Əbədi fəxri rəhbər
Azərbaycan xalqının XX yüzilliyin ortalarından XXI əsrin əvvəllə rinə qədərki tarixi Heydər Əliyevin siyasi fəaliyyəti və şəxsiyyəti ilə, xüsusən ən yüksək vəzifələrdə olduğu zaman öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. Bütün varlığı ilə millətinə, torpağına sadiq olan bu dahi şəxsiyyət bir-birinə zidd iki sistemdə fəaliyyət göstərsə də, ən çətin tarixi dövrlərdə, təqiblər şəraitində belə doğma Azərbaycanının tərəqqisinə və xalqının maddi rifahının yüksəlməsinə xidmət etmişdir.
Xüsusi xidmət - məxsusi
istedad
Hələ
ötən əsrin 40-cı illərindən Azərbaycanın
təhlükəsizlik orqanlarında fəaliyyətə
başlayan Heydər Əliyev son dərəcə ağır
maneələri və çətinlikləri dəf edərək
fenomenal şəxsi və peşəkarlıq keyfiyyətləri
sayəsində Dövlət Təhlükəsizlik Komitəsinin
sədri vəzifəsinə qədər yüksəldi.
Qeyd
olunmalıdır ki, o zaman Azərbaycanın təhlükəsizlik
orqanlarında əks-kəşfiyyat xətti üzrə Heydər
Əliyevin birbaşa rəhbərliyi ilə həyata
keçirilmiş klassik peşəkarlıq nümunəsi
sayılacaq bir sıra əməliyyat tədbirləri nəticəsində
çox mühüm hərbi-siyasi, iqtisadi məlumatlar əldə
edilmişdir. Onun tapşırığı ilə xarici
xüsusi xidmət orqanlarının agentura şəbəkəsinə
nüfuz edilərək rəqib dövlətlər tərəfindən
respublikaya qarşı aparılan kəşfiyyat-pozuculuq fəaliyyətlərinin
qarşısı müvəffəqiyyətlə
alınmışdır. Bu işdə Heydər Əliyevin təşkilatçılığı,
əməliyyat şəraitini düzgün qiymətləndirməsi,
vaxtında qərar qəbul etmək bacarığı, qətiyyətliliyi,
yüksək peşəkarlığı, bilavasitə rəhbər
və əməliyyat heyəti ilə birgə əməliyyat
tədbirlərində gündəlik iştirakı və bir
şəxsiyyət kimi böyük nüfuzu mühüm rol
oynayırdı.
İstər
bilavasitə onun özünün keçirdiyi, istərsə
də rəhbərlik etdiyi əməliyyat tədbirləri -
"Duel", "Alagöz", "Naturalist",
"Axito", "Duqlas-2" və onlarca başqaları
öz mükəmməlliyi, hərtərəfliliyi ilə mərkəzin
marağına səbəb olur və onların
tapşırığı ilə Heydər Əliyev bu əməliyyat
işləri, eləcə də onların keçirilməsi
metodları barədə keçmiş SSRİ-nin müxtəlif
şəhərlərində, o cümlədən Moskvada və
Leninqradda təhlükəsizlik orqanlarının əməkdaşlarına
mühazirələr oxuyurdu. Bütün bunlar Heydər Əliyevin
əsl peşəkar əməliyyat işçisi və səriştəli
rəhbər kimi İttifaq miqyasında tanınmasında az rol
oynamadı. Həm də bu əməliyyatların çoxu
indi də həmin məktəblərdə metodik vəsait
kimi istifadə olunur.
Yüksək
təşkilatçılıq və idarəçilik
qabiliyyəti, hərtərəfli savadı və səriştəsi
ilə seçilən ümummilli
lider Heydər Əliyev 1965-ci il martın 2-də Azərbaycan
SSR Nazirlər Soveti yanında DTK-nın sədr müavini,
1967-ci il iyunun 22-də isə sədri vəzifəsinə təyin
edildi.
