Azərbaycan gəncliyi Heydər Əliyev
ideyalarını uğurla davam etdirir
Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri və yeri olan, müdrik və uzaqgörən siyasəti ilə müstəqil Azərbaycanın memarı kimi şərəfli adı öz yorulmaz fəaliyyəti ilə təsdiqləmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olur.
Zamanın siyasi təzadlarına öz iradəsi, qətiyyəti ilə qalib gələn ulu öndər müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunu reallaşdırmağa nail olmuşdur.
Deyirlər, ən gözəl tərbiyə şəxsi nümunələrə əsaslanmalıdır. Heydər Əliyevin mübariz həyat tərzi, zəngin irsi, vətənpərvərliyi, milli dəyərlərə bağlılığı, iş keyfiyyətləri, fenomen istedadı onu hər bir gəncin idealına çevirmişdir. Çünki ulu öndərin ən çox diqqət göstərdiyi və böyük önəm verdiyi sahə məhz gənclərlə aparılan iş olmuşdur.
Hələ XX əsrin 70-80-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət orqanlarının fəaliyyətində gənclərlə işə daha çox önəm verilmiş, bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycana
ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə
Heydər Əliyev respublikamızın Sovet İttifaqı tərkibində
olmasına baxmayaraq, bütün imkanlarından istifadə edərək
gənclərin problemlərinin həlli və hərtərəfli
inkişafı sahəsində məqsədyönlü iş
aparmış, ölkəmizin gələcək müstəqilliyi
üçün zəruri tədbirləri həyata
keçirməyə müvəffəq olmuşdur. Bu illər
ərzində SSRİ-nin müxtəlif respublikalarının
qabaqcıl ali məktəblərində təhsil almağa
göndərilən azərbaycanlıların sayı 1969-cu
ildə cəmi 47 nəfər olduğu halda, 1980-ci illərin əvvəllərində
bu göstərici 1000 nəfərə
çatmışdır. Yeniyetmələrin hərb sənətinə
olan marağını gücləndirmək, milli hərbi
kadrlar hazırlamaq məqsədi ilə C.Naxçıvanski
adına hərbi təmayüllü məktəb (indiki hərbi
lisey) açılmış, respublikanın bütün
bölgələrində yüzlərlə orta məktəb
binası tikilmiş, bir neçə yeni ali məktəb
yaradılmışdır. Yeniyetmə və gənclərin
kütləvi şəkildə idmanla məşğul
olması üçün minlərlə idman qurğusu
onların istifadəsinə verilmişdir.
Müstəqillik
dövründə yenidən hakimiyyətə
qayıtdıqdan sonra ulu öndər Azərbaycanda müasir
milli gənclər siyasətini formalaşdırmağa
başladı. 1993-cü ilin sentyabrında Ali Sovetdə gənclərin
nümayəndələrini qəbul edərək onları
dinləyən, 1994-cü ilin iyulunda gənclər və idman
siyasətini həyata keçirən mərkəzi dövlət
idarəetmə orqanını yaradan, bir qədər sonra
bütün şəhər və rayonlarda bu nazirliyin yerli
idarələrinin yaradılmasına sərəncam verən, hər
il büdcədən gənclər siyasəti
üçün ayırmaların artırılmasını təmin
edən Heydər Əliyev gənclərə bəslədiyi
böyük ümidlərini əməli işi, tarixi xidmətləri
ilə bir daha təsdiq etmişdir. Dövlət gənclər
siyasətinin inkişafı müasir Azərbaycan dövləti
banisinin ölkəmizin gələcəyinə böyük
inamının simvolu kimi də dəyərlənməlidir.
1996-cı
ildə keçirilən müstəqil Azərbaycan
Respublikası gənclərinin I forumu respublikanın hər
yerində gənclərlə aparılan işin nəzərəçarpacaq
dərəcədə canlanmasına təkan verdi. Forumdan sonra
gənc istedadların "Qızıl kitabı"nın təsis
edilməsi, təqvimə "Azərbaycan Gəncləri
Günü"nün daxil edilməsi, 1997-ci ildə gənc
yazıçılarla görüşlərin keçirilməsi,
onlar üçün fərdi təqaüdlərin
ayrılması və digər tədbirlər gənclərin
təşkilatlanmaya olan meyillərinin artmasına, müasir gənclər
hərəkatının formalaşmasına şərait
yaratdı.
Hər
3 ildən bir gənclər forumlarının keçirilməsi,
"Dövlət gənclər siyasəti haqqında" fərmanın
imzalanması, "Gənclər siyasəti haqqında"
qanunun qəbulu və digər tədbirlər Heydər Əliyev
siyasi kursuna uyğun olaraq ardıcıllıqla həyata
keçirildi.
