«Heydər Əliyev və Azərbaycan
Respublikasının beynəlxalq gənclər
siyasəti» mövzusunda beynəlxalq konfrans işə
başlamışdır
Mayın
4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki
Heydər Əliyev Mərkəzində Azərbaycan
xalqının ümummilli
liderinin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev
və Azərbaycan Respublikasının beynəlxalq gənclər
siyasəti" mövzusunda beynəlxalq konfrans işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, Rusiyadan və Ukraynadan nümayəndələrin
də qatıldığı konfransın
iştirakçıları Fəxri xiyabana gələrək
ümummilli lider Heydər Əliyevin məzarı önünə
gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
yad olunmuş, məzarı üstünə tər güllər
düzülmüşdür.
Konfrans
iştirakçıları Heydər Əliyev Mərkəzində
ulu öndərin həyat və fəaliyyətini əks etdirən
fotosərgi ilə tanış olmuşlar.
Dövlət
himnimizin səsləndirilməsi ilə başlanan konfransda Azərbaycan
gəncliyinin ölkənin ictimai-siyasi həyatındakı
rolu ilə bağlı film nümayiş etdirilmişdir.
Qaradağ
Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov konfransda çıxış edərək Azərbaycan
gənclərinin yüksək intellektli aparıcı qüvvə
kimi formalaşmasında dövlət siyasətinin əhəmiyyətindən
danışmış, bu siyasətin banisinin məhz
xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu
vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin
gənclər siyasətinin qayəsi əsrlər boyu
xalqımızın malik olduğu milli mənəvi dəyərlər
əsasında, müstəqilliyin, dövlətçiliyin
qorunması uğrunda mübariz ruhlu gənc nəslin
yetişdirilməsindən ibarət olmuşdur.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov
çıxış edərək demişdir ki, gənclər
hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni,
humanitar həyatında mühüm rola malik potensial qüvvə
kimi vacib yer tutur. Gənclər yeniləşmə, müasirləşmə,
inkişaf, tərəqqi və modernləşmə
strategiyasının aparıcı qüvvəsidir. Ulu öndər
Heydər Əliyev həmişə gənclərə güvənərək
onlara böyük etimad göstərmişdir. Azərbaycanda gənclər
siyasəti həmişə dövlət siyasətinin əsas
tərkib hissəsi kimi xüsusi yer tutmuşdur. Azərbaycan gəncliyi
dövlətin diqqət və qayğısını hər
zaman öz üzərində hiss etmişdir.
Gənclər
və idman nazirinin müavini İntiqam Babayev əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər
siyasətinin başlıca məqsədinin yeni nəslin
fiziki, mənəvi-psixoloji cəhətdən sağlam
yetişməsini, istedadlı gənclərin üzə
çıxarılması və onların ölkənin gələcəyinə
töhfə verməsini təmin etdiyini bildirmişdir. Diqqətə
çatdırılmışdır ki, Azərbaycanda gənclər
siyasəti ilə bağlı mükəmməl qanunvericilik
bazası formalaşdırılmışdır.
Milli
Məclisin deputatı Ağalar Vəliyev Azərbaycanda
müstəqillik dövrünün ilk illərində hökm
sürən hərc-mərclik şəraitində çox
sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində
siyasiləşmə meyillərinin öz əksini
tapdığını bildirmişdir. Lakin Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyünün
qorunması, ölkədə hüquqi demokratik dövlət
quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri
gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli
dövlət mənafeləri əsasında səfərbər
olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata
keçirilməsi zərurətini yaratmışdı. Məhz
ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra gənclərin himayədarı olaraq
sağlam düşüncəli yeni nəslin yetişdirilməsini
dövlətin və cəmiyyətin mühüm vəzifəsi
kimi müəyyənləşdirmişdir.
Milli
Məclisin deputatı Mixail Zabelin isə demişdir ki, məhz
həyata keçirilən məqsədyönlü siyasət
nəticəsində bu gün Azərbaycanda yüksək
intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclər
formalaşmışdır. Azərbaycan gəncləri
gündən-günə ölkənin ictimai-siyasi həyatında
daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud
olan yüzlərlə qeyri-hökumət və gənclər
təşkilatlarının cəmiyyətdə mühüm
rolu dövlətin yaratdığı şərait sayəsində
mümkün olmuşdur.
Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur
Orucov gənclərin respublikamızın ictimai-siyasi həyatında
fəal iştirak etdiklərini, hər bir işə yüksək
təşəbbüskarlıqla yanaşdıqlarını
qeyd etmişdir.
Daha
sonra konfransda Taras Şevçenko adına Kiyev Milli
Universitetinin 5-ci kurs magistri, Kiyev Şəhər Tələbə
Şurasının üzvü İlona İvanova "Ukrayna və
Azərbaycan təhsil fəzalarının perspektivləri",
Volqoqrad Vilayət Gənclər Birliyinin rəhbəri Timur Bəşirov
"Volqoqrad vilayətində gənclərin
özünüidarəetməsi və bu sahədə beynəlxalq əməkdaşlıq", Taras
Şevçenko adına Kiyev Milli Beynəlxalq Münasibətlər
Universiteti, Beynəlxalq Biznes fakültəsinin 4-cü kurs tələbəsi
Yuliya Dubrovnaya "Ölkənin aparıcı təhsil müəssisələrinin
səviyyəsində təhsil sahəsində Ukrayna ilə əməkdaşlıq
çərçivəsində Azərbaycan Respublikası gənclər
siyasətinin meyarları", Azərbaycan Gənclərinin
Avropaya İnteqrasiyası Təşkilatının sədri
Gülsel Səfərova "Avrointeqrasiya prosesinə
ümummilli lider Heydər Əliyevin töhfəsi",
Volqoqrad regional "İntegral" ictimai gənclər təşkilatının
əlaqələndirilmə şurasının sədri
Aleksandr Aleşeçkin "Gənclərin elmi və texniki
yaradıcılığının inkişafında beynəlxalq
əməkdaşlıq" mövzularında məruzələri
dinlənilmişdir.
Azərbaycan.-2013.- 5 may.- S.2.