Ulu öndər respublikanın
regionlarının inkişafına xüsusi diqqət yetirirdi
İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda konfrans keçirilmişdir.Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizin qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını vurğulamışdır. Qeyd edilmişdir ki, ulu öndərin siyasi təcrübəsi, biliyi, cəsarəti və müdrikliyi qısa müddətdə ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır.
İcra başçısı qeyd etmişdir ki, 1969-1982-ci illərdə Lənkərandan keçmiş İttifaqın mindən çox şəhərinə sənaye və kənd təsərrüfatı məhsulları göndərilirdi. Lənkəran "Ümumittifaq bostanı" adlanırdı. Ulu öndərin Lənkərana 6 səfərinin hər biri rayonumuzun həyatında çox böyük iz qoymuş, yeni-yeni obyektlərin açılışları ilə yadda qalmışdır. Həmin dövrdə Lənkəranda sənaye, mədəniyyət, məişət müəssisələri, mikrorayon, hava limanı, Xanbulançay dəryaçası və digər obyektlər tikilərək istifadəyə verilmişdir. Ümummilli liderin ideyaları, siyasi kursu bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Taleh Qaraşov həmçinin cənab Prezident İlham Əliyevin keçən il Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar imzaladığı 4 sərəncamdan irəli gələn vəzifələrin icrasından, şəhərdə, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışdı, Heydər Əliyev ideyalarının təntənəsinin Azərbaycanın, eyni zamanda Lənkəranın xoşbəxt gələcəyini təmin edəcəyini xüsusi vurğuladı.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxışnda ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı istiqamətində gördüyü işlər barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, ümummilli liderin xalqın təkid, tələb və xahişi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərqərar olmuş, iqtisadi tənəzzülün qarşısı alınmış, irimiqyaslı iqtisadi islahatlara başlanılmışdır. 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmış və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyulmuşdur. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər endirilmişdir.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir.
Tədbirdə çıxış edən digər məruzəçilər ulu öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş fikir mübadiləsi aparmışlar.
Sonda sahibkarları maraqlandıran suallar
cavablandırılmışdır.
Azərbaycan.-2013.- 4 may.- S.9.