Heydər
Əliyevin Azərbaycan gəncliyi qarşısındakı
tarixi xidmətlərinə nəzər salarkən belə bir
nəticəyə gəlmək olar ki, gənclərin
potensialından səmərəli məqsədlər
üçün istifadə edilməsinin zəruriliyi, gənclik
enerjisini düzgün istiqamətləndirməyin vacibliyi məhz
onun hakimiyyəti dövründə ən yüksək dərəcədə
aktuallıq kəsb etmişdir. Azərbaycanı "gənclər
ölkəsi", gəncləri isə birmənalı olaraq
"Azərbaycanın gələcəyi" adlandıran
ümummilli lider gənclər siyasətini ölkədə həyata
keçirilən ümumi prioritet istiqamətlərdən biri
kimi müəyyənləşdirmişdir.
Təsadüfi
deyildir ki, Azərbaycanda görkəmli, uzaqgörən, daxili
və xarici siyasəti ilə cəmiyyətin sərbəst,
firavan yaşamasında müstəsna əhəmiyyət kəsb
edən şəxsiyyət dedikdə istər yaşlı, istərsə
də gənc nəslin təsəvvüründə yalnız
Heydər Əliyev canlanır.
Qeyd
etdiyimiz kimi, ümummilli lider Azərbaycanda müasir gənclər
siyasətinin əsasını qoymuşdur. Hazırda bu siyasət
mahiyyət və keyfiyyət baxımından özünün
fərqli yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti
cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət
ümummilli lider Heydər Əliyevin dərin elmi əsaslara
söykənən siyasi kursunun başlıca istiqamətlərini
özündə ifadə edir.
Son
10 il ərzində dövlət gənclər siyasəti sahəsinin
əsas istiqamətləri üzrə aparılan işlər
həm kəmiyyət, həm də keyfiyyət
baxımından inkişaf etdirilmişdir. 10 il ərzində əhali "gəncləşmiş"
(gənclərin sayı 350 min nəfər artmışdır
- 2448 mindən 2799 minədək), gənclərin ümumi əhali
arasında payı 29,6 faizdən 30,3 faizədək yüksəlmişdir.
Bu müddətdə "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə
Dövlət Proqramı" həyata keçirilmiş, əldə
olunmuş nəticələrə əsaslanan və məntiqi davamı olan "Azərbaycan
gəncliyi 2011-2015-ci ilərdə Dövlət
Proqramı" qəbul edilmişdir.
Gənclər
siyasətinin bütün istiqamətlərinə diqqətin
artırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2007-ci il
"Gənclər ili" elan edilmişdir.
Dövlət
gənclər siyasətinin ölkə əhalisinin hər
üç nəfərdən birinin maraqlarını əhatə
etməsi bunun maraq dairəsinin nə qədər geniş
olduğunu göstərir. Eyni zamanda gənclərin
maraqları da çox geniş spektrdə məsələlərin
həllini tələb edir. Bu spektrdə görünən və
görünməyən tərəflər var. Bu, ilk növbədə,
gənclər siyasətinin normativ bazasının təkmilləşdirilməsi,
infrastrukturun inkişafıdır. Odur ki, "Gənclər
siyasəti haqqında" qanuna
2007-ci ildə mütərəqqi dəyişikliklər
edilmiş, "Azərbaycan Respublikasında güzəştli
ipoteka kreditlərinin verilməsi qaydaları",
"Könüllü fəaliyyəti haqqında" qanun və
digər sənədlər qəbul edilmişdir. Hazırda həyata
keçirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı" gənclərin müxtəlif
zümrələrinin marağında olan bir sıra sənədlərin
təkmilləşdirilməsini nəzərdə tutur: bu müddətdə gənclərin
yaradıcılıq nailiyyətlərini qiymətləndirmək
və intellektual potensialını stimullaşdırmaq məqsədilə
"Gənclər üçün Prezident
Mükafatının təsis olunması" və
"Dövlət mülkiyyətində olan
yaradıcılıq emalatxanalarının, sərgi
salonlarının yaradıcı gənclərin istifadəsinə
güzəştli şərtlərlə verilməsi"; gənclərin
sosial problemlərinin həlli üçün "Gənclər
və gənc ailələrə ipoteka kreditlərinin verilməsi
imkanlarının genişləndirilməsi" və "Gənclər
üçün mənzil kooperativlərinin
yaradılmasının dəstəklənməsi" ilə
bağlı sənədlər hazırlanmışdır. Həssas
qruplardan olan gənclərə dövlət
qayğısının artırılması məqsədilə "Dövlət uşaq evlərindən
və internatlardan ayrılmış, valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin
münasib işlə və yaşayış sahəsi ilə
təmin edilməsi mexanizminin təkmilləşdirilməsi"
barədə normativ sənədlərlə bağlı təkliflər
verilmişdir.
