Ümumdünya tarixinin azərbaycanlı
dahisi
Heydər Əliyev şəxsiyyəti hələ tam öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmi bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzəyir. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı ona bəxş olunmuş Allah vergisi idi. Bütün bunların hamısı ilahidən gəlmə bir keyfiyyət altında birləşirdi: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI idi. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi olan bu dahi şəxsiyyət ümumdünya tarixinə Azərbaycan xalqının QURTULUŞ SAVAŞININ QALİBİ, MÜASİR AZƏRBAYCAN RESPUBLİKASININ BANİSİ kimi daxil olmuşdur.
Heydər Əliyevin yenicə azadlığa qovuşmuş ölkəmizdə Prezident sükanı arxasında əyləşdiyi zaman Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb və ən çətin dövrünü yaşayırdı. Bu, keçid dövrü adlanırdı. Müasir tərəqqiyə qovuşmuş xalqların və dövlətlərin hamısı yaşamışdır bu dövrü. Hərə öz xüsusiyyətləri, çətinlikləri ilə. Bizim keçid dövrümüzün də öz xüsusiyyətləri, çətinlikləri, problemləri vardı. Yaxından-uzaqdan çox güclü xarici hərbi-siyasi təzyiqlər, Vətən torpaqlarının mühüm hissəsinin düşmən tərəfindən işğalı, o zaman 7 milyonluq əhalisi olan bir ölkədə 1 milyondan çox qaçqının olması - bütün bunlar daha ağrılı-acılı edirdi bizim keçid dövrümüzü. Üstəlik, ənənəvi xarici düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq üçün əllərindən gələni edirdilər. Avropa ilə Asiya, Rusiya ilə Yaxın və Orta Şərq ölkələri arasında Qızıl körpü rolu oynayan Azərbaycanın azad yaşaması bu qüvvələri heç cür təmin etmirdi. Azərbaycan, həmişə olduğu kimi, yenə dünya miqyasında çox qüdrətli beynəlxalq qüvvələrin mənafelərinin çarpazlaşdığı ən qaynar məntəqələrdən birinə çevrilmişdi. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan müstəqil Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi, mənəvi təzyiqlər ara vermək bilmirdiE
Son dərəcə məkrli düşmənlərin Azərbaycan xalqına qarşı yüzillərlə sınaqdan çıxarmış olduqları "erməni kartı"ndan bu dəfə daha fəal və daha geniş miqyasda istifadə olunmağa başlanmışdı. Rusiya, Fransa, ABŞ kimi böyük dövlətlərdə, habelə başqa ölkələrdə fəaliyyət göstərən erməni lobbisi həmişəkindən daha güclü idi. Həmin dövlətlərin hərbi-siyasi idarəçiliyinə təsir göstərmək üçün güclü vasitələrə, mühüm mövqelərə və geniş maliyyə imkanlarına malik olan erməni lobbisi yaşadıqları ölkələrin xarici siyasətinə fəal təsir göstərir. Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına ciddi əngəllər törədirdi.
Tarixdə heç zaman Azərbaycanı daxildən parçalamaq, xalq içərisində etnik və vətəndaş qarşıdurması yaratmaq taktikasından XX yüzilliyin 90-cı illərində olduğu qədər sistemli şəkildə istifadə olunmamışdı.
Heç zaman Vətənin sərvətlərini talamağa və bunun üçün də Yurdun içərisində yüksək mövqelər ələ keçirməyə çalışan "sapı özümüzdən olan baltalar" xarici düşmənlərlə bu qədər əlbir olmamış, onlara indiki qədər canfəşanlıqla xidmət etməmişdilər.
Nəhayət, Azərbaycanımız heç zaman Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdəki qədər geniş miqyaslı mənafelərin, ziddiyyətlərin düyün məntəqəsinə çevrilməmişdi.
Bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması çox zəngin və qədim tarixə, min illərlə müstəqil yaşamaq və qüdrətli dövlətçilik ənənələrinə malik olan böyük bir xalqın oyanışı demək idi. Bu, həm də müxtəlif tarixi dövrlərdə Ata yurdundan qəlpə-qəlpə qoparılıb alınmış torpaqların qaytarılması uğrunda ədalətli mübarizənin başlanması - Yeni Azərbaycanın intibahının başlanması demək idi. Azərbaycanın müstəqilliyinin getdikcə möhkəmlənməsi, həm də dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq böyük Azərbaycan xalqının ayağa qalxması, birləşməsi və öz haqqını tələb etməsi üçün qüdrətli təminat demək idi. Məhz bu amillər vaxtilə tarixi Azərbaycan torpaqlarını öz aralarında bölüşdürmüş düşmənlərə rahatlıq vermirdi.
