Strateji Araşdırmalar Mərkəzinin direktoru
ABŞ-da «Cənubi Qafqaz
regionunda təhlükəsizlik məsələləri və
münaqişələr» mövzusunda çıxış
etmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Prinston Universitetində (LISD) "Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr" mövzusunda məruzə ilə çıxış etmişdir.
SAM-dan AzərTAc-a verilən məlumata görə, məruzəsində F.Məmmədov vurğulamışdır ki, Avropa Şurasının üzvü olan Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramında iştirak edir. Azərbaycanı böyük Yaxın Şərq, Qara dəniz-Xəzər dənizi regionlarına və s. aid edirlər. Beləliklə, Azərbaycan, bütövlükdə isə Cənubi Qafqaz bir sıra regionlara şamil olunmaqla əsas etibarı ilə ayırıcı xətt rolunu oynamaqdadır.
Diqqətə çatdırılmışdır ki, Cənubi Qafqazın hər üç respublikası müstəqillik əldə etdikdən sonra özlərinin fərdi inkişaf yolunu seçmişdir. Təəssüf ki, bu yollar bir-biri ilə bəzən ziddiyyətdədir. Cənubi Qafqaz nə siyasi, nə iqtisadi, nə də mədəni inteqrasiya baxımından mükəmməl regiona çevrilməmişdir. Azərbaycan bütün diqqətini müstəqil dövlət quruculuğuna yönəltmiş və bu sahədə Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə, bu ölkəyə sərmayələr qoymaqla onun real müstəqilliyinə şərait yaradır. Lakin regionun üçüncü dövləti - Ermənistan təcavüzkar siyasəti nəticəsində özünü regional inteqrasiya proseslərindən tədric etmişdir. Azərbaycan ərazisinin 20 faizinin işğal etdiyinə, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyinə görə Azərbaycan və Türkiyə təcavüzkar dövlətlə olan sərhədlərini bağlamışlar. Cənubi Qafqaz yalnız o şərtlə iqtisadi cəhətdən inkişaf etmiş güclü regiona çevrilə bilər ki, buradakı münaqişələr tənzimlənsin və region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlər qurulsun. Cənubi Qafqazdakı münaqişələr regional təhlükəsizliyə qarşı əsas təhdidlərdir və bütün bölgənin asılı vəziyyətə salınmasına şərait yaradır.
F.Məmmədov
demişdir: "Azərbaycan regionda öhdəsinə
götürdüyü bütün layihələri
reallaşdırmaqla özündə məsuliyyətli tərəfdaş
obrazını formalaşdırır. Ölkəmiz
ABŞ-ın Türkiyə, İsrail, Gürcüstan,
Yunanıstan, İtaliya kimi müttəfiqlərinin enerji təhlükəsizliyinin
təminatçısıdır. NATO-nun yük və təyyarələri,
bütövlükdə Əfqanıstana göndərilən
yüklərin 40 faizi Azərbaycanın hava məkanından
keçir. Azərbaycanın ABŞ ilə
qarşılıqlı münasibətləri Mərkəzi
Asiya ölkələri üçün nümunə ola bilər.
Azərbaycan.-2013.- 5 may.- S.4.