Əbədiyaşarlığın rəmzi
Millətinin, xalqının yaddaşında əbədi yaşamaq haqqı heç də hər kəsə nəsib olmur. Cismani yoxluğundan illər ötsə də, mən onu heç vaxt unutmamışam. Nəsibim olan uğurlarda, əldə etdiyim nailiyyətlərdə həmişə o böyük şəxsiyyətin - unudulmaz Heydər Əliyevin xeyir-duasının qüdrətini hiss etmişəm.
İnsanın həyatda doğmaları, sevdikləri var. Ana, ata, bacı-qardaş. Bir də var xalqın, millətin ürəyində özünə əbədi yer tapmış bənzərsiz dahi vətən övladı, millətini bəlalardan, təhlükələrdən qorumaq üçün özünü çarpışmalara atmış, odlara tuş olmuş fədakar şəxsiyyət! Heydər Əliyev bu nəcib adların hamısını öz mənalı ömründə dəfələrlə təsdiq edib. Onun adı çəkiləndə yaddaşımda əbədi həkk edilmiş xiffət və eyni zamanda, qürur yaradan məqamlar yadıma düşür. Xatirələrin işığında ötənlərə boylananda mənim üçün həm də əbədiyaşarlığın sirləri açılır.
Hələ mən uşaq ikən Heydər Əliyevin necə həssas, diqqətli və yüksək müşahidə qabiliyyətinə malik fenomenal bir insan olduğunun canlı şahidi olmuşam. 1975-ci ilin yayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Füzuli rayonuna səfəri zamanı onu qarşılamaq üçün cəlb olunmuş əlaçılardan ibarət qrupun tərkibində mən də var idim. Biz əziz qonağı mədəniyyət evinin yanında gül-çiçəklə gözləyirdik. Nəhayət, gördük ki, böyük bir izdiham - rəsmi şəxslər və ortada Heydər Əliyev üzü bizə tərəf gəlir. Onun gülümsər çöhrəsini indiyədək unutmamışam. Necə olursa-olsun, mən çiçəkləri ona təqdim etmək istəyirdim. İrəliyə çıxsam da, başqaları məndən əvvəl çiçəkləri ona çatdırdılar. Pərt vəziyyətdə gül dəstəsini sinəmə sıxıb dayandım. Dolmuşdum, amma ağlamağa məqam tapmamış elə bil, Heydər Əliyev uzaqdan mənim hisslərimi oxudu, qəmli dayanmağımın səbəbini bildi. Əli ilə uşaqları ehmalca aralayaraq özü mənə yaxınlaşdı. Başıma sığal çəkdi və çox mehriban bir səslə:
- Sən gülləri mənə vermək istəyirdin? - deyə soruşdu.
Cavab verib-vermədiyim yadımda deyil, həyəcandan özümü itirmişdim. Çiçəkləri aldı, alnımdan öpdü və əlini mehribancasına çiynimə toxunduraraq getdi.
Həmin gündən sonra mən həmişə Heydər Əliyevin adını radiodan, televiziyadan eşidən kimi diqqət kəsilirdim, nitqlərini həvəslə dinləyirdim. Çox vaxt onun danışdıqlarının mənasını dəqiq anlamırdım, məni cəlb edən bu nurlu insanın xarizmatik təbiəti idi.
Əlbəttə, illər ötdükcə mən Heydər Əliyevi daha dərindən və mahiyyətcə dərk etməyə başladım. Bu proses illəri əhatə edib, çox keşməkeşli günlərlə, qovğalarla müşayiət olunub.
1980-ci illərin sonlarında Heydər Əliyev keçmiş Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ölkədə, xüsusilə də, Azərbaycanda qəribə bir ab-hava mövcud idi. O zaman mən Bakının Oktyabr (indiki Yasamal) rayonunda Kitabsevərlər Cəmiyyətində işləyirdim. Həmin dövrdə Heydər Əliyevə qarşı istər İttifaq, istərsə də yerli mətbuatda qərəzli məqalələr, yazılar dərc edilirdi. Bu, məni çox narahat edirdi. Gənc olsam da, əsl həqiqətləri dərk edirdim. Heydər Əliyevin böyüklüyü, xidmətləri qarşısında ona qarşı edilən bu xəyanəti bağışlaya bilmirdim.
