Başqırdıstan Respublikası Elmlər Akademiyasının prezidenti Azərbaycan Milli Elmlər Akademiyasında olmuşdur

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti  akademik Akif Əlizadə Başqırdıstan Respublikası Elmlər Akademiyasının (BREA) prezidenti, BREA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Ramil Baxtizin ilə görüşmüşdür.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, görüşün əsas məqsədi müvafiq sahədə əməkdaşlıq əlaqələrinin müzakirəsi olmuşdur.

Əvvəlcə BREA haqqında məlumat verən R.Baxtizin akademiyanın əsas fəaliyyət istiqamətləri və görülən işlərdən danışmışdır. O, tətbiqi mexanika və neft-mədən işləri sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Azad Mirzəcanzadənin tələbəsi olduğunu və ölkəsində mütəmadi olaraq bu böyük alimin elmi fəaliyyətinə həsr olunmuş konfransların keçirildiyini bildirmişdir.

Görüşdə hər iki elmi qurumun iştirakı ilə birgə konfransların təşkili, innovativ layihələrin həyata keçirilməsi, o cümlədən kadr və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunmuş, bu əlaqələrin mühüm elmi nəticələrin əldə olunmasına xidmət edəcəyi vurğulanmışdır.

Daha sonra hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin təşkili haqqında müqavilə imzalanmışdır.

Saziş protokolunu akademik Akif Əlizadə və BREA-nın müxbir üzvü  Ramil Baxtizin imzalamışlar.

Görüşdə AMEA-nın vitse-prezidenti akademik Akif Hacıyev və AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Geylani Pənahov iştirak etmişlər.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.10.