Mübariz QURBANLI: «Bu fikirlərin yayılmasında Eldar Namazov da, Rüstəm İbrahimbəyov da olduqca maraqlı görünürlər»

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının Səs TV-yə müsahibəsi

 

- Mübariz müəllim, son dövrlərdə bir sıra mətbuat orqanlarında Rusiya Azərbaycan münasibətləri müxtəlif formada şərh olunur. Azərbaycanın xarici siyasətində Rusiya Azərbaycan münasibətlərinin rolunu və yerini necə qiymətləndirirsiniz?

- Azərbaycan hazırda müstəqil siyasət yeridir. Bizim siyasətimizin konseptual əsasları ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb və bu konseptual əsaslar üzərində də bu gün Azərbaycanın xarici siyasəti həyata keçirilməkdədir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, bizim xarici siyasətimizin əsas xüsusiyyəti onun müstəqil olmasıdır. Yəni, biz müstəqil siyasətimizi müstəqil prinsiplər əsasında qurmuşuq. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarına yönəlib və Azərbaycanın milli maraqlarını qorumaq əsas hədəfimiz, əsas vəzifəmiz və ciddi olaraq bu iş üzərində dayandığımız məsələdir. Azərbaycan dünya siyasətində getdikcə öz mövqeyini möhkəmləndirir və bölgənin lider dövlətidir. Azərbaycanın xarici siyasəti daha çox ölkələrlə münasibət qurmağa yönəlib. Hazırda Azərbaycan 145 ölkə ilə ticari, iqtisadi əlaqələr saxlayır. Ermənistan istisna olmaqla, ölkəmiz demək olar ki, dünyanın əksər regionları, dövlətləri ilə, xüsusilə, aparıcı ölkələrlə ticari, iqtisadi əlaqələr həyata keçirməkdədir.

Məlumdur ki, dünyanın siyasətini müəyyənləşdirən "Böyük 8-lik" var. Bundan başqa, dünya iqtisadiyyatını, maliyyə sistemini, dünyanın üzləşdikləri çətinlikləri həll etmək üçün "Böyük 20-lər" toplantılar keçirir. Bu "Böyük 20-lər"ə o ölkələr daxildir ki, onların ümumi daxili məhsulu və iqtisadi gücü dünya siyasətinə təsir etmək imkanına malikdir və həlledici rol oynayan dövlətlərdir. "Böyük 20-lər"in sırasında bizim müttəfiqimiz və dostumuz olan Türkiyə də var. "Böyük 20-lər"in sırasında "Böyük 8-lik" də var. Bunların arasında ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, İtaliya və s. bu kimi ölkələr var. Bunları nə üçün xatırladıram? Çünki biz özümüz də "Böyük 20-lər"in toplantılarına dəvət olunuruq. Biri var "Böyük 20-lər", biri də var oraya dəvət olunan ölkələr. Buraya o ölkələr dəvət olunurlar ki, həmin ölkələr dünya maliyyəsinə, dünya iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərə bilir. Buna görə də Azərbaycanın xarici siyasəti həm bir tərəfdən Ermənistanın təcavüzü ilə yaranmış vəziyyətdə Azərbaycanın mövqelərini möhkəmləndirməyə, digər tərəfdən isə ticari, iqtisadi əlaqələri genişləndirməyə yönəldilib. Bu əlaqələrdə bizimlə qonşu olan Rusiyanın özünəməxsus rolu və yeri var. Rusiya Azərbaycanla tarixi ənənələrə və münasibətlərə malik ölkədir. Rusiya şimal qonşumuz olaraq böyük iqtisadi potensiala malikdir. Eyni zamanda, Rusiyanın bu bölgədə siyasi təsirlə bərabər, iqtisadi imkanları da böyükdür. Bizim Rusiya ilə münasibətlərimizin əsaslarında bu ölkə ilə imzaladığımız müqavilələr dayanır və bunun əsasında da münasibətlərimiz tənzimlənir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu səviyyədə qorunmaqdadır. Prezident İlham Əliyev bu yaxınlarda Rusiya telekanallarından birinə verdiyi müsahibədə Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirmiş və bu münasibətlərin inkişafında Azərbaycanın maraqlı olduğunu qeyd etmişdi. Əlbəttə, Rusiya və Rusiya siyasəti demək olmaz ki, yekcinsdir. Rusiyanın Duması var, Rusiya siyasətində ayrı-ayrı maraqları ifadə edən dairələr var, Rusiyanın iqtisadi həyatında da müxtəlif dairələri ifadə edən adamlar var. Amma bütövlükdə dövlət səviyyəsində Rusiyanın Prezidenti, Baş naziri, Rusiya hökuməti səviyyəsində Azərbaycanla münasibətlər yüksək səviyyədədir. Onu da qeyd edim ki, Rusiyada azərbaycanlılar var, onların yaratdığı qurumlar var, Ümumrusiya Azərbaycan Konqresi  var. Bununla yanaşı, Rusiyanın bölgələri ilə də əlaqələr mövcuddur. Məsələn, Bakının bir neçə rayonu Rusiyanın ayrı-ayrı bölgələri ilə əlaqələrə malikdir. Yəni, dövlətlərarası münasibətlərimiz kifayət qədər sanballı əsaslara söykənir və münasibətlər normal məcrada inkişaf edir. Rusiya ilə münasibətlərə Azərbaycan böyük önəm verir, Rusiya hakimiyyəti də Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Beynəlxalq təşkilatlarda da bizim əlaqələrimiz, humanitar sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir.