Digər tərəfdən, ölkədə azadlıq hərəkatı başlamışdı. Qərbi Azərbaycandan soydaşlarımız deportasiya edilmişdi. Dağlıq Qarabağ problemi sürətlə təhlükəli vəziyyət alırdı. SSRİ rəhbərliyinin baş verən olaylarda Ermənistan tərəfində dayanması, respublikamıza olan təzyiqlər, ölkədəki qarışıqlıq və xaos, xalqın düşdüyü ağır və böhranlı vəziyyət qüdrətli bir şəxsiyyətin lider olaraq önə çıxmasına siyasi zərurət yaratmışdı.
1990-cı ilin 20 yanvarından sonra vəziyyət daha da gərginləşdi. Günahsız insanların qətlə yetirilməsi, yaranmış qeyri-müəyyənlik, hərbçilərin özbaşınalığı hamını sarsıtmışdı. Belə bir vəziyyətdə Moskva şəhərində öz xalqının müdafiəsinə qalxmış Heydər Əliyevə qarşı böhtan, iftira kampaniyası daha da genişlənirdi. Lakin Azərbaycan vətəndaşlarının böyuk əksəriyyəti Heydər Əliyevi bir lider kimi görur, bu kritik vəziyyətdən xalqı çıxaracaq yeganə xilaskar hesab edirdilər. Müxtəlif insanlar, qüvvələr risklərə baxmayaraq Heydər Əliyevə olan münasibətə etiraz edir, onun müdafiəsinə qalxırdılar. Bizim Heydər Əliyevin hüquqlarını müdafiə komitəsini yaratmaq ideyamız da məhz bu səbəbdən ortaya çıxmışdı. O zaman bu təşəbbüsü dəstəkləyən Geologiya İnstitutunun ilk partiya təşkilatının katibi Akif Nəcəfov, Oktyabr Rayon Partiya Komitəsi təşkilat şöbəsinin təlimatçıları Məmməd Qazıyev və Nizami Feyzullayevlə birlikdə fürsət düşdükcə bu məsələ ətrafında müzakirələr aparırdıq.
Digər bir məqsədimiz isə mətbuatda çıxış edərək qərəzli insanlara münasibətimizi bildirmək, Heydər Əliyevin xidmətləri haqqında bir daha sanballı yazılar dərc etdirmək idi. Amma sonradan hadisələrin gedişi tamam dəyişdi və təəssüf ki, bu ideyanı reallaşdıra bilmədik. Çünki Heydər Əliyevi dəstəkləyənlərə qarşı göstərilən təzyiqlər, Azərbaycanda gedən proseslər, hadisələrin tam başqa axara yönəlməsi bir növ, bizim bu işimizi fəal şəkildə həyata keçirməyə imkan vermədi.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, bu, təbii ki, respublikanın siyasi cəhətdən səbatsız, iradəsiz və zəif olan o zamankı rəhbərliyinin fəaliyyətinin nəticəsi deyildi. Burada xalq hərəkatının özünəməxsus rolu danılmazdır, lakin bu hərəkat ümumilikdə SSRİ miqyasında baş verən parçalanma prosesinin tərkib hissəsi kimi özünü göstərirdi. Ona görə də kommunist hakimiyyətinin AXC-Müsavat idarəçiliyi ilə əvəzlənməsi təbii idi. Nəyin bahasına olursa-olsun vəziyyəti dəyişmək istəyi isə insanlarda "yağışdan çıxıb yağmura düşmək" kimi təhlükə barədə düşüncələrə yer qoymamışdı. Lakin həyatın bütün məqamlarına hakim kəsilən zaman tədricən hər şeyi öz yerinə qoydu. Heç bir konsepsiyaya malik olmayan cəbhə hakimiyyətinin səriştəsizliyi, xalqın aclıq və səfalətlə üz-üzə qalması və nəticədə ölkənin dövlət kimi məhv olması təhlükəsi məhz uzaqgörən və qətiyyətli siyasi xadim Heydər Əliyevin Azərbaycana qayıdışını bir sosial sifariş kimi ortaya qoydu. Xalqın "Heydər baba! Xalqı bu bəladan qurtar!" çağırışına səs verən ulu öndərin xilaskarlıq missiyası ilk olaraq Naxçıvan Ali Sovetinin sədri kimi fəaliyyəti dövründə geniş vüsət aldı.
