Nüfuzlu Forbes.com saytında Azərbaycan
haqqında geniş reportaj
yerləşdirilmişdir
Bu
günlərdə ABŞ-ın nüfuzlu Forbes.com saytında
"Bakı: 1500 yaşı olan ləl daşı inkişaf
etmiş infrastrukturu, innovativ texnologiyaları və müxtəlif
müəssisələri ilə bərq vurur" sərlövhəli
məqalə-reportaj yerləşdirilmişdir.
AzərTAc
xəbər verir ki, məqalə-reportajın müəllifi
"Wall Street Journal"ının analitiki, "Financial
Times" qəzetinin "investisiya aləmi və mülkiyyətin
idarə olunması üzrə güclü və nüfuzlu
ekspert", "maliyyə investisiyalarının qadın mərkəzi"
adlandırdığı Hillari Kreymerdir.
Azərbaycan
Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədovun
təşkilatçılığı ilə H.Kreymerin və
Forbes.com saytının bir qrup əməkdaşının
Bakıya səfəri nəticəsində ərsəyə gəlmiş məqalə-reportaj informasiya
resursunun əsas səhifəsində yerləşdirilmişdir.
AAA-dan
verilən məlumata görə, Azərbaycanın regionun ən
nüfuzlu ölkəsi və dünyanın iqtisadi xəritəsinin
strateji nöqtəsi olduğunu vurğulayan müəllif məqalə-reportajda
respublikamızda aparılan yenidənqurma və tikinti işləri,
mədəni layihələr barədə ətraflı məlumat
verir. Azərbaycanın getdikcə dünyanın qabaqcıl
ölkələri ilə ayaqlaşdığı, hətta
bir çox hallarda daha da irəlilədiyi xüsusi qeyd
olunduğu məqalə-reportajda bildirilir ki, bu möhkəm əsaslı
geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son
dörd ildə Azərbaycan Prezidenti İlham Əliyevin neft
kapitalını böyük məharətlə insan
kapitalına çevirə bilməsi sayəsində
mümkün olmuşdur. Ölkənin böyük neft
ehtiyatlarından əldə edilmiş gəlir digər enerji
resurslarının araşdırılıb inkişaf etdirilməsinə
və hər sahədə ən yaxşı texnologiyaların
tətbiq olunmasına yönəldilir.
Azərbaycanda
əlverişli investisiya mühitinin olduğunu vurğulayan
müəllif qeyd edir ki, azərbaycanlıların qürur
duyacaqları məqamlar çoxdur. Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvüdür. Azərbaycan "Forbes"
siyahısında investorların hüquqlarının
müdafiə edildiyi ölkə kimi 24-cü və
iqtisadiyyatının inkişaf etməkdə olduğu bir
çox digər dövlətlərə xas olan
qarmaqarışıqlığın qarşısını
ala bilmək imkanlarına görə 15-ci yer tutur. Ümumiyyətlə, Azərbaycan "Forbes"in
"İş üçün ən yaxşı ölkələr"
adlı siyahısında 141 dövlətin sırasında
73-cü yerdədir. Bu siyahıda Azərbaycan Braziliya,
Çin, Hindistan və Rusiyanı geridə qoymuşdur.
Qeyd edək
ki, Forbes.com saytında Azərbaycan haqqında yer almış
bu məqalə-reportaj silsilə xarakterlidir.
Silsiləyə
daxil olan ilk yazı və video ilə
www.forbes.com/sites/hilarykramer/2013/05/03/tradition-meets-innovation-on-the-silk-road/
linkindən tanış olmaq mümkündür.
AAA
Azərbaycan haqqında ətraflı məlumat verən
qeyri-kommersiya təşkilatıdır. Alyansın fəaliyyətilə
www.azerbaijanamericaalliance.org saytında daha ətraflı
tanış olmaq olar.
Azərbaycan.-2013.- 5 may.- S.11.