«Heydər Əliyev və Azərbaycanda
mülkiyyət islahatları» mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Əmlak
Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı
ilə mayın 3-də "Heydər Əliyev və Azərbaycanda
mülkiyyət islahatları" elmi-praktik konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, konfransın məqsədi ümummilli
lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi
tarixində güclü iqtisadiyyatın yaradılması, azad
sahibkarlar təbəqəsinin formalaşdırılmasında
mühüm rol oynayan genişmiqyaslı mülkiyyət islahatlarının
və dövlət əmlakının özəlləşdirilməsinin
həyata keçirilməsi istiqamətində atılan tarixi
addımlar, qəbul edilən qərarların və
görülən ardıcıl tədbirlərin uğurlu nəticələrinin
bir daha ictimaiyyətə çatdırılmasıdır.
Əvvəlcə
ümummilli liderin həyat və fəaliyyətini əks etdirən
film nümayiş olunmuşdur.
Konfransı
ƏMDK-nın sədri Kərəm Həsənov açaraq
iqtisadiyyatımızın dirçəldilməsi və
inkişafında, mülkiyyət islahatlarının
keçirilməsində, azad sahibkarlar təbəqəsinin
formalaşmasında ulu öndərin əvəzolunmaz xidmətlərindən
danışmışdır. Qeyd edilmişdir ki,
düşünülmüş siyasət nəticəsində
Azərbaycanda qısa müddətdə siyasi sabitliyin bərqərar
olması, müstəqil dövlətimizin qurulması işləri
əsaslı islahatların, o cümlədən iqtisadi
islahatların həyata keçirilməsinə şərait
yaratmışdır. K.Həsənov demişdir ki,
ümummilli lider Heydər Əliyev mülkiyyətin müxtəlif
növdə mövcud olmasını və bununla bağlı
müvafiq dövlət təminatlarının Konstitusiyada təsbit
edilməsini təmin etmişdir. Eyni zamanda, yeni mülkiyyət
münasibətlərinin təşəkkülü
strategiyası da müəyyən edilmişdir. Həmin
strategiyaya uyğun olaraq bazar islahatlarının ardıcıl
və sahmanlı şəkildə aparılması iqtisadi
siyasətin əsası kimi qəbul olunmuşdur.
Prezident
Administrasiyasının İqtisadi siyasət məsələləri
şöbəsinin müdiri Mail Rəhimov ölkəmizdə
mülkiyyət islahatlarının aparılmasında ulu
öndərin əvəzedilməz xidmətlərindən
danışmışdır. Vurğulanmışdır ki, həyata
keçirilmiş islahatların başlıca istiqamətləri
dövlət mülkiyyətinin özəlləşdirilməsi,
sahibkarlığın inkişaf etdirilməsidir. Ümummilli
liderin rəhbərliyi ilə dövlət əmlakının
özəlləşdirilməsi ilə bağlı
mühüm qərarların qəbulundan əvvəl bu sahədəki
əsas problemlər, mühüm məsələlər
müvafiq dövlət strukturlarının, təsərrüfat
rəhbərlərinin və elmi ictimaiyyətin nümayəndələrinin
iştirakı ilə geniş müzakirəyə
çıxarılmışdır. Həmin müzakirələrin
gedişində ölkəmizdə özəlləşdirmənin
strateji istiqaməti müəyyən edilmişdir. "Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət
Proqramı" hazırlanmışdır. Həmin
proqramın icrası ölkəmizdə struktur
islahatlarının sürətləndirilməsinə və
sahibkarlığın təşəkkülünə təkan
vermişdir. Ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi
şəraitində dövlət
başçısının irəli sürdüyü yeni vəzifələrə
uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi
barədə yeni qanun qəbul edilmişdir.
Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
çıxış edərək Azərbaycan
iqtisadiyyatının ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə böyük inkişaf yolu keçdiyini, özünün
iqtisadi təhlükəsizliyini təmin edən güclü
dövlətə çevrildiyini diqqətə
çatdırmışdır. O bildirmişdir ki, Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə
Azərbaycan sürətlə inkişaf etmişdir. Ulu öndərin
siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirilməsi nəticəsində
ölkəmizin iqtisadi inkişafı davamlı xarakter
almışdır.
