Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır

 

Hindistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov mayın 3-də hindistanlı həmkarı Salman Xurşid ilə görüşmüşdür.

Hindistan xarici işlər naziri azərbaycanlı həmkarını salamlamış və Hindistana rəsmi səfər etdiyi üçün təşəkkür etmişdir. Səfərin ikitərəfli münasibətlərin gələcək inkişafına töhfə verəcəyini qeyd edərək, Hindistanın Azərbaycanla hərtərəfli əməkdaşlığa önəm verdiyini nəzərə çatdırmışdır.

Salman Xurşid bildirmişdir ki, dinamik iqtisadi inkişafa nail olaraq, beynəlxalq arenada nüfuzunu artıran Azərbaycan Asiya üçün də əhəmiyyətli dövlətdir. O, Azərbaycanı Asiyanın Qərbə açılan qapısı kimi gördüklərini vurğulamışdır.

Nazir Elmar Məmmədyarov səmimi qəbula görə təşəkkür etmiş və Azərbaycanın Hindistanla ticarət, enerji, informasiya texnologiyaları və hava nəqliyyatı sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. İkitərəfli müqavilə-hüquq bazasını genişləndirməyə ehtiyac olduğunu bildirən nazir bunun ikitərəfli əməkdaşlığa töhfə verəcəyini qeyd etmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verən Elmar Məmmədyarov Ermənistanın öz işğalçı siyasətini davam etdirdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əməl etmədiyini və işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmadığını vurğulamışdır.

Görüşdə həmçinin beynəlxalq gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılmış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

*  *  *

 

Görüşdən sonra nazirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Hindistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair protokol imzalamışlar.

 

*  *  *

 

Mayın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ənsari ilə görüşmüşdür.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Dehli

 

Azərbaycan.-2013.- 4 may.- S.10.