Heydər
Əliyev təhlükəsizilik orqanlarının sədri
kimi əməliyyatların hazırlanmasına,
planlaşdırılmasına birbaşa rəhbərlik edərək
əks-kəşfiyyat tədbirlərinin həyata
keçirilməsinə xüsusi diqqət yetirir, eyni zamanda, rəqibin
apardığı pozuculuq fəaliyyətinin
qarşısını qabaqlayıcı tədbirlərlə
alırdı. Heydər Əliyev hər hansı bir əməliyyat
tapşırığı verəndə işin həcmini,
aktuallığını, əhəmiyyətliliyini nəzərə
alaraq konkret müddət göstərər, icrasını
şəxsən nəzarətə götürər və
mütləq onun nəticəsini müzakirə edər, ortaya
çıxan halları müəyyənləşdirib, yeni
istiqamətləri göstərərdi. Bu, həm rəhbər
heyət, həm də əməliyyatçılar arasında
işi vaxtında və keyfiyyətlə yerinə yetirməkdə
məsuliyyət hissini daha da artırırdı.
Ulu
öndər Heydər Əliyevin özünəməxsus
liderlik keyfiyyətlərindən biri də əməliyyat
işinin incəliklərini şəxsi heyətə,
xüsusilə də struktur bölmələrin rəhbərlərinə
böyük səbr və təmkinlə, eyni zamanda, xüsusi
tələbkarlıqla dərindən öyrətməsi idi.
O, hər bir əməkdaşın fiziki-mənəvi
imkanlarını, iş qabiliyyətini, fərdi keyfiyyətlərini
gözəl bilir və tapşırıqlar verərkən
bunları nəzərə alırdı.
Milli maraqlar və mənafelər hər
şeydən üstündür
Ulu öndər Heydər Əliyevin
təhlükəsizlik orqanlarında gördüyü ən
önəmli və əvəzsiz işlərdən biri milliləşdirmə
siyasəti idi. Araşdırmalar göstərir ki, ümummilli
liderin milliləşdirmə siyasəti ötəri,
keçici və ya epizodik xarakter daşımamış,
bütöv bir sistem təşkil etmişdir. Belə ki, onun
1950-ci illərin ortalarından başlayan və sonralar da davam
edən milliləşmə siyasəti ictimai-siyasi həyatın
mühüm sahələrində, o cümlədən təhlükəsizlik
orqanlarında milli kadrların yerləşdirilməsi, eləcə
də azərbaycanlıları keçmiş SSRİ-nin
müxtəlif bölgələrində təhsil almağa
göndərməsi ilə reallaşdırıldı. Bu həyati
vacib prosesdə ən ümdə cəhət ondan ibarətdir
ki, Heydər Əliyev milliləşdirmə siyasətini həyata
keçirərkən prioritetliyi azərbaycanlıların
sayca çoxluğu ilə yanaşı, başlıcası
onların milli-mənəvi keyfiyyətlərinə verirdi.
Görkəmli siyasi xadimin baxışlar sistemində riyazi rəqəm,
statistika azərbaycanlaşdırmaya, yəni azərbaycanlıların
say çoxluğuna, milli-mənəvi əxlaqi dəyərlərə
malik olmaq isə milliləşməyə gətirib
çıxarırdı. Həqiqətən də yalnız
bu xarakterik xüsusiyyətlərə malik olan ziyalılar Azərbaycanda
milli oyanışa, milli intibaha təkan verə bilərdi.
Milli kadrların təhsili və müxtəlif vəzifələrdə
yerləşdirilməsi Heydər Əliyevin milliləşdirmə
siyasətinin əsasını təşkil edirdi. Ulu öndər
1997-ci ildə təhlükəsizlik orqanlarının əməkdaşları
ilə görüşündə bildirirdi ki, sovetlər
dönəmində dövlət təhlükəsizlik
orqanlarında digər strukturlarla müqayisədə milliləşmə
daha vacib məsələ idi.
