Güclü siyasi hakimiyyətdən
qüdrətli iqtisadiyyata doğru
Bu gün ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və onun regionda real güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin fəaliyyəti, xüsusilə də, onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.
Azərbaycanın
dövlətçilik tarixinin ən parlaq və ən şərəfli
dövrü Heydər Əliyevin adı ilə
bağlıdır. Həmin dövrün siyasi və iqtisadi
aspektlərinin öyrənilməsi hər zaman öz
aktuallığını saxlayacaq. Bu gələcək
inkişafımızın əsas istiqamətlərini müəyyən
etmək və bir daha dəqiqləşdirmək
baxımından zəruridir. Heydər Əliyevin
"İqtisadiyyatı qüdrətli olan dövlət hər
şeyə qadirdir" fikri bir daha təsdiq edir ki,
ümummilli lider milli iqtisadiyyatımızın
inkişafına dövlət quruculuğunun çox
mühüm tərkib hissəsi kimi hər zaman böyük
önəm vermişdir.
İqtisadi
islahatlara siyasi impuls
Hər
bir ölkədə həyata keçirilən əsaslı
iqtisadi dəyişikliklərin uğurla başa
çatdırılması hər şeydən əvvəl, cəsarətli
siyasi qərarların qəbul edilməsindən, siyasi və
ideoloji oriyentirlərin yeni sosial-iqtisadi şəraitə
uyğunlaşdırılmasından asılıdır. Siyasi
impuls olmadan iqtisadi və institusional islahatları həyata
keçirmək mümkün deyil.
Dünya
təcrübəsi də göstərir ki, azad
iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar
kursunun ardıcıl davam etdirilməsi güclü siyasi
hakimiyyətin sayəsində mümkün olur. Burada
güclü hakimiyyət dedikdə, güclü dövlət
mexanizmi ilə yanaşı, vətəndaşların ölkə
rəhbərliyinə inam və etimadı başa
düşülür. Ölkəmizdə də iqtisadi
transformasiya prosesinin dönməz xarakter almasında Heydər Əliyevin
qətiyyəti və iradəsi, xalqın ulu öndərə
davamlı dəstəyi həlledici rol oynamışdır.
Keçmiş
İttifaq respublikalarının bir çoxundan fərqli olaraq
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın
siyasi hakimiyyət sistemi sabit bir şəkildə idarə
edilmişdir. Dövlət idarəçiliyi sistemində
iyerarxiya prinsipinə ciddi şəkildə əməl edilməsi
ölkənin vahid mərkəzdən idarə edilməsinin səmərəliliyini
artırmışdır. Digər ölkələrdən fərqli
olaraq hakimiyyətin icra və qanunverici orqanları arasında
konstruktiv əməkdaşlıq ölkədə vahid
dövlət siyasətinin həyata keçirilməsinə əlverişli
şərait yaratmışdır.
Heydər
Əliyevin həyata keçirdiyi balanslaşdırılmış
xarici siyasət kursu Azərbaycanın dövlət
maraqlarının qorunmasında mühüm rol oynamış,
ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində
fəaliyyət imkanlarını xeyli genişləndirmiş,
sosial-iqtisadi inkişaf üçün uzunmüddətli
perspektivlər açmışdır.
Xarici
ekspertlər ölkədə sabitliyin bərqərar edilməsini
və milli iqtisadiyyatın formalaşdırılması sahəsində
strateji addımların atılmasını ölkəmizin
mövcud potensialının reallaşdırılması
üçün "imkanlar pəncərəsi" kimi dəyərləndirirdilər.
Azərbaycan Respublikası Dünya Bankına və Beynəlxalq
Valyuta Fonduna üzv-dövlət kimi 1992-ci ildə qəbul
edilsə də, həmin təşkilatlarla intensiv əməkdaşlığa,
birgə hazırlanmış iqtisadi proqramların və layihələrin
həyata keçirilməsinə, kredit tranşlarının
açılmasına əsasən 1995-ci ildən
başlanılmışdır. Bu, hər şeydən əvvəl
onunla izah olunur ki, 1995-ci ilədək ölkəmizdə siyasi
vəziyyətin qeyri-sabitliyi şəraitində beynəlxalq
maliyyə təşkilatları Azərbaycanla fəal əməkdaşlığa
meyil etmir və kreditlərin ayrılmasında gözləmə
mövqeyi tuturdular.
