Heydər Əliyev siyasətində xalq amili

 

Azərbaycanın  dövlət müstəqilliyinin bərpası xalqımız üçün tarixi əhəmiyyət kəsb edən çox mühüm hadisə idi. Müstəqilliyin bərpasından sonra ölkəmizin qarşısında həlli vacib olan vəzifələr dururdu. Sovetlər İttifaqının süqutu ilə vahid iqtisadi məkana daxil olan böyük bir ərazidə  on beş müstəqil  dövlət yaranmışdı. Mərkəzləşdirilmiş iqtisadi sistemə daxil olan respublikalar arasında əlaqələrin qırılması, iqtisadi münasibətlərin pozulması, yeni idarəçilik formalarının ləng tətbiqi və bu kimi digər amillər postsovet məkanında siyasi vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Azərbaycanı digər respublikalardan  fərqləndirən başqa bir cəhət,  Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü idi.

Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın qarşısında əsasən aşağıda qeyd olunan vəzifələr dayanırdı: müstəqil  dövlət quruculuğu  ilə bağlı yeni idarəçilik sisteminin yaradılması; sovet dövlət idarəçiliyinin və qanunlarının aradan qaldırılması; milli ideoloji dəyərlərin bərqərar olunması; totalitar sistemdən demokratiyaya keçidin təmin edilməsi, milli iqtisadi modelin yaradılaraq tətbiqi; milli maraqları təmin edən xarici siyasət kursunun müəyyənləşdirilməsi.

Yuxarıda deyilən məsələləri həll etmək üçün xalqın geniş təbəqələrinin  inandığı liderin olması zəruri idi. Lakin müstəqilliyin ilk illərində Azərbaycana  rəhbərlik edən dairələrin xalq arasında kifayət qədər təsiri və nüfuzu yox idi. Məhz buna  görə də həmin illərdə Azərbaycanda iqtisadi və siyasi böhran getdikcə dərinləşirdi. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı davam edən  təcavüzkar müharibəsi ölkədəki gərgin vəziyyəti daha da pisləşdirmişdi. 

Azərbaycanın 1991-ci ildən 1993-cü ilin iyun ayına qədər keçdiyi yolu təhlil etdikdə, ölkənin, necə deyərlər, siyasi və iqtisadi baxımdan "dalana" daxil olduğunu görmək olur. Ölkədə hökm sürən  total böhran 1993-cü ilin iyun hadisələri ilə özünü biruzə verdi. Vətəndaş müharibəsi ilə üz-üzə qalan Azərbaycan dövlətinin dağılması, parçalanması, müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Gərgin və mürəkkəb olan həmin vaxtda xalqın mütləq əksəriyyətinin tələbi ilə ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. Azərbaycanın ən mürəkkəb və ağır zamanında böyük xilaskara, müdrik şəxsiyyətə, hamının qəbul etdiyi liderə ehtiyac var idi. Özünün siyasi fəaliyyətində hər zaman xalqla bir olan Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gəlişindən dərhal sonra, ölkədə  yaranmış vətəndaş müharibəsinin qarşısını almaq, sabitliyi bərqərar  etmək üçün mühüm addımlar atdı. Yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra o demişdir: "Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!"

Heydər Əliyevin xalqa bağlı olan siyasətindən  bəhs edərkən, Prezident İlham Əliyev demişdir: "Heydər Əliyevin siyasi nüfuzu, Azərbaycanda onun rəhbərliyi altında aparılan böyük quruculuq işləri xalqın ona böyük məhəbbətinin yaranmasına səbəb olmuşdur. O münasibət 1993-cü ildə də həlledici olmuşdu. Çünki o illərdə Azərbaycan xalqı böyük fəlakətlərlə üz-üzə qalanda, məhz öz liderinə üz tutub onu yenidən Azərbaycana dəvət etmişdi."

Tarix sübut edir ki, yalnız xalqa bağlı olan, onun maraqlarını qoruya bilən, vətən və millət sevgisi ilə yaşayan siyasətçilər  böyük uğur qazanırlar. Siyasi fəaliyyətinin bütün dönəmlərində Heydər Əliyev xalqa bağlı olduğunu, ümummilli maraqları hər zaman uca tutduğunu dəfələrlə sübut etmişdir. Çətin və böhranlı anlarda xalqla məsləhətləşmək, cəmiyyətin müxtəlif təbəqələri ilə görüşmək, insanları dinləmək ulu öndərin siyasi fəaliyyətində aydın şəkildə görünür.