Yüksək
təhsil səviyyəsi, effektiv işləmək
bacarığı olan, yeni menecerlərin dövlət
qurumlarına işə cəlb edilməsi məqsədilə
"Gənclərin kadr potensialı barəsində məlumat
bankının yaradılması" ilə bağlı Nazirlər
Kabineti tərəfindən qərar qəbul edilib və
hazırda həmin bankın formalaşması həyata
keçirilir.
Dövlət
gənclər siyasətinin infrastrukturunun yaradılmasında
2006-cı ildən yeni mərhələ
başlanmışdır. Xüsusi ilə regionlarda yaşayan
gənclərə sosial xidmətlərin inkişafı məqsədilə
rayonlarda "Gənclər Evi (Mərkəzi)"
yaradılır. "Gənclər Evi" - gənclərin hərtərəfli
inkişafını, maraqlarını təmin edən, asudə
vaxtının effektiv təşkil edilməsi vasitəsilə
tərbiyəsini istiqamətləndirən, eləcə də
gənclərə sosial dəstək göstərən
dövlət müəssisəsidir. "Gənclər
Evi" - gənclərin qeyri-formal təhsilini,
sağlamlığını, intellektual inkişafını,
vətəndaşlıq tərbiyəsini, peşə
yönümünü, müasir peşələrə
marağını, ictimai fəallığını, eləcə
də məlumatlandırılmasını, hüquqi və
psixo-sosial dəstəyini təmin edən qurumdur. Artıq ölkənin 19 rayon və
şəhərində (Ağsu, Qusar, Kürdəmir, Sabirabad,
Yevlax, Goranboy, İsmayıllı, Lənkəran, Astara, Balakən,
Ağstafa, Masallı, Saatlı, Tərtər, Zərdab,
Füzuli, Qazax, Cəlilabad rayonlarında və Mingəçevir
şəhərində) belə müəssisələr fəaliyyət
göstərir. 2015-ci ilin sonunadək
əlavə azı 14 belə müəssisənin
yaradılması planlaşdırılıb.
Gənclərin
vətəndaşlıq mövqeyinin
formalaşdırılmasında, yaradıcılıq
potensialının inkişafında, bütövlükdə
dövlətin və cəmiyyətin həyatında
iştirakının artırılması baxımından
2011-ci ilin dekabr ayında Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən Gənclər Fondunun
yaradılması haqqında sərəncam çox mütərəqqi
addım olmuşdur. Qısa zamanda Gənclər Fondu öz
işini müasir tələblərə uyğun olaraq təşkil
edə bilmişdir: onun fəaliyyəti şəffaf, məsuliyyətli
və gənclərin maraqlarını nəzərə almaqla
qurulmuşdur. İlk dəfə olaraq qrant müsabiqəsi
bütövlüklə internet vasitəsilə təşkil
edilmişdir. İlk dəfə olaraq fond yalnız qeyri-hökumət
təşkilatlarının deyil, eyni zamanda fərdlərin
layihələrinin dəstəklənməsini həyata
keçirmişdir. Fond xarici ölkələrdə Azərbaycanla
bağlı tədqiqatları stimullaşdırmaq məqsədilə
xarici vətəndaşlara da qrantların ayrılması
proqramını həyata keçirməyə başlamışdır.
2012-ci
ildə Gənclər Fonduna Prezidentin Ehtiyat Fondundan 5 milyon
manat ayrılmışdır. Fond ilk qrant müsabiqəsi çərçivəsində
ümumi məbləği 1 milyon 950 min manat olan 129 layihə dəstəkləmişdir,
onlardan 81-i regionlarda həyata keçirilmiş, 16 layihə isə
beynəlxalq səviyyəli olmuşdur.
Gənclərin
ictimai fəallığının artması gənclərin
qeyri-hökumət təşkilatlarının sayının
dinamikasında da görünür - bu illər ərzində
onların sayı 4,6 dəfə artaraq 51-dən
230-a qədər yüksəlmişdir. Gənclər təşəbbüslərini
və ictimai fəallıqlarını
stimullaşdırmaq məqsədilə
onların dəstəklənmış layihələrinin
sayı 2006-cı illə müqayısədə 40 dəfə
(12-dən 357-dək), layihələrə ayrılmış
maliyyə vəsaitləri isə 44 dəfəyədək
(175,5 min manatdan 7825 min manatadək) artmışdır.
Gənclərdə vətənpərvərlik ruhunun
artırılması və vətəndaşlıq
mövqeyinin möhkəmləndirilməsi əsas fəaliyyət
istiqamətidir. 1996-cı ildən məktəblilər arasında keçirilən "Şahin"
hərbi-idman oyunu, 1998-ci ildən keçirilən "Cəsurlar"
hərbi-idman və turizm oyunu, 2005-ci ildən "Sərhəd"
hərbi-idman oyunu il ərzində ölkənin bütün
orta məktəblərindən 100 mindən artıq şagirdi
cəlb edir.