- Ölkənin bəzi mətbuat orqanlarında Azərbaycandakı bəzi antimilli qüvvələrin, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun məhz Rusiyadan dəstək aldığını iddia edən xəbərlər yer alır. Bu məlumatlar nə qədər həqiqətə uyğundur?

- Həqiqətən də, Azərbaycan mətbuatında belə fikirlər səsləndirilir ki, guya Eldar Namazov, onun qrupu və yaxud Rüstəm İbrahimbəyov Rusiya tərəfindən dəstəklənir, onlar Rusiyanın adamlarıdır və s. Bilirsiniz, bu fikirlərin yayılmasında Eldar Namazov da, Rüstəm İbrahimbəyov da olduqca maraqlı görünürlər. Çünki onlar Rusiyanın adamı olduqlarını hansısa bir formada cəmiyyətə sızdırmaq, bununla da, müəyyən mənada Rusiyanın dövləti səviyyəsində, Rusiya hakimiyyəti səviyyəsində müdafiə olunduqlarını cəmiyyətə hansısa bir formada çatdırmaq istəyirlər. Əlbəttə, bu, tamamilə yanlışdır. Mən bir az öncə də qeyd etdim ki, dövlət səviyyəsində Azərbaycanda hansısa bir siyasi dairəni, qrupu, şəxsi nə Rusiya, nə ABŞ, nə də ki, Avropa dövlətləri müdafiə edirlər. Radikal müxalifətin də nümayəndələri bəzən belə bir təəssürat yaratmaq istəyirlər ki, guya onları ABŞ və ya Avropa dövlətləri səviyyəsində müdafiə edirlər. Bu da yanlışdır. Bizim Avropa İttifaqı ilə, ABŞ-la, Asiya ölkələri ilə, o cümlədən də Rusiya ilə dövlətlərarası münasibətlər səviyyəsində heç bir problemimiz yoxdur. Bu cür təəssürat yaratmaq istəyən şəxslərin, dairələrin məqsədi odur ki, bunlar özlərinin "qiymətli", "yararlı" olduqlarını nümayiş etdirsinlər. Məsələn, sıradan insanlara belə bir fikir aşılasınlar ki, biz gör nə qədər böyüyük, bizi hansısa bir dövlətin rəhbəri səviyyəsində müdafiə edirlər və ya dəstəkləyirlər. Bu, tamamilə yanlışdır, doğru deyil. Rüstəm İbrahimbəyov Rusiyada yaşayır, Rusiyada müəyyən mədəniyyət, incəsənət xadimləri ilə münasibətləri olan adamdır. Amma Rüstəm İbrahimbəyovu Rusiyanın siyasi dairələrində kimsə müdafiə edə bilməz, çünki onun siyasi dairələri hökumət səviyyəsində Azərbaycanla münasibətlərə böyük qiymət, önəm verir. Ola bilər ki, Rüstəm İbrahimbəyovu Rusiyada hansısa qruplar müdafiə etsin, hansısa qruplarla onun iqtisadi maraqları olsun və onlar tərəfindən dəstəklənsin. Rusiya mətbuatı yekcins deyil, Rusiya mətbuatında da Rüstəm İbrahimbəyovun söylədiyi fikirləri kimsə yaysın, ifadə etsin. Dərinə getdikdə, həmin qruplarla erməni qrupların daha sıx bağlı olduğunu da biz görə bilirik. Ona görə də Rüstəm İbrahimbəyovun və Eldar Namazovun müəyyən poz verərək, guya Rusiyadan böyük dəstək alması iddialarının heç bir əsası yoxdur.

