Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Van şəhərində «Azərbaycan günləri» keçirilmişdir

 

Qədim Roma imperiyası dövründə əsası qoyulsa da, bir şəhər kimi 2 min yaşı olan Van Fransanın qərbindəki təbii gözəlliyi ilə fərqlənən Brötan regionunun ərazisində yerləşir.  Romalıların işğalı zamanı müxtəlif adlar daşıyan şəhərə sonralar Fransanın ən qədim tayfalarından olan qallar Van adı vermişlər. Əhalisinin sayına görə Van regionun beşinci şəhəridir. Tarixi abidələrlə zəngin olan Van Monbian departamentinin iqtisadi və turizm mərkəzi hesab olunur. Şəhərin mərkəzindəki qədim və tarixi binalar, daş döşənmiş dar küçələr haradasa doğma Azərbaycan paytaxtındakı İçərişəhəri xatırladır. Keçən əsrlərin tarixiliyini özündə yaşadan Van turistlərin diqqətini daha çox cəlb edir və hər il 2 milyon turist bu şəhərə səfər edir.

Mədəniyyətlər sərhəd tanımır. Mədəniyyətlərin qovuşması xalqları bir-birinə yaxınlaşdırır, ölkələr arasında əlaqələrin yaranıb inkişaf etməsinə əməli yardım edir. Bu baxımdan Heydər Əliyev Fondunun Fransanın müxtəlif şəhərlərində təşkil etdiyi sərgi və konsertlər böyük rol oynayır.

Ölkəmizi fransızlara hərtərəfli tanıtmaq istiqamətində  Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Parisdəki səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Van şəhərində keçirilən "Azərbaycan günləri" ilə bağlı geniş reklam işi aparılmışdır. Şəhərin müxtəlif yerlərinə, ictimai nəqliyyat vasitələrinə ölkəmizlə bağlı təşkil olunan sərgi və konsertə dair afişalar vurulmuşdur. Afişalarda Azərbaycanın tarixi, zəngin mədəniyyəti və incəsənəti, habelə sərgidə nümayiş etdirilən eksponatlar və konsert barədə məlumatlar öz əksini tapmışdır.

Şəhərin San-Pol liseyində təşkil olunan sərginin açılışında çıxış edən mer David Robo müxtəlif icmaların yaşadığı Fransada təbii sərvətləri və mədəni dəyərləri ilə zəngin olan Azərbaycanın az tanınmasından təəssüf hissi keçirdiyini bildirmiş, Vanın okeanın yaxınlığında, Azərbaycanın isə dəniz kənarında yerləşməsi arasında müəyyən oxşarlığın mövcudluğunu vurğulamış, ölkəmizin Avropa Şurasının tamhüquqlu üzvü olduğunu və gələcəkdə Bakı ilə sıx əlaqələr yaradılacağına ümid bəslədiyini demişdir.

Brötan regionunun Fransanın kənd təsərrüfatı sahəsindəki əsas rolundan, ərzaq məhsulları ilə təminatından bəhs edən D.Robo ölkələrimiz arasında müxtəlif istiqamətdə əməkdaşlığın, o cümlədən Azərbaycanın müxtəlif universitetləri ilə əlaqələrin qurulmasının vacibliyini vurğulamışdır.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında demişdir ki, Van Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın "Azərbaycan günləri"nin keçirildiyi 12-ci şəhəridir. Səfir "Azərbaycan günləri" ilə bağlı sərgi və konsertin Brötan regionunun mirvarisi hesab edilən və Monbian departamentinin əsas şəhəri Vanda keçirilməsindən  məmnun olduğunu, bu il Fransanın daha 19 şəhərində belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş, ölkəmizin Fransa ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələri inkişaf etdirdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Parisdə ölkəmizə dair mütəmadi mədəniyyət günləri təşkil olunur, Fransanın müxtəlif ali təhsil ocaqlarında Azərbaycan dili tədris edilir. Diplomat keçən il Qafqazda ən böyük fransız məktəbinin Bakıda inşa edildiyini diqqətə çatdırmışdır.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan səfir ölkəmizin Cənubi Qafqazın lider dövləti olduğunu bildirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın demokratik dəyərlərə əsaslanan sivil, dünyəvi dövlət quruculuğu yolunda inamla irəlilədiyini bəyan etmişdir.

Konsertdə səslənəcək caz musiqisi ilə bağlı Azərbaycanın öz ənənələri olduğunu vurğulayan E.Əmirbəyov İkinci Dünya müharibəsindən sonra bu musiqinin ölkəmizdə inkişafından, cazmen Vaqif Mustafazadə tərəfindən cazla muğamın sintez edilməsindən, istedadlı azərbaycanlı gənclərin beynəlxalq caz festivallarındakı uğurlu çıxışlarından bəhs etmişdir.

Şəhər sakinləri sərgidə nümayiş etdirilən keramika və misgərlik sənət nümunələrinə, xalça və kilimlərə, xurcunlara, qədim qadın və kişi geyimlərinə xüsusi maraq göstərmişlər. Onlara Azərbaycan tarixindən, mədəniyyət və incəsənətindən bəhs edən broşürlər və kitablar paylanmışdır.

Van turizm idarəsinin direktoru Bruno Bodaro AzərTAc-a müsahibəsində demişdir: "Bu həm maraqlı, həm də yaddaqalan bir sərgidir. Burada nümayiş etdirilən eksponatların keyfiyyəti heyrətamizdir. Azərbaycan Fransada o qədər tanınmasa da, sərgidəki eksponatlarla ölkənizin qədim tarixi və zəngin mədəniyyəti barədə müəyyən məlumat əldə edə bildik. Sərgidəki sakitlik buraya gələnlərin eksponatlara böyük maraq göstərdiyinə dəlalət edir. Mən sərginin təşkilatçısı olan Heydər Əliyev Fonduna öz təşəkkürümü bildirirəm".

Sonda caz musiqisi səslənmişdir. Tamaşaçılar Salman Qəmbərov, İsgəndər Ələsgərov və Emil Həsənov üçlüyünün çıxışlarını alqışlarla qarşılamışlar.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Van

 

Azərbaycan.-2013.- 4 may.- S.11.