Müstəqillik
illərində Heydər Əliyevin milli
iqtisadiyyatımızın inkişafı üçün əsas
xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin
edilməsindən, digər bir tərəfdən də iqtisadi
islahatların aparılmasına ardıcıl siyasi dəstəyin
verilməsindən ibarət olmuşdur.
Dövlət müstəqilliyi və
iqtisadi inkişaf
Azərbaycanın
müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin
yaranması ümummilli liderin adı ilə
bağlıdır. Heç şübhəsiz, dövlət
müstəqilliyinin qorunub saxlanılması onun
qazanılmasından qat-qat çətindir. Bunu müstəqil
Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq
edir. Bu müddət ərzində dövlətimizə və
onun müstəqilliyinə qarşı qəsdlər olsa da,
onların qarşısı qətiyyətlə
alınmışdır.
Hər
bir xalqın, millətin xoşbəxtliyi ilk növbədə,
onun müstəqil və güclü dövlətə malik
olması ilə müəyyən olunur. Dövlət müstəqilliyi
hər şeydən əvvəl onu qazanmış olan
xalqın özünütəsdiqi və milli
özünüdərki üçün bir şansdır. Belə
bir tarixi şansdan faydalanan və ondan səmərəli
istifadə edən xalqlar həm milli inkişafa daha tez nail
olur, həm də sahib olduqları dövlətin
dayaqlarını möhkəmləndirə bilirlər.
Dövlət
müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın
inkişafına şərait yaratdığı kimi, milli
iqtisadiyyatın inkişafı və güclənməsi də
dövlət müstəqilliyinin dayaqlarını daha da
möhkəmləndirir. Dövlət müstəqilliyi
iqtisadiyyatımızın milli maraqlarımıza uyğun
inkişaf etdirilməsinə şərait yaratdı. Əgər
Azərbaycan öz dövlət müstəqilliyini əldə
etməsəydi və onu son illərə kimi de-fakto qoruyub
saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də
təşəbbüskarı olduğumuz digər strateji layihələri
həyata keçirə bilərdik.
Azərbaycan iqtisadiyyatı vahid
xalq təsərrüfatı kompleksinin tərkibində
Hələ
SSRİ dağılmamışdan əvvəl ekspertlər
siyasi müstəqilliyə iqtisadi cəhətdən hazır
olan iki respublikadan biri kimi məhz Azərbaycanı qeyd edirdilər.
Çıxarılan belə bir nəticə ölkəmizin təkcə
təbii sərvətlərinin zənginliyinə deyil, həm
də milli iqtisadiyyatımızın inkişaf perspektivlərinə
əsaslanırdı. Belə ki, keçmiş Sovet
İttifaqı dövründə Azərbaycanın büdcəsinin
gəlirləri xərclərindən bir qayda olaraq çox
olurdu. Həmçinin istehsal olunan milli gəlirlə istehlak
olunan milli gəlir arasında birincinin xeyrinə böyük fərq
əmələ gəlirdi.
Keçmiş
İttifaqın tərkibində olan "müttəfiq"
respublikalardan biri kimi mövcud maneələrə, müstəqil
iqtisadi siyasət yürütmək imkanlarının məhdud
olmasına baxmayaraq, Azərbaycan Heydər Əliyevin rəhbərliyi
ilə öz iqtisadi potensialını, milli iqtisadi
maraqlarını reallaşdıra bilmişdir. Respublikamız
iqtisadiyyatın bütün sahələrində güclü
iqtisadi və kadr potensialı yaratmağa nail olmuşdur. Bir
çox məhsulların istehsalına görə Azərbaycan
keçmiş SSRİ-də qabaqcıl yerlərdən birini
tuturdu. 1970-1985-ci illərdə 211 iri sənaye obyekti tikilib
istifadəyə verilmişdir. Bu dövrdə yeni sənaye
müəssisələrinin açılması, maşın
və avadanlıqların alınması SSRİ-nin digər
respublikalarına nisbətən Azərbaycanda əsas
fondların daha sürətlə artmasına səbəb
olmuşdur.