Bu yaxınlarda mətbuatda oxudum ki, guya Eldar Namazov Rusiyaya gedib, orada görüşlər keçirib. Bilmirəm orada olub-olmayıb, mən inanmıram ki, Rusiyada hansısa ciddi siyasətçi Eldar Namazovla görüşsün, onunla söhbət etsin. İnanmıram ki, Rusiyanın hökuməti səviyyəsində kimlərsə onunla görüşməyə təşəbbüs etsin. O, orada hansısa politoloqla, mətbuat nümayəndəsi ilə söhbət edə bilər. Hesab edirəm ki, bu cür yanlış təəssüratı yaymaqda onlar çox maraqlıdırlar. Bununla da, Azərbaycan cəmiyyətində, müəyyən dairələrdə belə fikir yaratmaq istəyirlər ki, guya onlar müdafiə olunurlar. Bu, doğru deyil. Rusiyanın hökuməti və dövlət səviyyəsində bizim münasibətlərimiz yüksək səviyyədədir. Sizi əmin edirəm ki, bəlkə də Rusiyanın siyasi elitasında, rəhbərliyində olan adamların böyük əksəriyyəti Eldar Namazovun mövcudluğu haqqında məlumata malik deyil. Ola bilər, Rüstəm İbrahimbəyovu bir rejissor kimi tanısınlar, amma Eldar Namazovu orada kiminsə ciddi bir şəxsin, siyasətçinin tanıdığı haqqında fikir söyləməyin özü bir sadəlövhlük olar. Rüstəm İbrahimbəyov kinorejissor kimi fəaliyyət göstərib. Onun Rusiyanın tanınmış kino rejissoru, ssenaristi Mixalkovla böyük problemləri, məhkəmə çəkişmələri olub. Mixalkov özü Rusiyada dövlətçilər deyilən qrupa daxildir. Bunun özü də bir daha göstərir ki, Rusiyanın dövlət siyasəti səviyyəsində nümayəndələri Rüstəm İbrahimbəyovla əlaqədə ola bilməz və onu hansısa bir formada müdafiə edə bilməz. Rüstəm İbrahimbəyovun əlaqələri yalnız o qrupla, o media ilə ola bilər ki, onlar antiazərbaycan mövqedə dayanıblar, bütövlükdə neoimperiya siyasətini yeritmək istəyən dairələrdir. Eyni zamanda, Cənubi Qafqazda yaranmış olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ziyanına çalışan dairələrdir. Bu cür qruplarla, dairələrlə Rüstəm İbrahimbəyovun əlaqəli olduğunu söyləmək tamamilə mümkündür və onun çıxışları da, müsahibələri də, açıqlamaları da bunu söyləməyə əsas verir.

- Rüstəm İbrahimbəyov Azərbaycan ictimaiyyətində özünün vətənpərvər obrazını yaratmağa çalışır və "Ultimatum" pyesi vasitəsilə guya ki, Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırdığını iddia edir. Bu iddialar nə qədər əsaslıdır?

