Müasir Azərbaycan dövlətinin qurucusu
Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. O, iki əsrin, iki minilliyin qovşağında fəaliyyət göstərmiş nadir şəxsiyyətlərdən biri, parlaq zəka sahibi, türk dünyasının görkəmli siyasi lideri olmuşdur. Dünyada onun fenomen şəxsiyyət olması, idarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı, qətiyyəti, böyük siyasətçi məharəti dünyanın nüfuzlu dövlət xadimləri tərəfindən də etiraf olunur.
Ulu öndər Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur. Böyük strateqin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, muxtar respublikada SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun boykot edilməsi və digər mühüm hadisələr bunun əyani təsdiqidir.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, həmin dövrdə hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə Azərbaycanda iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı.
1991-1993-cü illlərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı indi böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. 1993-cü ilin iyununda xalqın tələbi ilə Bakıya qayıdan Heydər Əliyev böyük qətiyyət və bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuşdur. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Beləliklə də, 15 iyun tarixi Azərbaycanın böyük faciə və dəhşətlərdən qurtulmasının rəmzi ifadəsinə çevrilmiş, xalqımızın qəlbində özünə Qurtuluş Günü kimi möhkəm yer tapmışdır. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur.
Azərbaycan dövlətini qurmaq, xalqa azadlıq və
demokratiya vermək, ölkəmizin bütün sahələrdə dirçəlişini,
sürətli dinamik inkişafını, dünya birliyi ölkələri
arasında nüfuz qazanmasını təmin
etmək sahəsində ulu öndər
Heydər Əliyevin tarixi xidmətləri
olmuşdur. Dünyada baş verən siyasi hadisələrə
fəal reaksiya vermək, yeni
neft strategiyasını reallaşdırmaq
üçün "Əsrin müqaviləsi"nə
imza atmaq,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişini təmin
etmək və dünya azərbaycanlılarının
həmrəyliyini möhkəmlətmək digər uğurlu işlər Heydər Əliyev siyasətinin
bariz ifadəsidir.
Heydər
Əliyev fenomen yaddaşa, fəlsəfi və siyasi
dünyagörüşünün dərinliyinə, parlaq
nitqinə, güclü fəhminə görə nüfuz
qazanmış, xalqın sevimlisinə çevrilmişdir. Bu
dahi insanda dövrü, zamanı, tarixi prosesləri qabaqlamaq,
uzaqgörənlik bacarığı güclü idi.
Bütün bunlar ona imkan verirdi ki, müstəqil dövlət
quruculuğunu başa çatdırsın, ölkənin
siyasi və iqtisadi islahatlarını təmin etsin, uğurlu
xarici siyasət aparsın.
Ulu
öndər Heydər Əliyevin bütün sahələrdə
siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev
Azərbaycanın dünya miqyasında nüfuzlu dövlətə
çevrilməsini təmin edib. Cənab İlham Əliyevin
müdrik siyasəti nəticəsində ötən 10 ildə
ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə
yüksəliş əldə olunub, regionların
inkişafına geniş imkanlar yaradılıb, yeni iş yerləri
açılıb, sosialyönümlü obyektlər tikilib,
infrastruktur müasirləşdirilib. Dinamik inkişafın,
tarixin müasir mərhələlərinin yüksək
uğurlarla, iqtisadi göstəricilərlə təmin edilməsində
dövlət başçısının
imzaladığı "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın əhəmiyyəti
olduqca böyükdür. Bütün regionların fəaliyyətinin
inkişaf istiqamətində idarəetmə mexanizminin bariz
nümunəsidir.
Azərbaycanın
bütün guşələrində müşayiət olunan
sürətli inkişaf Sumqayıtın timsalında da
aydın görünür. Ulu öndər Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
Sumqayıt şəhərinin müasirləşməsi,
gözəlləşməsi üçün mühüm
addımlar atmışdır. Bu siyasi kursun layiqli
davamçısı Prezident İlham Əliyev də
Sumqayıt şəhərinin daha da müasirləşməsi
və inkişafı üçün ardıcıl tədbirlər
həyata keçirir. Son illər həyata keçirilən
irimiqyaslı layihələr, yeni yaradılan sənaye müəssisələri,
məktəb və uşaq bağçaları,
çoxsaylı geniş parklar, idman və sağlamlıq mərkəzləri,
Qarabağ müharibəsi əlilləri, qaçqın və
məcburi köçkünlər üçün inşa
edilmiş çoxmərtəbəli binaların
ucaldılması, dənizkənarı bulvarın yenidən
qurulması və s. sahələrdə aparılan işlər
hər birimizdə böyük qürur hissi yaradır. Cənab
Prezident son iki ildə Sumqayıta dörd dəfə səfər
etmiş və görülən işlərlə yaxından
tanış olmuş, tapşırıq və tövsiyələrini
vermişdir. 2012-ci ilin aprel və dekabr aylarında Prezidentin
şəhərimizə səfəri sumqayıtlılar
üçün yaddaqalan bir gün, tarixi hadisə oldu.
Xalqın
sosial sifarişi əsasında Heydər Əliyev siyasi kursunu
davam etdirmək kimi çətin və məsuliyyətli bir
missiyanı 2003-cü ilin oktyabrından üzərinə
götürmüş cənab İlham Əliyev öz siyasətini
dövlətimizin inkişafı, xalqın rifahının
yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin
ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə
nəzərdən keçirdikdə onun xalqına, dövlətinə
necə bağlı lider olduğu bir daha təsdiqini tapır.
Dövlət başçısının idarəçilik
keyfiyyətlərindən ən mühümü, şübhəsiz,
uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş
milli dövlətçilik ənənələrinə
sadiqlikdir.
Nadir QƏHRƏMANOV,
Sumqayıt Dövlət Universitetinin
rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
Azərbaycan.-2013.-
5 may.- S.9.