Milli
Məclisin deputatı Şəmsəddin Hacıyev, Auditorlar
Palatasının sədri Vahid Novruzov, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Sədaqət Qəhrəmanova ümummilli lider Heydər Əliyevin
ölkə iqtisadiyyatının tənəzzüldən
çıxarılması, uğurlu iqtisadi islahatların həyata
keçirilməsi, özəlləşdirmə siyasəti,
müasir dövrdə bələdiyyə, dövlət və
xüsusi mülkiyyət növlərinin
qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin
inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi
və əmlak hüquqlarının səmərəli təminatı
sahəsində qəbul edilən qərarlar, hüquqi və
institusional mexanizmlər, həyata keçirilən islahatlar
haqqında danışmışlar.
Konfransın
birinci sessiyasında Azərbaycanın dövlət müstəqilliyi
bərpa edildikdən sonra keçid iqtisadiyyatının
problemləri, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə Azərbaycan Respublikasında əsaslı iqtisadi
islahatlar, o cümlədən mülkiyyət islahatları
strategiyasının hazırlanması və həyata
keçirilməsi, mülkiyyətin transformasiyası və
müasir əmlak idarəçiliyi məsələləri,
dövlət əmlakının özəlləşdirilməsinin
əsasları və iqtisadi münasibətlərin yeniləşdirilməsi
istiqamətləri, özəlləşdirmənin
sosial-iqtisadi aspektləri və inkişaf meyilləri,
mülkiyyət islahatlarının digər iqtisadi islahatlarla əlaqələndirilməsi
məsələləri ilə bağlı müzakirələr
aparılmışdır.
İkinci
sessiyada isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilmiş genişmiqyaslı
mülkiyyət islahatlarının müstəqil Azərbaycan
iqtisadiyyatının bazar münasibətləri əsasında
yenidən qurulması, iqtisadiyyatın çoxşaxəli
inkişafı, çoxsaylı sahibkarlar və mülkiyyətçilər
təbəqəsinin formalaşdırılması, dövlət
müəssisələrinin institusional yeniləşməsi,
onların səmərəli fəaliyyətinin təmin edilməsindən
danışılmış, özəlləşdirmənin
sosial-iqtisadi nəticələrinin təhlili, özəlləşdirilən
müəssisələrdə yeni iş yerlərinin
açılması, bu müəssisələrdə rəqabətqabiliyyətli
məhsulların istehsalının təşkili, nəticə
etibarı ilə əhalinin rifah halının
yaxşılaşdırılması, həmçinin müəyyən
edilmiş strategiya və əldə edilmiş nəticələr
əsasında qarşıdakı dövrdə mülkiyyət
islahatlarının və özəlləşdirmənin
inkişaf istiqamətləri kimi məsələlər
müzakirə olunmuşdur.
Konfransda
"Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə:
sosial-iqtisadi nəticələr və inkişaf meyilləri",
"Heydər Əliyevin özəlləşdirmə
strategiyasının iqtisadiyyata investisiyaların cəlb edilməsində
rolu", "Azərbaycanda daşınmaz əmlak idarəçiliyi
məsələləri və beynəlxalq əməkdaşlıq",
"Azərbaycanda mülkiyyət islahatları statistik rəqəmlərdə",
"Dövlət əmlakının idarə edilməsi və
özəlləşdirilməsi: informasiya- kommunikasiya
texnologiyaları və şəffaflıq mexanizmləri",
"Azərbaycan iqtisadiyyatında aparılan mülkiyyət
islahatlarının bəzi hüquqi məsələləri",
"Ölkə iqtisadiyyatının inkişafında iqtisadi
proqramlaşdırmanın rolu", "Heydər Əliyevin rəhbərliyi
ilə bazar iqtisadiyyatı prinsipləri əsasında milli
iqtisadiyyatın yaradılması" mövzularında məruzələr
dinlənmişdir.
Azərbaycan.-2013.- 4 may.- S.9.