Heydər Əliyevin dövlət quruculuğu siyasəti və hüquq islahatları

 

Xalqımız müasir Azərbaycan dövlətçiliyinin bünövrəsini qoymuş ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd edir. Bu dahi şəxsiyyətin Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyinin qorunub saxlanmasına, cəmiyyətin inkişafına, müasirləşməsinə töhfəsi o qədər böyükdür ki, onun əsl qiymətini yalnız gələcək nəsillər verə bilər. Çünki Heydər Əliyev öz dühası və qətiyyətli siyasi iradəsi ilə onilliklər üçün ölkəmizin inkişaf strategiyasını müəyyən etmişdir.

Bu inkişaf strategiyasının əhəmiyyətli hissəsini hüquqi dövlət quruculuğu və hüquq sisteminin islahatı təşkil edir.

XX əsrin 90-cı illərinin əvvəllərində sosialist blokunun və Sovet İttifaqının dağılması nəticəsində dünyanı qlobal dəyişikliklər dalğası bürümüş və onun təsiri bu gün də hiss olunmaqdadır. Mürəkkəb geosiyasi şəraitdə müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti siyasi, sosial, iqtisadi və digər sahələrdə ciddi problemlərlə üzləşmiş, vətəndaş qarşıdurması, milli zəmində separatçılıq və ekstremizm isə bu problemləri qat-qat ağırlaşdıraraq faktiki olaraq dövlətin mövcudluğuna təhlükə yaratmışdı.

1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdaraq ölkəmizi müharibə fəlakətindən, xaos və hakimiyyətsizlik bəlasından xilas etmiş, mütəşəkkil cinayətkar dəstələrin cəzasızlığına son qoymuş Heydər Əliyev ictimai-siyasi sabitliyin təmin edilməsinə nail olmuş və bununla köklü islahatların həyata keçirilməsi üçün zəmin hazırlamışdır.

Böyük dövlət idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev Sovet İttifaqından miras qalmış hüquq sisteminin yeni yaranmaqda olan ictimai münasibətləri tənzim etmək keyfiyyətində olmadığını, Azərbaycanda ictimai-iqtisadi formasiyanın dəyişməsi, ölkənin beynəlxalq birliyə və dünya iqtisadiyyatına inteqrasiyası proseslərinə səmərəli xidmət edə bilməyəcəyini hamıdan yaxşı dərk edirdi. 70 illik "kommunist eksperimenti"nin məhsulu olan bu sistem ilk növbədə siyasi rejimin, "ictimai maraqlar"ın, dövlət mülkiyyətinin və digər sovet dəyərlərinin qorunmasına yönəlmişdi. Həmin sistem şəxsiyyətin hüquq və maraqlarını nəzərə almırdı, məhkəmələrin və hüquq-mühafizə orqanlarının fəaliyyətində həqiqətin müəyyən edilməsi və ədalət mühakiməsinin həyata keçirilməsi məqsədləri yalnız deklarativ xarakter daşıyırdı. Aydındır ki, belə hüquq sistemi Azərbaycanda azad cəmiyyətin formalaşmasına, bazar iqtisadiyyatının, özəl sahibkarlığın və fərdi təşəbbüskarlığın inkişaf etdirilməsinə, son nəticədə ölkənin hər bir vətəndaşının rifahının və potensialının gerçəkləşməsinin təmin olunmasına kömək edə bilməzdi.

Məhz bu səbəbdən Heydər Əliyev məhkəmə-hüquq islahatlarına böyük əhəmiyyət vermiş və onların konseptual istiqamətlərinin müəyyən edilməsində həlledici rol oynamışdır. Bu baxımdan onun birbaşa rəhbərliyi ilə hazırlanmış 1995-ci il Konstitusiyası ümummilli liderin Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin qurulması prosesi ilə bağlı baxış və ideyalarını əks etdirən tarixi sənəd kimi qəbul edilməlidir.

Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında çıxış edən ümummilli lider Heydər Əliyev qəbul olunacaq Əsas Qanunun fəlsəfəsini açıqlayarkən demişdir ki, bizim yeni konstitusiyamız ilk növbədə dövlət müstəqilliyini yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Dünya ölkələrinin əldə etdiyi nailiyyətlərdən, konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycanın özünəməxsus tarixini, milli ənənələrini ehtiva edən prinsipləri özündə cəmləşdirməlidir. Biz elə bir konstitusiya yaradacağıq ki, o, Azərbaycan Respublikasının nəinki qısa vaxtda, həm də uzun müddətdə müstəqillik yolu ilə getməsini təmin etsin.