Təkcə
1969-1982-ci illərdə Azərbaycanda milli gəlir 2,5 dəfə,
sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatının
ümumi məhsulu 2,5 dəfə artmışdır. Bu
dövrdə 573,9 min tona qarşı 1211,3 min ton taxıl,
299,4 min tona qarşı 558,9 min ton pambıq, 272,0 min tona
qarşı 1815,6 min ton üzüm, 372,0 min tona qarşı
916,7 min ton tərəvəz, 24,5 min tona qarşı 57,0 min
ton tütün, 52,2 min tona qarşı 345,0 min ton meyvə və
giləmeyvə istehsal olunmuşdur. Azərbaycanın
İttifaq üzrə üzüm istehsalında payı 1969-cu
ildəki 6,5 faizdən 1982-ci ildə 23,2 faizə yüksəlmişdir.
Bu rəqəmlər
onu göstərir ki, Azərbaycan iqtisadiyyatı vahid xalq təsərrüfatı
kompleksinin tərkib hissəsi olsa da, özünəməxsus
inkişaf yolu keçmiş, Heydər Əliyevin rəhbərliyi
ilə həmin dövrdə genişmiqyaslı iqtisadi quruculuq
prosesinə start verilmişdir.
Liberal iqtisadiyyatın inkişafına
konstitusion təminat
Milli
iqtisadiyyatımızın inkişafı üçün
strateji və siyasi xarakterli mühüm addımlardan biri də
1995-ci il noyabr ayının 12-də müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi
oldu. Yeni Konstitusiya dövlət idarəçiliyinin
formasını, vətəndaşların və dövlətin
hüquq və vəzifələrini müəyyən etməklə
yanaşı, həm də iqtisadi sistemin əsaslarını,
dövlətin iqtisadi strategiyasının əsas prinsiplərini
də özündə əks etdirmişdir. Başqa sözlə,
Azərbaycanın seçdiyi iqtisadi inkişaf modeli və
iqtisadi ideologiyası Heydər Əliyevin müəllifi
olduğu yeni Konstitusiyada öz əksini tapdı. Belə bir
ideologiyanın əsasını hər şeydən əvvəl
mülkiyyət münasibətləri təşkil edir.
Mülkiyyətin toxunulmazlığı və onun dövlət
tərəfindən müdafiə edilməsi artıq
konstitusion müddəaya çevrilmişdir. Əsas Qanunda həm
də qeyd edilir ki, Azərbaycan dövləti bazar münasibətləri
əsasında iqtisadiyyatın inkişafına şərait
yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi
münasibətlərdə inhisarçılığa və
haqsız rəqabətə yol vermir. Bu müddəalar iqtisadi
islahatların dönməzliyinə konstitusion təminat verməklə
yanaşı, həm də bazar münasibətlərinin
ölkənin iqtisadi həyatına daha dərindən
nüfuz etməsi üçün hüquqi-ideoloji zəmin
yaradır. "İqtisadiyyatın inkişafı xalqın
rifahının yüksəldilməsinə xidmət edir"
müddəası isə iqtisadi siyasətin sosial
yönümlü olmasını təsbit edir.
Azərbaycan
Respublikasının Konstitusiyasına əsasən ölkəmizdə
Prezidentli respublika üsul-idarəsinin seçilməsi iqtisadi
sistemin transformasiyasının və iqtisadi islahatların
sürətləndirilməsi baxımından özünü
doğrultmuşdur.
Azad iqtisadiyyat və azad cəmiyyət
Heydər
Əliyev 1993-cü ildən - müstəqil Azərbaycana rəhbərlik
etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf
meyillərini uzaqgörənliklə qiymətləndirərək,
çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf
yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində
dövlət inhisarçılığının aradan
qaldırılmasından, sahibkarlığın inkişaf
etdirilməsindən, iqtisadi azadlığın təmin edilməsindən
başlayır.
Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi
dövr ərzində iqtisadiyyatın
liberallaşdırılmasına yönəldilmiş tədbirlər
eyni zamanda, insan azadlığının və cəmiyyətin
demokratikləşməsinin iqtisadi-ideoloji əsaslarının
yaradılması kimi də qiymətləndirilə bilər. Azad
cəmiyyət iqtisadiyyatın, xüsusilə də, özəl
bölmənin və sahibkarlığın inkişafına
şərait yaratdığı kimi, azad iqtisadiyyat da cəmiyyətdə
demokratik dəyişikliklərin sürətlənməsinə
xidmət edir. Xatırlatmaq istərdik ki, Heydər Əliyev
BVF-nin nümayəndə heyəti ilə
görüşündə iqtisadiyyat və demokratiyanın
qarşılıqlı əlaqəsinin mahiyyətini
açan belə bir fikir söyləmişdir: "İqtisadi
əsas olmasa, demokratiyanı yaratmaq mümkün deyil... Azərbaycanda
ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın tənəzzülünün
qarşısının alınması və nəhayət,
makroiqtisadi inkişafın əldə olunması - bunlar
hamısı birlikdə Azərbaycanda həqiqi
demokratiyanın yaranmasının əsaslarıdır."