Həmin
illərdə milli ziyalı, daha doğrusu, milli ziyalı
düşüncəsinin azadlığı problemi də Heydər
Əliyevin milliləşdirmə siyasətinin tərkib hissəsinə
çevrildi. Bu fenomenal şəxsiyyətin
yürütdüyü müdrik siyasət nəticəsində
xalq şairi Bəxtiyar Vahabzadənin "Gülüstan"
poemasında ikiyə bölünmüş Azərbaycan
ideyası dövrün ən böyük dissident hadisəsi
kimi Moskvanı narahat etsə də, ulu öndərin milli təəssübkeşliyi
sayəsində o bu kritik situasiyadan zədəsiz və fəsadsız
çıxdı. Millətçilikdə ittiham edilən
akademik Ziya Bünyadov "Atabəylər dövləti" əsərinə
görə dövlət mükafatı aldı, Xəlil Rza və
başqaları əsərlərində
qaldırdıqları milli ideyalarına görə təqib və
təzyiqlərdən yayındırıldılar. Məsələnin
mahiyyətinə fikir versək görərik ki, Heydər Əliyev
yalnız fərdlərə deyil, Azərbaycanın dövlətçilik
tarixi və dövlətçilik ənənələri ilə
bağlı fundamental məsələlərə də diqqət
yetirirdi. Dövlətçilik tarixinə və dövlətçilik
ənənəsinə sədaqət ümummilli lider Heydər
Əliyevin milliləşmə siyasətində prioritet məsələ
kimi özünü qabarıq şəkildə göstərirdi.
Sovetlər dönəmində milliləşdirmə siyasəti
aparmaq o qədər də asan məsələ deyildi. Hər
şeydən əvvəl ona görə ki, Heydər Əliyevin
dediyi kimi, "bizə, azərbaycanlılara etibar etmirdilər".
Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının
sayını başqa millətlərin nümayəndələri
hesabına artırmağa çalışırdılar.
Azərbaycan
xüsusi xidmət orqanlarının azərbaycanlılaşdırılmasını
böyük uğur hesab edən ulu öndər Heydər Əliyev
deyirdi: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik
təşkilatının milliləşdirilməsi prosesi...
bizim əldə etdiyimiz ən böyük nailiyyət idi. Təşkilat
milliləşdikcə onun fəaliyyətinin istiqamətini də
Azərbaycanın milli mənafelərinə daha çox
uyğun aparmaq mümkün olurdu".
Azərbaycan
xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı
olan kadrların yerləşdirilməsi prosesi sonrakı illərdə,
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi olanda da davam etmişdir. O zaman Heydər
Əliyev xalqımızın milli əhval-ruhiyyəli
ziyalılarını təqiblərdən qorudu və bununla
da milli oyanışımızın əsasını qoydu. Bu
proses Heydər Əliyevin siyasi rəhbərliyi dövründə
daha da gücləndi.
XX əsrin
ortalarında həyata keçirilən təmizləmə və
azərbaycanlılaşdırma prosesinin
ağırlıqlarını Heydər Əliyev öz taleyində
yaşadı. Vaxtilə baş-başa verərək Azərbaycanın
milli, mənəvi dəyəri ilə yanaşı, mütəfəkkir
şəxsiyyətlərini də məhv edən qüvvələr
Heydər Əliyevin bu cəsarətli addımlarına
qarşı çıxaraq hələ 1955-ci ildə onun
şöbə rəisi vəzifəsindən azad edilməsinə
nail oldular. Bu məsələyə ümummilli lider Heydər Əliyev
özü belə aydınlıq gətirirdi: "Nə qədər
çətinliklər çəkdim ki, 30-cu illərdən
qalmış və Azərbaycana xəyanət etmiş
insanlardan bu orqanları xilas edək və yeni gənc nəsli
cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu,
çətin oldu. O qədər çətin oldu ki, mənə
qarşı fitnələr etdilər, vəzifədən
çıxartdılar. Lakin az bir müddətdən sonra məni
yenə də vəzifəyə təyin etdilər, məcbur
oldular ki, təyin etsinlər".
Bütün
çətinliklərə baxmayaraq, dahi şəxsiyyət
öz mövqeyindən dönmədi, prinsipiallıq göstərdi
və mübarizəsini axıradək davam etdirdi.
1950-1960-cı illərdə repressiya qurbanlarına bəraət
verilməsi məsələsi geniş vüsət
aldığından qeyri-qanuni, əsassız, kiminsə siyasi
və şəxsi mənafeyini güdən saxtakarlıqla
açılmış işlərə yenidən
baxıldı və onların əksəriyyəti bəraət
aldı. Əgər həmin illərdə Azərbaycanın
mütəfəkkir şəxsiyyətləri bəraət
almasaydı, onların irsi də tədqiq və çap edilməyəcək,
gələcək nəsillər, bütövlükdə millət
bu dəyərli sərvətdən məhrum ediləcəkdi.
Məhz buna görə də Azərbaycanın 1969-cu ildən
sonrakı dövrü tariximizə Heydər Əliyev
epoxası kimi daxil olmuşdur.
