə deyə bilərik ki, onun müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər müstəqilliyimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətin artırılması işinə xidmət edəcəkdir.

Heydər Əliyevin taleyi əslində bir insanın ömür yolu deyil, Azərbaycanın şanlı tarixidir, qurtuluş, inkişaf, milli tərəqqi salnaməsidir!

Dünyanın ən böyük azərbaycanlısı deyirdi: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"

Bəli, nə qədər ki, Azərbaycan dövləti var, Heydər Əliyev də min illər keçsə belə, əbədi yaşayacaqdır. Çünki o, əbədidir, ölməzdir! Çünki o, "dünyanın ən böyük azərbaycanlısı" adına layiq olan, bu adı şərəflə daşıyan yeganə azərbaycanlıdır.

 

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Baş nazirinin

müavini, Qaçqınların və Məcburi Köçkünlərin

İşləri üzrə Dövlət Komitəsinin sədri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.-2013.- 4 may.- S.6.