Beləliklə, sadə insanların ümidləri dirçəlməyə başladı, hamının gözü Heydər Əliyev yoluna dikildi. Onun 1993-cü ildə ölkə rəhbərliyinə tarixi qayıdışından sonra isə bu ümidlər tezliklə doğrulmağa başladı. O dövrlər məhz Heydər Əliyevin titanik əməyi və müdrik siyasi gedişləri bütövlükdə Azərbaycanın parçalanmadan xilas olunmasına əvəzsiz töhfələr verdi.
Uzaqgörən və böyük nüfuz sahibi olan Heydər Əliyev eyni zamanda, saf əqidəli, sivil siyasi düşüncəli insanları bir məqsəd ətrafına yığmaq, geniş kütlələri sağlam ideyaların reallaşdırılmasına cəlb etmək üçün mütərəqqi bir siyasi qurumu - Yeni Azərbaycan Partiyasını yaratmaqla ölkədə böyük tarixi eranın bağlanğıcını qoydu. O zaman partiyanın Yasamal rayon təşkilatının formalaşmasında bilavasitə iştirak etmiş şəxs kimi mən bu işlərin necə çətin olduğunun şahidiyəm. O günləri xatırlayarkən bir partiyanın görə biləcəyi işi Heydər Əliyevin təkbaşına, təmkinlə, hünərlə necə yerinə yetirdiyinə indiyədək heyrətlənirəm. Nəticədə bizim ona verə biləcəyimiz dəstəkdən daha çox o özü bizə dayaq oldu. Buna baxmayaraq ulu öndər bu müqəddəs işdə, çətin zamanlarda onun yanında olanlara həmişə ehtiramla yanaşar, bu şəxslərin fikirlərini dəyərləndirər, problemləri ilə maraqlanardı.
Yasamal Rayon İcra Hakimiyyətində işləyirdim. 1995-ci ilin yayında YAP-ın rəhbər işçiləri və digər partiya nümayəndələri ilə birlikdə seçki sistemini öyrənmək məqsədilə ABŞ-a ezam olunduq. Səfərdən bir qədər sonra Əli Həsənovun (indi Prezident Administrasiyasında şöbə müdiridir) və mənim Prezident aparatında yeni yaradılmış ictimai-siyasi şöbədə məsul vəzifəyə təyin olunmağımız bizim üçün nə qədər gözlənilməz olsa da, digər tərəfdən, bu, Heydər Əliyevin inandığı insanlara etimadının bir nümunəsi idi. Həmin gün onun qəbulunda olduğum anları indiyədək çox dəyərli bir xatirə kimi xatırlayır, onun ata kimi verdiyi tövsiyə və məsləhətlərini isə həyat amalı kimi qəbul edirəm. Ona görə də bu gün tam məsuliyyətimlə deyə bilərəm ki, mənim həyatda qazandığım uğurlara, cəmiyyətdə tutduğum mövqeyə görə ilk növbədə, məhz ulu Heydər Əliyevə borcluyam.
Mən həmin şöbədə altı il işlədim. Bu müddət ərzində dəfələrlə görüşlərimiz oldu. Cənab Heydər Əliyev bir qayda olaraq vaxtaşırı aparat işçiləri daxil olmaqla müxtəlif toplantılar keçirirdi. Eləcə də bayramlarda, əlamətdar günlərdə bizi bir yerə yığardı. Ümumi iclaslarda iştirak edirdik. Aparatın sıravi işçisi olduğumdan bu şəxsiyyətə sonsuz rəğbət bəsləyən bir insan kimi onu kənardan müşahidə etmək imkanını da əldə etmişdim. Ölkədə gedən prosesləri necə idarə etməyini, müxtəlif iclaslardakı çıxışlarını yaxından izləyirdim. Onun güclü məntiqə söykənən nitqi, məsələlərə ustalıqla müdaxilə etməsi, dinləmək mədəniyyəti, hətta bu zaman onun baxışları, manerası, hərəkətləri, reaksiyası, zarafatları, ürəkdən gülməsi, bəzən də qəzəblənməsiE - bütün bunları yaxından görmək həqiqətən, böyük bir məktəb idi. Ona görə də Prezident aparatında Heydər Əliyevin rəhbərliyi altında işlədiyim illəri ömrümün qızıl dövrü sanıram. Düşünürəm ki, Heydər Əliyevin siyasi məktəbinin tələbəsi olmaq, bilavasitə onu müşahidə etməklə öyrənmək böyük xoşbəxtlikdir.