2012-ci ildə Gəncə, Mingəçevir, Yevlax səhəri,
Xaçmaz, Quba və digər rayonlarda gənclər
arasında Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin
mənimsənilməsi məqsədi ilə eyniadlı məlumatlandırma
kampaniyaları təşkil edilmişdir.
Ölkə gənclərinin, eləcə də
onların xaricdə yaşayan həmyaşıdlarının
Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında
biliklərini artırmaq məqsədilə "Odlar yurdu"
adlı kompyuter oyunu hazırlanmışdır.
Azərbaycanın yeganə problemi olan Dağlıq
Qarabağ münaqışəsinin həlli və ərazilərimizn
düşməndən azad edilməsi probleminə
diqqətin cəlb edilməsi məqsədilə 2012-ci ildə
bir qrup gənc tərəfindən "İşğal
altında" adlı kompyuter oyunu
hazırlanmışdır.
Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə vətənpərvərliyin
tərbiyəsi, eləcə də gənclərin intellektual
inkişafını stimullaşdırmaq ücün bir
sıra telelayihələr həyata keçirilmişdir: ilk
milli intellektual yarışma "Mən Azərbaycanlıyam!"
(Az.TV), "Vətən sağ olsun"
(İTV), MAG (Müasir Azərbaycan Gənci, Az.TV), "Xəmsə"
intellektual oyunu, "Böyük səhnə" milli
mahnı müsabiqəsi televiziya layihəsi (ATV). Bu verilişlərin hamısı gənclərin diqqətini
cəlb etmiş, uzunmüddətli layihə olmuşdur.
Gənclər və İdman Nazirliyi son illər gənclərin
vəziyyətinin öyrənilməsi ilə əlaqədar
bir sıra sosioloji sorğu və tədqiqat həyata
keçirib.
Bu tədqiqatların nəticələri, eləcə də
Dövlət Statistika Komitəsi tərəfindən
hazırlanan "Azərbaycan gəncləri" illik statistik
məcmuə gənclər siyasətinin real vəziyyəti nəzərə
alınmaqla, elmi araşdırma
aparılmasına kömək edir. Bu
gün bu sahənin informasiya təminatının təkmilləşdirilməsi
aktual vəzifə kimi nazirlik qarşısında durur.
Son illər gənclərə ünvanlanmış layihələrin
həyata keçirilməsində yeni texnologiyalardan daha
geniş istifadə edilir, internet vasitəsilə fəaliyyətin
şəffaflığı və geniş kütlələrin
bilavasitə iştirakı təmin edilir. Belə ki,
2012-ci ildən başlayaraq ölkənin bir şəhər və
ya rayonunun "Gənclər Paytaxtı" seçilməsi
internet səsverməsi nəticəsində baş verir.
1 ay davam edən seçki müddətində xüsusi
hazırlanmış sayta 1 milyon 700 min nəfər daxil olur. Gənclər
yaşadıqları doğma şəhərlərinin "Gənclər
Paytaxtı" elan olunması üçün bütün
qüvvələrini səfərbər edib böyük səylər
göstərirlər. Azərbaycanın ilk "Gənclər
Paytaxtı" Gəncə şəhəri, 2013-cü ildə
isə Biləsuvar rayonu seçilmişdi.
Gənclərin böyük qismi şagird və tələbələrdir. Gəncliyin bu
təbəqəsi xüsusilə fəaldır və ictimai həyatda
geniş iştirak edir. Hazırda 82 ali
və orta ixtisas təhsil müəssisəsində müstəqillik
dövrünün ilk tələbə özünüidarəetmə
qurumu olan tələbə gənclər təşkilatları
və 2009-cu ildə onları birləşdirən Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqı yaradılmışdır. Fəaliyyətini gənclərin
maraqlarına uyğun quran ATGTİ qısa zamanda öz ətrafında
gənclər kütləsini birləşdirə bilmişdir.
Bu gün onların fəaliyyət istiqamətləri olduqca
genişdir: ictimai-siyasi məsələlərlə
bağlı mövqeyin bildirilməsindən beynəlxalq gənclər
təşkilatları ilə münasibətlərin qurulmasınadək,
gənclərin təhsilə marağının
artırılmasından tələbə-elmi cəmiyyətlərin,
intellektual inkişafın dəstəklənməsindən, tələbələrin
fiziki və mənəvi sağlamlığının
qorunmasınadək. ATGTİ-nin həyata keçirdiyi bir sıra layihələr
yeni məzmun və yanaşmanı təqdim edir, ən əsası
isə odur ki, təşkilatın bütün fəaliyyəti
gənclərin təşəbbüsləri və birbaşa
iştirakı ilə keçirilir. Bu illər
ərzində ATGTİ "Yaşayan tarix" - Böyük Vətən
müharibəsi veteranları haqqında filmlər salnaməsi,
gənc liderlərin yay və qış məktəbləri,
"UNİVİSİON" tələbələrin mahnı
müsabiqəsi və digər layihələr həyata
keçirilmişdir. Ən son layihə gəncləri
oxumağa alışdırmağı, kitab oxumağı
"dəbə salmağı" qarşıya məqsəd
qoyur. "Gəzən
kitabxana" layihəsi 10000 ədəd elektron və 5000 ədəd
nəşr edilmiş kitabları toplayıb və səyyar
kitabxana olaraq Azərbaycanın müxtəlif rayonlarına səyahət
edəcəkdir.