Heydər Əliyevin siyasətində xalq amili başlıca yerlərdən birini tuturdu. Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş  işlər müstəqillik illərində öz təsirini göstərmişdi. Ulu öndər sovet dönəmində də hər zaman xalqın arasında  olmuş, respublikanın demək olar ki, hər bir bölgəsinə dəfələrlə səfərlər etmişdir. Onun "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" sözləri, həyata keçirdiyi siyasətdə hər zaman aparıcı rol oynamışdır.

Ümumiyyətlə, əzmkar fəaliyyəti ilə xalqın, dövlətin, cəmiyyətin  və onun üzvlərinin mənafeyinə xidmət edən, Vətən torpağının bütövlüyü uğrunda fədakarlıqla çalışan, müstəqilliyimzin möhkəmləndirilməsi, onun dönməzliyinin təmin olunması, xalqın rifahının yaxşılaşdırılması naminə bütün zəruri addımları atan Heydər Əliyev, Azərbaycanın inkişafı yolunu çox dəqiq müəyyən etmişdir. Böyük strateq və örnək olan siyasi liderin yaratdığı ideoloji xətt müstəqil dövlətimizin təməl prinsipi kimi hamı tərəfindən qəbul olunmuşdur. Hər bir dövlətin istinad etdiyi, söykəndiyi, əsaslandığı təməl prinsipləri vardır. Müasir Azərbaycanın banisi Heydər Əliyevin ölkəmiz üçün müəyyən etdiyi təməl prinsipləri əvəzolunmaz siyasi irsdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli sərəncamında deyilir: "Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü  nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə  və insanların gündəlik real həyatında biruzə vermişdir".

Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində  cəsarətli və tarixi qərarlar qəbul edən Heydər Əliyev xalq-iqtidar münasibətləri, cəmiyyətdə harmoniya yaradılması, millətin bütün təbəqələrinin vahid maraqlar ətrafında birləşdirilməsi baxımından nadir siyasi nümunələr qoymuşdur. Doğma Vətəninə bağlı olan Heydər Əliyev "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!" demişdir. Həyat göstərdi ki, ulu öndərin banisi olduğu müstəqil Azərbaycan onun müəyyən etdiyi yol və prinsiplərlə uğurla irəli getməkdədir.

Ulu öndərin siyasi irsini sosioloji və politoloji baxımdan təhlil etdikdə, dövlət idarəçiliyi təcrübəsinin  öyrənilməsi və mənimsənilməsi üçün, zəngin örnək kimi bir çox hadisələri görmək olur. Onun siyasi irsi böyük bir məktəbdir və hələ tam tədqiq edilməmişdir. Xüsusilə, Heydər Əliyev siyasətində xalq amili məsələsi daha az araşdırılan mövzulardandır. Heydər Əliyev siyasi həyatında həmişə qalib olmuşdur. Prezident İlham Əliyev  dediyi kimi: "Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. 1987-ci, 1990-cı, 1991-ci illərdəki müvəqqəti məğlubiyyət, əslində, məğlubiyyət deyildi. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi." Əlbəttə, siyasətdə hər zaman qalib  olmaq asan  iş deyil. Qalib olmaq üçün qələbə əzmini özündə daşımağa qadir şəxsiyyət olmalıdır.

Ən ali keyfiyyətlərə malik olan Heydər Əliyev istənilən siyasi qərarı qəbul edərkən milli maraqları hər zaman öndə tutmuşdur.  Ulu öndərin xalqa bağlı olması, vacib qərarların qəbulu zamanı xalqla məsləhətləşməsi onun qələbələrinin başlıca rəhni idi. Ən ağır və böhranlı məqamlarda xalqın yanında olan, onun istək və arzularını hamıdan yaxşı bilən, hər bir vətəndaşı səbrlə dinləməyi bacaran Heydər Əliyev özünün  uzaqgörən və müdrik siyasəti sayəsində Vətənimizi çətin sınaqlardan üzüağ çıxara bilmişdir.

Ulu öndər Heydər Əliyevin xalqa bağlılığını biz onun siyasi fəaliyyətinin hər bir  mərhələsində aydın  görə bilirik. İstər sovetlər dönəmi, istərsə də müstəqillik illəri olsun, Heydər Əliyevi xalqsız təsəvvür etmək mümkün deyil.  Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycanın ağır şəraitdə olduğu  vaxtlarda, sadə insanların "Heydər-xalq, xalq-Heydər!" şüarı ilə meydanlara çıxması təsadüfi olmayıb, qanunauyğun bir proses idi. Çünki xalqın yaddaşında o, cəsarətli, qətiyyətli və milli maraqları qorumağa qadir şəxsiyyət kimi qalmışdı.

Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq üçün sovet rejimi 1990-cı ilin 20 yanvarında Bakı şəhərinə qoşun yeridərək böyük bir cinayət törətdi. İmperiyanın paytaxtı Moskva şəhərində həmin qanlı cinayəti qətiyyətlə ifşa  edərkən Heydər Əliyev mənsub olduğu Azərbaycan xalqının yanında idi. Həmin dövrdə Azərbaycan Respublikasının Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyini, 20 Yanvar cinayətini törədənləri qətiyyətlə ittiham etmək böyük cəsarət tələb edirdi.

Heydər Əliyevin böyük cəsarət sahibi olduğu danılmazdır. Onun siyasi fəaliyyətində belə faktlar kifayət qədər vardır. Məlumdur ki, cəsarətli addımları yalnız xalqına söykənən və ondan güc alan liderlər ata bilərlər.

Sovet rejiminin təzyiqlərinə baxmayaraq Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı. Ulu öndərin Naxçıvana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi siyasət xalqa bağlı idi. Naxçıvanın erməni təcavüzündən müdafiə olunması üçün Heydər Əliyev böyük işlər görmüşdür. Bu məsələ onun gündəlik fəaliyyətində önəmli yerlərdən birini tuturdu. Bununla yanaşı, Naxçıvanın sosial-iqtisadi vəziyyətinin sabitləşməsi, əhalinin zəruri ərzaq məhsulları ilə təchiz olunması və digər zəruri məsələlərin həlli qarşıda duran vəzifələrdən idi. Məhz  xalqın gücünə arxalanaraq Heydər Əliyev həmin çətin və ağır günlərdə  bu məsələləri həll edə bilmişdi. O, hər gün iş  otağında  rəsmi və qeyri-rəsmi şəkildə  vəzifəli şəxslər və vətəndaşlarla görüşür, problemlərin həll edilməsi üçün lazımi qərarlar qəbul edir, tapşırıqlar verirdi. Xalqla  təmas, əhali ilə davamlı görüşlər, söhbətlər Heydər Əliyev idarəçiliyinin başlıca  qayəsini təşkil edirdi.

Ulu öndərin Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərdə Bakıda hakimiyyətdə olmuş siyasi dairələr -  Mütəllibov iqtidarı və onu əvəz edən AXC-Müsavat hakimiyyəti həmişə çalışırdılar ki, Heydər Əliyevə mane olsunlar, müxtəlif vasitələrlə hakimiyyətdən uzaqlaşdırsınlar. Ancaq nail ola  bilmədilər. Çünki xalq Heydər Əliyevi inam və qətiyyətlə müdafiə edirdi. 1992-ci il oktyabr ayının 24-də Bakıdakı rəhbərlərindən tapşırıq almış Naxçıvan cəbhəçiləri Heydər Əliyevi Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşdırmaq üçün çevrilişə cəhd etmişdilər. Həmin vaxt Bakıdakı AXC-Müsavat iqtidarı Naxçıvana təyyarə ilə hərbi qüvvə göndərməyə çalışmışdı. Lakin onların bu çevriliş cəhdi iflasa uğradı. Xalq Naxçıvandakı qanuni hakimiyyəti, Heydər Əliyevi müdafiə üçün ayağa qalxmış və heç bir silah işlətmədən çevrilişin qarşısı alınmışdı. Naxçıvan əhalisi Bakıdan təyyarə ilə Heydər Əliyevin üzərinə göndərilən hərbi qüvvələrin hava limanına enişinin qarşısını almaq üçün "canlı sədd" yaratmışdı. Bu, Heydər Əliyev  siyasəti ilə xalqın vəhdəti, birliyi, liderin təntənəsi idi. Xalqın gücü qarşısında aciz qalan AXC-Müsavat iqtidarı Naxçıvanda geri çəkilməyə məcbur olmuşdu. Bu, xalqın öz liderinə dəstəyinin bariz nümunəsi idi.

Belə nümunəni 1994-cü ilin  3-4 oktyabr və 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlər zamanı da görmək olar.