"Əsrin müqaviləsi"
Azərbaycanın strateji uğuru kimi
Təcrübə göstərir ki,
milli iqtisadiyyatını yenicə formalaşdırmaqda olan
ölkələrin sosial-iqtisadi inkişafı ilkin mərhələdə
sənayenin bir və ya iki aparıcı sahəsindən
asılı vəziyyətdə olur. Və həmin sahələr
ölkədəki sosial-iqtisadi problemlərin həllində
mühüm rol oynayır. Azərbaycanda da inkişaf
üçün lokomotiv funksiyasını məhz hasilat sənayesi
yerinə yetirməli oldu. Bu baxımdan, bir çox maneələrə
və təzyiqlərə baxmayaraq ulu öndər Heydər Əliyevin
siyasi iradəsi və qətiyyəti sayəsində
1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi"nin
imzalanması ölkədə iqtisadi inkişafın əsasını
qoydu. Bu kontraktın imzalanması ilə Azərbaycan həm də
özünün siyasi və iqtisadi diplomatiya tarixində
çox böyük bir uğuruna imza atmış oldu.
Sevindirici haldır ki, əldə edilmiş bu nailiyyət sonradan
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri layihələrinin reallaşması ilə
tamamlandı.
"Əsrin
müqaviləsi" böyük siyasi əhəmiyyətə
malikdir. Onun imzalanması dövlət müstəqilliyimizin təsdiqi
kimi qiymətləndirilməlidir. Bu müqavilə Azərbaycanın
regionda geostrateji mövqeyini gücləndirmiş,
dünyanın aparıcı dövlətləri ilə əlaqələrimizin
daha da inkişafına, siyasi və iqtisadi diplomatiya sahəsində
müstəqil dövlət kimi manevr etmə
imkanlarımızın genişlənməsinə şərait
yaratmışdır.
"Əsrin
müqaviləsi"nin iqtisadi əhəmiyyəti də
çoxşaxəlidir. Belə ki, bu müqavilə ilə Azərbaycanın
enerji təhlükəsizliyinin əsası qoyuldu. Xarici
investisiyaların cəlb edilməsi üçün
yaşıl işıq yandırıldı. Ölkəmizin
regional və beynəlxalq iqtisadi inteqrasiya prosesində
yaxından iştirakına əlverişli şərait
yarandı.
Neft gəlirlərinin səmərəli
idarə edilməsi modeli
Dünya
ölkələrinin təcrübəsinə istinadən qeyd
etmək olar ki, hər bir ölkənin təbii sərvəti
iqtisadi inkişaf üçün zəmin yaratsa da, onun həlledici
şərti kimi çıxış etmir. Nə qədər
təzadlı görünsə də, dünyanın zəif
inkişaf etmiş ölkələrinin əksəriyyəti təbii
ehtiyatları zəngin olan ölkələrdir. Belə bir təzad
həmin ölkələrdə mövcud iqtisadi potensialın
reallaşdırılmasına şərait yaradan səmərəli
iqtisadi sistemin yaradılmamasının nəticəsidir.
Heydər
Əliyev məhz böyük şəxsiyyətlərə
xas olan uzaqgörənliklə neft gəlirlərinin idarə
edilməsinin ən effektiv modelini yaratdı. Bu model neftin
ixracından əldə edilən bütün valyuta gəlirlərinin
Neft Fondunda toplanılmasını və həmin vəsaitlərin
mərkəzləşdirilmiş qaydada istifadə edilməsini
nəzərdə tutur.
İnstitusional islahatlar və idarəetmə
sistemində dəyişikliklər
İdarəetmə islahatları bir qayda olaraq yalnız
azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin
aradan qaldırılmasına, çevik idarəçiliyə
və koordinasiyaya şərait yaratdığı halda
yüksək iqtisadi və təşkilati effektə malik olur. Ümumiyyətlə,
dövlət idarəetmə sistemində islahatlar
ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan
ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri
rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin
islahatların aparılması yolunda qarşıya
çıxan maneələri asanlıqla dəf etməyə
imkan verir. Heydər Əliyevin milli iqtisadiyyatın
formalaşması və inkişaf etdirilməsi, o cümlədən
idarəetmə və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
sahəsində qəbul etdiyi qərarlar bunu bir daha təsdiq
edir.