Ulu öndərin hələ Konstitusiyanın layihəsi üzərində işlədiyi dövrdə qeyd edirdi ki, demokratiyanı bir tərəfdən insan hüquqları, digər tərəfdən isə dövlət quruculuğu və dövlət hakimiyyətinin təmin olunması təşkil edir. Ona görə də aparılan hüquqi islahatlar çərçivəsində ədliyyə, prokurorluq, daxili işlər, milli təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti hüquqi dövlət konsepsiyasına uyğun təkmilləşdirilmiş, həmin fəaliyyəti tənzimləyən yeni qanunvericilik qəbul edilərək bu orqanlara demokratik cəmiyyətə xas olmayan funksiyalar ləğv edilmiş, onların maddi bazası əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Bu sahədə görülmüş tədbirlər nəticəsində hüquq-mühafizə orqanları Azərbaycanın milli təhlükəsizliyinə daxili və xarici təhdidlərin qarşısını almağa qadir olan, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin keşiyində duran çevik və səmərəli strukturlara çevrilmişdir.

Yeni Konstitusiya müasir məhkəmə sisteminin yaradılmasına təkan verdi. Həyata keçirilən məhkəmə islahatları ilk növbədə vətəndaşların hüquqlarının müdafiəsində məhkəmələrin rolunun gücləndirilməsinə, onların fəaliyyətinin demokratikləşdirilməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına hədəflənmişdi.

İslahatlar məhkəmə sisteminin iki əsas komponentini - məhkəmə quruluşunu və məhkəmə icraatını əhatə etmişdi. Müasir tələblərə uyğun olan, tərəflərin bərabərliyi, çəkişmə, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının aşkarlığı və digər demokratik prinsiplərə əsaslanan mütərəqqi prosessual qanunvericilik qəbul edilmişdi. İstintaq orqanlarının hərəkətləri üzərində prokurorluğun prosessual rəhbərliyi və məhkəmə nəzarəti institutu həmin qanunvericiliyin mühüm yeniliklərindən biri olmuşdu.

Bununla yanaşı, ölkədə konstitusiya nəzarəti funksiyalarını həyata keçirən Konstitusiya Məhkəməsi və hüquqların məhkəmədən kənar müdafiə mexanizmi - İnsan hüquqları üzrə müvəkkil təsisatı yaradılmış, vəkillik institutu yenidən qurulmuşdu.

Hüquq sistemində islahatların həyata keçirilməsini təmin etmiş müvafiq qanunvericilik bazasının beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla hazırlanması, bu müddəaların milli qanunvericiliyə implementasiyası islahatların aparılması siyasətinin tərkib hissəsi olmuşdur. Daxili qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, Azərbaycanın beynəlxalq müqavilələrə qoşulması prosesi də uğurla davam etdirilmiş, nəticədə ölkəmiz BMT-nin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların bir çox sənədlərinə tərəfdar çıxmışdır.

Ümummilli lider Heydər Əliyev yaşamaq hüququnun hər bir insanın təbii və ayrılmaz hüququ olduğunu, insanın həyatdan məhrum edilməsini qeyri-insani tədbir hesab edərək onun yolverilməz olduğunu bəyan etmiş və 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsü ilə çıxış etmiş, 1998-ci ildə isə ölüm cəzası tamamilə ləğv olunmuşdur. Eyni zamanda ölkədə əfv və amnistiya institutları bərpa edilməklə 10 minlərlə insan azadlığa qovuşmuşdu. Bu aktlarla Azərbaycan dövləti humanistlik, insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirmişdir.

Azərbaycanda demokratikləşmə və insan hüquqlarının təmin edilməsi istiqamətində aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi ölkəmiz ümumavropa hüquq məkanına inteqrasiya olunmuşdur.

Humanist ideallara sadiq olan Heydər Əliyev Fondu ulu öndərin 90 illik yubileyi ilə əlaqədar Amnistiya Aktı layihəsini Milli Məclisin müzakirəsinə çıxarmışdır. Proqnozlara görə, amnistiya 9 mindən çox məhkum olunmuş şəxsi əhatə edəcək, onlardan 2 min nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad olunacaqdır.