Heydər Əliyev dahi bir siyasətçi olaraq YAP-ın cəmiyyətin inkişafında, dövlətin və dövlətçiliyin ideoloji əsaslarının formalaşmasında verə biləcək töhfələri çox yüksək qiymətləndirir, onun böyük gələcəyinə, perspektivinə inanırdı. Dünənin, bu günün və gələcəyin partiyası kimi indi YAP-ın ümumxalq partiyasına çevrilməsi, geniş beynəlxalq əlaqələrə malik olması məhz Heydər Əliyev dühasından doğan bir reallıqdır. Ona görə də mən partiya biletini məhz o dahi insanın əlindən almağımdan qürur duyuram, fəxr edirəm. O anları canlandıran fotoşəkil isə ən əziz yadigar kimi həmişə gözümün önündədir.
Yadımdadır, Füzulidə YAP təsis olunmuşdu, amma onun işində müəyyən qüsurlar vardı. Mənə bir füzulili kimi bu problemləri aradan qaldırmağı tapşırdılar. Qısa bir müddətdə Füzulidə təşkilatı yenidən qurduq, müxtəlif tədbirlər keçirdik, konfransa hazırlıq işlərini başa çatdırdıq. O zaman füzulililərin əksəriyyəti qaçqın düşərgələrində, çadırlarda yaşayırdı. Vəziyyət çox gərgin idi, insanlar heç bir partiyanı yaxına buraxmırdılar, ümidsizlik içində çırpınırdılar. Lakin biləndə ki, Heydər Əliyevin adından gəlmişik, bizi qəbul edir, şərait yaradırdılar ki, tədbirimizi keçirək. Yadımdadır, iclasda bir qadın qəfildən çıxış edərək dedi:
- Heydər Əliyevə canımız qurban! Biz yalnız o halda icazə verərik ki, siz burada onun partiyasının təşkilatını yaradasınız. Qeyri-partiyalara Füzulidə yer yoxdur. Doğrudan da, bu, Heydər Əliyevin partiyasıdırsa, məni birinci yazın!
Çox çətin bir şəraitdə yaşayan qaçqın qadının - ananın belə bir fikir söyləməsi həqiqətən, Heydər Əliyevə olan xalq etimadının ifadəsi idi. Bu, həm də füzulililərin ona, onun ideyalarına münasibətini əks etdirirdi.
Sonra - 1999-cu ildə YAP-ın I qurultayında ulu öndər qarşısında ilk dəfə çıxış edərkən o qadının Heydər Əliyev şəxsiyyəti ilə bağlı söylədiyi ürək sözlərini dilə gətirdiyim anı məmnunluqla xatırlayıram. Çünki füzulililərin - ağrı-acı içində yaşayan soydaşlarımızın Heydər Əliyevə və onun patiyasına olan münasibətini bilavasitə onun özünə çatdırmaq məhz mənə nəsib olmuşdu.
Qurultayda Heydər Əliyevin təklifi ilə mənim partiyanın rəhbər qurumlarında təmsil olunmağımı isə məhz onun təkcə mənə deyil, ilk növbədə, füzulililərə olan inamı və etimadı kimi qəbul edirəm.
YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvü, icraçı katibin müavini kimi bir neçə yüksək vəzifənin birdəfəyə mənə həvalə olunması nə qədər şərəfli idisə, bir o qədər də məsuliyyətli olmağı tələb edirdi. Çünki Heydər Əliyev inandığı insanlara etimad göstərməklə yanaşı, onların fəaliyyətinə həmişə ciddi nəzarət edirdi. YAP-ın mərkəzi aparatında çalışdığım zaman Heydər Əliyevin rəhbərliyi ilə keçirilən müntəzəm görüşlərdə, partiya yığıncaqlarında müxtəlif məsələlər ətrafında aparılan müzakirələrə onun necə böyük əhəmiyyət verdiyinin şahidi olmuşam. Partiya lideri olaraq Heydər Əliyev hər dəfə YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunun artırılmasının vacibliyini önə çəkir, yeni yaranmış situasiyanı doğru-düzgün dəyərləndirməklə ona müvafiq konkret tapşırıq və tövsiyələrini verir, sonra isə onların icrasına dair hesabat tələb edirdi. Onun belə yüksək tələbkarlığı, necə deyərlər, bizim əlimizi işdən soyumağa qoymurdu.
2000-ci ildə II çağırış Milli Məclisə seçkilərdə majoritar seçki sistemi üzrə YAP İdarə Heyətinin qərarı əsasında mənim namizədliyim 84 saylı Füzuli seçki dairəsindən veriləndə partiyamızın liderinin - Heydər Əliyevin mənə olan inamının nə qədər yüksək olduğu barədə düşünmüşdüm. Ona görə də bu etimadı layiqincə doğrultmağa borclu idim. Hesab edirəm ki, sadə insanlar öz seçimlərində bu dəfə də Heydər Əliyev ideyalarına, onun siyasi xəttinə sədaqət nümayiş etdirməklə doğru seçim etdilər. İndi artıq üçüncü çağırışdır ki, mən ölkə parlamentində füzulililəri təmsil etmək kimi şərəfli bir missiyanın daşıyıcısıyam. Füzulililər çox səmimi, sadə və həssas insanlardır. Onları zorla nəyəsə məcbur etmək mümkün deyil. Sevmədiklərinə, inanmadıqlarına nəinki səs verərlər, heç onu yaxınlarına belə, buraxmazlar. Böyük ürəyə və dözümə, səbrə malik olan Füzuli camaatı erməni zülmünün hər üzünü görüb. Torpaq itkisinin, şəhid dərdinin ağrı-acısını dərindən yaşayıb. Ona görə də kimin kim olduğunu seçməyi bacaran füzülililərin Heydər Əliyevə, onun komandasına, yaratdığı partiyaya böyük inamı, diqqəti və rəğbəti var. Bu səbəbdən də Heydər Əliyevin adından burada hansı qapını döysən, səni böyük məhəbbətlə, ehtiramla, qarabağlılara məxsus qonaqpərvərliklə qarşılayarlar. Füzülililər həm də sözü düz üzə deməyi bacarırlar, ona görə də onları aldatmaq istəyənlər çox uzağa gedə bilmirlər, əməlləri tez ifşa olunur.
Heydər Əliyevin dahiliyi həm də onda idi ki, o, hər bir problemin dəyərini özlüyündə hərtərəfli təhlil edərək bu məsələləri əhəmiyyət dərəcəsinə görə ardıcıllıqla, dəqiqliklə düzə bilirdi. Yeri gəlmişkən, onun, ümumiyyətlə, Azərbaycan qadınına, onun ailədə və cəmiyyətdəki roluna özəl bir münasibətindən söz açmaq istərdim. Heydər Əliyev qadınları həmişə fəal olmağa, imkanlarına güvənməyə və gənc nəslin tərbiyəsindəki əvəzsiz roluna lazımi dəyər verməyə çağırırdı. Eyni zamanda, qadınların və uşaqların problemlərini dövlətin diqqət mərkəzinə yönəldirdi. YAP-da Qadınlar Şurasının yaranması, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin təsis olunması məhz bu yanaşmadan doğmuş reallıqdır.
Burada bir xatirəni bölüşmək istərdim.
1998-ci ilin may ayı idi.
Ümummilli liderin 75 yaşı tamam olurdu. O zaman mən Yeni Azərbaycan
Partiyası Qadınlar Şurasının sədr müavini
kimi belə bir təşəbbüs irəli sürdüm ki,
YAP-ın Qadınlar Şurası liderimizi təbrik etsin. YAP Qadınlar Şurası idarə heyətinin 20-dək
üzvü var idi. Səriyyə xanım Əbülhəsənova
başda olmaqla bu görüşü təşkil etdik.
