Ümummilli lider Heydər Əliyevin Daxili İşlər Nazirliyi sistemində islahatların həyata keçirilməsində rolu ilə bağlı elmi-praktiki konfrans keçirilmişdir

 

Mayın 4-də Daxili İşlər Nazirliyinin "Xəzri"  İstirahət və Sağlamlıq Mərkəzində "Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin inkişafında, müstəqilliyin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, habelə Daxili İşlər Nazirliyi sistemində islahatların həyata keçirilməsində rolu" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin ölkəmizdə möhkəm sabitliyin yaradılmasında, daxili işlər orqanlarının işinin qurulmasında və təkmilləşdirilməsində əvəzsiz xidmətləri ilə bağlı sənədli film nümayiş olunmuş, dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov konfransı açaraq nəinki Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin, elmi-praktik konfransların keçirildiyini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, həmin toplantılarda xalqımızın görkəmli oğlunun, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı, qurucusu, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış və dünya birliyinə qovuşdurmuş müdrik tarixi şəxsiyyətin müstəsna xidmətləri böyük minnətdarlıq hissi və məmnunluqla yad edilir.

"Heydər Əlirza oğlu Əliyev - müstəqil Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunmasının təşkilatçısıdır" mövzusunda geniş məruzə ilə çıxış edən nazir Ramil Usubov bildirmişdir ki, ümummilli liderin 90 illik yubileyi dövlətimizə və xalqımıza əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli hadisədir. Ulu öndərin keçdiyi həyat yolunun və fəaliyyətinin daxili işlər orqanlarının indiki və gələcək nəsillərinə çatdırılması bizim həm dövlət qarşısında vətəndaşlıq borcumuz, həm də ümummilli liderin yaratdığı müstəqil Azərbaycana ehtiramımızdır. Bu gün biz azərbaycanlılar, ölkəmiz haqda danışanda qürurla vurğulaya biləcəyimiz çoxsaylı uğurlar vardır ki, onların da hamısı istisnasız olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün çox mühüm işlər görmüşdür.

Məruzəçi bildirmişdir ki, ulu öndər respublikamızın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının inkişafı və milliləşməsi istiqamətində də böyük bir fəaliyyət ortaya qoymuşdur. Həmin illərdə Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə önəm verilmişdir. Bütövlükdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyev Sovet İttifaqı tərkibində bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırmışdır.

Sonra nazir müstəqilliyin ilk illərində dövlətçiliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz Heydər Əliyevin ali hakimiyyətə qayıdışında gördüyünü, ulu öndərin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildiyi günün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldığını, bununla da ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrünün başlandığını vurğulamışdır.

Ümummilli liderin 1994-cü ilin avqustunda imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərman isə müvafiq sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoymuşdur. Məhz ümummilli liderimizin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının qısa müddətdə həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılmış, kriminogen durum tam nəzarətə götürülmüş, ölkəmizdə sabitlik bərpa  olunmuşdur. Vətəndaşlarımızın təhlükəsiz şəkildə yaşamaları üçün lazım olan şərait yaranmış, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artmışdır. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə yol açmışdır. Ümummilli lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalanmışdır. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ulu öndər 1996-2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı beş sərəncam vermişdir.

General-polkovnik Ramil Usubov məmnunluq hissi ilə vurğulamışdır ki, Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də onun zamanını qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Vətəninin gələcəyini düşünərək özündən sonra ölkəmizi uğurla idarə edən xarizmatik lider yetişdirməsidir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on ilə yaxın müddətdə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşmışdır. Ölkəmizin iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Artıq neçə ildir ki, respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətlərindəndir. Bu gün Azərbaycan həm də əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizə sahəsində əldə edilmiş müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu", Ombudsman Aparatının rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru Aydın Səfixanlı "Heydər Əliyev Azərbaycan Ombudsman təsisatının yaradıcısı kimi", Daxili Qoşunlar komandanının müavini, general-mayor Vidadi Əliyev "Daxili Qoşunların yaradılmasında və formalaşdırılmasında Heydər Əliyevin rolu", Polis Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rəsul Rüstəmov "Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə, qanunvericiliyin və hüquq qaydalarının möhkəmləndirilməsində Heydər Əliyevin rolu" və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev "Daxili işlər orqanları əməkdaşlarının milli vətənpərvər ruhda tərbiyə olunmasında Heydər Əliyevin rolu" mövzularında çıxışlar etmişlər.

Tədbirə yekun vuran nazir Ramil Usubov xalqımızın demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsinin məhz ümummilli liderin yaratdığı, nəsillərə əmanət etdiyi, milli sərvətimiz olan sabitliklə bilavasitə bağlılığını bir daha xatırlatmış, onu qorumağın, möhkəmlətməyin, dönməzliyini təmin etməyin isə hər birimizin müqəddəs vəzifə və vətəndaşlıq borcu olduğunu vurğulamışdır.

Daxili işlər naziri Heydər Əliyev siyasi kursunun və ümummilli liderimizin müəllifi olduğu milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ilbəil böyük nailiyyətlərlə müşayiət olunacağına, bu yolda daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin üzərinə düşən məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminliyini bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 5 may.- S.4.