Erməni-daşnak məkrinə
qarşı qətiyyətli mübarizə
Ümummilli lider Heydər Əliyev
Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi
uzun illər ərzində dəfələrlə ermənilərin
Azərbaycan torpaqlarına sahib çıxmaq iddiaları ilə
qarşılaşmış, lakin daim prinsipial və qəti
mövqe tutaraq belə çirkin niyyət və səylərin
qarşısının alınmasına nail olmuşdur. Qeyd
etmək lazımdır ki, 1960-1970-ci illərdə Yerevandan gələn
emissarlar və yerli erməni millətçiləri tərəfindən
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
barədə imzalar toplanır, təxribat-pozuculuq fəaliyyətinə
cəhdlər göstərilirdi. 1967-ci ilin əvvəllərində
erməni-daşnak dairələri və təxribatçıları
tərəfindən əvvəlcədən hazırlanan plana əsasən,
Dağlıq Qarabağda milliyyətcə erməni olan bir nəfər
qətlə yetirilir. Xüsusi hazırlanmış təhrikçilərin
rəhbərliyi ilə ermənilər həmin qətl hadisəsi
ilə bağlı məhkəmə iclasının
keçirildiyi kinoteatrın zalına girərək
şübhəli şəxs kimi həmin prosesdə dindirilən
2 azərbaycanlını zorla mühafizəçilərin əlindən
alıb xüsusi amansızlıqla öldürürlər. Təqsirləndirilən,
lakin sonradan bəraət almış digər azərbaycanlı
Zöhrab Məmmədov isə dustaq maşını ilə
birlikdə yandırılır. Burada əsas məqsəd
hadisələri qızışdırıb milli zəminə
yönəltmək, nəticədə azərbaycanlıların
bütün Qarabağ ərazisindən
köçürülməsini və ərazinin Ermənistana
birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan
təhlükəsizlik orqanlarının çevik müdaxiləsi
nəticəsində bu hadisələrin qarşısı
qısa müddətdə alındı. Təxribat zamanı
xüsusi fəallıq göstərən 20 nəfər
milliyyətcə erməni olan şəxs həbs edildi.
Onlardan 5 nəfərə ölüm hökmü kəsildi,
14 nəfər isə müxtəlif müddətlərə
azadlıqdan məhrum edildi. İşin istintaqı şəxsən
Heydər Əliyevin nəzarətində idi. O bu məqsədlə
Xankəndiyə gedərək 15 gün orada
qalmışdı. Araşdırmalar göstərmişdi ki,
Dağlıq Qarabağda baş verən hadisələrin əksəriyyəti
ermənilərin xarici daşnak havadarlarının təhriki
ilə Ermənistandan gəlmiş emissarlar tərəfindən
törədilir. Heydər Əliyevin təşəbbüsü
ilə bu məsələ Azərbaycan KP MK-nın siyasi
bürosuna çıxarılaraq ətraflı müzakirə
edilmiş, vilayət rəhbərliyinin bu məsələyə
laqeyd yanaşması, işlərindəki ciddi qüsur və
nöqsanlar tənqid edilmiş, məsələ ilə
bağlı gələcək adekvat tədbirlər müəyyənləşdirilmişdi.
Maraqlıdır
ki, 1968-ci il avqustun 28-də Azərbaycan KP MK-nın plenumunda
DTK sədri Heydər Əliyev xaricdəki daşnakların Azərbaycan
əleyhinə necə işlədiklərini də
açıq göstərirdi: "1967-1968-ci illərdə
xaricdəki erməni millətçi təşkilatlarının,
xüsusilə də "Daşnaksütyun"
partiyasının respublikamızla əlaqədar münasibətdə
fəaliyyətlərində bir canlanma müşahidə
olunmuşdur. Xarici ölkələrin bir çoxundan yerli idarələrə,
qəzet və jurnalların redaksiyalarının
ünvanına millətçi xarakterli bəzi məqalə və
müraciətlər göndərilmişdir".