Azərbaycanda 1993-cü ilin iyun hadisələrindən sonra, xalqın təkidli tələbi ilə ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, həmin ilin oktyabr ayında ölkənin prezidenti seçildi. Azərbaycanı böhrandan çıxarmaq, ictimai-siyasi sabitliyi bərqərar etmək, Ermənistanın davam edən təcavüzünü dayandırmaq, qayda-qanunu  bərpa etmək və digər bu kimi işləri yerinə yetirmək üçün təcili və təxirəsalınmaz tədbirlər görülürdü.  Aydındır ki, Heydər Əliyevin qətiyyətli və kəskin addımları bəzi dairələri qane etmirdi. 1994-cü il may ayının 12-də  hərb cəbhəsində atəşkəs  əldə olunması üçün MDB Parlamentlərarası Assambleyanın vasitəçiliyi ilə razılaşma imzalandı. Sosial-iqtisadi inkişaf və quruculuq üçün fasilə əldə olundu. Həmin dövrdə Xəzərin Azərbaycana məxsus hissəsindəki neft yataqlarının işlənməsinə dair xarici şirkətlərlə  müqavilələr imzalandı. Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan  iqtisadiyyatını dirçəltmək, bütünlüklə ölkənin müstəqilliyinin qorunmasını təmin etmək üçün düşünülmüş strategiya və taktikanı seçərək,  1994-cü il sentyabr ayının 20-də Bakıda imzalanmış "Əsrin müqaviləsi" ilə Azərbaycanın öz sərvətlərinə sahib olduğunu  dünyaya bəyan etdi. Bununla razılaşmaq istəməyən xarici və daxili qüvvələr hərəkətə keçdilər. Dövlət çevrilişinə cəhd edildi. Lakin Heydər Əliyev siyasətindəki xalq  amili bu dəfə də öz sözünü dedi. Ulu öndərin bir çağırışı ilə, gecəynən minlərlə vətəndaş Prezident Sarayına doğru hərəkət etdi. Xalqın birliyindən və qətiyyətindən xofa düşən çevriliş tərəfdarları az vaxt içərisində iflasa uğradılar. Həmin gecə Bakıda, Prezident Sarayının qarşısında toplanan vətəndaşlar müstəqilliyimizi, suverenliyimizi qorudular. Səhərisi gün Azadlıq meydanında yüz minlərlə insan toplaşmışdı. Heydər Əliyev xalqın qarşısında çıxış edərək, daxili və xarici dairələrin çevriliş cəhdinin puç olduğunu bəyan etdi. Xalqla həmişə açıq danışan Heydər Əliyev həmin mitinqdə, "Mən xalqa güvənərək siyasətimi həyata keçirirəm və xalqın da mənə güvəndiyinə əminəm" demişdi.  Azərbaycanı daxildən sarsıtmaq, seçdiyi strateji yoldan döndərmək və ölkəni yenidən xaos girdabına yuvarlamaq istəyən  dairələr 1994-cü il dövlət çevrilişinə cəhd zamanı məğlub olsalar da, onların bir qrupu hələ qalmaqda idi. 1995-ci ilin mart ayında Xüsusi Təyinatlı Polis Dəstəsində (OMON) cəmləşmiş bir qrup yenidən dövlət çevrilişinə cəhd etdi. Əhalinin mütləq əksəriyyəti çevrilişə cəhd edənlərə qarşı çıxaraq, onların cəmləşdiyi hərbiləşmiş baza ətrafına toplaşmışdı. Bütün çağırışlara rəğmən, dövlət əleyhinə çıxan həmin qruplar silaha əl ataraq hakimiyyəti devirməyə çalışdılar. Ancaq xalqa söykənən Heydər Əliyev öz qətiyyəti və siyasi iradəsi ilə bu çevrilişin qarşısını aldı. Bununla da Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu.

Ölkəmizin ilk Konstitusiyasının qəbulu ərəfəsində keçirilən xalq toplantıları, görüşlər, ziyalılarla söhbətlər Heydər Əliyev siyasətində xalq amilinin rolunu bir daha göstərirdi. Ulu öndər bütün məsələləri xalq müzakirəsinə çıxarmaqla xalqın mövqeyini dərindən öyrənməklə həll edirdi. Ermənistanın təcavüzü ilə yaranmış Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aparılan danışıqlar barədə Heydər Əliyevin xalqın müxtəlif nümayəndələri ilə - məcburi köçkünlər, ziyalılar, media nümayəndələri, Milli Məclis üzvləri - müzakirələr keçirməsi onun xalq-iqtidar vəhdəti siyasətinin tərkib hissəsi  idi.

Ümummilli lider Heydər Əliyevin siyasi irsi, fəaliyyəti və etdiyi hər bir çıxış gələcək nəsillər üçün böyük məktəb və örnəkdir. Heydər Əliyev siyasəti, onun yolu, xalq-hakimiyyət vəhdəti bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.

 

 

Mübariz QURBANLI,

Milli Məclisin deputatı, YAP

İdarə Heyətinin üzvü

 

Azərbaycan.-2013.- 5 may.- S.8.