Hələ sovet dövründə korrupsiyaya qarşı qətiyyətlə mübarizə aparan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda da antikorrupsiya tədbirlərini prioritet sahə kimi müəyyən etmişdir. Ulu öndər dəfələrlə qeyd edirdi ki, xalq üçün, millət üçün rüşvətxordan xain düşmən yoxdur. Onun korrupsiyaya qarşı mübarizəyə olan prinsipial yanaşması nəticəsində dövlət qurumlarının fəaliyyətində səmərəlilik artmış, neqativ hallar aradan qalxmış, əhalinin həyat səviyyəsi yaxşılaşmış və sosial rifahın gücləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.

Ulu öndər Azərbaycanın müasirləşməsinin əsas istiqamətlərini azad bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadiyyatın, açıq vətəndaş cəmiyyətinin və demokratik dövlət institutlarının gücləndirilməsində görürdü. Bu cür yanaşma ölkəmizdə korrupsiya və neqativ hallara qarşı mübarizənin yeni səviyyədə qurulmasını tələb edirdi. Təbii olaraq Azərbaycanda birbaşa korrupsiya hallarını hədəfə alan ilkin normativ hüquqi aktlar məhz 1994 - 2000-ci illər arasında qəbul olunmuşdu. Həmin sənədlərdə ümummilli lider Heydər Əliyev korrupsiyaya qarşı mübarizənin strateji kursunu müəyyən etmiş və antikorrupsiya tədbirlərini prioritet sahə kimi qiymətləndirmişdi.

Ümummilli lider dövlət quruculuğu prosesinin ilk illərindən dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin etik davranış qaydalarına ciddi əməl edilməklə, süründürməçiliyə, bürokratik əngəllərə yol verilmədən, şəffaflıq təmin edilməklə həyata keçirilməsini dövlət qulluqçularının qarşısında əsas vəzifə kimi qoymuş, dövlət qulluğunun müasir konsepsiyasını formalaşdırmışdı.

Ümummilli lider Heydər Əliyevin apardığı islahatların ali məqsədi xalqa xidmət etməkdən, onun sosial rifahının təmin edilməsindən ibarət olmuşdu. "Xalq dövlət üçün yox, dövlət xalq üçün çalışmalıdır" kəlamı onun həyata keçirdiyi dövlətçilik strategiyasının əsas prinsiplərindən biri olmuşdur.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə yaranmış böhranlı vəziyyət dövlət-vətəndaş münasibətlərində də ciddi problemlər yaratmışdı. Belə ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti, ölkə ərazisinin 20 faizinin işğal olunmasının ağır siyasi, iqtisadi və sosial nəticələri 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur. Müharibə vəziyyəti, ictimai-siyasi səbatsızlıq, yeni bazar münasibətlərinin tam formalaşmaması və sosial müdafiənin yenidən qurulması zərurəti insanların maddi durumunun təmin edilməsində problemlərin yaranmasına və Azərbaycan vətəndaşlarının xarici ölkələrə axınına gətirib çıxarmışdı.

Ümummilli liderin bütün fəaliyyət sahələrində köklü islahatlara başlaması Azərbaycanda miqrasiya proseslərinə də öz müsbət təsirini göstərmişdi. Ermənistandan deportasiya edilmiş qaçqınların Azərbaycan cəmiyyətinə inteqrasiyası məqsədilə onlara Azərbaycan Respublikasının vətəndaşlığı verilmiş, qaçqınların və işğal olunmuş əraziləri məcburi tərk etmiş şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülmüşdür.

Aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə müşahidə olunan siyasi-ictimai sabitlik, sürətli sosial-iqtisadi inkişaf və həyata keçirilən irimiqyaslı regional kommunikasiya layihələri sonradan Azərbaycanı artıq miqrantların mənşə ölkəsindən onlar üçün cəlbedici təyinat ölkəsinə çevirmişdir.

İstənilən ölkədə səmərəli islahatlar müəyyən vaxt tələb edən ardıcıl prosesdir. Heydər Əliyevin siyasətinin davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüquqi islahatların dinamik inkişafı sahəsində fəaliyyəti davam etdirir. Hüquq siyasətinin varisliyini təmin edərək və müasir dövrün inkişaf perspektivlərini nəzərə alaraq möhtərəm Prezident məhkəmə hakimiyyətinin, ədliyyə, prokurorluq və polis orqanlarının, eləcə   vəkilliyin fəaliyyətinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Hüquq islahatlarının növbəti mərhələsi məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən yeni Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi, hakim korpusunun yenilənməsi məsələlərini əhatə edərək hüquq sisteminin müasirləşdirilməsinə zəmin yaratmışdır.