Təsadüfi
deyildir ki, hələ SSRİ dönəmində Ermənistan
KP MK-nın keçmiş birinci katibi A.Koçinyan
Dağlıq Qarabağın ermənilərin xeyrinə Azərbaycandan
ayrılaraq ilhaq edilməsində ən böyük maneənin
məhz Heydər Əliyev olduğunu xüsusilə vurğulayırdı:
"Mənim rəhbərliyim dövründə Qarabağ məsələsi
neçə dəfə qaldırılmış, lakin Heydər
Əliyevin nüfuzu və mərkəzdə
sözünün iti kəsəri bu məsələnin həllinə
imkan verməmişdi".
Son
illərdə Ermənistan dövri mətbuatında çap
olunan yazılarda da 1960-1970-ci illərdə Qarabağ məsələsinin
ermənilərin xeyrinə həll olunmasına başlıca
maneçilik kimi Heydər Əliyev faktoru göstərilirdi.
Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyevin vəzifəsindən
uzaqlaşdırılmasında əsas səbəblərdən
biri də "böyük Ermənistan" xülyasına
daim əngəl olması idi. Bütün bunlar göstərir
ki, ümummilli lider Heydər Əliyev harada işləməsindən
və yaşamasından asılı olmayaraq, xalqına və
doğma Azərbaycana sədaqətlə xidmət etmiş,
daim onun milli maraqlarını müdafiə etmişdir.
Ulu
öndər Azərbaycanın suverenliyinin, ərazi
bütövlüyünün qorunub saxlanılması, təhlükəsizliyinin
təmin olunmasında milli təhlükəsizlik
orqanlarının qarşısında mühüm vəzifələr
qoyurdu və eyni zamanda, bu istiqamətdə həmin strukturun
çətin və şərəfli fəaliyyətinə
xüsusi önəm verirdi: "Əsas vəzifə xalqa,
millətə, müstəqil Azərbaycan dövlətinə
sədaqətdir... Vətənə, millətə, dövlətə
sədaqət sizin işinizin əsas devizidir. Arzu edərdim
ki, müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinin müasir nəsli və gələcək nəsli
Azərbaycanın müstəqilliyini qoruyub yaşatmaq, Azərbaycanı
bu ağır, böhranlı vəziyyətdən - erməni
təcavüzündən çıxarmaq və bütün
çətin proseslərdən çıxarmaq
üçün Vətənə, millətə, xalqa sədaqət
hissləri ilə yaşasın. Arzu edərdim ki, siz öz fəaliyyətinizi
daim gücləndirəsiniz və Azərbaycan xalqının,
dövlətinin qarşısında duran böyük,
taleyüklü vəzifələrin həyata keçirilməsinin
fəal iştirakçısı olasınız".
O da
qeyd olunmalıdır ki, möhtəşəm siyasi xadim Heydər
Əliyevin ömür yolu öz xalqına, bölgədə
və dünyada sülhə və sabitliyə xidmətin
nümunəsidir. Qurub-yaratdığı müstəqil Azərbaycan
dövlətinin tərəqqisi yolunda Heydər Əliyevin həyat
prinsipləri həmişə ədalət, sülh, əmin-amanlıq
və xalqın rifahı, dövlətin qüdrətinin və
təhlükəsizliyinin möhkəmləndirilməsi
olmuşdur. O səbəbdən Heydər Əliyev əzəməti,
böyüklüyü, qüdrəti və fədakarlığı
xalqımız tərəfindən hər zaman uca tutulur, xatirəsi
daim ehtiramla yad edilir.
Xilaskarlıq missiyasının yeni
dövrü
Dahi
siyasətçi Heydər Əliyev xalqın təkidli və
israrlı tələbi ilə ikinci dəfə hakimiyyətə
gələndə onun qoyub getdiyi Azərbaycan həmin ölkə
deyildi. Respublikada hərc-mərclik, anarxiya,
separatçılıq baş alıb gedirdi. Daxili və xarici
siyasətin düzgün qurulmaması nəticəsində Azərbaycan
vətəndaş müharibəsi ərəfəsində
idi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi
təxirəsalınmaz qətiyyətli tədbirlər sayəsində
Milli Ordumuz formalaşdırıldı. Cinayətkarlıqla
mübarizə ciddi və məqsədyönlü xarakter
aldı. Bu yönümdə zəruri qərarlar qəbul olundu
və müvafiq tədbirlər həyata keçirildi. Azərbaycanın
milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar
atıldı, atəşkəsə nail olundu. Eyni zamanda, ulu
öndər dünyanın ən yüksək kürsülərindən
dəfələrlə bəyan etdi ki, Azərbaycanın
torpaqlarından bir qarış da olsa erməni
separatçılarına verilməyəcək, ərazi
bütövlüyümüz təmin ediləcəkdir.