- Bir məsələni qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda dissident hərəkatı olmayıb. Azərbaycan ədəbiyyatında, incəsənətində, mədəniyyətində ötən əsrin 70-80-ci illərində sovet sistemini, sovet rejimini tənqid edən yazılar, vətənpərvər ruhlu şeirlər olub. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması kimi bir əsər ortada olub. O dövrdə "Qobustan" kimi jurnallar ortada olub. Mərhum akademik Ziya Bünyadovun tarixi əsərləri olub. Belə nümunələrimiz vardır. Azərbaycanda nəyə görə dissident hərəkatı olmayıb? Ona görə ki, o dövrlərdə Azərbaycana ulu öndər Heydər Əliyev rəhbərlik edib. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafına böyük təkan verilib, milli ruhda yazılan əsərlərə görə kimləri isə təqib etməyiblər. Məhz bunun sayəsindədir ki, Azərbaycanda o dövrdə milli ruh və milli tariximizi öyrənmək və özünün keçmişinə qayıtmaq, özünü dərk etmək istiqamətində böyük işlər görülüb. Hətta ulu öndər Heydər Əliyevə sonralar, ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra sual verdilər ki, niyə Azərbaycanda dissident yox idi. Ulu öndər dedi ki, ona görə ki, biz dissident ovuna çıxmamışdıq. Əksinə, Heydər Əliyev milli ruhlu şəxsləri, ziyalıları qoruyub, onları hər zaman himayə edib. Bunun da sayəsində o dövrdə milli ədəbiyyatımızda, kinomuzda və s. çox dəyərli əsərlər meydana gəlib. Amma o dövrdə biz Rüstəm İbrahimbəyovun çəkdiyi filmlər və yaxud yazdığı ssenarilərdə hansısa bir sovet rejimini qaralayan, aşağılayan, tənqid edən bir məqam görmürük. Onun "Ultimatum" pyesi haqqında son günlərdə mətbuatda yazılar getməkdədir. Bu pyes 80-ci illərin əvvəllərində tamaşaya qoyulub. Guya bu əsər tamamilə dissident mövzusunda yazılan bir pyesdir. Bu pyesi kim oxusa, görər ki, bu tezis tamamilə yanlışdır. Bunun da arxasında yenə də Rüstəm İbrahimbəyov personasını hansısa bir formada, başqa rəngdə cəmiyyətə təqdim etməkdir. Əslində, "Ultimatum" pyesində Azərbaycan Xalq Cümhuriyyəti, onun liderləri ələ salınır. "Ultimatum" pyesinin qayəsini nə təşkil edir? 28 apreldə cümhuriyyət hökumətinə, Azərbaycanın o dövrdəki parlamentinə Çingiz İldırımın ultimatum təqdim etməsi və bundan əvvəlki hadisələr təsvir olunur. Yəni, bu pyesi oxuyan adam görə bilər ki, cümhuriyyət liderləri nəinki orada yüksəklərə qaldırılır, əksinə, daha da aşağıya endirilir. "Ultimatum" pyesi məzmunca "26 Bakı komissarları" bədii filmi ilə oxşarlıq təşkil edir. Onu bu cür şişirtmək, Rüstəm İbrahimbəyovun simasında dissident obrazı yaratmaq yanlışdır və bunların da arxasında yenə müəyyən məqsədlər dayanır. Cəmiyyətin müəyyən hissəsində Rüstəm İbrahimbəyov haqqında hansısa mif yaratmağa çalışırlar. Rüstəm İbrahimbəyovun çəkdiyi filmlərdə sovet sistemi, qaydaları təbliğ olunub. Bu filmlərin içərisində "Səhranın bəyaz günəşi" filmi də var. Bu filmdə bolşevizm təbliğ olunur. Macəra janrında çəkilmiş filmdir. Söhbət bu filmin yaxşı və ya pis olmasından getmir. İdeyasına gəldikdə orada hansısa bir dissidentlik görünmür.