Bütün
postsosialist ölkələri və keçmiş İttifaq respublikaları kimi
Azərbaycan da bazar iqtisadiyyatına keçid prosesinə qəbul
edilmiş ümumi "reseptlər" əsasında
başlamışdır. Bu mənada
transformasiya dövrünü yaşayan ölkələrdə
iqtisadi islahatların gedişi və onun mərhələləri
bir-birindən demək olar ki, fərqlənmirdi. Başlıca fərq həmin ölkələrin
seçmiş olduğu tənzimləmə və idarəetmə
modelindədir. Sözsüz ki, iqtisadi potensialı, sənaye
strukturu, milli iqtisadi maraqları, geopolitik mövqeyi, yeni
iqtisadi münasibətlərin formalaşması sürəti
bir-birindən fərqli olan ölkələrin tənzimləmə
modeli və idarəetmə sistemi də eyni ola
bilməz. Bunu nəzərə alaraq Heydər Əliyev tərəfindən
Azərbaycanda sosial-iqtisadi inkişafın spesifik xüsusiyyətlərini
və mövcud reallıqlarını nəzərə alan iqtisadi tənzimləmə
modeli və idarəetmə sistemi qurulmuşdur.
Azərbaycanda iqtisadi islahatların institusional problemlərinə,
xüsusilə də, iqtisadiyyatın idarə edilməsinin təşkilati
strukturunun təkmilləşdirilməsinə, bazar
infrastrukturunun formalaşdırılmasına, islahatların
kadr təminatı ilə bağlı problemlərin həllinə
ümummilli lider tərəfindən xüsusi diqqət
yetirilirdi.
Onun tərəfindən "Azərbaycan Respublikasının
dövlət idarəetmə sistemində islahatlar
aparılması üzrə dövlət komissiyasının
yaradılması haqqında" 29 dekabr 1998-ci il
tarixli fərmanın imzalanması idarəetmə islahatlarının
konseptual əsaslarının hazırlanması və bu
prosesin geniş miqyasda həyata keçirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb
etmişdir.
Dövlət idarəetmə sisteminin yenidən
qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən
biri də idarəetmə islahatlarının iqtisadi
islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə
sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin
formalaşması və iqtisadi münasibətlərin yeniləşməsi
bir-birini tamamlamalıdır. Xüsusi
olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyev idarəetmə
sisteminin təkmilləşdirilməsi ilə iqtisadi
islahatların sinxronlaşdırılmasını təmin
etmiş və bu da öz növbəsində iqtisadiyyatın
effektiv tənzimlənməsinə əlverişli şərait
yaratmışdır.
Müasir dövrün tələblərinə cavab verən
dövlət qulluğu sisteminin formalaşdırılması
istiqamətində mühüm addımlar
atılmışdır. "Dövlət qulluğu
haqqında" qanun qəbul edilmiş, dövlət
orqanlarında müsabiqə yolu ilə işə qəbul
prosesinə başlanılmış, Dövlət qulluğu məsələləri
üzrə komissiya yaradılmışdır.
Dövlət nəzarəti sisteminin
təkmilləşdirilməsi
Hər bir ölkədə
idarəetmə və dövlət nəzarəti sisteminin
xüsusiyyətlərini mövcud iqtisadi münasibətlərin
xarakteri müəyyənləşdirir. Bu mənada
ölkəmizdə bazar münasibətlərinin tədricən
formalaşması, iqtisadiyyatın liberallaşması dövlət
idarəetmə və nəzarət sistemində keyfiyyət dəyişikliklərinə
səbəb olmuş və bu sistemin fəaliyyətinə yeni
məzmun vermişdir
İstənilən iqtisadi sistem özünə uyğun
idarəetmə və tənzimləmə mexanizminin
yaradılmasını tələb edir. Nəzarət
sistemi isə dövlət idarəetmə sisteminin tərkib
hissəsi və onun bir qolu olduğuna görə hüquqi
dövlət, demokratik cəmiyyət və azad iqtisadiyyat kimi
prinsiplər bu sistemdə də nəzərə alınmaya
bilməz.