Azərbaycanın yağı düşmənlərini bütün yuxarıda göstərilənlərdən daha çox narahat edən bu idi ki, bunca ağır problemləri olan Azərbaycan xalqının başında qüdrətli bir siyasətçi dururdu - düşmənlərin min bir hiyləsindən, məkrli oyunlarından asanlıqla baş çıxaran, onların aramsız olaraq dolaşdırdıqları siyasət kələfinin ucunu əldən verməyən, siyasi dühası ilə onilləri, yüzilləri qabaqlayan, qalın-qalın siyasət divarlarının arxasında nələr baş verdiyini ovcunun içi kimi görən Heydər Əliyev başçılıq edirdi Azərbaycana. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərimizin, onların bitib-tükənməyən məkrlərinin, hiylələrinin və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bilirdi.
Azərbaycanın xarici düşmənləri yaxşı başa düşürdülər ki, indi artıq 1918-1920-ci illər deyil. Bu dəfə istiqlal mübarizəmiz zəfərlə sona çatacaqdır. Çünki Azərbaycanın qurtuluş savaşının başında zamanın nəbzini əlində saxlayan Heydər Əliyev şəxsiyyəti durur. Yəni Tanrı şəxsiyyət və zaman problemini bu dəfə Azərbaycan xalqının xeyrinə həll etmişdi.
...Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi olan Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşə və konkret biliklərə malik olan nadir tarixi şəxsiyyətdir. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin, necə deyərlər, cikinə-bikinə bələd olan, dünyanın altıda birini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan, Qorbaçovun təqib və hiylələrindən sarsılmayıb yenidən böyük siyasətə qayıdan nadir tarixi sima idi.
Heydər Əliyev misilsiz iradə sahibi idi. Planetimizin siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən - sayılan, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb burulğanından Azərbaycanı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi ümummilli lider idi!
Heydər Əliyev XX yüzilliklə birgə ömür sürmüşdür. Azərbaycanın XX əsr tarixinin böyük bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCANIN QURUCUSUDUR. O, bu quruculuğa XX yüzilliyin 50-ci illərindən başlamışdı.
XX əsrin 20-30-cu illərində ermənilərin və qeyri-millətlərin nümayəndələrinin yuva saldığı və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş olan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-nın) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev girişmişdi. Unutmamalıyıq ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin "qurucuları" cildinə girərək qırdılar. KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri" uydurma "cinayət işləri" qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri məhv etdilər. Bu baxımdan Heydər Əliyevin KQB-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil. Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhval-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.
Yeri gəlmişkən, mən bu mürəkkəb
fəaliyyət sahəsində Heydər Əliyevin milli təəssübkeşliyinin
canlı şahidiyəm.
...Keçən
əsrin 60-cı illərinin əvvəli idi. Bakı Dövlət
Universitetində tarix fakültəsi komsomol təşkilatının
katibi idim. Nikita Xruşşovun hakimiyyətə gəlişi
ilə ölkədə Çinə qarşı düşmənçilik
kampaniyası başlanmışdı. İkinci kursda oxuyan
çox istedadlı bir tələbə buna etirazını
bildirmiş, vərəqələr yaymışdı. DTK həmin
tələbənin işi üzrə təhqiqata
başlamışdı. Hamımız narahat idik. Nəhayət,
mənə tapşırıldı ki, qapalı komsomol
yığıncağı keçirim. Universitetin
keçmiş binasının böyük akt zalında
fakültənin qapalı komsomol yığıncağı
keçirilirdi. Yığıncağa o zaman hələ DTK-da
yüksək vəzifədə olmayan Heydər Əliyev gəlmişdi.