Yaxud da "Bir cənub şəhərində" filminin ideyasına baxsaq, burada da Bakının spesifikası göstərilir, burada da hansısa dissidentlik yoxdur. Əgər filmdə baş verən hadisələr zamanı orada olan milis işçisinin biganəliyini göstərməklə, guya sovet rejiminə tənqidi yanaşmaq istəyirlərsə, bunun özü də anormaldır. Çünki kifayət qədər belə filmlər olub ki, orada milis də, hökumət üzvü də, partiya işçisi də tənqid olunub. Onun filmlərinin təhlili üzərində dayanmaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, indi Azərbaycan cəmiyyətində belə bir yanlış təəssüratlar yaratmaq istəyirlər ki, bu adamlar guya sovet dövründə də bu sistemə qarşı olublar, onu tənqid ediblər. Sovet sistemini tənqid ediblərsə, niyə təqibə məruz qalmayıblar? Azərbaycanda Heydər Əliyev Rüstəm İbrahimbəyovu müdafiə edib, bəs Moskvada çalışdığı dövrlərdə niyə təqib olunmayıb? O, özü də etiraf edib ki, Heydər Əliyev onu himayə edib. Hətta "Bir cənub şəhərində" filminin ekranlara çıxmasına da Heydər Əliyev birbaşa tapşırıq verib.

Bunların üzərinə niyə qayıdırıq? İndi Rüstəm İbrahimbəyov və ya onun yanındakılar ortaya çıxaraq Azərbaycan hakimiyyəti, hökuməti haqqında olmazların yalanlarını danışırlar, bu yalanları mətbuatda yayırlar. Bunları yayaraq bir tərəfdən də özlərini belə göstərirlər ki, guya Azərbaycan hökuməti, hakimiyyəti xarici aləmdən təcrid olunub, guya bizim münasibətlərimiz hansısa ölkələrlə pisləşib və s. İranla münasibətlərimiz normal məcrada inkişaf edir. Qərbi Avropa, Rusiya və ABŞ-ın dövlət səviyyəsində nə radikal müxalifət partiyalarını, nə onların rəhbərlərini, nə də onların xəttini müdafiə edən yoxdur. Hansısa müdafiə istiqamətində cəhdlər varsa, araşdırdıqda görürsən ki, onlar hansısa qeyri-hökumət təşkilatları, kiçik qruplardır. O qruplardır ki, onların Azərbaycanda maraqları vardır, hansısa məsələni həll etmək istəyirlər. Yaxud da erməni təşkilatları ilə bağlı olan qruplar var, bütövlükdə Azərbaycanın əleyhinə olan dairələr var. Ayrı-ayrı ölkələrin parlamentlərində bizi istəməyən deputatlar da ola bilər. Rusiya Dumasında da bizi tənqid edən, əleyhimizə olan adamlar ola bilər. Amma hökumət səviyyəsindəki münasibətlərdə heç bir problemimiz yoxdur. Eynilə Rusiya ilə də bizim strateji tərəfdaşlığımız var və davam etməkdədir.

- Rüstəm İbrahimbəyovun son müsahibəsində də Azərbaycan hakimiyyəti ilə bağlı əsassız iddialar yer almaqdadır. Buna Sizin münasibətiniz necədir?

- Rüstəm İbrahimbəyovun son müsahibəsində yalana bürünmüş və Gebbels təbliğatına bənzər ifadələr vardır. Azərbaycandan guya kimlərsə Rusiyaya pul apararaq orada paylayır. Bu müsahibəni oxuduqda insanlar Rüstəm İbrahimbəyovun özünə gülməyə başlayırlar. Bu qədər ağ yalan ola bilməz. Onun bu cür ağ yalanları Elşad Abdullayevin ağ yalanlarına bənzəyir. Onlar artıq bir medalın iki üzü kimidirlər. Amma onların hər ikisini bir tərəziyə qoysaq, Rüstəm İbrahimbəyov gərək ondan bir az ağır gələydi. Amma çox təəssüf ki, Rüstəm İbrahimbəyov söylədiyi yalanların xarakterinə görə, heç də fərqlənmir. İndiki zamanda çamadanlarla pul daşımaq, onu aparıb paylamaq, bu fikirlər çox gülünc görünür. Ola bilər, Rüstəm İbrahimbəyov yeni macəra, dedektiv filmin ssenarisi üzərində işləyir və həmin ssenarilərdən hansınısa təhtəlşüur olaraq təkrar edir. Bunlar gülüncdür. Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti arasında münasibətlərin yaxşı olmadığını söyləmək onun özünün xəyal qırıqlığına uğradığını göstərir.