O mərasim indiyədək yadımdadır. Heydər
Əliyev bir-bir hamımızla görüşdü. Hər kəs də onu bağrına basıb
öpürdü. İlk andaca bizə o qədər sərbəstlik
verdi ki, hər kəs ona öz münasibətini
ifadə etməyə, ürək sözlərini deməyə
məqam tapdı. Bizim rəsmi protokol üzrə
nəzərdə tutulan görüşün proqramı
pozulsa da o, olduqca səmimi, mehribancasına bizə qulaq
asdı, diqqət göstərdi, səbirlə dözdü.
Hətta xanımların təbriklərini elə
qəbul edirdi ki, sanki ilk dəfə idi ki, ona belə xoş
sözlər deyirdilər. O zaman biz bir daha Heydər Əliyevin
nə qədər mənəvi cəhətdən yüksək,
ali mərtəbədə durduğunun
şahidi olduq.
Bu dahi insanı yalnız nadanlar, bədxahlar sevməyə
bilər. Mənəvi gücü, siyasi xarizması, qüdrətinə
olan sonsuz inam və insani keyfiyyətləri Heydər Əliyevə
ümumxalq məhəbbətini şərtləndirmiş, onu
ümummilli liderə çevirmişdir. Ona
görə də indi Heydər Əliyevin adı bizim
üçün müqəddəslik rəmzidir.
...İnsan həyatı boyu istər-istəməz
hansısa bir itki ilə, ağrı ilə üzləşir. Sarsılır,
kədərlənir, sonra da unudur, həyat öz axarı ilə
davam edir. Amma C.Naxçıvanski adına
hərbi məktəbin yubileyinə həsr olunmuş tədbirdə
baş vermiş o ağır, lakin ibrətamiz hadisəni mən
ömrüm boyunca, qəlbim susunca, yəqin ki,
unutmayacağam. Hər dəfə də
xatırlayanda sarsılıram. Mənə
elə gəlir ki, biz ulu öndəri qoruya bilmədik, onu
çox yorduq. Bütün tədbirlərdə,
mərasimlərdə iştirak etməyini, nitq söyləməsini
vacib saydıq. Anlamadıq ki, bu şəxsiyyətə
də dincəlmək, istirahət etmək lazımdır.
Qalan ömrünü də xalqına həsr edəcəyini
söyləyən Heydər Əliyev canından artıq
sevdiyi millətinin yolunda, sözün əsl mənasında,
özünü fəda etdi, ömrünü şam kimi əritdi.
Heç nəyə baxmadan, hətta həyatı ən
böyük təhlükələrlə üz-üzə
qalarkən belə, o, öz əqidəsindən dönmədi,
polad iradəsi ilə möhtəşəm, nəhəng
şəxsiyyətə çevrildi. Sağlamlıq
durumunun ən kritik vaxtında belə ölümün
gözünə dik baxaraq ağlasığmaz iradə, dəyanət,
mərdlik, böyüklük nümunəsi nümayiş
etdirdi. Və bununla, bir daha təsdiqlədi ki, o
özünün söylədiyi kimi, son nəfəsində də
xalqına xidmət edəcək!
İndi
on il tamamlanacaq ki, hamımızın mənəvi
atası Heydər Əliyev haqq dünyasına qovuşub. Hərdən axşamlar Bakını seyr etməyi
çox sevirəm. Şəhərimiz o qədər
dəyişilib, gözəlləşib, qeyri-adi
füsunkarlığa malik olub ki, istər-istəməz riqqətə
gəlirəm. Və düşünürəm
ki, Azərbaycanın inkişafı, onun güclü ölkələr
içində özünə yer tutması, tanınması
Heydər Əliyevin məqsədi idi. O, bu yola demək
olar ki, həyatını bağışladı. İndi gecəsi gündüzündən də fərqlənməyən
gözəl Bakımıza baxanda, bölgələrə səfər
edərkən geniş vüsət almış abadlıq
işlərini görəndə Heydər Əliyev
arzularının çiçək
açdığının, nur saçdığının
şahidi oluram. Onun yarımçıq
qalmış işləri, niyyətləri həyata
keçdikcə rahatlıq tapırıq. Həm də
ona görə ki, özü qədər inandığı və
buna görə də xalqını, dövlətini etibar etdiyi Prezident
İlham Əliyev bu gün ulu
öndərin yolunu ləyaqətlə davam etdirir. Heydər Əliyev Azərbaycanı həmişə
möhtəşəm bir yerdə görmək istəyirdi.
Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ləyaqətlə
ev sahibliyi edir. Ölkəmizə
gələn xarici qonaqlar - dövlət
başçıları, diplomatlar, musiqiçilər,
müxtəlif sənət adamları Azərbaycan haqqında
vəcdlə danışırlar. Müstəqil dövlətimizin
az müddət ərzində belə
geniş inkişaf tapmasından, qonaqpərvərliyindən
söz açırlar.
Hər dəfə də Heydər Əliyevin məzarını
ziyarət etdikcə, o müqəddəs məkana
çiçəklər düzdükcə keçirilən
bir həsədi açıq-aşkar duyuram. Və bir daha əmin oluram
ki, Azərbaycan xalqı xoşbəxt və seçilən
xalqdır ki, onun Heydər Əliyev kimi bir dühası var...
... Hərdən əbədiyaşarlığın sirləri barədə düşünürəm. Onu şərtləndirən amillər haqqında fikirləşirəm. Gözlərim önündə Heydər Əliyevin nurlu çöhrəsi canlanır. Hansı yöndən nəzər salsan, heyrət içində qalırsan. Tanrı fenomenal yaddaşa malik bu şəxsiyyəti həm də o qədər müdrik, istedadlı, qətiyyətli və həssas yaratmışdı ki, ilk söhbətdən insanı oxuya bilirdi. Hər bir peşə sahibi ilə o ixtisasın, o sənətin dərin bilicisi kimi danışırdı. Heydər Əliyev adidən aliyə qədər hər kəsi heyrət içində saxlamağı bacaran, qəlbə nüfuz edən, ürəklərdə öz mənəvi abidəsini ucaldan dahi bir şəxsiyyət, dəmir məntiqə və qeyri-adi təfəkkürə malik lider idi! Ötənlərə boylandıqca onunla olan görüşləri, söhbətləri indi dərin bir nisgillə, xiffətlə, həm də qürurla, fəxrlə xatırlayıram. Ümummilli liderin müdrikliyi və böyük xatirəsi qarşısında baş əyərək bir minnətdarlığımı da deməyi özümə borc bilirəm. Hərdən qızım Nigarla söhbət edəndə ondan aldığım xoş emosiyalar mənə çox yaxşı təsir edir. Bax, o anda Heydər Əliyevin öz övladı kimi mənə verdiyi tövsiyələri xatırlayıram: "Ana olmaq qadın üçün çox vacibdir". Həqiqətən də, bu fövqəladə şəxsiyyət insanın xoşbəxt və məsudluğunu birtərəfli qəbul etmirdi. Hər birimizi işdə də, ailədə də ali mövqedə, uğurda görmək istəyərdi. Özünü yalnız işə bağlayanlara "ailəni unutma" - deyərdi. Yalnız ailəsi üçün yaşayanları isə "millətin, xalqın yolunda töhfən yoxdursa, yaşamağa dəyməz" söyləyərdi.
...Heydər Əliyev başımızın üstündə daim nur saçan bir Günəşə bənzəyir. Lakin təbiətdəki Günəşdən fərqli olaraq qürub etmir. Həmişə işıq saçır, yolumuzu aydınlığa bürüyür, Azərbaycanın gələcəyi naminə fəaliyyətimizi düzgün istiqamətləndirir. Onun bir arzusu da var idi: Azərbaycan torpaqlarının bütövləşməsi, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması! Bax, o müqəddəs günün elan olunacağı anı ömrümün ən xoşbəxt və bəxtəvər məqamları sayacağam! Məhz o gün inanacağam ki, biz Heydər Əliyev məktəbinin həqiqətən, ləyaqətli, qətiyyətli və sədaqətli məzunlarıyıq! Çünki ölkə Prezidenti İlham Əliyevin bu gün qətiyyətlə apardığı xarici və daxili siyasətin nəticələri təsdiqləyir ki, o müjdəli gün çox da uzaqda deyil!
Bahar MURADOVA,
Milli Məclis Sədrinin
müavini,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan.-2013.- 5 may.- S.5.