Regionlarda yeni məhkəmələrin yaradılması ilə əlaqədar hakimlərin, prokurorluq orqanları əməkdaşlarının və vəkillərin sayı artırılmış, əhalinin hüquqi yardımdan istifadə və hüquq institutlarına müraciət imkanları asanlaşdırılmışdır.

Hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədilə ədliyyə sistemində müvafiq tədbirlər həyata keçirilməkdədir.

Hüquq müdafiə sisteminin və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi, tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi qaydasını, pis rəftara qarşı mübarizəni müasir beynəlxalq hüquq standartları səviyyəsində tənzimləyən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalanması Azərbaycan Respublikası Prezidentinin insan hüquqlarının müdafiəsi sahəsində ardıcıl siyasətinin ən son nümunələrindəndir. 

Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanlarının strukturunda və kadr siyasətində edilmiş dəyişikliklər nəticəsində onların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması ölkədə cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artmasına gətirib çıxarmışdır. Azərbaycanda kriminogen vəziyyət nəzarət altında saxlanılır, son illərdə cinayətkarlığın dinamikası müəyyən növ, o cümlədən ağır və xüsusilə agır cinayətlərin sayının azalması ilə xarakterizə olunur.

Hazırda cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar bir sıra layihələr həyata keçirilir. Bu layihələrdən biri olan "Təhlükəsiz şəhər" layihəsi  Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Abşeron rayonunda, o cümlədən əhalinin çox olduğu ictimai yerlərdə və nəqliyyat vasitələrində quraşdırılmış xüsusi kameralar vasitəsilə baş verən cinayət hadisələri barədə hüquq-mühafizə orqanlarının dərhal xəbərdar olmasını təmin edir. Bu layihə gələcəkdə Azərbaycanın digər şəhər və rayonlarında da həyata keçiriləcəkdir. Müasir "102" zəng mərkəzi sistemin yaradılması hər hansı cinayət hadisəsi baş verdikdə, onun dərhal qeydə alınmasına, polis əməkdaşlarının operativ şəkildə hadisə yerinə gəlməsinə və cinayətin "isti izlərlə" açılmasına imkan verir, cinayət hadisələrinin gizlədilməsinin qarşısını alır.

Hüquq islahatları çərçivəsində yaradılmış daha bir ixtisaslaşmış qurum - Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir  miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirir. Miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində qanunvericiliyi müasir beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılmışdır.

Azərbaycan davamlı şəkildə inkişaf edir, dəyişir, müasirləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyanı aradan götürməliyik. Bunun üçün bir neçə amil lazımdır. Onların hamısı Azərbaycanda var - güclü siyasi iradə və beynəlxalq təcrübə.

Azərbaycan Respublikası Prezidentinin möhkəm siyasi iradəsi ilə və onun ciddi nəzarəti altında qısa müddət ərzində ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə effektiv mexanizm yaradılır, institusional və qanunvericilik islahatları həyata keçirilir. Korrupsiyaya qarşı mübarizədə cinayət təqibi və intizam tədbirləri ilə yanaşı, preventiv tədbirlərin görülməsinə daim diqqət yetirilir.

İnstitusional islahatlar çərçivəsində yaradılmış ixtisaslaşmış orqanlar - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı fəaliyyət bu mübarizənin səmərəliliyinin artmasına gətirib çıxarmış və onun konkret nəticələrini bu gün  görmək olar. İstintaq və əməliyyat axtarış fəaliyyətinin keyfiyyəti artmış, prokurorluq orqanlarının prosessual rəhbərliyi gücləndirilmişdir.

Hazırda Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində olan bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır, beynəlxalq konvensiyaların üzvüdür. Belə ki, Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biridir. Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq qurumların apardığı dəyərləndirmələrdə təqdirəlayiq hesab edilir.

Korrupsiyaya qarşı mübarizədə vətəndaşların daha aktiv iştirak etməsi məqsədilə davamlı şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir, ictimai müzakirələr təşkil olunur. Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrin həyata keçirilməsində dövlət orqanları qeyri-hökumət təşkilatları şəbəkəsi ilə əməkdaşlıq edir.