Azərbaycanda
sabitlik yaradan və ölkənin təhlükəsizliyini təmin
edən ümummilli lider Heydər Əliyev beynəlxalq aləmin
diqqətini respublikamıza yönəltdi. Az bir müddətdə
iflic vəziyyətinə düşən iqtisadiyyatı
dirçəltdi. Məhz onun çoxgedişli və məharətli
diplomatiyası nəticəsində bir çox dövlətlərlə
Azərbaycan arasında siyasi-iqtisadi əlaqələr
yaradıldı, daim genişləndirildi. Ölkəmizə
xarici investisiya qoyuluşu özünün müsbət həllini
tapdı. "Əsrin müqaviləsi" imzalandı.
Strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
əsası qoyuldu. Tarixi "İpək yolu" bərpa
olundu.
Heydər
Əliyevin fenomenal siyasi zəkası sayəsində Azərbaycan
beynəlxalq hüququn bərabərhüquqlu nüfuzlu
üzvlərindən birinə çevrildi və müxtəlif
beynəlxalq təşkilatlarda təmsil olundu. Ölkəmizdə
müstəqil dövlət təsisatlarının
yaranması və dövlət quruculuğu prosesinin
böyük vüsət alması 1995-ci ildə Azərbaycanın
Konstitusiyası qəbul edildikdən sonra daha da gücləndi.
Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi
və demokratik prinsiplərin bərqərar olması,
demokratik, hüquqi, dünyəvi və unitar dövlət
quruculuğu prosesi uğurla aparıldı. Heydər Əliyev
dünya azərbaycanlılarının həmrəyliyinə,
Azərbaycan diasporunun formalaşmasına nail oldu.
Ümummilli
lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli sərəncamı
ilə Azərbaycanın təhlükəsizlik
orqanlarının peşə bayramı gününün Azərbaycan
Xalq Cümhuriyyəti dövründə ilk xüsusi xidmət
orqanının yaradıldığı gündən - 1919-cu
il 28 mart tarixindən götürülməsi də onun tarixi
irsə hörmət və sədaqətinin ifadəsi idi.
Ulu
öndər milli təhlükəsizlik orqanlarının
müasir tələblərə və
çağırışlara uyğun formalaşması, ölkədə
təhlükəsizliyin etibarlı təmin edilməsində
layiqli yer tutması məsələlərini daim diqqət mərkəzində
saxlayırdı. İlk növbədə, yenidən
formalaşdırılan Milli Təhlükəsizlik Nazirliyinin
fəaliyyətini tənzimləyən qanunvericilik aktları qəbul
edildi.
Məlumdur
ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın Milli Təhlükəsizlik
orqanlarının əməkdaşları
qarşısında çox mühüm vəzifələr
qoymuşdur. Ulu öndər Heydər Əliyev deyirdi:
"Öz peşəkarlıq səviyyənizi yüksəltmək
sizin vəzifəniz olmalıdır. Bu, hər bir ölkənin
təhlükəsizlik orqanı üçün vacib olan
amildir. Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat
orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə
yerinə yetirir ki, orada peşəkar əhval-ruhiyyə olsun,
peşəkar kadrlar və iş üslubu olsun. Ona görə
də siz daim öz peşəkarlığınızın təkmilləşdirilməsi
üzərində işləməlisiniz, oxumalı, öyrənməlisiniz,
çox savadlı, bilikli insanlar olmalısınız".
Ümummilli lider təhlükəsizlik orqanlarının elm və
intellektual potensialını artırmaq üçün də
lazımi addımlar atdı və Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasını yaratdı ki, bu il həmin ali təhsil
ocağı özünün 15 illik yubileyini qeyd edəcəkdir.
Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, bu il Azərbaycanın
milli maraqları və təhlükəsizliyi əleyhinə
yönəlmiş təhdidlərin qarşısının
alınmasında qəhrəmanlıq və şücaət
nümunələri göstərmiş, şəhidlər
vermiş MTN-in "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin
yaradılmasının 20 illik yubileyi də qeyd olunacaqdır.