O, gənclər qarşısında çox əhatəli, həm
də öyüd-nəsihətlə dolu bir
çıxış etdi. Sonra qızğın müzakirələr,
komsomol "tənqidləri" başlandı. İclas sona
çatır, qərar qəbul etmək məqamı
yaxınlaşırdı. Çox çətin vəziyyət
qarşısında qalmışdıq. Hamı öz tələbə
yoldaşlarını müdafiə edir, Moskvanın siyasətinə
qarşı cəsarətli fikirlər səsləndirirdi. Elə
bu anda çıxış yolunu yenidən söz alıb
xitabət kürsüsünə qalxan Heydər Əliyev
ozü göstərdi: komsomolçulara məsləhət
gördü ki, yoldaşlarının tərbiyəsini öz
üzərlərinə götürsünlər. Dərindən
nəfəs aldıq. Hamımızın canı xatadan
qurtardı. O ağır şəraitdə, mürəkkəb
əhatədə, Mərkəzin nəzarəti altında
işləyən Vətən oğlunun cəsarətinə
hamımız heyran qaldıq!
Sonralar
Heydər Əliyev DTK-nın sədri təyin olunanda Kreml
üçün xüsusi əhəmiyyəti olan bu təşkilata
bir azərbaycanlının rəhbər təyin
olunmasından hamımız qürurlanırdıq. Lakin
bilmirdik ki, bu təyinat Heydər Əliyev üçün nə
qədər böyük maneələri dəf etmək
bahasına başa gəlmişdi.
Heydər
Əliyevin XX yüzilliyin 70-ci illərində Azərbaycana rəhbərlik
dövrü ölkəmizin yüksəliş
dövrüdür. O zaman SSRİ-də Azərbaycan
qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət
respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü,
qabaqcadan götür-qoy edilmiş, dərindən ölçülüb-biçilmiş
və gələcəyə istiqamətlənmiş müdrik
siyasətinin, uzaqgörən planlarının nəticəsi
idi. Böyük siyasətçi iqtisadiyyatın və mədəniyyətin
müxtəlif sahələrində öz Vətəninə,
xalqına lazım olan nə varsa hamısı barədə əvvəlcə
Moskvada Siyasi Büro, Mərkəzi Komitənin plenumları,
Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli
qərarlar qəbul edilməsinə nail olur, sonra da
bütün xalqımızı həmin qərarların
icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi
uğrunda gecəli-gündüzlü mübarizə aparırdı.
Azərbaycanın özü-özünü təmin edə
bilən, müstəqil yaşamağa qadir olan və
elmi-texniki cəhətdən yüksək tərəqqi
etmiş bir ölkəyə çevirmək onun
planlarının başında dururdu. Bir sözlə, Vətənimizin
müstəqilliyə gedən yola hələ o zaman Heydər Əliyev
başlamışdı.
O illərdə
Bakıya, rayonlarımıza gözəllik, yaraşıq verən
onlarca yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər,
mədəniyyət sarayları, iqtisadiyyatımızın
nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng
sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları,
dəryaçalar, Kür su kəməri, neçə-neçə
yollar, o cümlədən yurdun şimal-qərb
ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir
yolu (bu yol o zaman Azərbaycan üçün çox
böyük qabaqlayıcı siyasi əhəmiyyət kəsb
etdi, zəngin filiz ehtiyatlarının Azərbaycandan
çıxarılmasının qarşısını
aldı!), Dağlıq Qarabağın mərkəzə -
Bakıya bağlılığını artırmaq və
orada Azərbaycan mühitini canlandırmaq üçün
görülən mühüm tədbirlər, o cümlədən
Xankəndinə dəmir yolu çəkilməsi,
yaşıllıq zonaları, istirahət ocaqları, Heydər
Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu
böyük insanın bütün varlığına
hopmuş Vətən sevgisinin nəticəsi idi.
Heydər
Əliyev hələ o zaman SSRİ-nin
dağılacağını qabaqcadan görürdü və
buna görə də bu böyük dövlətin tükənməz
sərvətlərindən istifadə edərək öz Vətənini
- Azərbaycanı daha da inkişaf etdirməyə
çalışırdı. Bunun üçün, hər
şeydən öncə, güclü və müasir kadr
ordusu yaratmaq lazım idi.