Müasir idarəçilikdə, korrupsiya hallarının qarşısının alınmasında əsas preventiv vasitələrdən biri kimi dövlət orqanlarının fəaliyyətində şəffaflıq çıxış edir. Şəffaflıq dövlət orqanlarını daha məsuliyyətli edir, ictimai nəzarəti gücləndirir. 2007-ci il Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya məhz bu yanaşmaya əsaslanırdı. Strategiyada qanunvericiliyin təkmilləşdirilməsini, dövlət və yerli özünüidarə orqanlarının, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların, hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və maarifləndirmə, sosial-iqtisadi xarakterli islahatların aparılması nəzərdə tutulurdu.

Həyata keçirilən tədbirlər sayəsində insanların sosial rifah səviyyəsi yüksəlir, əməkhaqlarının artırılması, işsizliyin səviyyəsinin ciddi şəkildə azaldılması istiqamətində işlər görülür. Həmçinin təhsil, səhiyyə, sosial təminat, iqtisadiyyat, maliyyə-bank, məhkəmə sistemi, hüquq-mühafizə fəaliyyəti və digər sahələrdə islahatlar aparılır, özəlləşdirmə, dövlət satınalmaları, banklar, dövlət qulluğu, yerli özünüidarəetmə ilə əlaqədar yeni qanunlar qəbul edilir. Əksər sahələrdə "bir pəncərə" prinsipi tətbiq olunur. Dövlət qulluğuna qəbulda, pensiyaların hesablanmasında, vətəndaşların müraciətlərinə baxılma mexanizmində, məhkəmə qərarlarının icrasında və digər sahələrdə nailiyyətlər əldə edilir.

Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmasların zəruri minimuma endirilməsi üçün tədbirlər görülür, nağdsız ödənişlərin həcmi artırılır, əhaliyə göstərilən elektron xidmətlərin dairəsi və dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir. Bütövlükdə, korrupsiyaya qarşı səmərəli mübarizə aparılması üçün bir-birini tamamlayan sistemli kompleks mexanizm yaradılır.

Həyat davam etdikcə, dövlətlə cəmiyyət, dövlətlə vətəndaş arasında münasibətlər dinamik olaraq dəyişir, yeni meyarlar, tendensiyalar yaranır. Bütün bunlar dövlət qulluqçusu ilə vətəndaş arasında münasibətlərdə yeni yanaşmanın formalaşdırılmasını, inkişaf etdirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşını görür. Dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət etməlidir. Dövlətin inkişafı insan amilindədir.

Müasir dövrün tələblərinə cavab vermək, vətəndaşların rifahını daha da yaxşılaşdırmaq, dövlətə olan etimadı gücləndirmək məqsədilə qanunvericilik aktları təkmilləşdirilir, yeni institusional tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri təsis edilir.

Azərbaycan Respublikası Prezidentinin müstəsna dəstəyi ilə yaradılan "ASAN xidmət" mərkəzlərinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin ("dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşması) formalaşdırılmasıdır, ulu öndərin müəllifi olduğu dövlətçilik strategiyasının əsas prinsipi olan vətəndaş məmnunluğunun təmin edilməsidir. Möhtərəm Prezidentin dediyi kimi, "biz xalq üçün çalışırıq, qururuq və yaradırıq".

 "ASAN xidmət" mərkəzlərinin və bütün dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Biz artıq texnoloji baxımdan daha yüksək inkişaf mərhələsinə - elektron hökumətdən mobil hökumət mərhələsinə daxil oluruq və bu istiqamətdə müəyyən işlər gürülür.

Sözsüz ki, bir məqalə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatlar barədə ətraflı məlumat vermək mümkün deyildir. Bu, ayrıca tədqiqat mövzusunun predmetidir.

Amma bir məqamı tam əminliklə söyləmək olar. Ulu öndərin qurub, bizə miras qoyub getdiyi dövlətçilik irsi, prinsipləri bu gün də yaşayır, Azərbaycanı daha güclü və daha çiçəklənən bir dövlətə çevirməkdə bizi ruhlandırır. Heydər Əliyevin dövlətçilik irsinin daşıyıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev həmin prinsiplərdən çıxış edərək Azərbaycanı daha da irəliyə aparır.

 

 

Fuad ƏLƏSGƏROV,

Azərbaycan Respublikasının

Prezident Administrasiyasının

 Hüquq-mühafizə orqanları ilə

iş şöbəsinin müdiri

 

Azərbaycan.-2013.- 7 may.- S.4.