Heydər Əliyev Fondunu ziyarət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarında zəngin təəssüratlar yaratmışdır

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mayın 3-də Heydər Əliyev Fondunu ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Qeyd olunmuşdur ki, xalqımızın hər bir vətəndaşının hüquq və azadlıqlarını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Ümummilli lider hələ respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrdə istedadlı, yüksək bilik və bacarığa malik qadınlara xüsusi diqqət və qayğı göstərərək onları yüksək vəzifələrə təyin etməyə başlamışdır. Məhz həmin dövrdə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin olunmuşdur. Ulu öndər öz işində, ictimai işlərdə fərqlənən qadınlara fəxri adların verilməsi, qadınların mükafatlandırılması, orden-medallarla təltif olunması ənənəsinin əsasını qoymuşdur. Həmin illərdə bir çox azərbaycanlı qadına "Sosialist Əməyi Qəhrəmanı" fəxri adı verilmişdir.

Bildirilmişdir ki, hər zaman qadınların fəaliyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev onların cəmiyyətdəki rolundan danışarkən demişdir: "Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır".

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillər və eksponatlarla yanaşı, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallar, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketi ziyarətçilərdə xüsusi maraq doğurmuşdur.

Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmini izləmişlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi fonddan zəngin təəssüratla ayrılmışdır.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.9.