Vətənin
kadr sarıdan geriliklərini hamıdan yaxşı görən
Heydər Əliyev bu sahəyə xüsusi diqqət yetirir, gənc
mütəxəssislər hazırlanması işini öz
şəxsi nəzarəti altında saxlayırdı. Hər
il SSRİ-nin qabaqcıl ali məktəblərinə,
özü də nadir ixtisaslara, bir ali məktəbin qəbulu
qədər tələbə göndərməyə, bununla
da XXI əsrin - yaşadığımız günlərin Azərbaycanı
üçün güclü kadr potensialı yaratmağa Heydər
Əliyevdən başqa kimin hünəri çatardı?!
Görəsən o zaman Azərbaycana başçılıq
edən Heydər Əliyev nə üçün hərbi təhsilə
xüsusi diqqət yetirir, hərbi məktəblər
açdırır, şəxsi nəzarəti altında hər
il SSRİ-nin ali hərb məktəblərinə yüzlərlə
azərbaycanlı göndərtdirirdi, təyyarəçilər
hazırlanmasını diqqət mərkəzində
saxlayırdı, hətta kosmonavtlar dəstəsinə azərbaycanlıların
daxil edilməsinə çalışırdı.
Yaxşı
yadımdadır. 1970-ci illərin sonu idi. Ali məktəblərə
tələbə qəbulu ilə əlaqədar Mərkəzi
Komitədə keçirilən ənənəvi
müşavirəyə dəvət olunmuşduq. Heydər Əliyev
təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən
sonra Ümumqoşun Komandirləri Məktəbinin rəisini
çıxışa dəvət etdi. Və ona dərhal sual
verdi - tələbələr içərisində, yerli əhalinin
nümayəndələri nə qədərdir?
Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi
təhsilə zəif cəlb olunmasından çox narazı
qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin
rəisini çox kəskin məzəmmət etdi və ona
konkret tapşırıqlar verdi.
İş
elə gətirdi ki, sonrakı il Mərkəzi Komitədə
keçirilən müşavirədə mən yenə
iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun
Komandirləri Məktəbinin rəisini yenə xitabət
kürsüsünə dəvət etdi. Rəis bu dəfə
də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev,
əvvəlki kimi, yenə yerli əhalinin faizi ilə
maraqlandı. Müəyyən irəliləyiş olmasına
baxmayaraq narazı qaldığını bildirdi. Böyük
siyasətçinin dedikləri bugünkü kimi
yadımdadır: Yerli əhalinin nümayəndələrini təyyarəçilik
məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər
hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin
tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər
də olsun azərbaycanlının cəlb olunmamasından
narazılığımı bildirdim. Mənə məlumat
verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik
məktəblərini bitirənləri götürürlər.
Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki,
SSRİ-nin təyyarəçilik məktəblərində
bir nəfər də olsun Azərbaycanın yerli əhalisinin
nümayəndəsi oxumur. Bəs siz hara
baxırsınız?!
Bu
proseslərin şahidi və imkanım daxilində
iştirakçısı olduğum üçün cəsarətlə
deyə bilərəm: HEYDƏR ƏLİYEV HƏLƏ O
ZAMAN BU GÜNÜ GÖRÜRDÜ, DOĞMA VƏTƏNİNİ
BU GÜN ÜÇÜN HAZIRLAYIRDI, BÖYÜK DÜHA
SAHİBİ YENİ AZƏRBAYCANI - BUGÜNKÜ AZƏRBAYCANI
HƏLƏ O VAXTDAN QURMAĞA BAŞLAMIŞDI.
Heydər Əliyev doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni aparmış, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablar üçün keçirdiyi üzüntüləri öz içərisində boğub saxlamış, lakin atdığı uzaqgörən və çox cəsarətli addımlarla bunun əvəzini çıxmışdır. Belə olmasaydı, Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırmazdı, repressiya qurbanı olmuş böyük Cavidin nəşini illər keçdikdən sonra Vətənə qaytarmazdı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırmazdı (hər gün Sapun Qoraya ziyarətə gələn minlərlə turistə, əcnəbiyə əvvəlcə məhz bizim bu abidəmiz barədə məlumat verilir. Bunu ancaq görmək və qürurlanmaq lazımdır!).
Məhz bu dövrdə - Heydər Əliyevin hakimiyyəti illərində, ilk dəfə olaraq, Azərbaycanın sənət adamlarının bir qrupuna - Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktlardır.
Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya irəli çəkilib müəmmalı şəkildə qətlə yetirilən, sonra da "millətçi" damğası yapışdırılan və sovet hakimiyyəti orqanları tərəfindən adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq üçün Heydər Əliyev nələr çəkməmişdir? Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən - xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!
XX yüzilliyin 60-cı illərinin sonu - 70-ci illərində Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixinə də maraq artdı, bu sahədə də dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanmasına və çapına nail olduq. 1972-ci ildə Ensiklopediyanın baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri" (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin "sapı özümüzdən olan baltalar" bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi "dostlarını" köməyə çağırdılar. Bizə "millətçi", "burjua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaq məqsədilə vaxtı ilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul-Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi KQB-nin təqiblərinə düçar olmadı, hətta partiya cəzasından da yaxa qurtara bildilər! Əksinə, bu sətirlərin müəllifi o zaman Heydər Əliyevin sədrlik etdiyi Mərkəzi Komitənin Bürosunda Ensiklopediyaya elmi işlər üzrə baş redaktor müavini təsdiq olundu...
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 60-70-ci illərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının yeni mərhələyə, yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bütün bunlardan sonra, fikrimizcə, Heydər Əliyevin müstəqillik dövründəki bugünkü fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqəni, dialektik vəhdəti sübut etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir...
Lakin min təəssüf ki, Heydər Əliyevin ölkəmizə əvvəlki rəhbərliyi dövründə görülmüş əzəmətli quruculuq işləri, bunun nəticəsində xalqımızda milli müstəqillik duyğularının, azadlıq ideallarının oyanışı tədqiqatçılar tərəfindən, ilk növbədə həmin dövrü araşdıran tarixçilər tərəfindən son illərədək əməlli-başlı, əhatəli şəkildə və dərindən araşdırılmamışdı. Bu məqsədlə son illərdə Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Əliyevşünaslıq şöbəsi yaradılmış, geniş tədqiqat işlərinə başlanmışdır.
1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan çətin dövrünü yaşayırdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəstlər sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına qənim kəsilmişdilər. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Azərbaycan xariçi aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirməkdə idi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı.
Bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız o zaman qəti hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşu başlandı. Müdrik siyasətçi qısa müddətdə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün nələr etmədi? Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, heç olmasa, onların ən mühümlərini sıraya düzək.
Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dovlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı.
Azərbaycan dövlətçiliyi və Prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə ömrünü qurban verməyə hazır olan prezidentliyini nümayiş etdirdi. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur - sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olaçaqdır, dönməz olaçaqdır..."
Heydər Əliyev müharibə məsələsində
düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə
hesablaşdı. Məkrli düşmənlərimizin və
onların havadarlarının gücünü,
planlarını, Azərbaycanın düşdüyü
qanlı burulğanın nə qədər təhlükəli
olduğunu nəzərə aldı. Vəziyyəti
düzgün qiymətləndirdi. Real vəziyyətdən
çıxış edərək atəşkəs rejiminə
nail oldu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin
mənasız yerə qırılmasının
qarşısını aldı - genefondumuzu xilas etdi.
Ulu
öndər Heydər Əliyev xalqı, yurdu milli-mənəvi
parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən
əvvəlki rəhbərlərin tarixi keçmişin ibrət
dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə,
daxili həyatın və beynəlxalq vəziyyətin
gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul
etdikləri səhv qərarların icrasını
dayandırdı. Torpağımızın,
xalqımızın, dilimizin üzərindəki əzəli
və əbədi "Azərbaycan" möhürü
özümüzə qaytarıldı. Bununla vətənçilik,
xalqımızın adı və dili, qüdrətimizin və
vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu,
reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan
qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə
də daşa dəydi!
Bu gün
müstəqil Azərbaycanın beynəlxalq aləmdə
nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan
Respublikası bütün dünyada demokratik, hüquqi,
dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər
Əliyev zəkasının məhsulu olan təməl
qanunumuz dünyanın ən demokratik, ən mükəmməl
konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə
böyük rəğbət qazandırır. Yurdumuzda
hökmranlıq edən sabitlik, həyata keçirilən
daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin
genişlənməsinə müsbət təsir göstərir.
Özünün xarici siyasətini bərabərlik və
qarşılıqlı mənafe prinsipləri əsasında
quran Azərbaycan Respublikası dünyanın bütün
dövlətləri üçün açıq ölkəyə
çevrilmişdir.