Təhsil
alan gənclərə sosial dəstəyin
artırılması məqsədilə 197 min tələbəyə
30 ölkədə 80 min obyektdən imtiyazlı istifadə etmək
hüququ verən vahid tələbə kartının pulsuz
paylanmasına başlanılıb. Gənclərin intellektual
inkişafını, təşəbbüs və
yaradıcılıq bacarıqlarını
stimullaşdırmaq məqsədilə 880 ölkə
miqyaslı və 146 beynəlxalq konfrans, toplantı, sərgi,
müsabiqə, festival, yarış keçirilmişdir. Beynəlxalq
müsabiqələrdə və ölkədə keçirilən
yarışlarda
yüksək nəticələr əldə
etmiş 450-dək gənc istedad Gənclər Mükafatı
ilə təltif edilmişdir. Gənclərə sosial dəstəyin
artırılması və asudə vaxtın səmərəli
təşkili məqsədilə düşərgələrin
təşkilinə diqqət artırılmışdır, 2012-ci il ərzində istirahət
düşərgələrində 3480 sosial müdafiəyə
ehtiyacı olan yeniyetmə və gənclərin istirahəti təmin
edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 10 dəfə
çoxdur.
Gənclərin beynəlxalq əməkdaşlığı
əhəmiyyətli dərəcədə genişlənmiş,
ikitərəfli və çoxtərəfli əlaqələrin
olduğu xarici dövlətlərin sayı 62-dək
artmışdır. Xarici ölkələrdə "Mən Azərbaycan
haqqında nə bilirəm?" müsabiqəsi və "Azərbaycanın
gənc dostları" mübadilə proqramlarının həyata
keçirilməsi nəticəsində 2012-ci il
ərzində Afrika və Latın Amerikası ölkələri
ilə əməkdaşlıq əlaqələri inkişaf
etdirilmişdir. Hər il ölkəyə
gənclərlə bağlı tədbirlərə gələnlərin
və xarici ölkələrə göndərilənlərin
sayı artmaqdadır.
Hazırda
orta hesabla il ərzində mübadilədə
2 minədək gənc iştirak edir ki, bu da 2003-cü illə
müqayisədə 20 dəfə çoxdur. Azərbaycan gənclər
təşkilatları 5 beynəlxalq gənclər
platformasının təşəbbüskarı və təsisçisi
olmuşlar ("Dialoq və Əməkdaşlıq
Uğrunda" İslam
Konfransı Gənclər Forumu, GUAM ölkələrinin
Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi,
Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük
İpək Yolu" Beynəlxalq Gənclər
İttifaqı). Azərbaycanın gənclər
təşkilatları 30 beynəlxalq qurumun üzvüdür.
Gənclərin
sosial-iqtisadi, siyasi və mədəni həyatda
iştirakı artmışdır: 30 yaşadək gənclər
dövlət qulluğunda çalışanların cəmi
15,8 faizini təşkil etməsinə
baxmayaraq, son illər dövlət qulluğuna imtahan nəticəsində
qəbul edilənlərin 60 faizdən çoxunu gənclər
təşkil edir. Bələdiyyə üzvləri arasında
30 yaşadək gənclərin sayı 4303 nəfər (27,6 faiz), bələdiyyə sədrləri
arasında isə 326 nəfər (19,1 faiz) olmuşdur.
Ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti
və qayğısı sayəsində başqa sahələrdə
olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində
də ciddi dönüş yaradılmışdır. Ulu öndər
müstəqilliyimizin ilk illərində vətənimizdə
idman potensialını üzə çıxarmaq, bundan səmərəli
istifadəni təmin etmək məqsədilə bu sahəyə
xüsusi diqqətlə yanaşırdı. O,
bütün fəaliyyəti boyu vaxtaşırı
idmançılarla görüşür, onlarla səmimi
ünsiyyətdə olur və qayğıları ilə
maraqlanırdı.