Heydər Əliyev dövlət idarəetmə
aparatının təkmilləşdirilməsinin əsas
istiqamətlərindən biri kimi dövlət nəzarəti
sisteminin yenidən təşkilinə də xüsusi diqqət
yetirmişdir.
Ümummilli liderin imzalamış olduğu iki mühüm sənəd
- "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə"
1996-cı il 17 iyun tarixli və "Dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi və
sahibkarlığın inkişaf etdirilməsi sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanlar dövlət
nəzarəti sistemində radikal dəyişikliklərin əsasını
qoydu.
Məhkəmənin qərarı olmadan
hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə
müdaxiləsi qadağan edildi. Vergilər Nazirliyinin səyyar
vergi yoxlamalarının sayı azaldıldı, işçi
heyətinin 40%-i ixtisar edildi. Yerli icra
hakimiyyəti orqanlarının nəzarət qurumları ləğv
olundu.
Ümumiyyətlə, dövlət nəzarəti
sistemində aparılan əsaslı dəyişiklikləri,
heç də dövlət nəzarətinin
yumşaldılması və ya aradan qaldırılması kimi
xarakterizə etmək olmaz. Dövlət heç bir halda
qanunların pozulmasına, dövlət əmlakı və vəsaitinin
dağıdılmasına, mənimsənilməsinə
göz yuma bilməz. Əksinə,
hüquqi dövlət quruculuğu və iqtisadi sistemin
transformasiyası dövrünü yaşayan bir ölkə
kimi Azərbaycanda dövlət nəzarəti daha da sərtləşdirilməli
idi. Bu sərtlik isə "məqsədli"
əsassız yoxlamaların aparılması ilə deyil, qanun
pozuntularının aşkar edilməsi və onun nəticələrinin
aradan qaldırılması ilə müəyyən edilir.
Bir sözlə, Heydər Əliyevin rəhbərliyi
ilə nəzarət sistemində aparılan islahatlar dövlət
nəzarətinin yumşaldılmasına yox, onun təkmilləşdirilməsinə,
səmərəliliyinin artırılmasına və bu sistemin
bazar iqtisadiyyatının tələblərinə uyğun
yenidən təşkilinə yönəldilmişdir.
Hiperinflyasiyadan maliyyə sabitliyinə
doğru
1990-cı illərin əvvəllərində ölkədə
qiymət artımı hiperinflyasiya həddinə
çatmışdı. Belə ki, inflyasiyanın səviyyəsi 1992-ci ildə
1174%, 1993-cü ildə 1081%, 1994-cü ildə 1880% təşkil
etmişdir. Yalnız 1994-cü ildə Heydər Əliyevin
imzaladığı "Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin
sabitləşdirilməsi tədbirləri haqqında" fərmanın
icrasından sonra inflyasiyanı 1995-ci ildə 85%-ə,
1996-cı ildə isə 2,5%-ə endirmək mümkün olmuşdur.
Bu fərman sərt pul-kredit və maliyyə
siyasətinin həyata keçirilməsini nəzərdə
tuturdu.
Yüksək inflyasiya şəraitində həyat səviyyəsini
yüksəltmək mümkün deyildi. Ölkədə
əhalinin sosial müdafiəsi maliyyə sabitliyindən
bilavasitə asılı idi. İnflyasiya
tempinin əməkhaqqının artım tempini əhəmiyyətli
dərəcədə qabaqlaması əhalinin
alıcılıq qabiliyyətini kəskin şəkildə
aşağı salırdı. Bu tendensiya
1991-ci ildən başlayaraq 1995-ci ilə kimi davam etmişdir.
1996-cı ildən etibarən inflyasiyanın cilovlanması əhalinin
həyat səviyyəsinin pisləşməsinin
qarşısını aldı.
İqtisadi tənəzzüldən
davamlı artım mərhələsinə keçid
1990-1995-ci
illərdə ÜDM hər il orta hesabla 15
faiz azalırdı. İqtisadi artım tempinin
aşağı düşməsi inflyasiya ilə
müşayiət edildiyinə görə, əslində,
ölkədə 1990-cı illərin əvvəllərində
staqflyasiya müşahidə edilirdi. Azərbaycanda 1991-ci
ildən başlayan və 6 il davam edən
iqtisadi tənəzzülün qarşısı yalnız
1996-cı ildə alındı.