Ulu
öndər Heydər Əliyevin müdrik xarici siyasəti sahəsində
əldə olunan ən mühüm uğurlardan biri də
budur ki, o, Azərbaycanı türk dünyasından təcrid
olunmuş vəziyyətdən çıxartdı.
Müstəqil
Azərbaycan dövlətinin islam dünyasındakı
nüfuzu da getdikcə artdı, qardaş müsəlman
ölkələri ilə əlaqələr genişləndi.
Azərbaycan Respublikası bir çox beynəlxalq ittifaqlara və
təşkilatlara üzv qəbul olundu.
Ulu
öndər ənənəvi düşmənlərimizin həmişə
Azərbaycanı diz çökdürmək üçün
istifadə etdikləri "erməni kartı"na
qarşı neft siyasəti strategiyasını işləyib
hazırladı. Və sübut etdi ki, Qafqaz problemlərinin həllində
"erməni kartı"ndan daha güclü vasitələr
vardır. Uzaqgörən siyasətçilər indi
yaxşı başa düşürlər ki, neft siyasətinin
"erməni kartı"na və xarici ölkələrdəki
erməni lobbisinə qalib gələcəyi gün uzaqda deyil.
Müəllifi Heydər Əliyevin olduğu bu siyasətin nə
qədər dərindən düşünülmüş və
uzaqgörən bir siyasət olduğunu zamanın özü təsdiq
edir.
Heydər
Əliyev Azərbaycan Respublikasını şimaldan və cənubdan
məngənəyə salıb sıxan, onun xarici ölkələrlə
ənənəvi əlaqələrini kəsən qüvvələrə
qarşı Şərq-Qərb dəhlizini açdı.
"Böyük İpək Yolu"nun dirçəldilməsi
siyasətini yeritdi və bundan Azərbaycanı iqtisadi
blokadadan çıxarmaq üçün məharətlə
istifadə etdi. Dünya bunun şahididir. Dünya siyasətçiləri
bunu qiymətləndirirlər. Gizli deyil ki, bu müdrik siyasət
və onun müasir dövrdə Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi Ermənistanın dərin
sosial-iqtisadi böhran bataqlığına yuvarlanmasına səbəb
oldu.
Bu gün
yaşadığımız regionda təkcə Azərbaycanda
xarici dövlətlərin bir nəfər də olsun əsgəri
və hərbi bazaları yoxdur. Beynəlxalq mənafelərin,
o cümlədən böyük dövlətlərin və
qonşuların mənafelərinin düyünləşdiyi
Azərbaycan kimi çox mühüm hərbi-strateji və zəngin
sərvətli bir ölkədə buna nail olmaq hər siyasətçinin
işi deyil! Bu müdrik və cəsarətli siyasəti Heydər
Əliyev başladı, İlham Əliyev başa
çatdırdı.
Ümummilli
lider özünün ölkə miqyaslı qəbullarından
tutmuş beynəlxalq miqyaslı görüşlərə,
yüksək səviyyəli danışıqlarınadək
hər yerdə, hər an Azərbaycan həqiqətini
dünyaya yaydı. Azərbaycan vaxtilə ona qarşı yaradılmış
beynəlxalq informasiya blokadasını yardı. Dünya Azərbaycan
həqiqətini qəbul etməyə başladı.
Heydər
Əliyev vaxtilə Moskva, Leninqrad və başqa şəhərlərin
ali məktəblərində təhsil almış,
özü də Azərbaycanın müxtəlif bölgələrini
təmsil edən gənclərin qabaqcıl bir dəstəsini
Prezident Administrasiyasına, müxtəlif dövlət
strukturlarına toplayıb onlara idarəçilik qaydaları
öyrətdi. XXI əsrin Azərbaycanı üçün
hazırladı.
1994-cü
il iyunun sonunda xarici düşmənlərin və daxildəki
Vətən xainlərinin havadarlıq etdiyi bir qrup
separatçı Balakəndə baş
qaldırmışdı. Prezident Administrasiyasında
müvafiq sahəyə cavabdeh olan dövlət nümayəndəsinin
başçılığı ilə bir qrup ziyalı təcili
Balakənə yola düşdük. Bakıdan gec
çıxdığımız üçün Zaqatalada gecələdik.
