Silahlı Qüvvələrin Təlim və
Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli
mərasim keçirilmişdir
Mayın
4-də Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
təntənəli mərasim keçirilmişdir.
Tədbirdə
Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Səfər Əbiyev "Ümummilli lider Heydər
Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin
qurucusudur" mövzusunda çıxış etmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir çıxışında Silahlı Qüvvələri Heydər Əliyevə bağlayan qırılmaz tellərdən, ulu öndərin milli ordu quruculuğunda müstəsna xidmətlərindən danışmışdır. Müstəqilliyimizin ilk illərində cəmiyyətimizdə, eyni zamanda, ordumuzda xaos və anarxiyanın tüğyan etdiyini vurğulayan Səfər Əbiyev bu problemlərin aradan qaldırılmasında ulu öndərin əvəzsiz xidmətlərinin bu gün hər bir Azərbaycan vətəndaşı və əsgəri tərəfindən böyük minnətdarlıq hissi ilə yad edildiyini diqqətə çatdırmışdır. Nazir ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər hərbi kollektivlərdə geniş qeyd olunduğunu diqqətə çatdırmışdır.
Müdafiə naziri demişdir ki, ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi, ordu ilə bağlı tövsiyələri Azərbaycanın Silahlı Qüvvələri tərəfindən dərindən öyrənilməli, hər bir zabit və general üçün əməli fəaliyyət proqramına çevrilməlidir.
Müasir Azərbaycan dövlətinin böyük bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan nazir ulu öndərin ölkəmizi inkişaf yoluna çıxardığını, iqtisadi, sosial, mədəni və mənəvi sahələrdə böyük irəliləyişlərə məhz bu dövrdə nail olduğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, Heydər Əliyevin ölkəmizə hələ sovet dönəmində rəhbərlik etdiyi vaxtlarda xalq və dövlət həyatının bütün istiqamətlərində irəliyə doğru mühüm addımlar atılmışdır. Bu dövrdə milli özünüdərk prosesi sürətlə inkişaf etməyə başlamış, azərbaycançılıq ideyası şüurlara hakim kəsilmişdir. Ulu öndər azərbaycançılıq prinsipini dövlətin idarəçilik sistemində ön cərgəyə çıxarmışdır ki, indi bunun böyük nəticələrini aydın görür və hiss edirik.
Nazir bildirmişdir ki, ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Milli Ordu quruculuğunda də yeni mərhələnin təməlini qoymuşdur. Ulu öndərin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir.
Hələ 1971-ci ildə Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradıldığını xatırladan general-polkovnik Səfər Əbiyev bu hərbi təhsil müəssisəsini dahi rəhbərin Azərbaycanın hərb tarixində yaratdığı ən monumental abidələrdən biri kimi qiymətləndirmişdir. Həmin hərbi liseyin məzunu olan yüzlərlə zabitimiz bu gün Vətənin keşiyində şərəflə dayanaraq öz xidmət borcunu əzmlə yerinə yetirir.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə Vətəni Azərbaycanı unutmadığını diqqətə çatdıran nazir onun istefasından sonra ölkəmizdə ağır fəlakətlər yaşandığını demişdir. Səfər Əbiyev ulu öndərin 1990-cı ilin iyununda Naxçıvanda üçrəngli bayrağımızı yenidən ucaltdığını, ordu quruculuğu prosesinə başladığını diqqətə çatdırmışdır. Dahi şəxsiyyət muxtar respublikanı Ermənistanın silahlı təcavüzündən qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Dövlət Milli Müdafiə Komitəsi yaratmışdı ki, bu da bir qədər sonra əlahiddə gücləndirilmiş motoatıcı briqadanın təşkili üçün əsas baza olmuşdur. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində vaxtilə Sovet İttifaqına məxsus bütün silah-sursat, hərbi texnika və əmlak, eləcə də texniki qurğular Azərbaycanın sərəncamına keçmiş, ölkəmizin digər bölgələrindən fərqli olaraq Naxçıvanda heç bir dağıntı və talanlara yol verilməmişdir.
Bildirilmişdir
ki, 1993-cü ilin yayında Heydər Əliyevin yenidən
respublika rəhbərliyinə gəlməsindən sonra
müstəqilliyimiz üçün böyük təhlükəyə
çevrilmiş separatçılıq hərəkatının
qarşısı alınmış, 1994-cü ilin mayında cəbhədə
atəşkəs rejimi əldə edilmişdir.
Qeyd
olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin həyata
keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində
Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmiz
dünya miqyasında tanınmışdır. Dahi şəxsiyyətin
müəyyən etdiyi uzaqgörən siyasətin Prezident
İlham Əliyev tərəfindən məharət və qətiyyətlə
davam etdirilməsi ölkəmizə böyük uğurlar gətirmişdir.
Təməli ümummilli lider tərəfindən qoyulan
demokratik, sivil və hüquqi dövlət ideyası bu gün
yüksək əzmlə həyata keçirilir. İri
iqtisadi və hərbi layihələr məhz ulu öndərin
müəyyən etdiyi siyasətə əsaslanır. Heydər
Əliyevin böyük planları indi onun siyasi varisi Prezident
İlham Əliyev tərəfindən ardıcıllıqla
reallaşdırılır. Bu gün Azərbaycanın dövlət
büdcəsində hərbi təyinatlı xərclər
üstün yer tutur. Hərbi rəhbərlik ordumuzun
maddi-texniki bazasının möhkəmləndirilməsi və
modernləşdirilməsi üçün
yaradılmış bütün imkanlardan istifadə edir və
edəcəkdir.
Ali
Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu
prosesinə böyük diqqət yetirdiyini vurğulayan nazir bu
gün Silahlı Qüvvələrimizin maddi-texniki
bazasının əhəmiyyətli dərəcədə
möhkəmləndiyini, şəxsi heyətin sosial-məişət
problemlərinin ardıcıl olaraq həll edildiyini, müasir
texnika, avadanlıq və silahların
alındığını bildirmişdir. General-polkovnik Səfər
Əbiyev dövlətimizin başçısının
tez-tez hərbi hissələrə, tədris müəssisələrinə
getdiyini, vəziyyətlə yerində tanış
olduğunu, əsgər və zabitlərlə
görüşdüyünü, hərbçilərin
hazırlıq səviyyəsi ilə müntəzəm
maraqlandığını, tapşırıqlar, əmrlər,
göstərişlər verdiyini diqqətə
çatdırmışdır.
Nazir
çıxışının sonunda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin
dərin ehtiramla yad edildiyini, dahi şəxsiyyətin
ideyalarına bundan sonra da sadiqlik nümayiş etdiriləcəyini,
Milli Ordunun şəxsi heyətinin Ali Baş Komandan, Prezident
İlham Əliyevin hər bir əmrinə daim müntəzir
olduğunu bildirmişdir.
Azərbaycan.-2013.- 5 may.- S.3.