Milli
Təhlükəsizlik Nazirliyinə etimadın daha da
artması baxımından 2004-cü il Azərbaycan xüsusi
xidmət orqanlarının tarixində yeni bir mərhələnin
başlanğıcı oldu. Milli təhlükəsizlik
orqanlarının fəaliyyətini tənzimləyən
qanunçuluq bazası möhkəmləndirildi, yeni qanunlar və
bir qədər sonra isə "Azərbaycan
Respublikasının milli təhlükəsizlik konsepsiyası"
qəbul olundu.
Azərbaycanın
əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinə
qarşı, terrorçuluqla, transmilli mütəşəkkil
cinayətkarlıqla mübarizədə və ümumən,
milli maraqların etibarlı təmin olunmasında Milli Təhlükəsizlik
Nazirliyinin əldə etdiyi konkret nəticələr son illərin
ən böyük uğurlarındandır. Bunun əsas səbəbi
aparılmış zəruri islahatlar, normativ-hüquqi
bazanın təkmilləşdirilməsi, maddi-texniki
potensialın ən müasir tələblər səviyyəsində
gücləndirilməsi, hüquq-mühafizə orqanları
arasında işgüzar münasibətlərin, habelə beynəlxalq
əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
və daha səmərəli xarakter alması, günün
reallıqlarına uyğun yeni fəaliyyət istiqamətlərinin
və vəzifələrin müəyyən edilməsi,
peşəkar kadr özəyinin möhkəmləndirilməsi,
hər bir əməkdaşın fəaliyyətinə obyektiv
qiymət verilməsi və şəxsi heyətin sosial
müdafiəsinə dövlət səviyyəsində diqqət
və qayğının artırılmasıdır.
Heydər
Əliyev amallarından qaynaqlanaraq və onun müəyyən
etdiyi siyasət xəttinə söykənərək müstəqilliyini
əzmlə möhkəmləndirən, demokratik, sivil,
hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar
atan Azərbaycan Respublikası möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə öz dövlətçilik
ənənələrini daha da inkişaf etdirərək
etibarlı gələcəyi üçün sarsılmaz təməl
yaradır.
Heydər
Əliyevin peşəkarlıq, idarəçilik və
dövlətçilik irsinin layiqli davamçısı,
müasir dünyagörüşə, geniş biliklərə,
ensiklopedik məlumatlara və dərin zəkaya malik möhtərəm
Prezident İlham Əliyev dövlət
başçısı, siyasi rəhbər və Silahlı
Qüvvələrin Ali Baş Komandanı kimi bütün
dövlət strukturlarına, o cümlədən milli təhlükəsizlik
orqanlarına daim diqqət göstərir, onların problemlərinin
vaxtında həlli üçün zəruri təşkilati-əməli
tədbirlər həyata keçirir. Hələ gənc
vaxtlarından onun üçün doğma olan təhlükəsizlik
orqanlarına xüsusi qayğısı bizim üçün
çox önəmlidir, böyük etimaddır və üzərimizə
ikiqat məsuliyyət qoyur.
Bu
gün əsası və fəaliyyət prinsipləri ulu
öndər Heydər Əliyev tərəfindən
qoyulmuş, Prezident İlham Əliyevin müasir dövrün
reallıqlarına uyğun istiqamətləri müəyyənləşdirilmiş
milli təhlükəsizlik siyasətinin həyata keçirilməsinə
Azərbaycanın milli təhlükəsizlik orqanları
öz layiqli töhfələrini verməyə
çalışırlar.
Ümummilli
lider Heydər Əliyevin peşəkarlıq irsinə,
müstəqillik və dövlətçilik amallarına
sonsuz sədaqət, onun tövsiyələrini rəhbər
tutmaq, möhtərəm Prezident İlham Əliyevin ətrafında
sıx birləşərək Azərbaycanın qüdrətlənməsi
naminə bütün qüvvə və imkanları səfərbər
etmək, təhlükəsizlik, sabitlik və tərəqqi
kursunun dönməzliyini qoruyub saxlamaq üçün əlverişli
şərait yaratmaq milli maraqlara xidmət etmək deməkdir.
Eldar MAHMUDOV,
Azərbaycan Respublikasının milli
təhlükəsizlik naziri, general-leytenant
Azərbaycan.-2013.-
7 may.- S.5.