İqtisadi
artımın yüksək tempi nəticəsində ÜDM-in
adambaşına düşən həcmi 1992-ci ildəki 180
dollardan 2003-cü ildə 888, 2006-cı ildə 2400, 2012-ci ildə
isə 7491
dollara çatmışdır. Dünya Bankının müəyyən
etdiyi meyarlara əsasən, ÜDM-in adambaşına
düşən həcmi 755 dollardan az olarsa, həmin ölkə
aşağı gəlirli, 756-2995 dollar arasında olarsa orta gəlirli,
2996-9265 dollar arası olarsa, orta səviyyədən yuxarı
gəlirli, 9266 dollardan yuxarı olarsa yüksək gəlirli
ölkə statusunu əldə edir.
Qeyd edək
ki, əsası qoyulmuş iqtisadi inkişaf meyilləri nəticəsində
Azərbaycan 2002-ci ildə 769 dollarla aşağı gəlirli
ölkədən orta gəlirli ölkə statusuna, 2006-cı
ildən isə 2472 dollarla orta gəlirli ölkədən orta
səviyyədən yuxarı gəlirli ölkə statusuna
keçid etmişdir. Orta müddətli
perspektivdə isə Azərbaycanın yüksək gəlirli
ölkə statusunu qazanması tamamilə realdır.
Yoxsulluğun azaldılması
strategiyası
Ölkədə iqtisadi artım tempi təmin edildikdən
və makroiqtisadi sabitliyə nail olunduqdan sonra, Heydər Əliyev
tərəfindən "Yoxsulluğun azaldılması və
iqtisadi inkişaf üzrə dövlət proqramı"
(2003-2005) təsdiq edilmişdir. Bu proqram sosial problemlərin
həlli yollarını göstərməklə
yanaşı, həm də onun iqtisadi əsaslarını
müəyyənləşdirdi. YAİİDP
ilk dövlət proqramıdır ki, burada islahatların
iqtisadi, sosial və institusional aspektləri kompleks şəkildə
əhatə olunmuşdur. Proqram
bütün sosial-iqtisadi problemlərin həllinə məhz
yoxsulluğun azaldılması kontekstindən yanaşmağa
imkan vermiş və bir növ, istiqamətverici rol
oynamışdır. Ardıcıl və
sistemli tədbirlər nəticəsində 1996-cı ildə
60 faiz təşkil edən yoxsulluq səviyyəsi 2003-cü
ildə 49 faizə, 2005-ci ildə 29 faizə, 2012-ci ildə 6
faizə endirilmişdir.
Sahibkarlığın
inkişafına davamlı dəstək
Ölkədə sahibkarlığın inkişafına
ardıcıl siyasi-ideoloji dəstəyin verilməsi özəl
sektorun güclənməsi üçün geniş perspektivlər
açmışdır. 90-cı illərin ortalarından etibarən
həyata keçirilən özəlləşdirmə
proqramı özəl sektorun təşəkkülü
prosesinə ilkin zəmin yaratdı. Yeni mərhələdə
isə Heydər Əliyev tərəfindən
sahibkarlığın inkişafına təkan verən bir
sıra fərmanlar verildi. Özəl sektorun
inkişafında mövcud olan problemlərin kompleks həlli məqsədilə
"Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafının dövlət
proqramı (2002-2005-ci illər)" qəbul edildi, "Azərbaycan
Respublikasında sahibkarlığın inkişafına
dövlət himayəsi sahəsində əlavə tədbirlər
haqqında" 10 sentyabr 2002-ci il tarixli fərman imzalandı.
"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında" 28
sentyabr 2002-ci il tarixli radikal fərmana
uyğun olaraq müxtəlif dövlət orqanları təsərrüfat
subyektlərinə nəzarət funksiyalarından məhrum
edildi. Lisenziya verilən fəaliyyət növlərinin
sayı 250-dən 30-a endirildi.
Aqrar sektorda yeni iqtisadi münasibətlərə
keçid
Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf
tarixinə həm də radikal torpaq islahatlarının müəllifi
kimi imzasını atdı. 1996-cı ildə qəbul
edilmiş "Torpaq islahatı haqqında" qanuna əsasən
torpaq üzərində xüsusi mülkiyyətçiliyin əsası
qoyuldu. Bu torpaq bazarının
formalaşması üçün hüquqi baza yaratdı.