Azərbaycan mətbuatında tez-tez səslənir ki, onlar Rusiyadakı müəyyən dairələrdən hansısa dəstək almağa çalışır və ya dəstək almaqdadırlar. Müəyyən dairələrlə əlaqələri ola bilər. Amma insanlarımız, vətəndaşlarımız bilməlidirlər ki, onları Rusiya dövləti, hökuməti səviyyəsində heç kim müdafiə etməz. Əli Kərimlini və İsa Qəmbəri Qərbi Avropa və Amerika dövlətləri səviyyəsində heç kim müdafiə edə bilməz. Bizi orada hansısa parlamentdə tənqid edirlərsə, bu o demək deyil ki, onlar Əli Kərimlini və ya İsa Qəmbəri müdafiə edirlər. Rusiyada kimsə mətbuatda Azərbaycan hakimiyyəti haqqında mənfi məqalə yazırsa, bu o demək deyil ki, bunlar dövlət səviyyəsindədir. Sizi əmin edirəm ki, Avropa və Amerika siyasətinin tanınmış şəxslərindən soruşsanız ki, Əli Kərimli və İsa Qəmbər kimdir, onlar bunları tanımazlar.

Almaniya mətbuatında Azərbaycanla bağlı yazılar gedir. Bu, bizim alman dövləti, hökuməti səviyyəsində münasibətlərimiz demək deyil. Müxtəlif qruplar var. Enerji ilə bağlı maraqları olan dairələr, müxtəlif layihələr var ki, Azərbaycan bunların reallaşmasına dəstək vermir. Bununla bağlı narazı qruplar var ki, mətbuat vasitəsilə Azərbaycana basqılar etmək istəyirlər. Yaxud Azərbaycanın geosiyasi, coğrafi mövqeyi, durumu ilə bağlı, bölgədə yeritdiyi siyasətlə bağlı, qonşu ölkələrlə qurduğu siyasətlə bağlı maraqlı dairələr var və onlar çalışırlar ki, Azərbaycan siyasətini istədikləri kimi yönəltsinlər. Amma Azərbaycan Prezidenti dəfələrlə deyib ki, biz müstəqil siyasət aparırıq və bizə kimsə təzyiq edə bilməz. Biz təzyiq altında qərar qəbul etmirik və etməyəcəyik. Ən böyük dövlətlərin belə, Azərbaycanla bağlı siyasətində Azərbaycan bərabərhüquqlu siyasət tərəfdarıdır. Biz əlimizin üzərinə əl qoyulmasına imkan verməyəcəyik. Biz dövlətüstü qurumlar olan hansısa təşkilata daxil olmayacağıq və olmamışıq. Ulu öndər Heydər Əliyevin məşhur bir tezisi var ki, "Biz dövlətüstü qurumlar olan hansısa təşkilata üzv olmayacağıq". Biz BMT, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional, beynəlxalq qurumların üzvüyük. O təşkilatlarda biz bərabərhüquqlu tərəf kimi çıxış edirik. Hansısa təşkilata üzv olub, oradan maliyyə məsələsi, xarici, geosiyasi siyasətlə bağlı tapşırıqlar alsaq, onda biz müstəqil ola bilmərik. Ermənistan bu gün kiminsə forpostu, vassalıdır.  Amma biz hansısa bir dövlətlə münasibətdə yalnız Azərbaycanın maraqlarını qoruyuruq və xarici siyasətimizin də məqsədi budur, bu da həyata keçirilməkdədir. Azərbaycan Asiya ölkələri ilə də, Qərb ölkələri ilə də çox ciddi əlaqələrə malikdir. Bizim siyasətimiz bütövlükdə milli maraqlarımıza uyğun bütün ölkələrə yönəlib və birtərəfli deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya siyasətində, siyasətçiləri arasında özünəməxsus yeri və rolu var. Qarşıdan gələn seçkilərə də kənardan hər hansı bir müdaxilə imkanları sıfıra bərabərdir. Çünki hər bir hakimiyyət xalqa söykənməlidir. Azərbaycan hakimiyyəti də xalqa söykənir. Azərbaycanda xalqla hakimiyyətin vəhdəti var.

 

 

Cabir MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 4 may.- S.8.