Heydər Əliyevin dövlət rəhbəri olaraq,
bütün sahələrlə bərabər bədən tərbiyəsi
və idmanın qayğıları ilə gündəlik
maraqlanması idmançılarımıza yüksək əhval-ruhiyyə
bəxş edirdi və bu istiqamətdə həyata
keçirilən tədbirlər onları daha böyük səylə
mübarizə aparmağa ruhlandırırdı. Elə bunun nəticəsi
idi ki, idman nailiyyətlərinin qazanılması istiqamətində
yaranmış müəyyən boşluqdan sonra 1994-cü ildə
Azərbaycan idmançıları rəsmi beynəlxalq
yarışlarda 12 qızıl, 15 gümüş və 22
bürünc medal əldə etdilər.
Mövcud
idman bazalarının, stadionların, bütün idman
qurğularının qorunması, bərpa edilməsi,
çağdaş dünya tələblərinə cavab verən
yenilərinin inşası, onların idman avadanlıq və ləvazimatları
ilə təchiz edilməsi, idman məktəblərində,
klublarında yeni bölmələrin açılması və
fəaliyyətinin genişləndirilməsi, eləcə də
ölkə çempionatlarının keçirilməsi,
idmançıların beynəlxalq yarışlara
hazırlığının və yarışlarda
iştirakının təmin edilməsi, yüksək nəticələr
əldə etmiş idmançıların
mükafatlandırılması, digər ölkələrlə
idman əlaqələrinin və əməkdaşlığın
gücləndirilməsi, idmanın maddi-texniki bazasının
möhkəmləndirilməsi və yeniləşdirilməsi,
məşqçi-müəllimlərin peşəkar səviyyələrinin
artırılması məqsədilə 1995-ci ildə Azərbaycanda
İdman Fondunun yaradılması haqqında sərəncam
imzalandı. İdmanın inkişafı
üçün Prezident Fondundan əsaslı vəsait
ayrıldı.
Heydər Əliyev əldə edilmiş nəticələrlə
vaxtaşırı ciddi maraqlanır, idmançı və məşqçilərin
əməyini yüksək dəyərləndirirdi. Əldə edilmiş nailiyyətləri
təhlil edən və bu uğurların qazanılmasında əzmlə,
bacarıqla çalışmış idmançı və
məşqçilərin zəhmətini yüksək qiymətləndirən
Heydər Əliyev 1995-ci il mart
ayının 5-də Bakı İdman Sarayında ölkəmizin
milli yığma komandalarının XXVI Yay Olimpiya
Oyunlarına hazırlığını nümayiş etdirmək
məqsədilə keçirilən idman baxışında
yüksək nailiyyətlər əldə etmiş bir qrup
idmançı və onların məşqçiləri ilə
görüşdü. Sonradan bu görüşün
keçirildiyi gün münasibətilə hər il 5 mart Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 654 saylı 4 mart 2005-ci il
tarixli sərəncamı ilə ölkəmizdə İdman
Günü kimi qeyd olunur.
14 avqust
1996-cı ildə Milli Olimpiya Komitəsinin üzvləri ilə
görüşdə ulu öndər Heydər Əliyev
demişdir: "Şəxsən mən söz vermişəm
və indi də təsdiq edirəm ki, idmana xüsusi
qayğını öz üzərimə
götürmüşəm və əmin ola
bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz".
Xalqımızın ümummilli lideri Heydər Əliyevin
layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev
1997-ci ildə MOK-un prezidenti seçildikdən sonra Azərbaycan
idmanının böyük uğurları başladı və
ölkə idmanı özünün intibah dövrünə
qədəm qoydu.
Milli
Olimpiya Komitəsinə prezident seçildiyi ilk günlərdən
cənab İlham Əliyev bütün idman ehtiyatlarını
səfərbər edib düzgün istiqamətə yönəltmək,
ölkənin idman qurumları arasında sıx əməkdaşlıq
yaratmaq, onların vahid proqram əsasında Azərbaycanda bu
sahənin tərəqqisinə xidmət etməsi
yönümündə işə başladı. Məhz bunlar ölkə idmanının, Olimpiya hərəkatının
beynəlxalq miqyasda nüfuz qazanmasına real imkanlar
açdı.
İdmançılarla şəxsi görüşlər,
problemləri ilə gündəlik əməli məşğul
olmaq onların yüksək məqsədlər uğrunda
mübarizə əzmini artırmış, hər bir
yarışa daha məsuliyyətlə
hazırlaşmalarına kökləmişdir. Dövlət
başçısının diqqət və
qayğısının nəticəsi kimi Azərbaycan
artıq idman ölkəsinə çevrilib, beynəlxalq
arenada nüfuz və mövqeyini gücləndirib. Milli Olimpiya Komitəsinin fəaliyyəti aydın
göstərir ki, gənclərin və yeniyetmələrin mənəvi
və estetik tərbiyəsinin formalaşması onların əxlaqına,
davranışına, kollektiv və cəmiyyətə inteqrasiyasına
da güclü təsir edir. Sağlamlıq
mənbəyi olan idmanın dövlətlərarası əlaqələrin
möhkəmləndirilməsində mühüm amil olması
inkaredilməz bir həqiqətdir.
Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidenti kimi respublikamızda idmanın maddi-texniki
bazasını gücləndirməsi,
idmançılarımızın beynəlxalq
yarışlarda uğurla çıxış etməsi
istiqamətində gördüyü işlər də əvəzsizdir. Cənab İlham Əliyev
özünün yorulmaz və gərgin əməyi sayəsində
az vaxt içərisində Azərbaycan
idmanını ayağa qaldırmış, ona dünya
şöhrəti qazandırmışdır. Hər il ölkə Prezidenti tərəfindən idman
ictimaiyyətini sevindirən sərəncamların
imzalanması, onlara fəxri ad və digər dövlət
mükafatlarının verilməsi artıq ənənə
halını alıb. Bu ənənənin əsası isə
məhz ulu öndərimiz tərəfindən
qoyulmuşdur.
"Azərbaycan gəncinin potensial gücü çox
böyükdür. Həm fiziki gücü
böyükdür, həm də onun mənəvi iradəsi
böyükdür. Əgər biz
hamımız idmanın inkişafına şərait yaratsaq,
idmanı kütləvi etsək və bütün insanlar
üçün bədən tərbiyəsini mütləq
onların həyatının bir hissəsinə çevirsək,
xalqımızın fiziki sağlamlığını, mənəvi
sağlamlığını təmin edəcəyik".
Ulu öndərin bu tövsiyəsi və qarşımızda
qoyduğu vəzifələr ölkə
başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə aparılan
düşünülmüş siyasət, ardıcıl və
məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini
təmin etmiş, ölkəmizin idman şöhrətini
yüksəklərə qaldırmışdır.
London Yay Olimpiya Oyunları bunu bir daha sübut etdi. 204 ölkənin iştirak
etdiyi bu Olimpiadada Azərbaycan medalların keyfiyyətinə
görə 30-cu, sayına görə 24-cü, Avropa ölkələri
arasında 15-ci, müsəlman ölkələri arasında
isə 3-cü yeri tutmuşdur. Müstəqillik dövründə
Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal
qazanan idmançılarımız Londonda 2 qızıl, 2
gümüş, 6 bürünc olmaqla ümumilikdə 10 medal
qazanaraq tarixi qələbəyə imza atmışlar.
Son 10 il ərzində Azərbaycan idmanı yüksələn
xətt üzrə inkişaf etmişdir. Əgər
1992-2002-ci illər ərzində Azərbaycan
idmançıları tərəfindən qazanılan medalların
ümumilikdə sayı 1194 (Olimpiya idman növləri üzrə
337) olmuşdursa, 2003-2012-ci illərdə bu rəqəm təxminən
4 dəfə artaraq 4616 (Olimpiya idman növləri üzrə
1632) olmuşdur. Olimpiya idman növləri
üzrə qazanılan medalların sayı da təxminən 5
dəfə artmışdır.
2003-2012-ci illər ərzində Azərbaycanda 279 beynəlxalq
səviyyəli idman tədbirləri yüksək səviyyədə
təşkil edilərək keçirilmişdir.
2004-cü ildə Nazirlər Kabineti tərəfindən
"Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində
bədən tərbiyəsi və idmanın
inkişafının Dövlət Proqramı" təsdiq
olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli sərəncamı
ilə "Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq
edilmişdir. Eyni zamanda "2005-2015-ci illərdə
Azərbaycan Respublikasında futbolun inkişafına dair
Dövlət Proqramı" və "2009-2014-cü illərdə
Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı" icra olunmaqdadır.
Beynəlxalq
Şahmat Federasiyası - FİDE-nin qərarına əsasən
ölkəmizin "Dünya Kuboku-2015" və
"Şahmat Olimpiadası-2016"nın
Bakıda keçirilməsi hüququnu əldə etməsi
idman siyasətimizin uğurlarındandır.
8 dekabr
2012-ci il tarixdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci
ildə birinci Avropa Oyunlarının keçirilməsi ilə
əlaqədar səsvermə olmuş və bu möhtəşəm
tədbirin Bakıda keçirilməsi qərara
alınmışdır. Bu tədbirin ilk dəfə
Azərbaycanda keçirilməsi ilə bağlı qərarın
verilməsi də ölkəmiz üçün olduqca
mühüm əhəmiyyət kəsb edir. Bu əlamətdar
hadisə münasibətilə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək
bu hadisənin əhəmiyyətini xüsusi
vurğulamış və Azərbaycan xalqını təbrik
etmişdir.
2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi
Oyunları keçiriləcəkdir.
Müstəqillik dövründə respublikamızın
şəhər və rayonlarında 36 olimpiya-idman kompleksi
(OİK) inşa edilib idmançıların istifadəsinə
verilmişdir.