Ertəsi gün səhər tezdən artıq Balakən
İcra Hakimiyyətinin binasında idik. Camaatla
görüşə tələsirdik. Lakin o zamankı icra
başçısı bizi camaatla görüşdürməyə
tələsmir, Rusiya Federasiyasından (Dağıstandan) gələcək
"qonaqları" gözlədiyini bildirirdi. Dövlətimiz
tərəfindən rəsmi surətdə dəvət
olunmayan, başqa sözlə, çağırılmayan
"qonaqların" gözlənilməsi bizə
qarşı açıq-aşkar hörmətsizlik,
saymazlıq idi. Yerli hakimiyyət nümayəndəsinin bu
müəmmalı hərəkətindən çox narazı
qalmışdıq. Gündüz saat 11 radələri
olardı. Birdən hökumət telefonu səsləndi. Dedilər
ki, Bakıdan göndərilmiş dövlət nümayəndəsi
və icra başçısı telefonun yanında olsunlar.
Prezident danışacaqdır. Dövlət
başçısı Heydər Əliyev o gün, o məqamda
Vətən üçün ən çox narahatlıq
doğuran bir hadisəni şəxsi nəzarətinə
götürmüşdü... Mən o zaman təlatümlü
hadisələrin qaynar nöqtəsində olarkən bir daha əmin
oldum və böyük qürur keçirdim ki, Azərbaycan
sahibsiz deyil. "Azərbaycanın dövlət müstəqilliyi
əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz
olacaqdır!" - deyə bütün dünyaya bəyanat verən
Heydər Əliyev öz sözünün ağasıdır,
müstəqilliyimizə zaval yoxdur...
Heydər
Əliyevin öz doğma el-obası qarşısında
danılmaz tarixi xidmətləri bir deyil, beş deyil...
Bunların
hamısını yerli-yerində ipə-sapa düzmək, incələmək
və gələcək nəsillərə
doğru-düzgün çatdırmaq o qədər də
asan məsələ deyil. Əlbəttə, bütün
bunlar xüsusi tədqiqatların və gələcəyin
işidir. Mən isə bu yığcam yazıda müasirlərimə
təkcə bir həqiqəti yetirmək istədim: Azərbaycan
çox ağır bir keçid dövrünü
yaşadı, çox ağrı-acılı keçən
mürəkkəb bir dövrünü! Özü də bizim
keçid dövrümüz başqalarınınkına bənzəmirdi.
Çox əlverişli strateji məkan olan bu Yurdda nə qədər
böyük qüvvələrin gözü vardı?! (indi də
var, gələcəkdə olacaqdır!!) Zəngin sərvətlərimizə,
neftimizə kimlər susamır?! Kiçik bir ölkənin həm
daxildə, həm də xaricdə nə qədər
düşməni olar?! Tariximizin ibrət dərslərini,
azadlıq mücadilələrində dəfələrlə
qan içində boğulduğumuzu, müasir
dünyamızın reallığını, başqa
xalqların tarixini hökmən nəzərə
almalıydıq: keçid dövrlərində qüvvətli
şəxsiyyətlər olmadan qələbə olmayıb və
olmayacaq da!
Bu gün
xalqımız bir həqiqəti hamılıqla daha aydın dərk
edir: hazırda tərəqqi dövrünü yaşayan
bütün xalqları, millətləri, ölkələri
keçid dövrünün keşməkeşlərindən
dahi şəxsiyyətlər - Vaşinqtonlar, Bismarklar, De
Qollar, Atatürklər ... çıxarmışlar! Heydər
Əliyev də belə şəxsiyyətdir!
Bu gün
Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla və yaradıcılıqla həyata keçirilməsi
sayəsində Azərbaycan dünyanın ən sürətlə
inkişaf edən ölkəsinə və regionun lider dövlətinə
çevrilmişdir. Heydər Əliyev ideyalarının zəfər
yürüşü davam edir.
Azərbaycan
xalqı böyük qürur hissi keçirir ki,
ümumdünya tarixinin nadir tarixi şəxsiyyətləri
sırasına Heydər Əliyev kimi bir dahi bəxş
etmişdir!
Yaqub
MAHMUDOV,
AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutunun
direktoru, Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 4 may.- S.7.