Heydər Əliyev aqrar islahatların gedişi və onun
perspektivləri barədə çox aydın strateji
baxışlara malik idi. Ümummilli lider qeyd edirdi: "Aqrar bölməni
keçmiş sistem əsasında, keçmiş prinsiplər
əsasında idarə edib istənilən nəticəyə
nail ola bilmərik... İslahatların əsasını
mülkiyyət formasının dəyişdirilməsi təşkil
edir... Gərək kəndli torpağın sahibi olsun və
bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə
edə bilər... İslahatlar
xalqımızın ümumi rifahının
qaldırılması üçün həyata keçirilməlidir.
Əks təqdirdə, islahatlar səmərəsiz ola bilər... Bu islahatların
aparılmasında mühafizəkarlığa qətiyyən
yol vermək olmaz, eyni zamanda, islahat şüarları
altında aqrar bölmədə əldə olan
potensialımızın dağılmasına da yol vermək
olmaz".
Hazırda kənd təsərrüfatı
istehsalının 99 faizi özəl mülkiyyətə əsaslanır. Bu isə həmin
sektorun inkişafına xüsusi dinamizm verən həlledici
amildir. 1992-1995-ci illərdə kənd təsərrüfatında
istehsal həcmi ildə orta hesabla 12 faiz aşağı
düşürdü. Belə ki, aqrar sektorda tənəzzül
1992-ci ildə 23,8 faiz, 1993-cü ildə
15,5 faiz, 1994-cü ildə 12,8 faiz təşkil etmişdir. Yalnız 1998-ci ildən başlayaraq aqrar sektorda
istehsal artan dinamika ilə davam etməkdədir.
1999-cu ildən
etibarən kənd təsərrüfatı məhsulları
istehsalçıları torpaq vergisi istisna olmaqla 5 il müddətinə bütün vergilərdən
azad olunmuşdur. Həmin güzəştin tətbiqi
bu günə kimi ənənəvi olaraq davam etdirilir.
Heydər Əliyev iqtisadi strategiyasının
dönməzliyi və davamlılığı
Heydər Əliyev iqtisadi strategiyası hələ
uzunmüddətli dövr üçün Azərbaycanda əsas
götürüləcək. Çünki bu
strategiya dünya sivilizasiyasının qəbul etdiyi bazar
iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq
iqtisadi əməkdaşlığın dərinləşməsinə,
maliyyə sabitliyinin və iqtisadi artımın qorunub
saxlanılmasına, sosial yönümlü iqtisadi siyasətin
həyata keçirilməsinə əsaslanır. İqtisadi sahədə siyasət tədbirləri isə
heç şübhəsiz, iqtisadiyyatın inkişaf
dinamikasına uyğun olaraq yeniləşir və korrektə
edilir.
Sonda
ulu öndər Heydər Əliyevin söylədiyi bir fikri
xatırlatmaq istərdim: "Beş ildən sonra Azərbaycan
dünyəvi dövlət, daha yüksək sürətlə
inkişaf edən, kifayət qədər güclü
iqtisadiyyata və yaxşı həyat səviyyəsinə
malik respublika olacaqdır. Bu, həddən çox "əgər"lərdən
asılıdır..." Bəli! Ümummilli liderimizin qətiyyətlə
söylədiyi nikbin fikirlər artıq özünü
doğrultmaqdadır. Müstəqil dövlət quruculuğu
və iqtisadi inkişaf yolundakı maneələr Prezident
İlham Əliyev tərəfindən qətiyyətlə və
ardıcıl olaraq dəf edilir. Bu gün inkişaf relsləri
üzərində böyük sürətlə irəliləyən
Azərbaycan və onun iqtisadiyyatı daha da güclənir.
Artıq hər bir vətəndaş dövlətimizin artan
gücünü və qüdrətini öz işində və
gündəlik həyatında hiss etməkdədir. Biz bu
gün dinamik inkişaf edən, beynəlxalq aləmdə
nüfuzunu daha da yüksəldən Azərbaycan Respublikasının
vətəndaşı olduğumuza görə fəxr edir və
qürur hissi keçiririk!
Azər ƏMİRASLANOV,
Prezident Administrasiyasının
Aqrar
siyasət məsələləri
şöbəsinin müdiri
Azərbaycan.-2013.- 5 may.- S.7.