Daha 4 OİK-nin ilin sonunadək istifadəyə
verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa 3
OİK-nin tikintisi davam etdirilir, 6 OİK və idman kompleksinin
layihə-smeta sənədləri hazırlanır. Hazırda Bakıda beynəlxalq standartlara uyğun və
Olimpiya Oyunlarının keçirilməsinə imkan verəcək
Gimnastika Kompleksinin və idmançılara tibbi xidmətlər
göstərəcək Respublika İdman Tibb Mərkəzinin,
65.000 yerlik Olimpiya Stadionunun tikintisi davam etdirilir. Su İdman Sarayının tikintisinə
başlanılmışdır.
Bakıda
keçiriləcək I Avropa Oyunlarının tələblərinə
uyğun olaraq Stend Atıcılığı Kompleksinin, Heydər
Əliyev adına İdman-Konsert Kompleksinin və Bakı
İdman Sarayının əsaslı şəkildə yenidən
qurulması və təmiri işlərinə
başlanılmışdır. 2012-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri
və yenidən qurulması işləri başa
çatdırılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 2006-ci il 27 fevral tarixli 1338 nömrəli
sərəncamı ilə təsdiq edilmiş "Bakı
şəhərinin qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Proqramı"nda Gənclər və İdman Nazirliyinə həvalə
edilmiş 12 idman obyektinin tikintisi, bərpası və təmiri
işləri tam sona çatdırılmışdır.
"2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar Binəqədi,
Xəzər, Sabunçu, Qaradağ və Suraxanı
rayonlarında Gənclər evinin tikintisi işləri davam
etdirilir. Daşkəsən rayonunda Gənclərin
Təlim və İstirahət Mərkəzinin tikinisi
yekunlaşmaq üzrədir. Eyni zamanda
proqramda 2012-ci ildə icrasına başlanılması nəzərdə
tutulmuş 18 müxtəlif idman təyinatlı obyektlərdə
müvafiq işlər davam etdirilir.
"Azərbaycan
Gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı"na əsasən Naxçıvan MR-da 1,
respublikamızın digər şəhər və
rayonlarında inşası nəzərdə tutulmuş 9 Gənclər
evinin tikintisi aparılır.
Son onillikdə idmanın maddi-texniki bazasının
gücləndirilməsi diqqət mərkəzində
olmuşdur. Belə ki, hazırda ölkəmizdə fəaliyyət
göstərən 36 olimpiya-idman komplekslərindən 31-i məhz
2003-2013-ci illərdə tikilib istifadəyə verilmişdir.
Son illər
ərzində "Kür" Olimpiya Tədris-İdman Mərkəzi,
Bakı Tennis Akademiyası, ABU-Arena İdman Kompleksi, "Sərhədçi"
İdman Olimpiya Mərkəzi, Paralimpiya İdman Kompleksi,
Bakı Otüstü Hokkey Kompleksi, "Dalğa Arena",
"Bakcell Arena", "Bayıl", "Binə"
stadionları, Pirallahı, Pirşağı-Kürdəxanı,
Balaxanı, Nardaran, Müşfiqabad idman mərkəzləri,
Binə İdman Zalı, Respublika Olimpiya İdman Liseyi
üçün güləş zalı, Olimpiya Növləri
üzrə Milli Komandalar üçün Təlim-Məşq
Mərkəzi, Respublika Taekvondo İdman Mərkəzi və
digər idman obyektləri tikilib istifadəyə verilmişdir.
Mövcud idman obyektləri günün tələblərinə
uyğun olaraq yenidən qurulmuş və ya əsaslı təmir
edilmişdir.
Bu il xalqımız ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümünü qeyd edir.
10 il öncə əbədiyyətə qovuşsa da, bu
gün təkcə Azərbaycan dövlətində deyil,
dünyanın ayrı-ayrı ölkələrində yaşayan
50 milyondan çox azərbaycanlının fəxrlə
andığı ümummilli liderimiz daim qəlbimizdə
yaşayacaq.
Hazırda
Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyev
ideyalarının uğurla davam etdirilməsi yolunda inamla
çalışır. Bu inamı isə onlarda Prezident
İlham Əliyevin Azərbaycan dövlətinin
inkişafı yolunda Heydər Əliyev siyasi kursunu layiqincə
davam etdirməsindən yaradır. Tam qətiyyətlə demək
olar ki, ölkəmizin idman ictimaiyyəti və Azərbaycan gəncliyi
ümummilli liderin xalqa mirası olan müstəqil Azərbaycan
dövlətçiliyinin daha da möhkəmləndirilməsi
və inkişafı naminə daim onun siyasi kursuna sadiq qalacaq.
Azad RƏHİMOV,
Azərbaycan Respublikasınıngənclər
və idman naziri
Azərbaycan.-2013.- 5 may.- S.6.